Sabina Urraka – Əslən İspaniyanın Bask əyalətindən olan Sabina Urraka Tenerifedə boya-başa çatıb, 15 ildən artıqdır ki, Madriddə yaşayır. O, sığorta satış təmsilçisi, ofisiant, ssenarist, müxbir və teleaparıcı kimi çalışıb. Hazırda İspaniyanın El Pais, El Diario.es, Vice və Cinemania nəşrləri ilə əməkdaşlıq edir. Sabina Urraka “Fulgencio Pimentel” nəşriyyatında çap olunan, “Xavier Morote” mükafatı qazanmış “Əcaib əkizlər” romanın müəllifidir. “New Spanish Books” biblioqrafiyasının kataloqunda yer alan bu əsər həm də İspaniya Kitab Satıcıları Assosiasiyası və Gildiyaları Konfederasiyası tərəfindən təbliğ olunur. O, “Gəzəyən qız” hekayə toplusu və “Trankilas – Gecə vaxtı evdən tək çıxan qızlar üçün” kitabında çıxış edən müəlliflərdən biridir. Sabina Urraka 2017-ci ildə TEDx layihəsində “Əcaib qızdan necə yaxa qurtarmaq olar” başlıqlı monoloq söyləyib. Hazırda “Fuentetaja” yazı emalatxanasında bədii yazı üzrə dərs deyir.
Yazmağım özümə görədir, yazdığım mətnə ehtiyac duyduqları üçün deyil,
daxildən partlamamaq üçün yazıram…
Sabina Urraka ilə müsahibə
– Nə zaman və nə üçün yazmağa başladın?
– Mən inanılmaz yeniliklər dövründə böyümüşəm, ona görə də yazmağı bacarmazdan əvvəl hekayə qurduğum vaxtları xatırlayıram.
– Hansı mövzularda yazırsan?
– Mənə elə bir hadisəni nəql etmək maraqlı gəlir ki, onu yalnız ədəbiyyat vasitəsilə anlamaq və izah etmək olar. Gün ərzində başıma gələn bütün bədii məqamları oxucuya ötürmək üçün elə bir hiss keçirirəm ki, buna yalnız aclıq adı vermək olar.
– Ən çox sevdiyin kişi və qadın müəllifləri kimlərdir? Yeni yazmağa başlayanda sənə daha çox kim təsir edib?
– Nataliya Ginzburg, Reymond Karver, Valeri Mrejen, Nabokov, Şarlotta Roş, Selincer, A.M. Homs. Komiks müəlliflərindən Elison Bexdel, Çester Braun, Daniel Klouz, Juli Duse, Tamburini və Liberatore. Bir də istifadə etdiyimiz sosial şəbəkələr – heç zaman tükənməyən, sonsuz ədəbiyyat mənbələri.
– Bir nasir kimi son illərdə çap olunan kitablarda hansı yeniliklər diqqətini çəkir, hansı tendensiyalar sənə daha maraqlı gəlir?
– Tükənmiş, aciz və absurd dünyada yaşadığımızı etiraf edən yazılar məni daha çox cəzb edir. Açıq fikirləri üzə çıxarıb onları utanmadan, cəsarətlə oxucuya ötürən ədəbiyyatı çox dəyərləndirirəm. İfrat dərəcədə özünüdərketmə, özünütənqidetmə və bir insanın kənardan özünə kinayə ilə yanaşması mənə maraqlı gəlir. Lidiya Devis, Mariana Enrikes, Fabian Kasası həvəslə oxuyuram. Maria Fernanda Ampuero, Xorxe de Kaskante, Elisa Viktoria, yaxud da Mersedes Sebrianın qələmində də yuxarıda adlarını çəkdiyim müəlliflərlə oxşarlıq görürəm.
– Hansı dövrdə və ölkədə yazıçı olmaq istərdin?
– Harda yazıçıya ehtiyac var orada. Yazmağım özümə görədir, yazdığım mətnə ehtiyac duyduqları üçün deyil, daxildən partlamamaq üçün yazıram.
– İşlədiyin layihə barədə məlumat verə bilərsən?
– İndi 15 gün ərzində qısqanc bir itin başına gələnlər barədə yazıram. O, özünə sual verir: görəsən, insanlar da seks və ya sevgi üstündə yolu keçərkən maşın təkəri altında qalıb ölməyə hazırdır? Cavab, şübhəsiz, “hə” olacaq. Sual bundadır – necə və nə üçün.
Əcaib əkizlər
Romandan parça
– Böyük kimdi?
– Onlar əkizdi.
– Şirniquş istəyirsən?
– Yox, onlar şirniquş xoşlamır.
Ana onlara şirin şey yeməyə icazə vermirdi. Pediatr həkim demişdi ki, bu onlara ziyandır. Hərdən “Dun up” içməyə qoyurdu, başqa heç nə. Qatıq, süd, “Cola Cao” isə olmaz.
– O, mənə baxır.
– Yox, mənə baxır.
Paula və Raisa Maykl Ceksonun posterinin qarşısında dayanıb onun baxışlarının istiqaməti üstündə bir-birini qırırdılar.
– Görmürsən? O, mənə baxır, mənə!
Əslində qırmızı dəri gödəkçədə qolunu qoluna keçirən Maykl mənə baxırdı. Bütün qızlar bu iki bacının ortasında dayanıb onun baxışlarına tuş gəlmək istəyərdi. Mən heç kimin tərəfini saxlamırdım, sadəcə, onlar özləri katalizatorluq edib bomba kimi açılırdılar. Mən onlara baxmaqdan zövq alırdım.
Hərdən Paula və Raisa əlində bıçaq evdə o baş-bu baş bir-birini izləyirdi. Anaları da başını masaya söykəyib ağlayırdı. Köynəyin manjetinə bağladığı yaylıqla dünyaya gətirdiyi və bir-birinin ölümünü arzulayan qızlarına görə acı göz yaşını silirdi. Sonra da mənə baxıb, dua edənlər kimi dilinin altında danışırdı:
“Ya İsa
Nə pis iş gördüyümü artıq bilmirəm…
İsam mənim, gəl, apar məni…”
Deyib, parça salfetləri səliqə ilə bükür, belindən tər-su axa-axa, yaylıqla üzünü silir, bazar günü üçün ailəvi nahar süfrəsi hazırlayırdı. Mən də sözüm olmadığından qəlyanaltı eliyirdim. Mətbəx şkafında (ancaq mənim üçün) bir “Cola Cao” butulkası vardı.
– Sən ki ağıllısan, bu vəhşilərə qarşılıqlı hörmətin nə olduğunu başa sala bilməzsən?
Nə cavab verim? Bilməli idi ki, əgər mən hər cümə axşamı bu saatda, gitara dərslərindən sonra onların evinə gəlirəmsə, demək, tamaşaya baxmaq üçün gəlirəm.
O dava-dalaşlar həyatımda heç zaman görmədiyim ən gözəl tamaşaydı. Enerjili heyvanlar kimi bütün bədən əzalarını maksimum dərəcədə gərərək, vəhşi səslər çıxara-çıxara yerdə süpürləşir, bir-birinin qolunu bururdular. Bu, yavaşıdılmış kadrda iki şirin boğuşmasına bənzəyirdi. Onların daxili üzə çıxırdı elə bil; hər bir hərəkət bədəndə gərilməyə səbəb olurdu ki, bu da onların əzələ sistemini görməyə, sümüklərin quruluşunu təxmin etməyə imkan verirdi. Paulanın bacısı ilə döyüşündə ağzını açan bir timsahı, bütöv bir qabanı udmağa hazırlaşan nəhəng boa ilanını, ayağımın altındakı torpağı zəlzələ təki titrədən, ürkmüş bizon sürüsünün ibtidai qaçışını sezmək olardı.
Ümumilikdə baxanda, əkizlər arasında gedən mübarizə, sanki bir mif, yaxud da adamın özü ilə duelə çıxmasının canlı nümunəsi idi. Elə bil insan şəxsi iradəsini zorlayır, canını əzir, özünü üstələməklə qalib gəlməyə çalışır.
Qollar, ayaqlar və dişlər bəs eləməyəndə Paula deyirdi:
– Gəl, indi də bıçaqlarımızı çıxaraq.
Bu zaman ürəyimə qorxu düşür, həm də gördüyüm mənzərədən ləzzət alırdım. Analarına baxırdım. O, da əlində toxuduğu parçanı yarımçıq qoyub, güclə “ay bala”, – deyərək yenidən göz yaşlarının içində boğulurdu. Təlaşa düşərək ayağa qalxır, sonra da qayıdıb yerində otururdu, əli ilə sinəsində xaç çəkirdi.
“Ya İsa,
Axı mən nə pis iş tutdum?!”
Ataları radio həvəskarı idi. Bütün gününü dəhlizin o başındakı otağında keçirirdi. Qapının arxasındakı radio aparatından xışıltılar çıxırdı, gurultulu səslər, bəzən də pıçıltılar eşidilirdi. Orada gülüş səsləri, yaxud da eşidilə biləcək danışıqlar olmazdı.
Evdə qaraqışqırıq salsalar da, bıçaqlar dilə gəlsə də, tavan başına çöksə də, radioya qulaq asmağına davam edirdi və danışdığı adamın kim olduğunu da yalnız elə o adamın özü bilirdi. Radio həvəskarlarından həmişə qorxmuşam. Uzaqda yaşayan qərib insanlardı onlar, dostluq elədiyim uşaqların ataları, bağda-həyətdə düzəltdikləri kabinələrdə birdən-birə peyda olan, qəfildən də yoxa çıxan, heç kimə dəyib dolaşmayan amorf insanlardı. Kiminlə danışır? Heç kim bilmir. Yəqin o da bunun kimi əldəqayırma radio ilə evin qaranlıq bir küncündən siqnal ötürürdü.
Ana göz yaşları axıdır və ağlayırdı, amma əslində o, ərazisini qoruyan bir əjdahaydı. Onu rahat buraxmalarını istəyirdi.
Fotoatelyelərin birində onun hamilə qaldığı vaxtların cavan şəklinə baxırdım. O qədər dəhşətli bir hamiləlik keçiribmiş ki, başı bapbalaca görünürdü. Ancaq gözlərində bədənini deformasiya edən bu iki məxluqdan uzaq alovlu baxışını sezmək olardı. Onda elə bir vəhşi fikir, azadlıq yanğısı yox idi. Sadəcə, xoşbəxt adamlar kimi ipi toxuya-toxuya, gözucu televizora baxardı, hərdən də dibçəkdəki güllərin yarpaqlarını təmizləyərdi. Bu deyilənlər həmin şəkildəki qadının gözlərindən oxuduğum sözlər idi. Raisa və Paula bir-birlərilə saçyolduya çıxanda o, dərindən köks ötürür, gözləri içində gizlənən arzusunu dilə gətirirdi:
– Əlbəttə, subay qalsaydım, daha yaxşı olardı.
Məncə, ikimiz də belə düşünürdük ki, Paula və Raisa evin bütün dəlmə-deşiklərini yaxşı tanıdıqları üçün əzilmirdilər. Əkizlər bir-birlərinə xəsarət yetirməsinlər deyə, düşünülmüş zərbələri ilə nifrətin, sanki mürəkkəb xoreoqrafiyasını xatırladırdılar. Tək-tük hallarda burunlarından qan axar, ya da yumruqları ilə dımır-dımır divarı dəlmədeşik edərdilər. Həmən anda onlardan biri qarnından tutub özünü ölülüyə vurardı. O birisi də yaxınlaşıb ayağının ucu ilə yerdəkini yoxlayardı.
– Eh, sən. Dur ayağa, gicbəsər.
Bir qədər nəfəsini dərib gözləyərdi, hiss orqanlarını hazır vəziyyətə gətirərdi. Bir anda qan təəssüratı yox olur və yenidən partlayış baş verirdi. Yenə ordan-burdan təpik-yumruq, bir-birlərinin üstünə tüpürmə başlayırdı. Ana da gözünün yaşını silə-silə qabları yuyurdu.
Axırda da tərli-tərli, yorğun oturub bir yerdə “Əjdaha topu” cizgi filminə baxırdılar. Saat 2-də səs-səsə verib seriallardakı mahnıları oxumağı xoşlayırdılar. Mahnının birinci sətrini oxuyub, dalını gətirmək üstündə yarışırdılar.
Ana gətirdiyi iri süd butulkasını xalçanın üstünə qoyub otaqdan çıxırdı. Növbə ilə şüşəni başımıza çəkib cizgi filmlərinə baxırdıq. Südü içəndən sonra ağzımda qalan tər və heç vaxt göstərmədiyim şiddəti hiss edirdim.
Yanlış bir hərəkət, bir göz qırpımında ortada közərən nifrəti yenidən alovlandırırdı. Paula bir gözü bacısında, yerindən qalxaraq kənara çəkilib, arxasınca qışqırırdı:
– Gəl, bıçaqlarımızı çıxaraq…
Ana özünü eyvana atırdı.
– Mən özümü öldürəcəm, öldürəcəm… Belə yaşamaq olmaz! Öldürəcəyəm özümü…
Sızıldaya-sızıldaya, acısını dibçəkdəki ətirşah gülünün yarpaqlarının tozunu almaqla çıxarırdı. Əlini qabağa uzadıb yağışın yağıb-yağmadığına baxırdı. Əlində təzəcə yuduğu paltarı sıxıb üstünə “şpilka” vururdu.
“Ya İsa, gəl məni burdan apar…”
Hərdən özlərini qorumaq üçün məndən qalxan kimi istifadə edirdilər. Mübarizənin tərkib hissəsinə çevrilmək məni həm qorxudur, həm də ehtirasa gətirirdi. Məni bir yerdən o biri yerə atırdılar. Çox az hallarda canıma zərər yetirərdilər. Belə olanda saatlarla könlümü alır, şokolad verirdilər. Çarpayıda mənimçün yumşaq mütəkkələr düzəldir, bir tərəfdən də “Cola Cao”nu elə içizdirirdilər ki, əlim şüşəyə belə dəymirdi.
Evə bir ətək şokoladla qayıdırdım. Hərdən yerə düşən kölgəmlə məşq edirdim, özümü yerə atır, qara siluetimlə güləşirdim.
Ümumiyyətlə, didişmə adi bir səbəbdən yaranırdı. Mübahisənin ortasında davanın əslində nədən başladığını xatırlamazdılar. Belə hallarda söhbəti qızışdırmaq üçün əllərində mütləq tutarlı bir bəhanə olurdu.
– Ana, kimin böyük olduğunu ona denən.
Bu zaman anaları çiyinlərini çəkirdi.
– Bilmirəm! Mənə o qədər narkoz vermişdilər ki, yuxuda olmuşam…
Ancaq uşaqları yalvarırdı ki, çalışıb yadına salsın. İstəyirdilər desin ki, böyük kimdir, ən yaxşı kimdir, haqlı olan kimdir.
Duşun altında çiməndə ilk uşağın kim olduğunu təsdiqləyən bir nişanə tapmaq ümidi ilə diqqətlə özlərinin buğdayı bədənlərinə, bədəndəki tükə, tünd, bir qədər də iri gözlərinə baxırdılar.
O günü bir saat fərqlə dişləri düşəndə qızların birincilik iddiası bir qədər öləzidi. Alüminium folqaya bükdüyüm dişlər mənim üçün ən gözəl hədiyyə oldu və o vaxtdan onları çantamda gəzdirməyə başladım. Hərdən bacıların enerjisini özümdə hiss etmək istəyəndə əlimi çantama atıb, bükülü folqanı bərk-bərk sıxırdım.
Həmin axşam eyvanda idik. Əllərindəki ömür xəttini müqayisə edirdilər, görək kimdə daha uzundur. Yəni kim əvvəl doğulub. Bu zaman Raisa daxilində boğduğu qəzəbi azadlığa buraxaraq, Paulanı elə itələdi ki, hər ikisinin dişi sürahiyə dəydi.
Dəmir sürahi gurultulu səslə şaqqıldadı. Paula mexaniki tərzdə yerdən qalxdı. Rəngi ağarmışdı. Əlini ağzına apardı. Damağından gələn qan biləyinə tökülür oradan da saqqız kimi axıb yerə süzülürdü. Paula sakitcə evin girişinə doğru yeridi. Qapıda dayanıb qanla dolmuş ağzını açdı və:
– Görərik, hələ kim böyükdü. Mən indi gedib doğum evindən soruşaram, – deyib qapını çırpdı.
Raisa çiyinlərini çəkib, dəniz döyüşü oyununu çıxardı.
Bir qədər sonra qəribə qışqırıq səsləri eşitdik. Səs elə uzaqdan gəlirdi ki, küçədə hansısa bir alkaşın yıxılıb qaldığını zənn etdik. İtdən də belə səs çıxmazdı.
Ana mətbəxdən deyindi.
– İndi nə oldu? Bu dəfə məni ikinizin arasında basdıracaqsız! Sizi doğan yerdə qara daş doğaydım…
Dəniz döyüşü oynadığımız yerdə Raisanın rəngi ağarmağa başladı. Oyunun sonuna az qalmışdı ki, tez gəmilərin yerini dəyişib yerindən dik atıldı və qapıya tərəf qaçdı. Arxasınca düşdüm. Qapı açıq idi, pilləkənlərdən qışqırıq səsləri eşidilirdi. Bir onda gördüm ki, Raisa bacısının qoluna girib yuxarı qalxır. Paula süst düşmüşdü, ağzından qanla bərabər inilti səsləri süzülürdü. Üst-başı qana bulaşmış Raisa sakit görünsə də, ağlamsınırdı.
Paula xəstəxanada olduğu vaxt Raisa kollecə getmədi. Bizim onlara yazdığımız mətnlərə müəllimləri qırmızı qələmlə düzəliş edirdi.
Növbəti cümə axşamı, gitara dərslərindən sonra onları görməyə getdim. Divanda oturub, televizora baxırdılar. Paula danışa bilmirdi. Başına protez qoyulmuşdu. Ağzından çıxan dəmir hissələr boynunu tərpətməyə imkan verməyən mexanizmlə birləşirdi. Üzünün aşağı nahiyəsi şişmiş, bir qədər də göyərmişdi. Divanın başında asılan sistemdən çıxan iynə qızın qolunun bükük yerinə sancılmışdı.
Mən divanın bir küncündə oturub onlara tamaşa edirdim. Heç biri də gözünü televizordan çəkmirdi.
Anası əlində məcməyi içəri girdi. Peçenye, iki “Cola Cao” və bir qutu dərman. Yeməkdən məhrum olan Paula gözünün ucu ilə məcməyiyə baxıb, güclə ağzını açdı. Anası həbi dilinin üstünə qoyaraq ehtiyatla suyu qızına içizdirdi. Elə məsum-məsum baxırdılar ki, elə bil məndən yeməyə bir şey istəyirdilər. Sonra Raisa ağzını açdı ki, anası ona dərmanı versin. Həbi “Cola Cao” ilə içdi və yorulmuş kimi bacısının böyründə gizləndi. Ekranda “Ranma” cizgi filminin əvvəlində açılan pərdə açıldı. Birinci Raisa, dalınca da Paula filmdəki melodiyanı zümzümə etməyə başladı:
Həyat çətindir,
Gərək mübarizə aparasan.
Heç Ranma üçün də
asan deyil.
Paula güclə mızıldanırdı. Raisa gözlərini ekrandan çəkmədən nəvazişlə bacısının saçlarını qarışdırdı. Paula gücsüzlüyün qulu təki başını onun sinəsinə söykədi.
Mən gedəndə onlar simmetrik şəkildə, üz-üzə çöməlmiş, yuxuya getmişdilər. İkisi də eyni adamın əksinə bənzəyirdi – avtomobil qəzasından əvvəl və sonra.
Binaya girəndə məhəccərin üstündə Henrinin tapdalanmış gödəkçəsini gördüm. Bəlkə də kimsə onun pilləkənin üstünə atıldığını görüb götürüb.
Bilirdim ki, indilərdə içkinin təsirindən divanda yıxılıb yatır. Odur ki, gödəkçəni götürüb səliqə ilə qatlamağa başladım. Bükəndə barmaqlarım yoruldu və gödəkçə yerə düşdü.
Mənzilə girən kimi hamam otağına keçdim. Cibimdən bükdüyüm gümüş folqanı çıxarıb açdım. Əkizlərin dişləri əvvəl gördüyümdən elə bil bir az da saralmışdı. Folqanın arasından onları götürüb dilimin altına qoydum və birbaşa krandan su içdim. Boğazımdan cıra-cıra keçdiyini hiss etdim.
Güzgüdə özümə baxdım. Orada bir qız uşağının zərif çöhrəsini gördüm. Əlində bıçaq, üzündə zərbə izləri, damağında yırtıq yox idi. Mənim öz əlim həmən, qeyri-adi bir güclə hərəkətə keçdi. Quru bir zərbə alındı. Bunu özüm-özümə əmr etsəm də, heç təəccüblənmədim. Gözlərimdə alışan qəzəbi, yanaqlarımdakı hərarəti sevdim. Gözümdən yaş axsa da, bayaqkı hərəkəti yenidən təkrar etdim.
Növbəti kurs başlayanda anam mənə dedi ki, əkizlər başqa adaya, nənəsigilə köçüblər. Evdə tək qalsın deyə, anaları onları özəl kollecə göndərmişdi. Dəhlizdəki radio səslərini nəzərə almasaq, evdə tək yaşayırdı.
Müqəddəs Həftə bayramında “El Pequeno Pais” jurnalı vasitəsilə qalisiyalı bir oğlanla məktublaşırdım.
Mənə göndərdiyi pasport şəklinin arxasında bu sözlər yazılmışdı: “Şəkil çoxdankı şəkildi. İndi bu qədər sızanağım yoxdu.”
Postskriptumda isə deyilirdi: “Səninlə yazışmaq çox xoşuma gəlir. Sən, ailəmizdən kənar tanıdığım yeganə qızsan”.
İspan dilindən tərcümə: Məmməd MƏMMƏDLİ