Sevinc Elsevər. Gənc qızın libasındaymış kimi

Cücərti

Selin Diona

lobya islatmışam gecədən
dadlı yemək bişirəm.
baxıram cücərib lobyalar
yaman sevincək olublar…
artmağa-yaşamağa təşnəykən
öldürməliyəm onları
aclığımı öldürməkçün mən.

həyat belə aldadıcıdır
səni niyə cücərtdiyini bilmirsən
bilmirsən qəfil xoşbəxtliyin ardınca
nə verəcək sənə?
nə alacaq səndən
bütün sevinclərin əvəzinə?
gah ən xoşbəxt adam kimi
milyonda birsən
gah ən bədbəxt adam kimi…

Həyatın cığallığı
biri dünyasını dəyişir
nədən rəhmətə getdi o gözəl adam?”-deyə
səbəbi öyrənib hüzur tapmaq istəyirik
ölümündə ölənin özünü
günahkar çıxartmaq istəyirik bir az da
guya biz istəsək
heç səhvə yol verməyəcəyik
yaxşı dərs çıxaracağıq qəzadan
həyatdan
səbəbin bizdən uzaq olduğuna inanaraq
unudarıq ölmək üçün səbəblərin
gərəksizliyini
həyatın cığallığı sonsuzdur
əlində bəhanəsi də çoxdur
ölümlərdə səbəb
bəhanə axtarmağın mənası yoxdur
əslində…
Cəsarət haqqında

top qaçdı əlindən maşın yoluna
heç nə düşünmədən yüyürdü dalınca balaca
hazırdı hər cür fədakarlığa
sevimli oyuncaq naminə
ilanboğan vaxtıydı
cəsarət qaynayırdı damarlarında
təhlükənin nə olduğunu bilmirdi hələ

nə yaxşı
ana qaçıb çatdı uşağa
gözlərimdən çəkdim əllərimi
sevindim hər şeyin yaxşı qurtardığına
partlayış səsi sillə kimi dəydi qulaqlarıma
sürücü əyləci basdı
ana uşağını basdı bağrına
uşaq əlini yola uzadıb hayqırırdı
bu ilk dəhşətli itkisiydi onun
heç unutmayacaqdı…

bəlkə başqa itkiləri olanda
bu itkini də yada salacaq
yuxularında qıpqırmızı bir top
əlindən çıxıb qaçacaq…

sonra çox şeyi itərəcək
qaragözlü olmağı
qorxuların üstünə getməyi tərgidəcək
təhlükədən qoruyan əllər oldu-olmadı
bir də elə cəsur
bir də elə ilanboğan vaxtı olmayacaq…
hamımızın belə cəsarətli vaxtları olub
belə qorxmaz olmuşuq bir zamanlar
gözümüzün odunu alıblar zamanla…
ölənədək ilanboğan vaxtında qalanlardı
aramızda ən cəsurlar.
Gənc qızın libasındaymış kimi

bir axşamüstü
baş-başa qaldığımız küçədə
kefinin kök vaxtıydı
əlimdən tutdun qəfil nəşəylə
iyirmi il əvvəlki kimi.

bütün şübhələrim bir anda yox oldu
inandım sevildiyimə o anda
sonra bərabər ötdük
tanış adamların yanından

düz gözlərimin içinə baxdı xırdavatçı heyrətlə
məni belə görməmişdilər hələ
dərhal anladım nə düşündüyünü
məktəbli qız kimi əl-ələ tutduğu adam kimdir bu qadının?”…
sonra tərəvəz satan
sonra baqqal
tində dilənən ağsaqqal
məni belə görməmişdilər heç kimsəylə
ömür-gün yoldaşım olduğunu bilmirdilər
il yarımdır yaşadığımız bu qəsəbədə

əlini buraxdım qəfil həyəcanla
dönüb təəccüblə baxdın
əlimi yenə tutdun
bu dəfə qaş-qabaq tökərək bir az da
deyəsən indi də səndə şübhələr vardı
sevildiyinə dair
almadım əlimi əlindən
səni küsdürməkdən qorxdum
gənc qızın libasını geyən
yaşlı qadın kimi hiss edirdim özümü
təəccüblü baxışlar altında
iyirmi il əvvəlki azad qız harasa yox olmuşdu içimdən
onda necə vecsiz idim
ərim deyildin onda
üç uşağımız yox idi bizim
heç kimsələri görməzdi gözüm səndən başqa
qayğılanmazdım başqaları nə düşünür haqqımızda
bilməzdim illərin
məni belə dəyişdiyini
yaşlılığın belə qəfil
tez gəldiyini
hətta içimizdəki gəncliyə
belə qənim olduğunu
gəncliyi
sevgini
ehtirası
bu qədər xor gördüyünü…
İnciklik

boşaltdım güldanımı
bir də əziz adam
qəlbimi qırıb
könlümü alanda
xəstələnib sağalanda
çiçəklənəcək

qoxusuzdur çiçəklər
yaşadığım boz şəhərdə
gözəl olsalar da
otağımı bəzəsələr də

dağlardadır
çöllərdədir
uzaq ellərdədir
keçib gəldiyim
tərk elədiyim o yerlərdədir
gül qoxulu çiçəklər
narındırlar
kövrəkdirlər
toxunsan boyunlarını bükəcəklər
üzünü sürtüb üzlərinə uzanasan
mavi səma altında
bəxtiyarlıqla
və sevinc hədiyyəsi olalar sənə…
sınmış qəlbini ovutmaq üçün yox.

Bəzən çiçəklər belə gücsüzdür
qırılan qəlbi ovundurmaqda
ürək çiçəklərin xətrinə susar
Dodaqlar gülümsər zorla
çiçəklərsə
elə bil
hər zamankından tez solar
küsülü əllərdə
duzlu göz yaşları axıb dolar
suyuna bir dişləm qənd atdığımız güldanlara…
Evlilik ildönümü

evlilik günündə
nə qədər çox bir-birinə dözə bildiyinə
heyrət elədi
kişiylə qadın

qırx ili aşmışdı evlilikləri
bir igidin ömründən
çoxuydu yəni
çox hadisələr olmuşdu
SSRİ dağılmışdı
ağlagəlməyən iş idi bu
gənclər evlənəndə
Qarabağ işğal olmuş
işğaldan azad olmuşdu
qonşuların, qohumların çoxu
köçmüşdü dünyadan
uşaqlar böyüyüb
uçmuşdular yuvadan
nişan üzüklərini satıb yemişdilər
müharibə illərində
qoşa yatdıqları çarpayını belə
satılığa çıxarmışdılar vaxtıyla
cehizlər köhnəlmiş
nəlbəkilər
fincanlar təklənmişdi

evlərini üç dəfə boyamış
iki dəfə divar kağızı çəkmişdilər
döşəmə çürümüş
yenisini vurmuşdular
o da ovxalanıb tökülməkdəydi
tavandakı çilçırağın iki gözü çıxmış
işığı sozalmışdı

saçları ağarmış
dişləri tökülmüşdü qadınla kişinin
uçub getmişdi zaman
yaydan ox çıxan kimi
hara düşəcəyi
nə vaxt düşəcəyi bəlli deyildi
Ikisi də xatırlayırdı o günü
amma susurdu hər biri
görəsən hələ də xatirindədirmi?”- deyə
gözləyə-gözləyə
günü başa vurdular
daha bir il geridə qaldı
dünənki gün kimi xatırlanarkən hər şey
gözardına vuruldu

qürurundan dinmədi nə qadın
nə kişi
nə qəribə
nə sirrli şeydir
ah, bu könül işi.
Nəğmədəki oynaq top

fırlanır karusel
uşaq nəğmələri
bir-birini əvəz edir
adamların seyrək olduğu parkda
oturub skamyada
nəğmələri dinləyir
yaşlı adamlar
nəğmələri təkrar edirlər
dodaqları altda
o sırada mən də varam
sonsuz bəxtiyaram
xəzəl tökülür ayağımız altına
yaşlı süpürgəçi qadın da
oxumaqdadır bu nəğməni
süpürgəsinə söykənib:

Oynaq topum, oynaq topum
Əlvan rəngli, qıvraq topum
Atdım-tutdum, düşdün yerə
Qaçdın getdin birdən-birə”…

nəğmədəki oynaq top
uşaqlıqdır
qıvraq, qaçağan
atıb-tutursan
düşüb qaçır əlindən
bir ömür boyu sən
ona çata bilmirsən
dalınca hey oxusan da:
Oynaq topum, düşdün yola
Döndün sağa, döndün sola
Uzaqlaşma məndən topum
Qaçma dayan, səni tutum”.
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Nərmin Kamal. Müharibə qurtardı...

C Sen 27 , 2024
Payızın axırları, gənclər döyüşdən analarının, atalarının yanına qayıdan gün Teymur da qayıdırdı, amma başqa bir davadan. Arvadıyla illərin müharibəsi, dava-dalaşı nəhayət, sona çatmışdı. Əsgərlər necə yorğun qayıdırlarsa, o da elə qayıdırdı. Hövsanda susuz iki valerian atıb anasıgilə gedən avtobusa mindi. Ən arxa oturacağa çəkilib pəncərədə bir-birini əvəz edən gen düzənlərə […]