Han Kanq: “Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər” (müsahibə)

Han Kanq 1970-ci ildə Cənubi Koreyanın Kvancu şəhərində, yazıçı Han Sınvonun ailəsində anadan olub, Yense universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb. Yaradıcılığa şair kimi başlayıb, sonra nəsr əsərləri qələmə alıb, 1994-cü ildə Seulda keçirilən ədəbi müsabiqənin qalibi olub. “Yesunun məhəbbəti” adlı ilk hekayələr kitabı 1995-ci ildə nəşr edilib. “Sənin soyuq əllərin”, “O gələn oğlan”, “Vegeterian qadın”, “İnsan əməlləri”, “Yunan dili dərsləri”, “Sevimli oğluma”, “Mən vidalaşmıram” kimi əsərləri bir çox dillərə tərcümə olunub. Çağdaş koreya nəsrində impressionist üslubu ilə seçilir. Buker, Li San, Mediçi və s. ədəbi mükafatlara layiq görülüb. Seul universitetində yazı sənətkarlığından dərs deyir. 2024-cü ildə tarixi travmaları və insan həyatının kövrəkliyini üzə çıxaran poetik nəsrinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Sual: Siz Yense universitetində Koreya ədəbiyyatını öyrənmisiniz, təhsilinizi başa vurandan sonra ədəbiyyatda debüt eləyənəcən bir müddət kitab və jurnal nəşri ilə məşğul olmusunuz. Atanız da məşhur yazıçıdır, bir dəfə də uşaqlıq çağlarınızda yaşadığınız evdə yetərincə kitab olduğunu xatırlamışdınız. Belə bir təsəvvür yaranır ki, sizin üçün ədəbiyyatla məşğul olmaq təbii və qaçılmaz idi, çünki öz həyatınızı onsuz təsəvvür eləmirdiniz. Amma yazıçı olmaq üçün qəti qərar qəbul elədiyiniz müəyyən bir xüsusi məqam oldu, ya yox?

Cavab: Doqquzuncu sinifdə oxuyurdum, onda hələ cavan yazıçı olan İm Çxorunun “Sapxyen-yek stansiyası” hekayəsi rastıma çıxdı, heyrət içində sezdim ki, o əsərdə xüsusi daxili ritm var, hadisələr həmin ritmin hesabına inkişaf eləyir, çünki kiçik, soyuq kənd haqqında hekayəti müəyyən bir qəhrəman deyil, gecənin qaranlığı, qar, talaşa ilə qalanan soba, hətta müəyyən mənada insan həyatının özü aparır. Həmin hekayədə müəllif həllinin orijinallığı diqqətimi cəlb elədi, mən də bir vaxtlar beləcə özünəməxsus ab-havası olan roman qələmə almaq istədiyim üzərində ciddi düşündüm.

Sual: Bəs, yazıçı olmasaydınınız, indi hansı peşəni seçərdiniz?

Cavab: Yuxarı siniflərdə oxuyanda gözdən iraq yerlərə səyahət eləməyi arzulayırdım, universitetdə təhsil alanda isə teatr tamaşalarına getməyi sevirdim. O qədər utancaq idim ki, hətta teatr dərnəyində çıxış eləməyi belə ağlıma gətirə bilmirdim. Amma tamaşa başlanmazdan qabaq zalda oturanda qaranlıq səhnəyə baxır, nədənsə orada olmaq istəyirdim. Bəlkə də yerimin orada olduğumu düşünürdüm. Mən səhnədə ağlamaq və gülmək istəyirdim.

Sual: Bəs, gözdən uzaq yerlərə səyahət eləmək arzunuz necə oldu? Bu, tamamilə gözlənilməzdir. (Gülür.)

Cavab: Çox-çox əvvəllər bir nəfər doğum günümə görə falıma baxıb dedi ki, orda “yek” ieroqlifi var, yəni, alnıma sərgərdanlıq eləmək yazılıb. (Gülür.) Həm piyada gəzməyi, həm də tanış olmayan yerləri dolaşmağı sevirəm.

Sual: Tez-tez kitablarınızda sənət aləmindən olan adamları – rəssamları, fotoqrafları, heykəltəraşları, video ustalarını və s. – təsvir eləyirsiniz. Bu, bir neçə xarici dilə tərcümə olunmuş, yaxşı rəylər almış “Vegetarian qadın” romanınıza da aiddir.

Cavab: Yəqin, ona görə ki, incəsənəti sevirəm, həm də o mənə güclü təsir göstərib. Amma kimdənsə romanlarımın sənət adamları barədə olduğunu eşidəndə təəccüblənirəm. Mənsə fikirləşirəm ki, sadəcə insanlar barədə yazıram, bəlkə də dillə bağlı yaşantılarım üzündən incəsənətin sehrindən qurtula bilmirəm.

Sual: “Balaca budda” və “Qırmızı çiçək” kimi romanlarınızda buddizm motivləri çox aydın sezilir. Haçansa eşitmişəm ki, ədəbiyyat – insan Allaha arxa çevirdiyi məqamda yaranır. Dinlə bağlı düşüncələrinizlə tanış olmaq, bilmək istərdik.

Cavab: İyirmi beş yaşından sonra buddizmlə dərindən maraqlanmağa başladım. Onda buddizm koordinatları sistemi qəlbimdə dərin kök saldı, indiyəcən müəyyən bir ideya ilə rastlaşanda çox vaxt öz düşüncələrimi nizama salır, həmin ideyaların buddizmlə hansı cəhətləri ilə fərqləndiyi, yaxud əksinə, hansı cəhətləri ilə oxşar olduğu barədə fikirləşirəm. Otuz yaşında, ağır xəstəlik keçirdiyim vaxt qəlbimdə dərin kök salmış buddizmdən bir qədər aralanmağa başladım. Adətən, insanlar xəstələnəndə dinə üz tutur, amma mənimlə bunun tərsi baş verdi. Heç nəyə inanmamaq, heç nəyə əsaslanmamaq, sadəcə gerçəklikdən təcrid olunmadan hər şeyə aydın nəzərlərlə baxmaq istəyirdim. Bu arzunun təlqini ilə sonralar fizika üzrə kitablar mütaliə eləməyə başladım. Mövcud gerçəklikdə mövcud olan dünyanı yenidən dərk eləmək istəyirdim.

Sual: Nəsrinizdəki sevgi mövzusuna gəldikdə isə deyim ki, romanlarınızda onu hər an yoxa çıxacaq bir şey kimi qəbul eləyən, yaxud ondan qorxan yetərincə çoxlu personajınız var. Amma deyəsən, onlar sevgiyə bədbim münasibət bəsləsələr də, onu ötəri hiss saysalar da daha coşqun, daha qızğın sevirlər. Bu mənada, cismani sevgi barədə söz açsaq, Siz bir tərəfdən bədənə əzabın müşayiətçisi olan qabıq kimi münasibət bəsləyirsiniz, digər tərəfdən də romanlarınızda elə təsvirlərə rast gəlmək olur ki, təmas və çulğaşma məqamında onlar arasında sevgi çərçivəsindən kənara çıxan heyrətamiz dərəcədə dərin ünsiyyət baş verir. Bilmək istərdim ki, Sizin üçün sevgi nədir?

Cavab: Bu məqamda, güman ki, ən düzgün cavab “bilmirəm” olacaq. “Yunan dili dərsləri” adlı beşinci romanım da kişi və qadın arasıında baş verən tarixçədir. Həmin vaxtadək də romanlarımda dəfələrlə qadınlar və kişilər peyda olublar, amma başlanğıcdan kişi və qadının tarixçəsi kimi düşündüyüm həmin roman isə bu cür nəzərdə tutduğum ilk əsərdir. Amma “Yunan dili dərsləri” mükəmməl sevgi əhvalatı deyil, bir-birini duyan iki nəfər arasındakı ünsiyyətin tədricən sevgiyə çevrilməsi barədədir. Kişi get-gedə dünya işığından məhrum olur, bu obraz da hamımızın, get-gedə həyatla vidalaşan adamların avtoportretidir. Qəfildən lal olan qadın isə dilində əmələ gələn çətinlikdən tutqun ağrı duyur. Həmin iki nəfərin həyatının bir-biri ilə çulğaşmasında məhrəm məqamı təsvir eləmək istəyirdim.

Sual: “O gələn oğlan” romanı 1980-ci ilin mayında Kvançjuda baş vermiş, çağdaş Koreya tarixində ən dərin yaralardan biri olan üsyan haqqında tarixçədir. Müəllifin müraciəti əvəzinə kitaba yazdığınız uzun epiloqda qeyd eləmisiniz ki, “Onlar qurban olmaq istəmədiklərinə görə orada qaldılar”. Güman ki, bu sözlərin dərin mənası var.

Cavab: Kvancjuda kütləvi qətllərə çevrilən üsyanın baş verdiyi il cəmi doqquz yaşım vardı. Mən Kvançjuda doğulub-böyümüşəm, ailəmiz o hadisələr baş verəndən cəmi-cümlətanı dörd ay əvvəl Seula köçüb. Uzun müddət hamımızı anlaşılmaz günah hissi əzdi, sanki özümüz də bilmədən, o dəhşətdən can qurtarmaq üçün qəsdən hadisələr başlamamış çıxıb getmişdik. Kvançju hadisələri haqqında bütün informasiyalar yeni hərbi rejimin göstərişi ilə əhaliyə təhrif edilmiş şəkildə çatdırılırdı, ancaq ailəmizin orada dostları və qohumları qalmışdı, buna görə də hər şeyi olduğu kimi, ilk mənbələrdən öyrəndik. Onda lap balacaydım, amma həmin vaxtın qorxunc haqdisələri haqqında böyüklərin söhbətlərinə gizlincə qulaq asırdım. Yaşım az olduğuna görə, o hadisələr qəlbimdə hərbi rejimə nifrətdən çox, insanlara münasibətdən doğan qorxu oyatmışdı. Yadımdadı, fikirləşirdim ki, sən demə, insan qorxulu məxluq imiş, üstəlik, özüm də insan olduğuma görə, qəlbimə dəhşət çökürdü. Eyni zamanda da yaddaşıma belə bir qorxunc zorakılığa qarşı çarpışan insanlarla bağlı parlaq təssüratlar həkk olunmuşdu. Başqa sözlə, o hadisələr mənə iki cavabsız tapmaca vermişdi. Romanı yazmaq qərarına gələndə material axtarmağa başladım, nəticədə həmin hadisələrlə bağlı elə dəhşətli təfərrüatlarla rastladım ki, heç ağlıma da gətirə bilməzdim. Oxşar detallar tapmaq üçün imkan daxilində Osvensim, Bosniya, Kambocada baş vermiş hadisələr, Hankindəki qırğın, Yaponiyanın Kanto əyalətində böyük zəlzələ zamanı olan dəhşətlər, yenidən kəşf edilmiş qitələrdə aborigenlərin kütləvi şəkildə məhv edilməsi haqqında sənədlər axtarıb tapdım. Beləliklə, əlimdə bir yığın sənəd toplandı, müəyyən bir məqamda bu fikrə gəldim ki, daha heç nə yaza bilmərəm. Qəlbimi qorxunc təhlükə duyğusu bürüdü, sanki insana bəslədiyim böyük inam hissi indicə darmadağın olacaqdı. Amma axırda bu romanı o ikinci tapmaca sayəsində yaza bildim. Həmin vaxt Kvançjuda amansız zorakılılqla üz-üzə çarpışan, insan ləyaqətini saxlamağa çalışan insanların olduğu barədə uzun-uzadı düşündüm. Onların qurbana çevrilməmək üçün ölümü seçdiklərini dərk eləyəndən sonra, nəhayət, romanı yazmağa başladım. Hadisələri insan qəddarlığından yola çıxmaqla qələmə aldım, insan ləyaqətinə tərəf hərəkət etdirdim, özümə dedim ki, səmimi olacaq, ruhdan düşməyəcək, insana olan inam hissimin sarsılmasıyla barışacağam.

Sual: “O gələn oğlan” romanı qar üstündə asta-asta sürüşən yanar şamlara lal baxış səhnəsi ilə bitir. Sunvon mükafatına layiq görülmüş “Qar dənəciyi əriyəndə” hekayənizdəki hadisə də ölü insanın qayıdışından başlayır, qar isə vacib rəmz kimi çıxış edir.

Cavab: Həmin səhnə “O gələn oğlan” romanını yazmağa başlayanda ağlıma gəldi. Birinci fəsildə Tonxo ölülərin ruhları şərəfinə şamlar yandırır, inanır ki, onlar qayıdıb işığın hüduduna yığışacaqlar, mən də romanı otuz il sonra Tonxonun məzarı yanında yandırılmış şamlar səhnəsi ilə bitirmək qərarına gəldim. “Qar dənəciyi əriyəndə” hekayəsini yazmağa “O gələn oğlan” romanı üzərində işimi başa vurandan dərhal sonra başladım. Həmin hekayədə ölmüş insanın ruhu təhkiyəçinin yanına gəlir, bütün gecəni onunla söhbət eləyir. Romanı yazdığım məqamda qəlbimi bürüyən hisslər əsəri bitirəndən sonra qalır, bütün o ölümlər indiyəcən içmdə yaşayır, ola bilsin, qalan həyatımı da onların izlərini özümün bir parçam kimi daşıya-daşıya yaşayacağam. Amma zaman keçdikcə həmin hisslər bir qədər solğunlaşa bilər. Buna görə də ölmüş adamların ruhları haqqında tarixçə “O gələn oğlan” romanını bitirəndən sonra da mənim üçün çox doğma oldu. Bu aləmə tərtəmiz gələn, ətrafdakı hər şeyi örtən, sonra yox olan qar obrazı da qəlbimdə ölmüş adamlara məxsus ruhların obrazı ilə çulğaşdı.

Sual: Nəsr yazmağa bağlamağınızdan artıq otuz ilə yaxın vaxt ötüb. İlkin dövrlə müqayisədə düşüncələrinizdə və ədəbiyyata münasibətinizdə müəyyən bir dəyişiklik olub, ya yox? Sizcə, ədəbiyyat nəyə görə mövcuddur? O nəyin şahidliyini eləməlidir?

Cavab: Əvvəllər qızdırmalı kimi, dəli sayaq yazırdım. Mənə elə gəlir, bununla sadəcə… sağ qalmaq naminə məşğul olurdum. Bəlkə, elə indi də bunun xətrinə yazıram. Məncə, yazmaq – kibrit yandırmaq, sonra alovu sönənəcən ona tamaşa eləməkdir. Ola bilsin, ədəbiyyatı bacardığı yeganə iş biz alova baxdığımız müddətdə insan və həyatla bağlı suallar verməkdir. Mən müəyyən mənada romandan-romana keçə-keçə sanki öz həyatımı irəli itələyirəm.

Seul, 2023

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı

Nərimanın yazmayan qələmləri – Novator.az

 

 

 

 

kulis.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Folklorik düşüncə və ekoloji diskurs: "Dirilik suyu axtarışın"dan “Əbədi mühərrik" ideyasına” mövzusunda məruzə dinlənilib

Ça Okt 15 , 2024
Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar Departamentinin təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili” və “COP29”-a həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Xəzər Universitetinin müəllimləri, bakalavr və magistarura pillələrində təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dillər və Ədəbiyyatlar departamentin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Dilbər Zeynalova […]