Azər Musaoğlu. Kağız şikayətlər çatmır padşaha

Metamorfoz

Körpücük sümüklərindən

sinən üstə addat məni,

sal məni döş qəfəsinə

qəlbinin dustağı elə.

 

Hörüyünlə quzu kimi

məni özünə hörüklə,

qaragül dərimi soydur

babanın papağı elə.

 

Həm and iç, həm də tapdala,

həm sev, həm də qürbətə köç,

həm sat, həm də uğrumda öl –

Vətənin torpağı elə.

 

Gözlərini çəkmə məndən,

gözlərin mənə yol çəksin…

məni göz qarası deyil,

gözünün lap ağı elə.

 

Nə istəsən elə məni,

nə istəsən elə, bircə

başıma qazan keçirmə…

qazanın qapağı elə.

 

Yazına zoğal çiçəyi,

yayına çobanəppəyi,

payızına budağının

düşən son yarpağı elə.

 

Arzun olum, bircən olum,

min birinci gecən olum,

məni şamlı Ələddinin

sehirli çırağı elə.

 

Saçının qaranlığında

əllərimi azıt mənim…

sağ əlimi al əlinə

saçının darağı elə.

 

Məndən çıxıb getməkdənsə,

həmişəlik itməkdənsə,

məni qıraq etməkdənsə,

bir bezin qırağı elə.

 

***

Belə də gecəmi olar –

Gözlərimə çimir getmir.

Sükut çöksə də gecəyə

Qulağımdan səmir getmir.

 

İsrafilin surudumu,

Şeytanın şeypurudumu,

Cin dambadurumudumu –

Göstərirəm dəmir, getmir.

 

Yalandımı, doğrudumu,

Qonaqdımı, oğrudumu,

Yalnızdımı, ordudumu,

Hay-haraynan gəlir, getmir.

 

                Elegiya

Daha durnalardan el soruşmurlar,

Düzü, durnalar da görsənmir daha…

Kağız təqvimlərdən il soruşmurlar,

Kağız şikayətlər çatmır padşaha…

 

Daha məktublar da kağızdan deyil,

Hardasa darıxır bir poçt qutusu…

“Sevirəm”i hamı ağızdan deyir,

Kağıza yazılmır insan duyğusu…

 

Taxta mücrülərdə məktub yerinə

Bər-bəzək əşyası saxlanır indi.

Sirrini tapşırıb ağ göyərçinə

Məktub göyərçini göndərən kimdi?..

 

Qaçıbdır həyatın dadı-duzu da,

Kağız stəkanda çay o çay deyil…

Smayliklə yazılır daha yazı da,

Elektron təqvimdə yay o yay deyil…

 

Kağız cırılsa da, kağız qopsa da,

Yazılar pozanla pozulmur daha.

Şairlər kağıza şeir qoşsa da,

Şeirlər kağıza yazılmır daha.

 

Hanı əlyazmalar yanmır deyənlər?

Daha yandırmağa əlyazma yoxdur…

Kağız boşqablarda yemək yeyənlər,

Kağız üzərində yazandan çoxdur.

 

           Dostsuzluq

Sən heç bilirsənmi, qırılmaq nədir,

Necədir şüşə tək sınıb-tökülmək?

Dost kəliməsinin yükü altında

Necədir əyilib, beli bükülmək?

 

Sən hardan biləsən bu ağırlığı,

Dünən yediyini bu gün unutdun.

Nə bu kəlimənin altına girdin,

Nə də bir küncündən, qulpundan tutdun.

 

Sən heç bilirsənmi, bilirsənmi, dost,

Necədir dar günün içindən keçmək?

Dar gündə tanıyıb dostu, düşməni,

Dar gündə sürgünün içindən keçmək?

 

Quzu qılığına girsən də hər gün,

Örüşün canavar örüşü imiş.

Sənin göz yaşların – timsah göz yaşı,

Öpüşün – Yəhuda öpüşü imiş.

 

Dostun atdığı daş baş yarmasa da,

Dostun atdığı söz ürəyi qırar.

Dost bilər axilles dabanın haqda,

Səni dabanından elə “dost” vurar.

 

Ağır çarmıxını “dostun” daşımaz,

Sən su istəyəndə, o da qan verər…

Ruhun dostsuzluqda sərgərdan gəzər,

Bədənin çarmıxda dostsuz can verər…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Eldar İsmayıloğlu. Yarıçılpaq pəncərədən boylanan süd dişim

*** (şair Hikmət Nikbinə) Yollar ki, səni tanıdı burax ömrün əlini… Kürəyinin yediyi daş haqqı bir gün ayaqların üzünə qayıdacaq. …oxu əlindəki siqaretin tüstüsünü, boğulmasın səni sevənlər. Payızı adamlar gözləməz ki… Qanadını göy üzündə itirən quşlar saatı bağrına basar …və gözlərinin səhra darısqallığında kiriyər tənhalıq. Səni heç kim görmədisə, öz […]