Yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı Anar Rəsul oğlu Rzayev bir-birindən gözəl hekayələr, povestlər, romanlar müəllifidir. Onun hekayələrindən “Dədə Qorqud”, “Qırmızı Limuzin”, “Qaragilə”, “Ləyaqət”, “Gürcü familyası” və başqa bir neçəsini sadalamaq olar ki, onlar hər biri xüsusi motivlərlə seçilir.
Anar 1967-ci ildə “Gürcü familyası” əsərini yazdıqdan sonra rejissor Arif Babayev bu hekayə əsasında film çəkmək qərarına gəlir. Beləliklə, “Gün keçdi” filmi 1971 ci ildə ekranlaşdırılır.
Bəs “Gürcü familyası” ilə “Gün keçdi” arasında əlaqə nədir?
Filmin baş qəhrəmanları – Əsmərlə Oqtay – kinoteatrda kamikadzelər haqqında film izləyirlər. Əsmər isə bu sözü gürcü soyadına bənzədir və Oqtaya göndərdiyi təbrik teleqramında da öz ismini belə qeyd edir.
Mükəmməl musiqinin, maraqlı mövzu və insanlarla əhatə olunmuş ssenarinin, istedadlı aktyor və çəkiliş qrupunun ortaya qoyduğu bu sənət əsəri böyük təsir gücünə malikdir. Bu film sayəsində izləyicinin nostalgia hissləri oyanır.
Hekayə Oqtayın keçmiş sinif yoldaşı, ilk məhəbbəti, hazırda evli olan Əsmərin moskvadan sürpriz qayıdışı ilə başlayır. Əsmər Oqtaya Bakıya bir günlük gəldiyini və həyat yoldaşı Cəmilin bundan xəbərsiz olduğunu, Bakını, İçərişəhəri gəzmək istədiyini bildirir. Hekayənin davamında onlar köhnə xatirələri, uşaqlıq çağlarını xatırlayırlar.
Filmdə iki gəncin sevgi bağlarının illər keçməsinə baxmayaraq hələ də öz möhkəmliyini qoruması və keçmişin gələcəyə nisbiliyinin qadın və kişi münasibətləri çərçivəsində harmonik təsviri, fərqli şəhərlərdə olsalar belə, eyni xatirələri canlandırmaları diqqəti çəkir. Filmdə keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi öz əksini tapır. Bu keçmiş və gələcək “məkan” arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəsidir. Filmdə aktyor işi o qədər güclüdür ki, kino mütəxəssisləri bu filmi “iki nəfərlik rejissor işi” adlandırır.
Əsərdəki əsas problem qəhrəmanların lazımi vaxtda lazımi qərarları verə bilməməsi və ömür boyunca bu peşmanlıqla yaşamasıdır. Oqtay və Əsmər artıq keçmişi qaytara bilməyəcəklər, hər ikisi bunun fərqindədirlər. Hər ikisi bir daha geriyə qayıda bilməyəcək. Onlar vaxtın, sevginin dəyərini bilməmiş, xoşbəxtliklərini əbədi olaraq itirmişdilər.