Bağ-bağça nə halda qalmış,
Çiçək solub kolda qalmış.
Neçə-neçə yolda qalmış
gözün xətrinə buraxın,
buraxın, Əjdər Olu…
Çox yapmayın sözün-sovun,
Namərd eləməyin qovub.
Qəlbində odun-alovun,
közün xətrinə buraxın,
buraxın, Əjdər Olu…
Ha fırlat, ha düzü çevir,
Düz düz oğlu düzü sevir.
Beşi sevmir, yüzü sevir,
Yüzün xətrinə buraxın,
buraxın, Əjdər Olu…
Məsum bəlli, quduz bəlli,
Baha bəlli, ucuz bəlli.
Əyrisin tutmusuz, bəlli,
Düzün xətrinə buraxın,
buraxın, Əjdər Olu…
Canı, qanı axı, sözdü,
Oğulu-uşağı sözdü.
Allahdan aşağı sözdü,
Sözün xətrinə buraxın,
buraxın, Əjdər Olu…
*******
Kimin nəfsi yoxdu, kimin tamahı,
Kimdi bütöv axı, kimdi tam, axı?
Kimlər bu dünyada kefi-damağı,
Kimlərsə kədəri, qəmi bol çəkir.
Hələ də yoxdursa səs verən səsə,
Təkləndik, yenə də təkləndik, nəsə…
Kimdən inciyəsən, kimdən küsəsən,
Qanun hökm eləyir, hakim qol çəkir.
Yuxarı dəhnədi, başucunda dev,
Aşağı torpaqdı, sev, sevdikcə, sev.
Tutaq ki, suçludu Əjdər Cəbiyev,
Nədən cəzasını Əjdər Ol çəkir?..