İsaak Babelin aforizmləri

“Bir anlıq unudun ki, burnunuzun üstündə eynək, ruhunuzda payız var”.

***

“Hamı öləridir. Ölümsüzlük yalnız analara verilib. Ana sağ olmayanda belə, aramızda  hələ bir nəfərin də alçaltmağa cürət etmədiyi xatirəsi yaşayır”.

***

“İnsan səfehləyəndə yox, nəsə insani bir hərəkət eləyəndə heyrətlənirəm”.

***

“Bağlı gözlərə günəş şüası daxil ola bilmir”.

***

“Araq içməyi bacaranlar, bacarmasa da içənlər var. Birincilər dərddən də, sevincdən də həzz alır, ikincilər isə içməyi bacaranların yerinə əzab çəkir”.

***

“Qoy Tanrıya lotereyada iki yüz min udan inansın”.

***

“Siz öz abrınızı hansı odkeçirməz şkafda gizlətmisiniz?”

***

“Bu yerdə sözə nə ehtiyac? İnsan var idi və daha yoxdur”.

***

“Bu xəbəri eşidəndə saçlarımla birlikdə beynim də biz-biz oldu”.

***

“Bəziləri öz işləri pis gedəndə, bəziləri isə qonşunun işləri yaxşı gedəndə dilxor olur”.

***

“Kamertonu əlinizə alıb qulaqlarınızı kökləyin”.

***

“İstənilən doktora – istəyir lap fəlsəfə doktoru olsun, bu dünyada cəmi üç arşın torpaq düşür”.

***

“Əgər rusəsilli adama yaxşı xasiyyət verilibsə, bu, həqiqətən də, böyük nemətdir”.

***

“Bir kənarda oturub mürgüləyirdim və yuxular yan-yörəmdə pişik kimi atılıb-düşürdü”.

***

“O, xəstədir, kinlidir, dərddən başını itirib – İtaliyanın günəşini və banan istəyir”.

***

“Onun şirniyyatlarından çarmıx qoxusu gəlirdi: içində həm Vatikanın hiddəti, həm də soğan şirəsi var idi”.

***

“Birinə Tanrı pul verib – puldan keflənir, birinə verməyib – pulsuzluqdan keflənir. İnsana keflənmək üçün bəhanə lazımdır”.

***

“İnsanlara inanma, dostluq eləmə, kiməsə pul vermə, ürəyini də vermə”.

***

“Yaxşı işləri yaxşı adamlar görür. İnqilab da yaxşı adamların işidir. Amma axı yaxşı adamlar kimisə öldürmür. Deməli, inqilab pis adamların işidir”.

***

“Polis haradan başlayır və Benya harada qurtarır? Polis Benya başlayan yerdə qurtarır”.

***

“Mən uşaqlıqda əməlli-başlı gopçuydum. Çünki çox mütaliə edirdim”.

***

“Danışmağa həvəsli adam gərək  səbirlə silahlansın”.

***

“Yox, mən həqiqətlə burnumu silmədim. Həqiqət mənimlə burnunu sildi”.

***

“Qoca yüngülcə xəstələndi, amma qalxdı. Çünki onu qarşıda hələ iyirmi il gözləyirdi”.

***

“Gündəlik vəhşiliklərin salnaməsi mənə ürəktutması kimi təsir edir”.

***

“Sözlərimi yanınıza salıb yolunuza davam edin”.

***

“Arzular sümüklərimi gizildədirdi”.

***

“Niyə Tanrı yəhudiləri Rusiyada məskunlaşdırdı? Onların burada cəhənnəm əzabı çəkməsi üçünmü? Məgər onları füsunkar göllər, dağ havası və yalnız fransızlardan ibarət İsveçrədə yerləşdirsəydi, pis olardı?”

***

“Yazıçının rəfində gərək çox kitab olmasın. Cəmi on-onbeş ədəd bəs edər. Amma buna qədər gərək minlərlə kitab oxuyasan”.

***

“Mən hər axşam onun söhbətlərini şərab kimi içirəm”.

***

“Hələ vaxtı deyil, amma vaxt gedir. Vaxtın addım səslərini dinlə və yol ver”.

***

“Onyaşlı oğlandakı sevgi və qısqanclıq hissi eyni ilə yaşlı kişinin sevgi və qısqanclığı kimidir”.

***

“Dünyada baş verən yenilikləri ən çox uşaqlar hiss edir”.

***

“Turş xiyar və dünya inqilabı uğrunda canımızdan keçirik”.

***

“Ay kəndin üzərindən ucuz sırğa kimi asılmışdı”.

***

“Səfeh qocalıq qorxaq cavanlıqdan pisdir”.

 

aydinyol.aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xosrov Şahani. Uğurun sirri (hekayə)

Adı dillər əzbəri olan həmyerlim Məşhurəzzəmanı, gözucu da olsa, görmək mənim çoxdankı arzum idi. Görkəmli şair və nasir, özünəməxsus fəlsəfi məktəbin yaradıcısı, tanınmış filosof, dəqiq elmlər sahəsində söz və nüfuz sahibi olan Məşhurəzzəmanın ölkəmizdə, sözün həqiqi mənasında, tayı-bərabəri yox idi. Həmçinin deyirdilər ki, o, bir çox dillərdə sərbəst danışır, rəngkarlıqdan […]