Haruki Murakami
(1949)
Görkəmli yapon nasiri, tərcüməçisi, esseçisi və jurnalistidir. 50-dən çox dilə çevrilən əsərləri həm vətənində, həm də dünyada bestsellerə dönübdür.
O, Kioto şəhərində doğulub, Kobe şəhərində orta məktəbi bitirib. Tokiodakı Vaseda Universitetinin Ədəbiyyat fakültəsində ali təhsil alıb. Bir caz klubuna rəhbərlik etdiyi illərdə Murakami bu musiqi janrıyla bağlı əngin biliklərə yiyələnib.
1986-1995-ci illərdə Amerika Birləşmiş Ştatlarında yaşayıb.
Öz müəllif üslubunu formalaşdırarkən o, sevimli yazarlarından saydığı Trumen Kapotenin, Kurt Vonnequtun, Raymond Çandlerin, Frans Kafkanın, Kendzaburo Oenin və Yasunari Kavabatanın yazı tərzindən bəhrələnibdir. Mətnlərində melanxolik və sürrealist ünsürlər böyük üstünlük təşkil etməkdədir.
Əsasən esse, hekayə və roman janrlarında mətnlər yaradan Murakaminin oxucuların ixtiyarına verdiyi ilk mətbu əsər “Rüzgarın nəğməsini dinlə” (1979) romanıdır.
Onun məşhur romanları sırasına “Yabanı qoyunun iziylə” (1982), “Norveç meşəsi” (1987), “Mexaniki quşun gündəlikləri” (1997), “Kafka sahildə” (2002) və “1Q84” (2009-2010) daxildir.
İngilis dilinə gözəl yiyələnən bir tərcüməçi kimi isə o, ABŞ nasirlərindən Raymond Karverin, Cerom Selincerin və F.Skott Fisceraldın əsərlərini yapon dilinə çeviribdir.
Bir neçə dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilsə də, hələlik o, bu ödülə layiq görülməyibdir.
Taksidəki vampir
“Bəla heç vaxt tək gəlmir…” deyilir xalq hikmətində. Bəs adamın ümidi gələn hər şey boşa çıxırsa, onda necə olsun? Belədə heç bir hikmət-zad sənin dadına yetişməz.
Tutalım, sevgilinlə aran dəydi, düymən yerindən qopdu, elektrik qatarında üzünü heç görmək belə istəmədiyin köhnə bir tanışınla rastlaşdın, dişin ağrımağa başladı, yağış çisələdiyindən bir taksiyə əyləşdin, amma yolda baş verən qəza ucbatından bir tıxacda ilişib, qaldın.
Tam bu yerdə birisi qayıdıb mənə desə ki: “Hə, qardaş, işlərin əcəb düyünə düşüb ha”, hər halda onu altıma basıb, döyərəm. Boynunuza alın ki, bənzər durumlarda siz də eynilə mənim kimi davranardınız. Bax, görünür, elə bunun özünün də ardında hansısa hikmət dayanır.
Məhz bu səbəbdən mən insanlarla dil tapmaqda çətinlik çəkirəm. Bəzən, hətta qapı kandarına sərilən xırda xalça olmağı da arzulayıram! Ondan sonra istədiyin qədər uzan qal da olduğun o yerdə!..
Amma elə sanmayın ki, kandar xalılarının həyatı hər cür hikmətdən və deməli, müşküllərdən xalidir. Nə isə, qoy Yaradan hamımızın işinə rəvac versin!..
Deməli, əyləşdiyim taksi tıxacda ilişib, qaldı. Payız yağışı ara vermədən maşının damını döyəcləyir, maşın sayğacının hər şaqqıltısı isə bir tüfəng atəşi kimi beynimdə əks-səda verirdi.
Bütün bunlarla yanaşı, mən son üç gündə siqaret çəkməyi də tərgitmişdim…
Nə isə xoş bir şey barədə düşüncələrə köklənməyə can atsam da, bütün cəhdlərim boşa çıxırdı. Həmişə belə olur axı! Başımı nə cürsə qatmaqdan ötrü sevgilimi hansı ardıcıllıqla soyunduracağımı xəyalımda canlandırmağa çalışdım. Be-lə-ə. Ən əvvəl gözlüyünü, sonra saatını, iri qolbağını, ardınca isə…
– Bağışlayın, – deyən sürücü bu yerdə xəyallarımı əcəb pərən-pərən saldı. Həmin an əlimi elə yenicə döşlüyün ilk düyməsinə aparmışdım ey. – Siz bilən, bu vampirlər doğrudan, mövcuddur?
Sürücünün salona baxan güzgüdəki sifətini çaşqınlıqla süzüb, soruşdum:
– Vampirlərmi? O qana yerikləyən məxluqları nəzərdə tutursunuz?
– Hə, onları. Sizcə, onlar həqiqətən, mövcuddur?
– O-o, daha nə cür deyirlər? Hə, vamp varlıqlar… Yəni qana yerikləyənlər… Qaniçən yarasalar… Siz o dəhşət filmlərindəki vampirləri nəzərdə tutursunuz, yoxsa… gerçək həyatdakıları?
– Əlbəttə ki, gerçəklərini… – deyə təsdiqləyən sürücü maşını təxminən, yarım metr də irəliyə sürdü.
– Yox, onlar barədə heç nə bilmirəm.
– Bu olmadı ki! “Bilirəm-bilmirəm” oynayırıq?! Yek cavab verin də: inanırsınız, ya yox?
– İnanmıram.
– Yəni siz vampirlərin var olduğuna inanmırsınız da, eləmi?
– Hə, inanmıram, – deyib, cibimdən çıxartdığım siqareti damağıma qoydum, amma yandırmadan, eləcə dodaqlarımın arasındaca saxladım.
– Bəs kabuslara necə? Barı, onlara inanırsınız?
– Kabuslar, məncə, mövcuddur.
– Gəlin, bu “məncə”siz cavab verin də: “hə”, ya “yox”.
Məcbur qalıb:
– Hə, – dedim, – inanıram.
– Deməli, kabusların mövcudluğuna hər hansı şəkk-şübhəniz yoxdur?
– Hə.
– Halbuki vampirlərin varlığına şəkk edirsiniz?
– Hə.
– Bəs bu vampirlər ilə kabuslar arasındakı fərqi necə, açıqlaya bilərsiniz?
Qarasına üyüdüb-tökməyə başladım, çünki nəyi də bacarmasam, bu məsələdə ustayam:
– Deməli, kabus… maddi baxımdan var olan canlının antitezisidir.
– Hm-m-m.
– Vampir isə – vücud ehtiyaclarından asılı olaraq bir məxluqun daxili məğzinin dəyişməsidir.
– Yəni bu dediklərinizdən belə çıxdı ki, məxluqun daxili məğzinin dəyişməsinə inanmasanız da, siz antitezisə inanırsınız, eləmi?!
– Hansısa hikməti bir yol fəhm edən insan sonradan ona heç cür şəkk gətirə bilmir axı?!
– Hələ üstəlik, ziyalı sayılırsınız, ha!
Gülümsünərək dedim:
– Düz yeddi il sərasər universitetdə oxumuşam.
Nazik bir siqaret çıxarıb, alışdıran sürücü gözlərini qarşıda uzanan maşın karvanına dikdi. Burnumu qıcıqlandıran nanəli qoxu salona yayıldı.
– Yaxşı, bəs birdən vampirə ürcah olsaydınız, neyləyərdiniz?
– Yəqin çaşıb-qalardım.
– Elə bu?!
– Necə bəyəm, bunda qəribə nəsə var?!
– Var, əlbəttə, var! Çünki inam hər şeydən üstün olmalıdır. Əgər bir dağı xəyalında canlandırdınsa, o, mütləq qarşında peyda olasıdır. Onu xəyalından silib-atsan, dağ da yoxluğa qarışacaq. Eynilə Donovanın bir mahnısında deyildiyi kimi!
– Hə-ə, siz o mənada deyirmişsiniz.
– Təbii ki.
Hələlik yandırmadığım siqareti damağımda sıxaraq köks ötürdüm.
– Siz necə, vampirlərə inanırsınız?
– İnanıram.
– Niyə?
– Necə yəni “niyə”?! İnanıram, vəssalam.
– Bəs bu inamınızı necə sübuta yetirərsiniz?
– Bəyəm, inamla onun sübutu arasında hər hansı bağlılıq var ki?!
– Belə götürəndə, hə, var.
Söhbəti bu yerdə nöqtələyərək, sevgilimin döşlüyündəki o düymələrə qayıtmağı daha uyğun bildim. Bax, bu – biri, bu – ikincisi, bu isə üçüncüsü…
Sürücü dedi:
– Lazımdırsa, hələ sübut da edərəm!
– Ciddi sözünüzdür?
– Tamamilə!
– Bəc bunu… necə edəcəksiniz?
– Necə yəni “necə”?! Özüm elə vampirəm də.
O an susmağı uyğun saydım. Bayaqdan bəri maşınımız cəmi beş metr irəliləyə bilmişdi. Yağış damlaları maşının banını təbilə çevirdi. Fırlanan sayğac isə min beş yüz iyeni artıq geridə qoymuşdu.
– Bağışlayın ey, çaxmağınız olmaz?
– Buyurun.
Sürücünün uzatdığı “BiC” çaxmağıyla alışan siqaretdən sümürdüyüm xəfif nikotin payımı son üç gündə ilk dəfə ciyərlərimə çəkdim.
Sürücü gileyləndi:
– Əcəb uzun tıxacmış!
Razılaşdım:
– Day demə! O ki qaldı… vampirliyə…
– Hə, hə.
– Siz doğrudan, vampirsiniz?
– Niyə goplayım ki?!
– Bəs bu… ümumiyyətlə… bununla çoxdan məşğulsunuz?
– Doqquz ildir… Dəqiq yadımdadır, həmin il Münhen Olimpiada oyunları keçirilirdi.
– Yəni: “Dayan, zaman! Sən – gözəlsən!”
– Hə, eynilə elə!
– Bir sual da verə bilərəm?
– Verin, gəlsin.
– Bəs niyə məhz taksiçiliyi seçdiniz?
– Vampirlərlə ortaq bir tərəfimin olmasını istəmədiyim üçün! Plaşa bürünüb, karetada gəzməyin, yaxud qəsrdə yaşamağın guya nəyi cəlbedicidir ki?! Bələdiyyədə rəsmi qeydiyyatdan keçib, möhür almışam, vergilərimi vaxtında ödəyirəm, diskotekalarda əylənir, özüm üçün paçinko oynayıram. Necə bəyəm? Bunun nəyisə qəribədir ki?!
– Yox, heç nəyi qəribə-zad deyil. Nədənsə inandırıcı görünmür ey bunlar.
– Necə yəni? Sözümə şəkk edirsiniz?
– Belə də…
– Deməli, siz şəkk edirsiniz ki, mən – vampirəm, eləmi?
Tələsik dedim:
– Yox, buna şəkk eləmirəm: əgər dağı xəyalında canlandıra bildinsə, o, əlüstü qarşında zühur edir axı…
– Əşşi, bu barədə yetər də…
– Yəni siz ara-sıra qan da içirsiniz?
– Onsuz olmaz… dedim axı – vampirəm!
– Yəqin qanlar da cürbəcür olur: həm ləzzətli, həm də iyrənc?
– Hə, hər cürünə rast gəlinir. Məsələn, sizinki ləziz sayılmaz, çünki tütün çəkirsiniz.
– Tərgitməyə çalışıram, ancaq hələlik bir şey alınmır.
– Bax, cavan qızların qanı isə içilməyə dəyər. Bal dadır ey, bal!
– Deyəsən, artıq mən də sizi anlamağa başlayıram. Bəs aktrisalar arasında, sizcə, kimin qanı daha ləzzətli olar?
– Kisimoto Kayokonunku. Bax, o – əsl mən deyəndir! Singödzi Kimienin qanı da babat sayılar! Məsələn, Momoi Kaorinin qanı heç içiləsi deyil. Bax, belə!
– Amma tələsmədən sümürsən, elə o da ləziz gələr, deyilmi?
– Hə, haqlısan!
On beş dəqiqə sonra ayrıldıq. Mənzilimin qapısını açıb, işığı yandırdım, soyuducudan çıxardığım pivədən bir-iki qurtum alıb, sevgilimə zəng vurdum. Ayrılma səbəblərimizlə bağlı dediklərini dinləyincə, ona haqq verdim.
– Bir şeyi də deyim: “Nerim” nömrəli qara taksilərə əsla əyləşməyəsən.
O: – niyə? – deyə maraqlandı.
– Onlardan birinin sürücüsü vampirdir.
– Yaxşı görək, canım!
– Ciddi sözümdür.
– Mənə görə hələ də narahat olduğuna görə indi bunu dedin?
– Hə, buna görə.
– “Nerim” nömrəli qara taksilərə” dedin də, eləmi?
– Hə.
– Sağ olasan.
– Dəyməz, canım.
– Gecən xeyrə qalsın!
– Xeyrə qarşı!
Dilimizə çevirdi: Azad Yaşar
edebiyyatqazeti.az