Yaz ətri burnuma haradan gəlir?
Kiçik çillə deyil, hava sazaqdı,
Hələ fevrala var, mart da uzaqdı.
Onda, türkün sözü, bu nə tuzakdı,
Yaz ətri burnuma haradan gəlir?
Ya mən havalıyam, ya hava xəstə,
ya da məzə könlüm təzə həvəsdə.
Böyük çillə ilə nəfəs-nəfəsdə
yaz ətri burnuma haradan gəlir?
Deyirəm yazdığım hər misra elə
bir yaz havasına bürünüb gələ.
Bəlkə “Pəncərədən daş gəlir” belə
Yaz ətri burnuma haradan gəlir?
Ruhum – bal arısı
Alaqaranlıqda ağ çiçək sanıb
qonur bal arısı axşam şehinə
Başımı çiyninə qoyuram
ruhum
batır saçlarının çiçək tozuna
Çəkir şirəsini gülüşlərinin
Güləş yanağında zər ləpələnir
Günəş əl – üzünü yuyur üzündə
Ya Ay ruhum doğur sağ çiynin üstən
Elə bil Gün Ayla qolboyun olur
Oyyey, savab yazır mələk mələyə
Ruhum tellərinin sarı simində
“Orta Sarıtel”in, “Baş Sarıtel”in
Dolanbaclarında, tozanağında
Tövşüyür, təngiyir, tıncıxır nəfəs
Ruhum – bal arısı, şeh içindəyəm.
Ağ gülün şeiri
Sən verdiyin ağ gülün
əksi min yerə düşür
Gözdən qəlbə, qəlbdən sözə
Sözdən göylərə düşür
Şər qarışır saçlarına
Sən bax bir ağ çiçəyə
Milyon-milyon ulduz olur
Səpələnir gecəyə
Ağ güllərlə köpüklənir
Göy daşır sahilinə
Salam, Kiçik Ayı bürcü
Yeddi bəyaz gülünə
Ürəyimdən ulduz-ulduz
tikan çıxardan səma
ağ gül açır başdan – başa
sənlə görüşən zaman
Əlin gültək açılır
ləçək barmaqlarından
mən ağ gülü qoxlayıram
əlindən öpdüyüm an
Sizin küçədə
Payız səmasıdır sinəmdə könül
Sizin küçədəyəm bu gecə, gülüm
Bilirsən, mənimçin kiminsə deyil
Sənin adınadır bu küçə, gülüm
Qoşa gözlər idik, duyuq düşəndə
Səndən zalım anan, məndən qonşular
Yağış başlayanda, soyuq düşəndə
Bənövşə halıma yandı qonşular
Seyr edib küçədən açıq eyvanı
Ani görməyi də səadət sanıb
Durub saatlarla gözlərdim, sənin
bu gözdən o gözə keçdiyin anı
Anan bilmədimi səni kim sevir
Başında şan – şöhrət havası vardı
Əgər bacarsaydı götürüb evi
arxası küçəyə tərəf qoyardı
Bu küçə küçə yox çaydı – dağ çayı
Neçə dalğasına düşmüşəm onun
Dünyanın ən sakit, mülayim ayı
belə qovğasına düşmüşəm onun
Silinməz iz salıb o, yaddaşımda
Ömrümdə şimşək tək alışıb-yanıb
Yadıma düşəndə haçan başımda
Alovlar dillənib, odlar qalanıb
Pərdələr elədir, elədir, elə
İndicə açılar, çölə baxarsan
Külək cövlan edir belədən-belə
Sanıram indi də bu evdə varsan
Yenə təzə ildir, yenə qarlı qış
Saat o saatdır, an da ki, o an
Yağır əzəlki tək bəhanə yağış
Birdən əzəlki tək çölə çıxarsan?!