Norveç yazıçısı, 2023-cü ilin Nobel mükafatı laureatı Yun Fossenin müsahibəsi
– Nədənsə müsahibəyə meyilli deyilsiniz.
– Mən elektron poçt vasitəsilə ünsiyyət saxlamağa üstünlük verirəm. Hiss edirəm ki, mənim üçün hətta ingilis dilində yazmaq belə, danışmaqdan daha rahatdır.
– Müsahibə aldığım yazıçıların çoxu iddia edir ki, yaxşı danışmağı bacarmadıqlarına görə yazırlar.
– Bəli, bunu mənə də aid etmək olar. Avstriya filosofu Lüdviq Vitgenşteyn deyir ki, haqqında danışa bilmədiyimiz şeylərlə bağlı susmalıyıq. Jak Derridanın məşhur kəlamını xatırlayırsınız? Deyir, insan dilinə gətirə bilmədiyi şeyləri yazmalıdır. Bu mənim düşüncələrimlə üst-üstə düşür.
– Derridanı yaradıcılığınızın erkən illərində qələmə aldığınız “Mələk səhnədə gəzir” essenizdə də dönə-dönə xatırlayırsınız. Onun düşüncə tərzini əksər pyeslərinizdə və romanlarınızda hiss etmək olar.
– Derridanın əsərlərini hələ 1979-cu ildən oxumağa başlamışam. O vaxtlar ən azı burada, Norveçdə universitet, yaxud universitetin ruhu marksizmin güclü təsiri altında idi. Ölkədə alimlər, yazıçılar və digər yaradıcı adamlar arasında böyük nüfuzu olan ifrat maoçu partiya fəaliyyət göstərirdi. Bu hətta məni də bürüyən zamanın ruhu idi. Həmin dövrlərdə sosiologiyanı öyrənməyə başladım. Mənə elə gəldi ki, bu elm sahəsi tamamilə mənasız bir şeydir. O cür düşüncə tərzini, o cür nikbinliyi, ümumiyyətlə, gərəksiz sayırdım. Buna görə də fəlsəfəylə maraqlanmağa başladım. Yadımdadır, ilk dəfə Derridanın “Qrammatologiya haqqında” əsərini Norveç kəndlərindən birində oxumuşdum. Əsər mənə təsir etdi. Martin Haydeggerin “Varlıq və zaman” əsərini oxumusunuzmu? Mən oxumuşam, həm də ondan çox şey öyrənmişəm. Çox mürəkkəb, eyni zamanda da insanı vəcdə gətirən əsərdir. Oxuyanda Derridanın Haydeggeri alt-üst etdiyini başa düşdüm. Haydegger üçün əsas məsələ bütün varlıqlar arasında ümumi bir əlaqənin olub-olmamasından, Derrida üçün isə əksinə, varlıqlar arasındakı fərqdən ibarətdir. Həmin məqamda dərk etdim ki, yazı həddindən artıq özünəməxsus prosesdir. Bu, danışıq prosesinə oxşamır, nəsə tamamilə başqa bir şeydir.
– Yəqin, elə bu da Derrida yaradıcılığı və onun yazı konsepsiyası ilə bağlı müəyyən əlaqələri üzə çıxarmağınıza imkan yaratdı.
– Elədir. Sonra da müqayisəli ədəbiyyatı öyrənməyə başladım. Həmin vaxt artıq ilk romanımı və bəzi ədəbi əsərlərimi qələmə almışdım. Roman nəzəriyyəsi mənim üçün başlıca predmetlərdən idi. Həmin nəzəriyyədə əsas anlayış hekayətçi – şəxsiyyət, personaj, onların nəzər nöqtələri arasındakı əlaqə – idi. Həmin hekayətçi də yazıçı özü olmalı idi. Mən yazıçını yaradılan mətnin cismani hissəsi, yazılanların nəzərəçarpan maddi məqamı kimi təsəvvür edirdim. Həm də yazıçının başlıca anlayış kimi yer tutduğu böyük hekayət nəzəriyyəmi, yaxud bədii ədəbiyyatımı yaratmaq istəyirdim. Bu da musiqinin sayəsində baş verdi. On iki-on üç yaşlarında qələmə aldığım ilk mətn mahnı mətni idi. Sonra bir neçə şeir və kiçik hekayə yazdım. Hiss edirdim ki, məktəb üçün deyil, yalnız və yalnız özüm üçün yazanda daha çox məhrəm hisslərimi qələmə alıram. Beləliklə, yaşamaqdan zövq aldığım yeri tapdım.
– O yer barədə danışarsınızmı?
– Ora təhlükəsiz yerdir. Həm də on iki yaşımda təkbaşına tapdığım məkandır. İndi yaşım altmışı ötüb, həmin məkan da artıq tək özümdən ibarət deyil, amma müəyyən şəkildə iç dünyamda yaşayır. Bu da insan kimi məni fərqləndirən cəhətdir. Adətən, özümü Yun kimi hiss edirəm. Üstəlik də Yun Fosse adlı rəsmi adım var. Amma yazıçının adı yoxdur. Haqqında söz açdığım yer mənə dinləmək və hərəkət etmək üçün lazımdır, həm də yaşamaq üçün həddindən artıq təhlükəsiz məkandır. Amma bura həm də təhlükəli ola bilər, çünki məchulluğa uzanan yoldur. Burada düşüncələrimin hüdudlarından kənara çıxmalı, o hüdudları aşmalıyam. Amma insan inamlı deyilsə, o hüdudları aşmaq üçün özündə güc tapa bilməz. Bir neçə il belə vəziyyətdə yaşadım. Öz əsərlərimi nədənsə qələmə almağa cəsarət etmirdim, çünki həmin hüdudları aşmağa qorxurdum. Yazı prosesi alınanda yazdığım və yazmış olduğum məqamlarla bağlı çox aydın hisslər keçirirəm və o duyğuları qeyb olmadan kağıza köçürməkdən başqa fikrim olmur.
– Uşaqlıqda hansı nağılları sevirdiniz?
– Hər axşam, yatmazdan əvvəl anam mənə və bacıma evimizin yaxınlığındakı qayıq anbarında məskən salmış siçanlar haqqında nağıllar danışırdı. Biz də həmin nağılın davamını səbirsizliklə gözləyirdik. Anam çox yaxşı hekayətçi idi, amma nağıl yazmağı ağlına belə gətirmirdi. Məşhur Norveç nağıllarından “Bryusenin keçiləri”ni daha çox xoşlayırdım və o sevgi indiyə qədər mənimlədir.
– Böyüdükcə, yeniyetməlikdən uzaqlaşdıqca, zövqünüzdə hansı dəyişiklikləri hiss edirdiniz?
– Hər oxucunun cavan yaşlarında sevdiyi müəlliflər olur. Mənim üçün belə yazıçı Fyodor Dostoyevski idi. Norveç nasiri Ens Byörnebunu da çox sevirdim. Onun yaradıcılığı yeniyetməlik illərində oxucu kimi məndə böyük təəssürat oyatmışdı. Bir neçə il əvvəl Avstriya nasiri və dramaturqu Tomas Bernhardtın yaradıcılığına maraq göstərməyə başladım. Son illər klassikləri, yunan faciələrini yenidən mütaliə edir, bəzilərindən öz ədəbi versiyamı yaradıram. İndi ən çox mütaliə etdiyim müəlliflər – İsveç yazıçısı Torqni Lindqren ilə Avstriya nasiri və dramaturqu Peter Handkedir.
– Etiraf edirsiniz ki, Dostoyevski həmişə sizin üçün örnək olub. Daha hansı yazıçıların təsirini hiss etmisiniz?
– Təsirini hiss etdiyim iki yazıçı var ki, öz yaradıcılığımı həmin müəlliflərlə dialoq sayıram. Həmin ədiblərdən biri Semyuel Bekketdir. Təsadüfi deyil ki, onun ən məşhur əsəri olan “Qodonun intizarında” pyesini çox sevdiyimə görə ilk və ən məşhur pyesim “İndi kimsə gələcək” adlanır. Digər yazıçı isə Tarey Vesosdur. O da mənim kimi Norveç dilinin şivəsində yazıb və əsərləri bir çox dillərə tərcümə olunub. Vesos yaradıcılığında məni sakit, eyni zamanda həddən artıq aydın və saf yazıçı səsi heyran edir. Məncə, onun ən yaxşı əsəri “Quşlar” romanıdır. Daha bir yazıçını, bənzərsiz Knut Hamsunu çox bəyənirəm, amma məncə, ondan təsirlənməmişəm.
– Kitabları kağız formatında, yoxsa elektron versiyada mütaliə edirsiniz?
– Yalnız kağız formatında! Bir dəfə elektron versiyanı oxumağa cəhd göstərsəm də alınmadı. Mən kitabın kənarlarında karandaşla qeydlər edir, sözlərin, ifadələrin, yeni fikirlərin altından xətt çəkirəm. Kimsə deyib ki, elə dahiyanə ixtiralar var ki, heç vaxt yox olmayacaqlar və çarxla kitab həmin ixtiralardandır. Bu fikirlə tamamilə razıyam.
– Özünüz üçün qeydlər edirsiniz?
– Vacib yerləri karandaşla qeyd edir, lazım gələndə göz gəzdirirəm. Sonuncu poetik toplum bu cür qeydlər nəticəsində yaranıb.
– Mütaliə üçün xüsusi yerlər seçirsinizmi? Yoxsa istənilən yerdə kitab oxuya bilirsiniz?
– Müxtəlif mövzularda kitablar oxuyuram, tematika dövri olaraq dəyişir. Son beş-altı ildə ilahiyyata dair çoxlu kitablar, əsasən, Maysner Ekhartın dini musiqi barədə yazdığı əsərləri oxumuşam. Uzanıb oxumağa vərdiş etmişəm. Uzaq yola çıxanda isə sükan arxasında audiokitabları dinləməyi sevirəm.
– Pyes və kitab eyni, yoxsa fərqli mütaliələrdir?
– Mənim üçün eynidir. Sevdiyim əksər dramaturqlar – məsələn, Bekket – digər janrlarda da əsərlər yaradıblar. Həm də onlar nəsr, dramatik, yaxud poetik əsərlər qələmə almalarından asılı olmayaraq özlərinə məxsus üslublarını həmişə qoruyub saxlayıblar. Sevdiyim yazıçıları nəfəsləri fərqləndirir – hansı janrda yazmalarından asılı olmayaraq.
– Bir neçə il əvvəl Nobel mükafatını Umberto Eko, yaxud Haruki Murakamiyə deyil, daha çox musiqiçi kimi tanınan Bob Dilana uduzmağınız sizə ağır gəlmədi ki?
– Nobel mükafatına təqdim edilməyimdən xəbərim yox idi. Bununla belə adım xeyli müddət idi ki, iddiaçılar siyahısında çəkilirdi. Belə hesab edirəm ki, Bob Dilanın Nobel mükafatına layiq görülməsi səhv qərar idi. Məncə, Dilan özü də bunu bilir. O, cavan yaşlarında vəfat etdiyinə görə Nobel mükafatını qazana bilməyən şair Dilan Tomasın adına şərik çıxdı. Bob Dilanın İsveç Akademiyasına münasibəti də xoşagələn deyil. Ümumiyyətlə, dəfələrlə bu mükafata təqdim olunmuş ən görkəmli Amerika şairi Con Eşberinin laureat adı almadan 90 yaşında vəfat etməsi və az sonra da mükafatın Dilana verilməsi çox acı mənzərədir.
– Özünüzü dramaturq, yoxsa yazıçı hesab edirsiniz? Sizin üçün pyes yazmaqla roman qələmə almaq arasında hansı fərq var?
– Yazmaq mənim üçün həyat tərzidir. Heç vaxt yaradıcılıq sarıdan çıxılmaz vəziyyətə düşməmişəm, ilham çatışmazlığı duymamışam, əksinə, daim nəsə məni yazmağa məcbur edib. Şübhəsiz ki, pyeslə roman tamamilə fərqli janrlardır. Dram əsərində başlıca məqam – dilə gətirilməyən, sözə çevrilməyən hisslərdir. Bu, romanda da, amma tamamilə başqa aspektdən mühüm məsələdir. Müəyyən dövrdə nəsr əsərləri, müəyyən dövrdə pyeslər qələmə almışam. Bu dəyişiklik faydalı olur: bir janrdan yorulanda digərinə keçirəm. İlahi vəhy gələndə şeirlər də yazıram. Həm də pyeslərim şeirdən çox romanı xatırladır. Tez-tez Federiko Qarsia Lorkanın fikrini xatırlayıram. O deyir ki, pyes – kitabın səhifələrindən çıxmış və cismani şəkil almış poeziyadır.
– Şöhrətlə aranız necədir: “Daily Telegraf” hələ 2007-ci ildə sizi “canlı dahi” kimi təqdim etmişdi, sizi “yeni İbsen” adlandıranlar da var. Buna münasibətiniz necədir, çətinlik törətmir ki?
– Özümü mətbuatın yazdığından və rəsmi obrazımla bağlı söylənilənlərdən uzaq tutmağa çalışıram. Deyəsən, məqsədimə də nail oluram. Tez-tez bir cisimdə üç simadan ibarət olduğumu dilə gətirirəm: birincisi, yazıçıyam, daha doğrusu, daxilimdə məskən salıb oturan adamam; ikincisi, təvazökarlıqdan kənar olsa da, olmasa da, müəyyən qabiliyyətlərə malik ictimai şəxsəm, yəni Yun Fosseyəm; üçüncüsü isə birinci iki adamla müəyyən ümumi cəhətləri, həm də kifayət qədər fərqləri olan xüsusi şəxs – Yunam. Şəxsi həyatımda çəkingən, guşənişinəm, diqqətdən kənarda qalmağı xoşlayıram. Mənə yazmaq imkanı verən tənha anlarımda özümü çox yaxşı hiss edirəm.
– Hələ kiminsə yazmadığı hansı kitabı qələmə almaq arzusundasınız?
– Hər bir yeni kitab, yaxud pyes, yəqin ki, müəyyən mənada, həmişə yazmaq arzusunda olduğum əsərlərdir. Yazmaq – arzulamaq, gerçək yuxular görmək kimidir. Başqalarının yazdıqları dəyərli əsərlərin müəllifi olmağı arzuladığımı deyə bilmərəm, amma istər nəsr, istər dram, istərsə də poetik əsər olsun, başqalarının yaratdıqları bütün həqiqi ədəbi nümunələrə görə həmin yazarlara minnətdaram. Belə əsərlər yaradıcılıqla məşğul olan qələm sahiblərinin də həyatını zənginləşdirir.
“Notos” jurnalı, №10, 2023-cü il
Tərcümə edən: Nəriman Əbdülrəhmanlı
aydinyol.aztc.gov.az