Rahid Uluselin 70 yaşına
Meşələrin, dənizlərin, dağların hüdudu var – Azərbaycan filosofu, kulturoloqu, ədəbiyyatşünası, tənqidçisi, esseisti Rahid Uluselin fikir dünyasınınsa hüdudu yoxdur. Rahid (Raid – lider) özünəxas görüş və düşüncələr sahibidir. O, sözə gözəl naxış vurmağı, qanad taxmağı bacaran, bitib – tükənmək bilməyən bir enerji ilə çalışan elm fədaisidir… Yaxşı ALİM dünyanı adamın gözündə daha da gözəlləşdirir. Qəlbində Tanrıya belə bir adamı yaratdığına, onu səninlə müasir elədiyinə şükr edirsən…
…Bəzən düşünürəm ki, qələm dostumuz Rahid Ulusel könül tarlasında bu qədər ətirli fikirləri necə cücərdir. Axı gözəl fikirlər də münbit mühitdə cücərir deyirlər. Əslində Rahid bəyin qəlbinə özünün dediyiyi kimi, söz qaranquş yuvaya qonan kimi qəlir… İlk tanıdığım gündən bəri Rahid bəyi heç vaxt iç dünyasına acı tüstü, zərərli və zəhərli sular sızdıran adamların cərgəsində görməmişəm. Bəlkə elə ona görədir ki, onun poetik Ruhundan həmişə ətrili sözlər pərvazlanır. Rahid özü də o qanadlı və uduzlar kimi sayrışan fikirlər qoynunda dünyanı dolaşır. Məncə, onun yaşından xeyli CAVAN görünməsinin sirri də SÖZ TANRISINA sədaqətli bəndə olaraq vicdan və halallıqla qulluq etməsindədir…
“Haram – qudurdur, Halal – doyurur” deyən Rahid Uluselin fəlsəfi fikirlərinin işığı gözləri qamaşdırmır, solğun, ölüvaylaşan ruhlarda sayrışmalar yaradır, əzgin könülləri qımışdırır. Bu qımışıq xəficə qırışıqları açır, dərin çatları və çatlaqları qovuşdurur. Onun fəlsəfi fikirləri həm məzmunca, həm də formaca konkretliyinə görə fərqlənir. Məsələn, az qala dünyanın hər güşəsində qəsr, villa tikdirən, dəbdəbəli malikanələrə sahib olan korrupsioner dövlət məmurları haqqında uzun illərdir ki, çox yazılır. Allah rəhmət eləsin, Xəlil Rzaya! Haray çəkirdi ki: “Oğulları Ankarada, mərmər qəsri İstanbulun yaxasında, fikri-zikri vətəndə yox, millətdə yox, yalnız yatır soxasında… Dağ durmayıb, dollar durub arxasında…” Amma Rahid Ulusel isə qısa, fəlsəfi kəlamla xalqın taleyinə biganə olan həmin adamçaların obrazını belə yaradır: “Bu malikanədə hər şey var – İnsandan başqa.”
Rahidin fəlsəfi yaradıcılığında mühüm yer tutan belə aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, çatışmazlıqları qətiyyətlə üzə çıxarmaq missiyası daşıyır.
Düz 40 il əvvəl Rahid bəy “Azərnur” roman-pritçasının ilk variantını oxuyanda kənd müəllimi idi. O zaman mən RİK-də (Rayon İcraiyyə Komitəsində) işləyirdim, o, ərklə “səni dar ağacından asmaq gərəkdir. Belə yazısı olan rüşvət yuvası olan idarədə işləməz” – dedi, və əsər barədə “Avestanın işığında” adlı qeydlərini mənə təqdim etdi… Sevinirəm ki, Rahid Uluselin sonralar kitablarına daxil etdiyi esselərinin bir çoxunu vaxtilə baş redaktoru olduğum “Masallı” qəzetində dərc etmişəm.
Rahid Ulusel dəyərli alim – incə qəlbə, təmiz ürəyə sahib insandı. Müdriklik yaşın mübarək olsun, Rahid Ulusel!
Nurəddin ƏDİLOĞLU