Ədəbiyyat sözünün mənası ədəb, mərifət deməkdir. Hansı ki, insanın ən yüksək mənəvi keyfiyyətlərinə istinad edir. Yüksək mənəvi keyfiyyətlərə malik olmağı da hər kəs istəyər. Bunun üçün insan daima özünü təkmilləşdirməli, mənfi və müsbət cəhətlərini müəyyənləşdirməli, müsbətləri artırmalı, mənfiləri isə tərk etməlidir. Həyatda mənfi və müsbəti, xeyir və şəri bir-birindən ayırmaq üçün ən mükəmməl köməkçi vasitə ədəbiyyatdır. Ədəbi əsər yaradan müəllif həyatda gördüyü hadisələri obrazlaşdırıb, öz hiss və düşüncələrini əlavə edərək həmin əsəri qələmə alır. Elə buna əsaslanaraq demək olar ki, ədəbiyyat insan hisslərinə ən yaxın olan yaradıcılıq sahəsidir.
Hardasa, necəsə oxuduğumu unutduğum bir yerdə yazıçı ilə kimyaçı müqayisə olunurdu. Deyilirdi ki, yazıçı qalaq-qalaq romanlar, cild-cild kitablar yazar, amma onun cəmiyyətə, dünyaya bir təsiri olmaz, kimyaçı isə bircə dənə dərman düzəldər və milyonları düçar olduğu hansısa xəstəlikdən xilas edər. Bu müqayisəni illər öncə oxumuşdum və beynimdə özünə elə yer edib ki, o vaxtdan bəri tez-tez onu xatırlayıram. Qıraqdan-bucaqdan ədəbiyyata az da olsa toxunmuş biri kimi həmişə bu müqayisənin haqsızlığına qəlbən inanmışam. Amma inanmaq nəyi dəyişir? Sübut etmək də gərəkdir axı. Həqiqətən də, ədəbiyyat cəmiyyətə təsir etmə gücünə malikdirmi? Hansı əsər hansı mövzuyla bağlı dəyişikliyə səbəb olub? Yoxsa ədəbiyyat elə tək-tək fərdlərlə hesablanıb? Bir filosofun da dediyi kimi, bir fərdi xilas etmək bəşəriyyəti xilas etməyə bərabərdir. Onda ədəbiyyatın təsir gücü azalmış olmurmu?
Bu yerdə çoxdan oxuduğum, bir müddət öncə isə teatr səhnəsində seyr etdiyim əsər yadıma düşür. Dahi Viktor Hüqonun “Bir edam məhkumunun son günü” əsərini deyirəm. Məncə, Hüqonu özəl edən səbəblərdən biri də onun mövzularının həyatın ən sərt reallığından gəlməsidir. Bunu əsərlərindən əlavə, onların fərqli və maraqlı yaranma tarixçələri də sübut edir. Məsələn, bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış böyük bir izdiham 25-26 yaşlı Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğunu görən gənc yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Məhz gördüyü bu sarsıdıcı mənzərənin təsirilə özünün ilk romanını- “Bir edam məhkumunun son günü” əsərini qələmə alır. Roman yazıçının ən az tanınan əsərlərindəndir.
1829-cu ildə iyirmi altı yaşında yazdığı bu romanda Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl bir dillə təsvir edir. Öləcəyini bilən bir insan hansı hissləri keçirə bilər? Bu çətin sualın altından, yəqin ki, ancaq Hüqo kimi dahi yazıçı qalxa bilərdi.
“Bir edam məhkumunun son günü” romanını “Səfillər” kimi nəhəng bir əsərin uvertürası da hesab etmək olar. Əsərin mühüm özəlliklərindən biri də dünya ədəbiyyatında təhkiyəsi birinci şəxsin təkində, daxili monoloq şəklində deyilən ilk roman olmasıdır.
Bəs əsər cəmiyyətə necə təsir göstərdi? Nəyisə dəyişə bildimi? Əlbəttə! Ölüm hökmünə qarşı olan əsər Fransa başda olmaqla, bir çox Avropa ölkəsində, sonralar isə demək olar ki, dünyanın hər tərəfində bu ağır və amansız cəzanın – ölüm hökmünün ləğv olunmasına gətirib çıxartdı. Politoloqlar, siyasətçilər, ədəbiyyatçılar bu hökmün ləğvində Hüqonun payını heç zaman istisna etmirlər.
1905-ci il inqilabının məğlubiyyətindən sonra nəticələri təhlil edən Lenin belə bir fikir söyləyir ki, bizim ən böyük səhvimiz lazımi sayda elmi, marksis və bədii ədəbiyyatımızın olmaması idi. Bunların yoxluğuna görə biz ideyalarımızı xalqa yetərincə yaymadıq. Bundan sonra Maksim Qorki “Ana” romanını yazdı və roman az zamanda böyük populyarlıq qazandı. Onu əsas yayanlar isə marksistlər və kommunistlər idi. Çünki Qorki də kommunist idi və Leninlə son günə qədər möhkəm dostluq əlaqəsi vardı. Dövrünün ictimai ziddiyyətlərini açmaq, inqilabi mübarizənin Rusiyada hansı spesifik yollarla irəlilədiyini və qalib gəldiyini təsvir etmək işində Qorki misilsiz bir sənətkar idi. “Ana” romanından sonra Rusiyada marksizim nədir, onun məqsəd və məramları, ideyası daha da yayılmağa və tərəfdaşları artmağa başladı. Hətta belə bir fikir səsləndirirlər ki, inqilabın qələbəsində “Ana” romanı ayrıca rol oynayıb.
Əgər ədəbiyyat xalqa təsir gücünə malik olmasaydı, o zaman böyük bir ərazini, milyonlarla insanı, xalqları öz ətrafı altında birləşdirən Sovet İmperiyasının başlıca siyasətlərindən biri ədəbiyyata yönəlməzdi. Hamımızın ədəbiyyat tarixindən çox yaxşı bildiyimiz “Sovet ədəbiyyatı” termini də bunun bariz nümunəsidir. İmperiyanın başına duranlar öz ideyalarını məhz ədəbiyyat, yazıçılar vasitəsilə xalqa çatdırırdılar, ədəbiyyatı ciddi senzura altında saxlayırdılar. Çünki onlar sözün insanlar üzərindəki hökmranlığına yaxşı bələd idilər. Sözsüz ki, imperiyanın 70 il öz varlığını qoruyub saxlamağında ədəbiyyatın rolu danılmazdır.
Azərbaycan ədəbiyyatında da dövrün ictimai-siyasi gedişinə, cəmiyyətə, insanlara təsir edən əsərlər az deyil. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov başda olmaqla, XX əsr maarifçilərinin ürək ağrısı ilə qələmə aldıqları tənqidi yazıları olmasaydı, yəqin ki, xürafat, radikalizm, cahillik girdabında boğulan cəmiyyətin inkişafı mümkünsüz olardı.
İstər dünya, istərsə də milli ədəbiyyatda bu siyahını daha da uzatmaq olar. Buraya ayrı-ayrı zamanlarda cəmiyyətə təsirindən ehtiyatlanaraq qadağan edilən əsərləri də daxil edə bilərik. Hötenin “Gənc Verterin iztirabları”, Corc Oruelin “Heyvanıstan”, Oldos Haksli “Möcüzəli yeni dünya”, Con Steynbek “Qəzəb gilələri”, Henri Miller “Xərçəng bürcü”, Frans Kafka “Çevrilmə”, Vladimir Nabokov “Lolita”, Lüis Kerrollun “Alisa möcüzələr ölkəsində”, Den Braun “Vinçi kodu” kimi əsərlər müxtəlif zamanlarda müxtəlif ölkələrdə qadağan olunan əsərlərdəndir.