Mixail Şoloxovun “Sakit Don” romanından ucsuz-bucaqsız erotika antologiyası tərtib etmək olar. Daha doğrusu, erotikasız erotika harmoniyası. Erotikasız erotika passajları Aksinya-Qriqori eşqində daha effektlidir. Qriqori Aksinyaya aşiqdir. Əfsunlu, yasaq bir eşqdir. Aksinya evlidir. Lakin əri Stepanı sevmir. Stepan Aksinyaya cinsi bir obyekt, evinin qulluqçusu kimi baxır. Qriqorinin atası Panteley Melexov bu eşq macərasından narahatdır. Hər fürsətdə oğlunu məzəmmət edir. Aksinya ilə Qriqori arasında ehtiraslı anlar erotik situasiyalarda deyil, qeyri-erotik durumlarda ortaya çıxır. Melexovlar oğullarını el qınağından xilas etmək üçün evləndirmək qərarına gəlirlər. Təbii ki, qonşuları Stepan Astaxovun üzünə necə baxacaqlarını da düşünürlər. “Əgər Qriqori gəzəyən Aksinyanın yanına gedəndə özünü elə göstərsə idi ki, bu işi xəlvəti görür, əgər Gəzəyən Aksinya Qriqori ilə yaşadığını nisbətən gizli saxlasaydı və eyni zamanda, başqaları ilə əlaqədə olsa idi, o zaman bu tikan kimi gözə soxulan qeyri-adi iş olmazdı. Xutor camaatı bir az danışar və səsini kəsərdi. Ancaq onlar, demək olar ki, heç kəsdən çəkinmir, aşkarca yaşayırdılar; onları qətiyyən qısamüddətli əlaqəyə bənzəməyən nə isə böyük bir şey bir-birinə bağlayırdı, buna görə də xutor camaatı belə bir qərara gəldi ki, onların bu işi cinayətdir, əxlaqsızlıqdır; hamı uğursuz bir intizarla susurdu: Stepan gələr, düyünü açar”. Buna görə də Panteley Prokofyeviç Qirqorini Xutorun ən gözəl qızı Natalya ilə evləndirməyə hazırlaşır. Aksinya Qriqori ilə Natalya və əri Stepan barədə danışır. Hətta:
– Sən məluna niyə bənd oldum? İndi mən nə edəcəyəm! Qri-i-i-işka!.. Sən mənim ürəyimi parçalayırsan!.. Mən daha məhv oldum… Stepan gələcək, mən ona nə cavab verəcəyəm?.. Kim mənə kömək edəcək?!
Situasiya mürəkkəb, melodramatikdir. Məişət dedi-qoduları, hər kəsin ağzında saqqız olmaq sevgililərin əsəblərini korlayır. Aksinyanın Xutordan qaçmaq təklifinə Qrişa sərt cavab verir. Heç hara getməyəcəyini bildirir. Belə bir məqamda Aksinyanın “ehtiraslı hissləri coşub bəndi-bərəni aşdı: Aksinya onun üzünü, boynunu, əllərini, döşünün qara, cod, qıvrım, tüklərini dəlicəsinə öpüşə qərq etdi. Öpüşlərinə ara verdikdə nəfəsi kəsilə-kəsilə pıçıldayır, Qrişa onun bədəninin əsdiyini hiss edirdi”.
Burada erotik məkan, topoqrafiya obrazların bədənidir. “Sakit Don” romanında bədənlərarası erotika vardır…
Aksinya əri Stepana xəyanət edir. Xəyanət silsilə şəkildə davam edir. Daha sonra Qriqori müharibədə olarkən Listinski ilə birlikdə olur. Qriqori xəyanətdən xəbər tutanda Aksinyadan üz döndərir. Arvadı Natalyanın yatağına – evinə geri qayıdır. Şoloxov qeyd edir ki, Aksinya Qriqoriyə xəyanət etməklə həyatın amansız qaydalarına boyun əyir. Listinski isə Aksinya ilə kef çəkməyinə haqq qazandırır. Ona görə ki, o soyuq və uzun qış gecələrində səngərdə olarkən hər an ölə bilərdi. Şoloxovun erotikasız erotika antologiyası olduqca amansızdır. Romanın yüzlərlə səhifəsi Birinci dünya müharibəsi, inqilab və ondan sonrakı hadisələrə həsr olunub. Lakin bu səhnələr monotondur. Aksinyanın melanxolik duyğuları və gözəlliyinə dair səhnələr, kiçik bir detal belə digər səhifələrdən maraqlıdır, xalis ədəbiyyat faktıdır.
Qriqori Natalyaya, Aksinya Stepan və Qriqoriyə xəyanət edir. İki qadın arasında qalan Qrişa yenə də Aksinyanı bağışlaya bilir. Belə bir daxili güc və enerji çox nadir kişidə vardır. Erotik, ehtiraslı eşq hekayəsinin erotikasız zirvəsidir bu məqam. Aksinyanın ölümü isə ehtirasdan sonrakı, xalis, təmənnasız eşqi üzə çıxarır.
Əsərdə Panteley Melexovun digər oğlunun arvadı Darya kişisiz müharibə günlərində qaynatası ilə belə yatağa girməyə hazırdır. Stepan Astaxov Daryanın bu boşluğundan istifadə edir. Aksinya və Qriqorinin acığını Darya ilə birlikdə olmaqla alır. Bu başqa bir təsəlli və erotikasız erotikadır. Aksinya əri Stepandan qaçaraq, Qriqori gənclik ehtirasını söndürərək, Stepan Daryanın nimfomaniyasını sakitləşdirərək, Listinski Aksinyanı onunla yatağa girməyə məcbur edərək erotik bir təsəlli tapır. Qriqorinin eşqi isə erotika və ehtirasdan qidalanmır, erotikasızlığın nirvanasına ucalır. Lakin bu səviyyəyə gəlmək üçün uzun bir yol keçir. Aksinya ilə şəhvətli gecələr yaşayır. O gecələr Aksinyanın ölümü ilə sonlanır. Əvəzində təmizlənmiş, şəhvətdən arınmış bir eşqin daimiliyi, təsəllisi qalır…