Ayaz Arabaçı. Bir kişinin varlığı, Bir qadının inadında yox olur…

***

Səhər lap tezdən idi, sökülürdü ağca dan.

Min cür ətir gəlirdi həyətdəki bağçadan.

Bir halda ki,yuxudan məndən qabaq durmuşdun.

Deməli çiçəklərə o ətri sən vurmuşdun.

Elə bildim qəfildən on səkkiz yaşındayıq.

Bir dağın ətəyində,bir bulaq başındayıq.

Köhnə birotaqlı ev – adi daşdı,divardı.

Aramızda hər şeyin başqa bir dadı vardı.

Axıb gedirdi elə,ürəyim su idimi.

Desəydin inanardım,gerçək eşq bu idimi.

Gedərdim istəsəydim bir az da lap dərinə.

Amma dözməzdi ürək heçvaxt o qədərinə.

Ruhumuzun tozunu, pasını hamamladıq.

Bir gecədə bir ömrüyaşayıb tamamladıq.

Lalələrə qərq olan zəmi kimiydi könlüm.

Sularda batıb-çıxan gəmi kimiydi könlüm.

-Dedim çoxdandı nəsə sən tərəfdən hücum yox…

Pıçıldadın: -yox daha,

Səninlə bundan belə savaşacaq gücüm yox.

Sonra pozdu sükutu balaca bir hışqırıq.

Sonra gördüm sinəmdə ürəyim qırıq-qırıq.

Öpdüm dodaqlarından kəsik-kəsik sözləri.

Öpdüm yağmurlarından buludlanmış gözləri.

Dedim fikir eləmə hamı yaxşı deyil ki,

Mənimtək pislər də var.

Toxda,azca gülümsə çünki bu hekayədə

Çox yaxşı hisslər də var.

 

***

Ürəyimi ovutmağa yer düşün,

Hara gedim həsrətini daşlayıb.

Bir saata su basacaq şəhəri,

Gözlərimin yaz yağışı başlayıb.

Böyüməsin bu balaca qığılcım,

Aramızda yatmayacaq qanmı var.

Qınına qoy gözündəki qılıncı,

Daha məndə alınacaq canmı var.

Günəşə tut, çiçəkləndir ovcunu,

Yetər qoşdum kafi-kafi dərdlərə.

Lazımınca ödəmişəm borcumu,

Gərək yoxdu bu izafi dərdlərə.

Bu sazaqda, bu soyuqda düşündüm,

Bir papiros tüstülətdim küçəndə.

Bir nazənin avtobusdan düşürdün,

Gördüm səni “Nizami”dən keçəndə.

Niyə elə bükülmüşdün koftana.

Elə bildim bir bənövşə rəsmisən.

Dalğaları gəmiləri batıran,

Saçlarını nəyə görə kəsmisən.

Keçən həftə bir dəfə də dalaşdıq,

Sən hələ də o söhbətdən öcmüsən.

Bir halda ki, zəhlən gedir görəndə,

Onda niyə ürəyimə köçmüsən.

Daş basıram fəryadımın ağzına,

Qıvrılıram sükutunda odamın.

Bəlkə məndə qoxusunu gəzirsən,

Məndən öncə vurulduğun adamın.

Sıxır məni bu hesabın darlığı,

Ağrılarım dərmanlardan çox olur.

Mən biləni bir kişinin varlığı,

Bir qadının inadında yox olur…

 

***

Üzüb gedən gəmilərin dalınca,

Sürünürdü ağ dumanı dənizin.

Dəniz kimi qabarmışdı ürəyin,

Duman kimi ağarmışdı bənizin.

Tökülürdü gözlərinin yuxusu,

Dodağında mürgüləyən səsindən.

Sanki səni, çıxıb gedən o duman,

Durna kimi ayırmışdı dəsindən.

Dağılmışdı qızıl qanı qürubun,

Mavi rəngli köynəyinə səmanın.

Saçlarından üç tel düşüb üzünə,

Simi kimi titrəyirdi kamanın.

Yarıçılpaq qayaların dalında,

Qaralırdı vahiməli təpələr.

Kəsib titrək nəğməsini astaca,

Yuvasına çəkilmişdi ləpələr.

Səni görüb nəşələndi ürəyim,

Sahil boyu oxuduqca oxudu.

Bir qağayı gəlib qondu çiynimə,

Dedim yəqin gördüklərim yuxudu.

Baxışında çiçəkləyən güllərin,

Al şəfəqi qaranlığı kəsirdi.

Dedim gedək yelkən açaq küləyə.

Ayaqlarım sevincindən əsirdi.

 

***

Bütün günü mənimləsən, bilirsən-

Vermirəm ki, həsrətinə önəm,mən.

Getmədim ki, o günləri unudub,

Deyəm bir də o günlərə dönəm, mən.

 

Ruhum səndən duyğu çalsın təb yesin.

Heç doymasın,axşam-sabah, həp yesin.

Sərçələrin darıxanda səp yesin,

Gözlərində ovuc-ovuc, dənəm mən.

 

Yüz hədəfə sancılsam da ox olub,

Acılarım bircə səndə yox olub,

Bu “vağzala” gəlib-gedən çox olub,

Təkcə sənin ürəyinlə tənəm, mən.

 

Naharıma buludları yemişəm,

Neçə qurdu, yalquzağı yenmişəm,

Zirvələrin ətəyindən enmişəm,

Bu şəhərə azıb gəlmiş çənəm mən.

 

Nə vardı ki,qəlbim kimi çağlayan,

Gözdən olsun o qapını bağlayan,

Pəncərənin şüşəsində ağlayan,

Yağış deyil, külək deyil, mənəm, mən.

 

Olmasan da taleyimin qadını,

Səndən aldım bu həyatın dadını,

Başdaşıma yazdıracam adını,

Mən öləndə- -başdan-başa,sənəm mən…

 

***

Mənzilini şəfəqdən

Könlümə yapdırmışam,

Havalarda uçuram Görən kimi nə sirsə.

Ürəyimi isti bir Duyğuya qapdırmışam.

Oxuyuram durmadan içimdən nə gəlirsə.

Unuduram nə varsa, Bu günəcən arxada,

Bu bir ayrı həyatdı,bu bir ayrı seçimdi.

Gəlib özü tapıbdı Məni bu qan,bu xata,

Bu günə qədər olan nələr varsa heçimdi.

Önündə Tanrı kimi dayanmışam biətə,

Yoxdu heç xəyalımda, Bir gün iblisə dönmək.

Özümü bu eşq ilə verdim əbədiyyətə,

Gözəldi .. Çox gözəldi, tez-tez bu hissə dönmək.

Xəyallarda dolaşıb,arzularda dolaşıb,

Ən gözəl turist olduq, Ən gözəl səfər olduq.

Üç gündən bir küsüşüb,beş gündən bir dalaşıb,

Biz iki nəfər idik, sonra bir nəfər olduq.

Arxasınca dolaşar, xəyalım gecə-gündüz,

Nə yeyib-içərəmsə gözəllikdə “o” dadar.

Dilim tam açılmayıb, mənə birini də süz,

Bircə saat yubansa ürəyimi partladar.

Elə gözəl sərxoşam, elə gözəl bihuşam,

Elə bil ki,əlimdə sehrli bir əsa var.

Mən deyəsən, həyata təzədən doğulmuşam,

İndi mənim ruhumu yaşatmağa nəsə var.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əsəd Cahangir. Füzuli ili və Teatr günü - VI hissə

Əvvəli: https://klv.az/2024/05/13/esed-cahangir-fuzuli-ili-ve-teatr-gunu-v-hisse/ Nə qədər şablon da olsa, düşüncənin axarı məni bu ünlü sualla bir daha üz-üzə qoyur – teatr həyat üçündür, yoxsa, sənət üçün? Mən bu absurd kulturoloji dilemmanı belə çözərdim: həm sənət, həm də həyat üçün; bunlar Siam əkizləri kimi bir-birindən ayrılmazdır. Əlbəttə, ola bilər ki, dramaturq öz əsərini qlobal […]