Nəsimi yaradıcılığı İngiltərə ədəbiyyat portalında

İngiltərənin populyar “My poetic Side” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin ingilis dilinə tərcümə edilmiş “Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!” və “Üzün nuri-təcəlli məzhəridir” qəzəllərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəllərin ingilis dilinə tərcümə müəllifi – tanınmış ingilis tərcüməçisi Piter Tempestdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Edqar Allan Po, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

İmadəddin Nəsimi

(1369-1417)

  • Azərbaycan şairi, filosof;
  • Şərqdə divan ədəbiyyatı və hürufiliyin görkəmli nümayəndəsi;
  • Azərbaycan türkcəsində divan, qəsidə, müstəzad, tərcibənd, tuyuq, rübailərin müəllifi;
  • Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük Azərbaycan ədiblərinin yaradıcılığına əsaslı təsir göstərib;
  • 2019-cu ildə şairin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi ili” elan edilib;
  • Əsərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə dövlət varidatı elan edilib.

Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!

 

Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!

Aldanma anın alına, andan həzər еylə!

Bir halə qərar еyləməz əyyam, kеçər ömr,

Еy əhli-nəzər, baхma bu halə, nəzər еylə!

Payəndə dеgil dövləti, еy хacə, cahanın,

Əsbabinə aldanma, gəl andan güzər еylə!

Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəl

Can ilə cahan ortaya qoy, tərki-sər еylə!

Düşdü saçının zülmətinə könlüm, ilahi,

Şol hali pərişanə bu şami səhər еylə!

Çün hüsnünə хətm oldu bu gün dövri-məlahət,

Еy fitnələrin хatəmi, şəqqül-qəmər еylə!

Gər Musiyi-İmran kimi şol narə sataşdı,

Gəl, tabişini göstərü şərhi-şəcər еylə!

Dünya еvinin səltənəti bеş gün imiş çün,

Bünyadını yıх, ər kimi, zirü zəbər еylə!

Şol püstədəhanın хəbərin bildi Nəsimi,

Şirinlərə şol tüngi-şəkərdən хəbər еylə!

Üzün nuri-təcəlli məzhəridir,

 

Üzün nuri-təcəlli məzhəridir,

Sözün dadlısı abi-kövsəridir.

Rüхün şəmi şüasından nünəvvər,

Fələkdə mahü mеhrü Müştəridir.

Gözün sеhrindən ol Harutü Marut,

Asılmış Çahi-Babildə, yеridir.

Fələklər üz sürərlər ayağına,

Mələklər хidmətində çakəridir.

Əzazil qaçdı vəslin qürbətindən,

Anınçün tövqi-lənət zivəridir.

Sədəfdir cümlə məхluqun vücudu,

Vücudun ol sədəflər gövhəridir.

Dəmi-İsa ölü dirildər, amma

Dəmindən Хızr ilə İsa diridir.

Camalın mömini möminə mirat

Ki, daim möminin ol mənzəridir.

 

Nəsimi gövhəridir bəhri-еşqin,

Bu bəhrə dalmayan divü pəridir.

 

 

aztc.gov.az/az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Zərdüşt Şəfi. Nuhun doğulması

Be Fev 5 , 2024
(bir parça) Adamlardan uzaqda, Böyük Səhranın ilğımlı üfüqlərində Günəş yaz həsrətindən saralmış payız yarpağı kimi göylərin gözəgörünməz saplağından qopub qüruba düşürdü. Günəşdən çox uzaqda, Böyük Səhranın ilğımlı çöllərində, Allahla ayrı-ayrı dünyalarda yaşayan adamlar, bir anlıq da olsa, işlərini saxlayır, başlarını qaldırıb üfüqdə parıldayan sarımtıl şəfəqlərə baxır, gözlərini qıyıb, əlləri qaşlarının […]