Səməd Qaraçöp. Məhkəmə

Dünən internetdə Rəfiq Tağının bir hekayəsini oxudum. Elə bil öz qətlini yazıb. Yəqin ki, bu onun dühasından xəbər verir. Bundan başqa, onun nə dərəcədə söz ustası olduğu bu hekayədə qabarıq şəkildə görünür. Bu hekayəni ayrı-ayrı dünya dillərinə tərcümə eləyib yaysaq, məncə, ədəbiyatımız heç nə itirməz.

Bu yerdə mən sizi R.Tağının hələ yaşadığı vaxtlara, daha doğrusu, keçən əsrin 90-cı illərinə aparmaq istəyirəm.

Bir dəfə Bakıya gələndə elə vağzaldan birbaşa Yazıçılar İttifaqına getdim. Nə görsəm yaxşıdı – Natəvan klubunda Rəfiq Tağının “məhkəməsi” gedir. Deməzsənmi, R.Tağı Mirzə Cəlili təhqir eləyib. Deyəsən, Anar “hakimiydi”. Vaqif Bayatlı isə R.Tağının “vəkiliydi”. Yəqin, “prokuror” da varıydi, “şahidlər” də. Deyəsən, onu yaxşıca asıb-kəsmişdilər. Asıb-kəsməkdə bizimkilərə kim çatar.

Mən gec gəlmişdim. Bir çox şeylərdən xəbərim olmadı. Amma çıxış eləmək üçün söz ala bildim. Bəlkə də, həyatımda birinci dəfə öz istəyimnən çıxış eləyirdim.

Mən R.Tağını şəxsən tanımırdım. Onun cəmi bir-iki heka-yəsini oxumuşdum – Saday Budaqlının Qazaxda buraxdığı “Sınıq körpü” dərgisində. Onun “Dağlara sərilmiş xalı” hekayəsi hələ də yadımdadı. Mən çıxışımda dedim ki, bu hekayə dünya səviyyəli əsərdi.

Birpara gözügöyçəklər göz-gözə gəldilər, baxışdılar, qımışdılar. 20 ildən sonra bir daha o adamlara səslənirəm ki, siz goz-gözə də gələ bilərsiniz, bir-birinizə mənalı-mənalı (daha doğrusu, mənasız-mənasız) göz də vura bilərsiniz… Sizin gözlə-riniz belə şeylərin ustasıdı. Amma sizin gözləriniz burnunuzun ucundan o yanı, görməz…

Sonralar R.Tağını, doğrudan məhkəmə eləyib tutdular. Bir neçə il dustaq həyatı yaşadı. Amma o bunnan da “ağıllanmadı”. Rəfiq Tağını heç cür yolundan döndərə bilmədilər. Bircə yol qalırdı – onu həmişəlik susdurmaq.

Bir daha bəlli oldu ki, bizdə isdedadı sevmirlər; nəinki sevmirlər, heç onu yaşamağa qoymurlar.

Beləcə, Rəfiq Tağının həyatını bitirdilər. Anar müəllim yenə onu mühakimə elədi: …yanlış yol tutdu və həyatını itirdi!

Amma kimin yanlış yol tutduğunu bilmək üçün gərək biraz gələcəkdən baxasan.

11.09.2014

 

4-cü sual-cavaba bax:

“SƏKSƏNİNCİLƏR”Ə SƏKKİZ SUAL

1. Folkner yazıçılığa Şervud Anderseni yamsılamaqla başladığını fəxrlə bildirirdi. Polşa yazıçısı Henrix Senkeviç əsərlərindən biri haqqında danışarkən deyir ki, bu əsər insan qəlbini riqqətə gətirmək üçün yazılmışdır. “Necə oldu yazmağa başladınız?” – sualına rus yazıçısı Yuri Kazakovun cavabı isə çox qəribədir: “Mənim yazıçı olmağıma səbəb kəkələməyim oldu. Mən kəkələyir və bundan çox utanırdım, ona görə də ürəyimə yığılanların hamısını kağız üstdə demək istəyirdim”. Hər bir qələm əhli üçün ənənəvi olan həmin o məşhur sual bu gün sizə də verilir.

1. Mən ilk şeyrimi yazanda ikinci sinifdə oxuyurdum. Şair anadan elə şair doğulur, alim də anadan elə alim doğulur, idmançı da idmançı doğulur. Amma şairlik, alimlik, idmançılıq dünyaya gələn insanın içində yatmış halda olur, deyəsən. Onu çox vaxt silkələyib oyatmaq lazım gəlir.

O vaxt qardaşım dükandan “bloknot” aldı ki, “içinə şeyir yazacam”. Ona baxıb mən də “bloknot” aldım. Qardaşım öz “bloknot”una başqalarının şeyirlərini köçürdü, mən isə o gündən başladım şeyir yazmağa.

2. Çingiz Aytmatov böyük qırğız aulu Şəkərin ona yaradıcılıq sığınacağı kimi xidmət elədiyindən ağız dolusu söhbət açır. “Şəkər mənim əsas kapitalımdır”. Bu mənada dədə-baba yurdunun sizin yaradıcılığınızda rolu…

2. Çingiz Aytmatov “capital” deyəndə o aulun adamlarını, o aulda baş verən hadisələri nəzərdə tutur. Bu, daha çox, nəsrnən bağlıdı. Poeziyada isə öncə, göylərdən gələn “informasiyalar”dı. Göylərdən baxanda isə Qaraçöpnən Kərkükün arası nöqtə boyda görünür, yəqin ki.

Füzulinin qəzəllərində Kərkük nədisə, mənim şeyirlərimdə də Qaraçöp odu.

3. “Toplar gurlayanda qələmlər susur” fikrini bugünkü Azərbaycan ədəbiyyatı dönə-dönə təsdiq elədi. Necə oldu, Heminquey İspaniya həyatından əsər yazmaq üçün Amerikadan okeanın bu tayına gələrək odun-alovun içinə atıldı və çox çəkmədi ki, “Əcəl zəngi” kimi şedevr ortaya çıxdı. Bizdə isə heç ortabab əsərlər də yaranmadı. Məğlub xalqın sənət adamı nə düşünür?

3. Məğlub xalqın sənət adamı kimi onu deyə bilərəm ki, bu xalq bu müharibədən çox-çox qabaq məğlub olub – başının üstündə yad ölkənin keçici bayraqları yellənən vaxtlardan. Hələ ondan da çox-çox qabaq. Mən əlimə qələm alandan elə bu məğlubiyyəti yazıram.

Topların gurultusuna gəldikdə isə – bu gurultunu yazanlar da az deyil. Axı hərənin öz gurultusu var. Mənimki pıçıltıdan o yana addamır.

Bir də ki, bu müharibə xalq müharibəsinə, Vətən müharibəsinə çevrilmədi. Bu müharibə bir sıra qüvvələr tərəfindən “inhisara” alındı…

4. Mənsub olduğunuz ədəbi nəslin nümayəndələrindən bəyəndiyiniz hansı beş nəfərin (beş şair, beş nasir) adını çəkə bilərsiniz? Onları “altmışıncılar”dan fərqləndirən nədir? Onların hansı əsəri yadınızda qalıb?

4. Mən bunu uğursuz bölgü sayıram. Mənim üçün ədəbi nəsil yoxdu; bu, olsa-olsa şərti bir şeydi. Siz dediyiniz mənada “öz ədəbi nəslimdən” mən yalnız bir şeyrin altına öz imzamı qoya bilərdim – Adil Mirseyidin “Güzgüdəki adam-2” şeyrinin. Nasirlərdən Saday Budaqlının “Qırxıncı otaq”, Rəfiq Tağının “Dağlara sərilmiş xalı” hekayələri daha çox yadımda qalıb.

Sualın o 5 nəfər – 5 nəfər kimi qoyuluşunu da uğursuz sayıram.

5. “Səksənincilər”in romana girişməməyinin səbəbi, sizcə, Yuri Naqibinin gətirdiyi arqument deyil ki: “Həyat onsuz da qısadır, əbəs yerə adamların qiymətli vaxtını almağa dəyərmi?”

5. Hər kəsin həyatı yazılmamış romandı. Kiminin həyatı maraqlı romandı, kimimnin həyatı – maraqsız roman. Və hər kəs öz həyatına baxıb yazır. Çoxları öz həyatının maraqsız olduğunu intuisiyaynan hiss eləyir və nəsə yazmağa ürək eləmir, o da ki, ola roman.

6. Bu gün qəzetlər böyük bir ədəbi nəsli məhv eləyib. Bu mənim şəxsi qənaətimdir. Ancaq qaçılmaz həqiqətdir: ədəbi aləmdə publisistika “at oynadır”. Bir vaxtlar olduğu kimi bədii ədəbiyyatın xalqın həyati tələbatına çevrilməsinə, deyəsən, çox var hələ…

6. Amma mən bu fikirdə deyiləm. Qəzetlər “ədəbi nəsli” necə məhv eləyə bilər? Yazarlar ədəbiyyata – gələndə “nəsil” şəklində gəlir, gedəndə isə tək-tək gedir. Hərə öz mənzilinəcən gedə bilir. Çox zaman bir “ədəbi nəsildən” heç bir nəfər də qalmır ədəbiyyatda. Burda qəzetin-zadın heç bir günahı yoxdu.

7. Dözülməz ailə-məişət qayğıları, ağır mənəvi sıxıntı sənət adamlarının nəinki həyat tərzini, yaşayışını, onun dünyagörüşünü və psixologiyasını da büsbütün dəyişib. Bu prosesdə bədii ədəbiyyatın və yazıçının rolunu nədə görürsünüz?

7. Dözülməz ailə-məişət qayğıları, ağır mənəvi sıxıntı sənət adamlarının həyatını, yaşayışını, dolanmasını dəyişib – fikriniznən şərikəm. Amma məncə, nəinki sənət adamının, ümumiyyətlə, insanın dünyagörüşü və psixologiyası büsbütün dəyişə bilməz. Dünyagörüşü və psixologiyanın inkişafından, tündləşməsindən söhbət gedə bilər, amma köklü dəyişməsindən – yox. Məncə insan hansı psixologiyaynan dünyaya göz açırsa, o psixologiyaynan da gözlərini əbədi yumur. Bu prosesdə yazıçı bədii ədəbiyyat vasitəsiynən başqalarını tərbiyə eləməkdən daha çox, özü-özünü tərbiyə eləməlidi.

8. Folkner yazıçılığı ən pis peşə hesab edirdi. Siz bu “pis peşə” ilə yenəmi məşğulsunuz? Əgər məşğulsunuzsa, niyə?

8. İnsan öz pis vərdişini hələm-hələm yadırğaya bilmir. Bu “pis peşə” mənim üçün pis vərdiş kimi bir şeydi. Allah da çalışdı, bəndələri də; deyəsən, mən özüm də çox əlləşdim, amma bu “pis vərdişdən” yaxa qutara bilmədim ki-bilmədim.

30.05.1999

https://www.facebook.com/semed.qarachop/posts/1551367998426749

Bu paylaşımda R.Tağıdan bəhs etmişəm.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Lətif Şüküroğlu. Muştuluq

“Bir məhəllənin adamları” silsiləsindən Yenə yuxusunu qarışdırmışdı, nəsə alaşıq-dolaşıq şeylər görürdü. Gah uşaqlıq dövrünü xatırladan nələrsə baş verir, gah cavanlıq illərinə qayıdır, gah da iyirmi iki il qabağın hadisəsi gözləri önündə yenidən canlanırdı. Dəqiq kəsdirə bilməsə də, yan-yörəsində dolaşanların əksəriyyəti doğmaları, yaxınları idi. Ancaq onların arasında nə vaxtsa lap təsadüfən […]