Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə özündən sonra zəngin irs qoyub gedib. Bu zəngin irsdə biz Azərbaycanın tanınmış şair və yazıçıları haqqında onun çox dəyərli fikirlərinə rast gəlirik. M.Ə.Rəsulzadə bu tədqiqatlarında şair və yazıçılarımızın ədəbiyyatda mövqeyini də düzgün müəyyənləşdirə bilib. Odur ki, M.Ə.Rəsulzadənin bu mövzudakı yazıları böyük maraq doğurur. Bu yazıların digər üstünlüyü isə ideologiyadan kənar araşdırma tədqiqatlarının mövcudluğudur. M.Ə.Rəsulzadə bu yaradıcı şəxsiyyətlərimizə “sovet şairi yaxud yazıçısı” ölçüsündən yanaşmır. Əksinə, onların Şərq ədəbiyyatında, Türk ədəbiyyatında və sonda dünya ədəbiyyatındakı mövqelərini maraqlı faktlarla açıqlayır. M.Ə.Rəsulzadənin bu araşdırmalarında şair və yazıçılarımıza böyük sevgi, bağlılıq hissləri də duyulmaqdadır. Eyni zamanda o, bu yazılarında bir ədəbiyyat bilicisi kimi də görünməkdədir. Buraya əlavə etsək ki, M.Ə.Rəsulzadə çoxlu şeirlər yazmış, pyeslər müəllifidir, rus və fars dillərində nəsr və şeir nümunələrini Azərbaycan dilinə tərcümə edib, onda bu yazıların daha da əhəmiyyətli olması qənaətinə gəlirik. Digər tərəfdən M.Ə.Rəsulzadənin başqa yazılarında da onun Şərq və dünya ədəbiyyatının ciddi mütaliəsi haqqında da məlumatlara rast gəlmək mümkündür. Bu mənada M.Ə.Rəsulzadənin 1951-ci ildə Türkiyədə yazdığı 500 səhifəlik “Azərbaycan şairi Nizami” kitabı hər mənada ədəbiyyatımız tarixində möhtəşəm hadisədir. Sonradan onun “Azərbaycan Yurd Bilgisi” jurnalında nəşr etdirdiyi “Şirvanlı Xaqani” məqaləsi sovet tədqiqatçılarının yanaşmalarını ciddi faktlarla təkzib edir, Xaqani şəxsiyyətini maraqlı və daha məzmunlu olaraq oxuculara çatdırır.
M.Ə.Rəsulzadənin ədəbiyyat araşdırmaları güneyli, quzeylidir. Onun ustad Şəhriyarın “Heydərbabaya salam” əsəri haqqında yazdığı ilk məqalə 1955-ci ilə aiddir. Yəni əsər nəşr ediləndən qısa müddət sonra M.Ə.Rəsulzadə bu dəyərli sənət nümunəsini geniş təhlil edərək çox da uyğun bir başlıq yazıb “Ədəbi bir hadisə”.
M.Ə.Rəsulzadənin yazıçılarımız haqqında da maraqlı yazıları vardır ki, o məqalələri də ixtisarla oxuculara təqdim edirəm.
Nəsiman Yaqublu
Mirzə Fətəli Axundzadə
(1812-1878)
“Mirzə Fətəli Şərq istibdadının yumşaldılmasını istəyirdi. Halbuki bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziyaları belə kölgədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu tarixdə rastlanmayan bir zülm və mütləqiyyət rejimidir.
Mirzə Fətəli Qərbi Avropa mədəniyyətini idealizə edirdi. Sovetlər isə burjua adını verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir.
…Kommunizmin ana fikri olaraq tərvic olunan allahsızlıqdan bəhs edilərkən bolşeviklər daha çox Mirzə Fətəlinin adını anırlar. Onun ateistliyindən bəhs açırlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayın. Mirzə Fətəli yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mübarizə etmirdi. Onun mübarizə etdiyi şey inam və düşüncəyə mane olan sxolastik təfəkkür tərzi idi. Bu növ düşünüş tərzi indi bütün sovetlərdə hakimdir”.
M.Ə.Rəsulzadə. “Mirzə Fətəli Axundzadə”,
“Azərbaycan” jurnalı, Ankara, il 4, sayı 10-11 (34-35),
yanvar-fevral, 1955, səh.15-16
Nəcəf bəy Vəzirov
(1854-1926)
“Vəzirli Nəcəf bəyin simasında Azərbaycan ədəbiyyatı ilə səhnəsi Mirzə Fətəlidən sonra gələn çox mühüm bir nümayəndəsini itirdi. Bütün əsərlərində millət eşqini, xalqa qulluq etmək zövqünü, azadlıq və istiqlal fikirlərini tərənnüm edən bu yazıçı üçün qısa bir müddətdə olsa da, istiqlal və azadlığa qovuşan vətənini təkrar əsirlik və istila altında buraxıb ölmək qədər bir faciə təsəvvür oluna bilməz.
Vəzirli Nəcəf bəyin ölümü öz qəhrəmanı Fəxrəddinin ölümünə nə qədər bənzər!..”
“Qafqasya” jurnalı,
oktyabr 1952-ci il, N1, səh.7
Cəlil Məmmədquluzadə
(1869-1932)
“Heç kim bizim müasir ədəbiyyatın birinci dövrünün ədəbiyyatçılarının etdiyi kimi, yaşadığı əsrin orta əsrlərdən qalma qaydalarını belə güclü və aşkarlıqla tənqid etməmişdi. Bu tənqid təsvir etdiyimiz mərhələnin sonunda satirik “Molla Nəsrəddin” jurnalının və onun istedadlı redaktoru Cəlil Məmmədquluzadənin simasında özünün yüksək zirvəsinə çatır.
Məmmədquluzadənin böyük səs-küyə səbəb olan “Ölülər” pyesi (doğrudur, ikinci dövrə aid olan yazılar) bizim tənqidi ədəbiyyatın ən məşhurudur və müəllif burada özünəməxsus kəskinliklə orta əsr nadanlığının, özündən arxayınlığının, quruluğunun bütün saxta mahiyyətini açıb göstərir, geridə qalmış ruhaniliyin şarlatanlığına və şeyxlərin müxtəlif yalanlarına, xalqın geridə qalmağından öz məqsədləri üçün istifadə etməsinə gülür”.
M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan ədəbiyyatı”. Paris, 1936-cı il, səh.9
Əbdürrəhman bəy Haqverdiyev
(1870-1933)
“Azərbaycan dramının daha da inkişaf etdiyini Əbdürrəhman Haqverdilinin yaradıcılığı sübut edir. Onun ədəbi və təmiz Azərbaycan xalq dilində yazdığı “Dağılan Tifaq” əsəri çox güclü, orijinal və yüksək mənəviyyatlı bir əsərdir. Çoxlu məişət pyeslərindən başqa Əbdürrəhman bəy həm də tarixi pyeslərin müəllifidir ki, onların sırasında “Ağa Məhəmməd Şah Qacar” xüsusi olaraq fərqlənir. Bu əsərdə Qafqazın (azərbaycanlılar və gürcülər) fars işğalçılarına qarşı qəhrəmanlıq mübarizəsi təsvir edilir. Eyni zamanda onun “Pəri cadu” kimi mövzusu xalq əfsanələrindən alınmış yüksək bədii və fantastik pyesi vardır”.
M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan ədəbiyyatı”. Paris, 1936-cı il, səh.8
Cəfər Cabbarlı
(1899-1934)
“O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır”.
“Çağdaş Azərbaycan ədəbiyyatı” mövzusunda Ankara Xalq evində
oxuduğu mühazirədən. 1949-cu il.
M.Ə.Rəsulzadə “Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi”. B., 1999, səh.72
edebiyyatqazeti.az