İyul ayının isti günlərindən biri idi, Çiçəyin ailəsi illərdir yay fəslinin gəlişini həyacanla qarşılayır, payızın xəfif küləkləri ürəklərinə sərinlik gətirmədən rahat ola bilmirdilər. Bu il isə xüsusilə dözülməz olan istilər onların evində hakim olmuş, illərdir yaşanan yeknəsəq həyatı xeyli dəyişmişdi. İndi hər kəsin üzündə təşviş, baxışlarında bir-birlərindən gizlətməyə çalışdıqları ümidsizlik evin kiçik qızının gözündən qaçmırdı. Ona elə gəlirdi ki, hərdən əsən ilıq-isti küləklər belə onun ürəyindəki arzuları yaxıb-qovurmaq, alovlu ümid işıqlarının sarı, yaşıl xallı kəpənəklərin sevgisini məhv etdiyi kimi onun da uşaqlığını əlindən almaq istəyirdi. Bu qarmaşıq duyğular, sərhədsiz düşüncələr aləmindən xilas olmaq istəyən qızcığazın on yeddi yaşı yenicə tamam olmuşdu. Universitetə qəbul olmaq üçün bir ay öncə imtahan vermiş, nəticəsi isə bu gün bəlli olmuşdu. Əlbəttə, o gözləntiləri doğrultmuş, yüksək nəticə əldə etmişdi, qarşıda isə sadəcə son vaxtlar qərarsız olduğu ixtisas seçimi qalırdı. Bu ilk, təzə uğura baxmayaraq qəlbi səbirsizliklə gözlədiyi payız küləklərinin hüznünü hiss edən yarpaqlar kimi əsirdi. Uşaqlıqdan bəri məsuliyyətini hiss etdiyi xoş xəbəri məsud eyni zamanda titrəyişli səslə ailəsinə açıqladıqda atasının ortalıqda olmadığını duymadı belə. Nəhayət, o hər şeyi bir anlıq unudaraq, incə təbəssümlə təbrik mesajlarını oxuyur, gülümsədikcə qıyılan parlaq qəhvəyi gözləri ilə anasına baxaraq elə hey deyirdi:
-Gördünüz, sizin qız dahidir, dahi. Hələ bu Koronavirus olmasa, görərdiniz ki, daha çoxunu da edə bilərəm…
Həyat xanım isə kədərini gizlətməyə çalışaraq, yan otağa keçdi. O xatırladı ki, Qara iki il əvvəl Tehrana müalicəyə gedəndə, həkiminə bu sözləri demişdi: “Mənim iki il möhlətə ehtiyacım var, siz də məni bağışlayın, bir qızım bu il Universitetə qəbul oldu, mühasib olacaq”. Bu sözləri deyərkən o bir neçə dəqiqə öncə aldığı ağır xəstəlik xəbərini unutmuş, qürur və ümid dolu gözlərlə həkimə ötəri bir nəzər salmış, sonra sözünə davam etmişdi: “Balaca qızım da iki il sonra qəbul olacaq, onu da görsə idim, dərdim-sərim qalmazdı, rahat gedərdim”. İndi Həyat düşünürdü ki, görəsən, iki il tamam olub mu? Beləcə, sevinc, kədər qarışıq düşüncələrlə taxtası ovulmuş döşəmədə ayağını sürüyə-sürüyə 20 illik həyat yoldaşına yaxınlaşdı. Köhnə, aşınmış mebellərlə dolu otaqda qəhvəyi, ağ, sarı və yaşıl rənglərin təzadlı görkəmini otağın üç iri pəncərəsindən içəri axan günəş işığı aydınlandırırdı. Otağın bir küncündə köhnə çarpayısında uzanıb, yayın boğucu istisində nəfəs almaq üçün çabalayan, neçə gecədir gözünü qırpmadan sabahlayan Qara bu xəbəri eşidər-eşitməz çarpayısının paslı millərini inildədərək dikəldi, lakin bir söz demədən yenidən sakit bir görkəmdə başını üst-üstə yığılmış yastıqların üzünə söykədi. İndi o ancaq yayın bitməsini, bu ili də sağ-salamat çıxmağı arzu edirdi.
Bir neçə gün daha keçdi, adətinin əksinə bu günlərdə evdən çıxa bilməyən Qaranı məhəllədə görməyən dost-tanışlar, “qonaqlar” evdən əskik olmur, xəstəyə ürək-dirək verməyə gələnlər gündəlik söhbətləri ilə onu təngə gətirirdilər. Bəzən xəbərsizcə otağa sızan qohum, qonşu qadınlarının ağlaması evdə hər kəsin əsəblərini tarıma çəkir, xəstəyə isə sanki qaçınılmaz ölümün yaxınlaşdığını xəbər verirdi. Üstəlik, o, hər kəsi üslubunca qarşılamaq üçün min bir əzabla geyinib-keçinir, taqətsiz şəkildə kreslosuna söykənir, səssizcə otururdu. Hər dəfə xəstənin otağını tərk edib zala tərəf astaca addımlayanların ardınca Çiçək hiddətlənirdi:
-Nə üçün gəlirlər axı, bezdik axı, bezdik.
-Şşşş, eşidən olar, ayıbdır, qonağın xətrinə dəymək olmaz, qızım, get çay süz.
Bu minvalla beş dəqiqə də rahat uzana bilməyəcəyini anlayanda Qara ani qərarla dilləndi:
-Şah oğlu şah Abbasın taxtını eyvana çıxarın, qonaqlarını orada qarşılayacaq.
Bu istəyin səmimiyyətini duymuş kimi qısa zaman içərisində bütün kənd həyətə doluşdu, masalar düzüldü, gözəl bir çay süfrəsi quruldu. Otura bilənlər oturdu, yer tapmayanlar hərəsi bir tərəfdə topa-topa dayanaraq xəstənin görünüşü, əhvalı haqqında söhbətlərə başladı. Ətrafında nə baş verdiyini hələ tam dərk etməyən Çiçək qonaqlar üçün çay dəmləyir, şirniyyat, mürəbbə hazırlayır, yayın istisində ürəyinin yanğısını söndürə bilsin deyə ard-arda çay sifariş edənlərin istəklərinə yetişməyə çalışırdı. Günün sonu yaxınlaşır, günəşin istisi xəfifləməyə başlayırdı, qoca, qollu-budaqlı nar ağaclarının açdığı cığırla taybatay açılmış həyət qapısına doğru yol alan qonaqların ardınca baxan Qara düşünürdü: “Allah mənə rəhmət eləsin”. Ancaq onun qəlbindəki ümid qığılcımları durmadan oyanır, hər yay olduğu kimi yaxşılaşacağını, bir qədər gümrah hiss edən kimi ölümü məsxərəyə qoyacağını düşünürdü.
Ümidləri çox sürmədi, vəziyyəti qəfildən pisləşən xəstənin arabir hiss olunan sayıqlamaları başladı. O Çiçəyi çağırdı: “Həkimimi yığ,-dedi,-050-631-16**”. Dəqiqələr keçdi, Çiçək yenidən nömrəni yığmağa başladı. “051-632-16**, 050-630-16**”. Telefondan operatorun səsi eşidildi:
-Zəng etdiyiniz nömrə təyin olunmamışdır.
Çiçək yenə cəhd elədi, indi dəqiq xatırlaya da bilmir ki, on dəfə ya yüz dəfə barmaqları əsə-əsə eyni rəqəmlərə toxunmuşdu. O telefonu da, özünü də, operatoru da məzəmmət edir, cavab isə dəyişmirdi.
Birdən diksindi, bu nədir? Yoxsa illərdir yaddaşı ilə öyündüyü atası indi adicə bir nömrəni xatırlaya bilmirdi? O tez, lap tez otağı tərk etmək, qaçıb getmək arzusunda idi, o istəmirdi ki, atası ondan, operatordan, telefondan utansın, bilmirdi ki, onun ürəyinin çırpıntılarını heç kim eşitmir. Lakin gedə bilmirdi, ayaqları döşəməyə mismarlanmış, ürəyi isə Qaranın yaşamaq arzusunu açıq-aydın əks etdirən qəhvəyi gözlərinə möhkəm-möhkəm sarılmışdı. Çiçək, o an hiss elədi ki, illərdir qurduğu atasına kömək etmək xəyalı nə qədər yalanmış, sən demə, qızların atalarına uzada bilmədiyi kömək əli sonralar kələ-kötür daşa, cilalanmamış taxtaya, bağda-bağçada təsadüfən yeni ipək paltarlara rast düşən tikanlı bir iydə budağına dönüb faydasızlığından utanır, özünü məzəmmət edə bilirmiş. Bu ağır dəqiqələrin səssizliyindən Çiçəyi atası özü oyatdı:
-Məni həyətimizə düşürün, nar ağacının altına da stol qoyun, orada hava yaxşı olar.
Oturdu da. Su da istədi. Bu gün ancaq Qara üçün meyvə şirələri hazırlayan, yemək yeyə bilməsə də bu onu bir az tox tutar deyə düşünən Həyat qızından atasına alma şirəsi göndərdi. Bu cəhənnəm istisində ilk dəfə Çiçəyin içindən qəribə bir üşütmə keçdi. O çox istərdi ki, bu şirəni öz əlləri ilə atasına içirsin, lakin hər zaman arzularının sərhəddində davranan qızcığaz bardağı atasına uzadıb bir addım geri çəkildi:“Onun əlləri nə yaman əsirmiş”,-Çiçək ilk dəfə görürmüş kimi cəmi qırx yeddi yaşında saçları beləcə çallaşıb, tökülmüş kişiyə, onun bir zamanlar qədd-qamətli olan bədəninin zəifliyinə, Çiçəyin yaddaşında sədəf kimi parlaq qalmış dişlərin yerindəki boşluğa baxdı. Bu nə idi belə? Nə idi onun gözlərindəki çarəsiz, ümidsiz ifadə? Nə demək istəyirdi o? Sualların cavabı gec olmadan bəlli oldu:
-Bu şirə qurdludur, mundardır, içmirəm bunu, apar.
Çiçək atasının əlindən bardağı alıb, məəttəl-məəttəl içinə baxdı. Bu vaxt xəstənin ümid, arzu dolu solğun gözləri onun üzünə zillənmişdi. Hətta qız bir anlıq düşündü ki, bu gözlər indi həyatdan möhkəm-möhkəm yapışmış iki zəif əldir. Qara o əllər ilə qızını yanına çağırıb əyilməsini istədi və ağrı-acı dolu, zorla eşidilən səslə pıçıldadı:
-Çiçək, balaca anam mənim, sən böyüyəndə kim olacaqsan?
-Bilmirəm.
Qızın qəlbi nə qədər nisgilli idisə, bir o qədər də soyuq, asta səslə cavab verdi, bəlkə də, heç Qara bu səsi eşitmədi.
-Yatacam, məni evə qaldırın, otağıma heç kim girməsin.
Yenə bir ümid, ardınca günəşin qızmar istisi, pıçıltılar, süni gülümsəmələr, tünd siqaret qoxusu…
Hər kəs otağı tərk etdi, təkcə Həyat xaric. O guya çıxacaqmış kimi qapıya yaxınlaşıb, bir dəfə ehmalca açıb-bağladı, Qaranın yatağının başında səssizcə dayandı, hə, Qara onun burada dayandığını əsla bilə bilməz, indi onun nəfəsini səssizcə dinləmək olar. Birdən sərt və əsəbi bir səs eşidildi:
-Həyat! Sənə dedim ki, çölə çıx, qurban olum çıx, yatıram!
Həyat bu sözləri eşidərkən, keçən yay Qara xəstə olanda aralarında keçən incik bir dialoqu xatırladı. Qara ilk dəfə ölümdən qorxduğunu etiraf etmişdi:
-Heç ədalətdirmi, uşaqlarının çiçəklənən vaxtında ölüb gedəsən?!
Elə bu dəqiqələrdə Çiçək atasının otağına baxan pəncərədən səssizcə boylanır, barmağının ucunda geri qayıdaraq sevinclə xəbər verirdi:
-Əla, yatdı. Dərmanlarını da alıb, bir neçə günə düzələr, inşaallah.
Artıq gecə yarısı idi, Qara öz tənha otağında son dəfə uzanmışdı, başının üstündə rəhmətlik atasının şəkli, siqaret qutusunda bir tənha siqaret, uzaqlara, lap uzaqlara baxan sakit, qəhvəyi gözlər…
Həmin yaydan artıq neçə il keçib, Çiçək hələ də bilmir ki, böyüyəndə kim olacaq, bəlkə də bir acı xatirə, yaxud bir tənha siqaret, yenicə pöhrələmiş alma ağacı? Yox, axı o ən gözəl rəsmindən zərif təbəssümü ilə məsum-məsum baxan, arabir divardan alınıb tozu silinən tablo olmaq üçün doğulub…