Rayner Mariya Rilke. “Tanrıyla yan-yana gedirdi o qadın, gedirdi uzun ətəyi mane olsa da…”

Orfey, Evridika, Hermes

 

O qəribə nizələrdə ruhlar yaşayırdı,

onlar gümüşü damarlar kimi

yarırdılar qaranlığı. Köklərin arasından

insanlara yönəlmiş qan axırdı,

porfir kimi ağır görünürdü qan.

Yeganə qırmızı şey də o qan idi.

 

Kimsəsiz meşələr vardı orda,

qayalar və boşluq üstündən körpülər.

Və göl var idi orda, boz və darıxdırıcı,

buludlu səma torpağın üstündən asılan kimi

dərin dibinin üstündən asılmış göl.

Çəmənliklər arasında görünürdü yumşaq

və səbirli, ağ parça kimi uzanan tənha yol.

 

Və bu yolla gedirdi onlar.

 

Hündür boylu, göy geyimli kişi qabaqda gedirdi

susqun idi və ancaq qabağa baxırdı.

Ayaqları yolu udurdu çeynəməmiş

yanlarından sallanmışdı ağır əlləri,

sol böyründən asılmış liranı da unutmuşdu,

gül kolunun zeytun ağacına sarmaşdığı kimi

bədəninə sarılan liranı.

Hissləri bölünürdü elə bil getdikcə:

nəzərləri it kimi qabağa qaçırdı,

sonra yanına qayıdırdı, yenə qabağa qaçıb

növbəti yolayrıcında onu gözləmək üçün –

 

Eşitmək hissi isə qoxu kimi dalınca düşmüşdü.

 

Hərdən ona elə gəlirdi ki, eşitmək hissi də

gəlib çatırdı o biri ikisinə.

Sonra yenə də addım səsləri,

sonra yenə də arxasındakı külək səsi.

“Gəlirlər”, deyirdi bərkdən

səsinin necə itdiyinə qulaq asmaq üçün.

Hələ gəlir onlar, o ikisi

yavaş gəlsələr də. Əgər dönüb

baxa bilsəydi bircə dəfə (əgər

dönüb baxmağı güclə çata bildiyi

məqsədini pozmasaydı) görə bilərdi

sakitcə dalınca gələnləri.

 

Budur, gəlir səfər və xəbər tanrısı,

parlaq gözlərinin üstündə kalpak,

əlində qabağa uzatdığı əsa.

Qanadlarının ucu topuqlarına toxunur getdikcə,

sol əli ilə qadını tutub.

 

Qadın elə sevimliydi ki, onun lirası

geridə qoymuşdu dünyanın bütün ağıçılarını

yeni yas dünyası yaratmışdı onların üstündə –

çölləri və çayları, yolları, meşələri,

heyvanları olan dünya.

Bizim günəşə oxşar, amma ağlayan bir günəş

doğardı o yas dünyasına.

Səması da vardı bu dünyanın

formasız ulduzları parıldayan lal və yazıq səması…

O qadın elə sevimliydi ki…

 

Tanrıyla yan-yana gedirdi o qadın,

gedirdi uzun ətəyi mane olsa da,

əminsizlik içində, tələsmədən.

Özünə qapanmışdı

ölümünə az qalan adamlar kimi.

Nə qabaqda gedən adamı fikirləşirdi,

nə də ömür yolunun hara apardığını.

Öz ölümüylə dolmuşdu qadın,

özünə qısılmışdı.

Şirəyə və qaranlığa dolmuş meyvə kimi

öz ölümüylə dolmuşdu qadın.

 

İkinci bəkarətə çatmışdı o,

toxunmaq olmazdı ona.

Axşam düşəndə yumulan güllər kimi

cinsiyyəti bağlanmışdı onun.

Əlləri o qədər yadlaşmışdı ki təmasa

tanrının hiss edilməyən toxunuşu da

narahat edirdi onu, hirsləndirirdi.

O artıq nəğmələrdə vəsf edilən

sarışın gözəl deyildi.

O adam da artıq hakim deyildi ona.

 

O qadın artıq açılmış hörük idi,

torpağın canına çəkdiyi yağış idi,

yeyilib qurtarmış ehtiyat idi.

 

Yer altındakı kökə çevrilmişdi qadın.

 

Ona görə də tanrı qəflətən onun

əlindən tutub saxlayanda və

acı-acı deyəndə ki: “O arxaya baxdı”, –

qadın təəccüblə soruşdu: “Kim?”

 

Orda, qaranlıqdakı işıq nöqtəsi parıldayan yerdə

dayanmışdı bir nəfər, üzünü seçmək

olmurdu. Dayanıb baxırdı,

xəbər gətirən tanrının kədərli halda

ağ parça kimi uzanan yolda üzünü çevirib

tələsmədən, əminsizlik içində geriyə qayıdan

kölgəni izləməyinə…

 

 

Məryəmə müjdə

 

Mələyin sözləri

 

Sən tanrıya bizdən yaxın deyilsən;

hamımız ondan uzağıq çünki.

Amma sənin əllərin

müqəddəsləşdirilib.

Belə olmur heç bir qadının əlləri,

belə parıldamır heç bir qadının qolları;

mən günəm, mən şəbnəməm,

ağac da sən.

 

Mən indi yorğunam, yolum uzaq idi;

bağışla məni, o

günəş içində oturan kimi

qızıllara bürünən xəbər göndərmişdi sənə,

yadımdan çıxdı

(kainat beynimi qarışdırdı mənim).

Bax, mən başlayanam,

ağac da sən.

 

Açdıqca açdım qanadlarımı,

kaş görəydin məni;

sənin balaca evinə yerləşmir

mənim böyük paltarım.

Amma sən məni yaxşı görə bilmirsən heç

və bu qədər tənha deyildin əvvəllər;

deməli: mən meşədə bir nəfəsəm,

ağac da sən.

Bütün mələklər elə qorxub ki,

bir-birini qoyub qaçıblar:

həsrətin beləsi heç görünməyib,

belə böyük və izaha gəlməyəni.

Bəlkə bu yaxınlarda nəsə olacaq

xəyalında canlandırdığın.

Alqış sənə, ruhum görür:

hazırlaşırsan, yetkinləşirsən.

Böyük və yüksək qapısan sən,

yaxın vaxtlarda açılacaqsan.

Sən nəğməmə ən sevimli qulaqsan.

Eşidirəm: səndə itdi sözüm

meşədə itən kimi.

 

Beləcə sənə gəldim

min bir xəyalı gerçəkləşdirdim mən.

Tanrı mənə baxdı: gözlərimi qamaşdırdı…

 

Ağac da sən.

Pieta

 

Çığırtıyam başdan-ayağa, adsız və səssiz.

Dərdim kimi daşlaşmışam

özüm də.

Ancaq indi sərt olduğumu bilirəm:

Sən böyük idin –

…Sən böyümüşdün ki,

mənim bütün təbiətimdən böyük olan

bu ağrını çəkə biləsən.

Sən yenə mənim dölümə düşmüsən,

amma mən artıq Səni

doğmağa qadir deyiləm.

 

 

***

Hələ də çala bilərsən köhnə nəğmələri?

Çal, sevgilim. Bir bilsən

onlar necə də süzülür kədərimdən,

naməlum ada limanlarına doğru yola çıxıb,

yumşaq axşam dənizində yol gedən

gümüşü göyərtəli gəmilər kimi.

 

Və çiçəkli sahildən quruya çıxarlar,

orada bahar elə gəncdir ki.

Və tapar mənim yorğun mənliyim orada,

oradakı kimsəsiz yollarda

sədəqələrlə gözləyən unudulmuş tanrıları.

 

 

***

Madam ki səni haçansa kimsə sevib,

biz də eynilə istəyə bilərik səni.

Deyək ki, axtardıq bütün dərinlikləri:

qızıl varsa hansısa dağda

və o dağı qazmağa icazə yoxdursa,

necə olsa çıxarar bir gün

daşın bətnində gizlənəni

çay suları.

 

Biz istəsək də, istəməsək də,

Tanrı yetkinləşəcək.

 

Tərcümə etdi: Həmid PİRİYEV

 

edebiyyatqazeti.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Fransızdilli macar yazıçısı Aqota Kristofun müsahibəsi. "Ölümdən qorxuram, üstəlik..."

Be Mar 11 , 2024
İsveçrədə yaşayan fransızdilli macar yazıçısı Aqota Kristof 30 oktyabr 1935-ci ildə Macarıstan krallığının Çikvand şəhərində anadan olub. Onun valideynləri ibtidai məktəb müəllimi Kalman Kristof və incəsənət professoru Antonia Turçani olub. 1956-cı il Macarıstan antikommunist inqilabı sovet ordusu tərəfindən yatırılanda 21 yaşında olan Aqota , siyasi fəal olan əri və 4 […]