Kamerun yazıçısının hekayəsi

AZADLIQ YANĞISI

(hekayə)

2986600 nömrəli məhbus Samson Nqomba ciddi nəzarət altında saxlanılırdı. Kamera yoldaşlarının hamısı bir nəfər kimi onun ağlını itirdiyini iddia edirdilər. Bir də görürdün, durduğu yerdə dəliliyi tutur, gözləri yaşarana kimi gülüb özündən gedir. Bəzən də saatlarla bir küncə çəkilib dinməz-söyləməz oturur, dərin fikirlərə qərq olurdu.

Həbsxana müdiriyyəti, təbii ki, bundan narahat olurdu, çünki Nqomba haqqında, əsasən, müsbət fikirdə idilər – onu sakit, sözəbaxan, bir sözlə, üzüyola məhbus kimi tanıyırdılar.

Bəzən cinləri oyanırdı Nqombanın – şəstlə improvizə edilmiş tribunaya qalxır, özünü siyasi lider kimi təqdim edirdi:

– Qardaşlar, sözüm sizədir! – deyirdi. – Mən birlik, həqiqət və demokratiya uğrunda çıxış edirəm! Biz yalnız birliyimiz sayəsində duruş gətirə bilərik – tək əldən səs çıxmaz!

Nqombanın hər dəfə məhbusların: “Doğrudur! Davam elə, səni dinləyirik!” – kimi ruhlandırıcı sözlərinin müşayiəti ilə başlamış olduğu “alovlu nitqi” kamera yoldaşlarının gülüşünə səbəb olurdu. Hiddətinin, çılğınlığının getdikcə artmasından aydın görünürdü ki, Nqomba artıq haradasa konstitusiyanın əsas maddələri ilə tanış olmağa da imkan tapıb.

– Bizim ölkəmiz böyük və qüdrətli olacaq! Xalqımız Afrikanın və bütün dünyanın fəxri olacaq, – yumruğunu havada yellədən natiqin səsi guruldayırdı. – Bu nəcib məqsəd naminə biz qəbilə quruluşuna və bütün siyasi çəkişmələrə qarşı yorulmadan mübarizə aparacağıq. Biz Kamerun vətəndaşları arasında həmrəylik və qardaşlıq münasibətlərinin yaranması naminə var qüvvəmizlə çalışacağıq!

Gurultulu alqış sədaları kameranın divarlarını titrədirdi. Hamı bir ağızdan deyirdi:

– Əhsən! Bravo!

Və Nqomba “Azadlıq nəğməsi” adlandırdığı mahnını böyük bir coşquyla oxumağa başlayırdı. Dediyinə görə, bu mahnını tanınmış nigeriyalı siyasi xadim, “Boykot kralı” ləqəbli Mazi Mbonu Ocikenin unudulmaz xatirəsinə ithaf edib. Nqomba bu sətirləri ilhamla oxuyurdu: “Hamıya azadlıq, mənə azadlıq. Qoy hər yerdə azadlıq hökm sürsün!..”

Məhbuslar xorla təkrar edirdilər: “Azadlıq, azadlıq! Qoy hər yerdə azadlıq hökm sürsün!”

Nqombanın çıxışları yerli icmanı əyləndirir və həbsxanalar üçün adi olan gərgin vəziyyəti, az da olsa, yumşaldırdı. “Qardaşları”, hər halda, Nqombanın dediklərində bir həqiqət olduğu ilə razılaşırdı. Ona acıyır, dərdinə şərik çıxırdılar! Ancaq onların hamısı kimi – oğrular, qatillər, terrorçular kimi – o da cəmiyyətə düşmən ünsür sayılırdı.

Nqomba təxminən bir milyon frank dövlət vəsaitini israf etdiyinə görə iyirmi il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu acınacaqlı sonluqla nəticələnən o mənhus və kədərli hadisəni ürək ağrısı ilə xatırlayırdı. Həmişə belə olur, adam heç gözləmədiyi yerdən zərbə alır. Nqombaya da ən yaxın dostu badalaq gəlmişdi. Ah, Monika, ah Marilza… Bu gözəlçələrlə necə də gözəl vaxt keçirirdi! Hələ qayğısız günlər, xoşbəxt anlar yaşadığı Duala səfərlərini demirəm! Xəyalən keçmiş günlərə qayıdanda, sonra da özünü müttəhimlər kürsüsündə görəndə qeyri-ixtiyari gözündən gildir-gildir yaşlar axırdı. Məhkəmə binası qarşısındakı ürəkağrıdan səhnəni isə unuda bilmirdi! Polislərin onu aparması, həyəcanlı kütlənin məzar sükutu içərisində arxasınca baxması hələ də gözləri önündəydi.

Ən çox da özündən yanıqlıydı! Taleyin ümidinə, quru yerdə qoyub getdiyi cavan arvadı yadına düşdükcə ürəyindən qara qanlar axırdı. Onu özgələrin ağuşunda təsəvvür etdikcə qısqanclıq hissi ürəyini parçalayırdı. İyirmi il az müddət deyildi! Arvadı ona sadiq qalacaqdımı? Bu üzücü şübhələri hər vasitə ilə beynindən çıxarıb atmağa çalışırdı. Və yalnız Kamerunun müstəqillik əldə etməsinin onuncu ildönümü münasibətilə tezliklə əfv fərmanı veriləcəyinə bəslədiyi ümidləri onun yaralı qəlbinə məlhəm olurdu.

Həbsxana həkimi həftəlik baxış zamanı Nqombaya düz iyirmi dəqiqə vaxt sərf etsə də, ciddi bir şey aşkar etmədi. Nqomba məhrəmanə şəkildə doktor Stüarta yuxuda respublika prezidentinin onun əfv fərmanını imzaladığını öz gözləri ilə gördüyünü dedi. Üstəlik, and da içib həkimi inandırmağa çalışdı ki, tezliklə Yaunde radiosundan əfv fərmanının mətni elan ediləcək və siyahıda da ən birinci  onun adı olacaq. O, durmadan İnsan Hüquqları Bəyannaməsindən sitat gətirirdi.

Doktor Stüart pasientinin nitqini diqqətlə dinlədi, həmsöhbətinə qarşı aşkar marağını gizlətməyib başını razılıqla tərpətdi. Qoyduğu diaqnoz qısa oldu: “Müvəqqəti psixi pozğunluqdur, keçib-gedəcək”.

1970-ci il yanvarın 1-i yaxınlaşırdı. Nqombanın davranışından hər kəs başa düşdü ki, əvvəlki kimi, hələ də azadlığa çıxmaq arzusu ona rahatlıq vermir – məhbus ehtimal olunan azadlığa qədər qalan günləri saymağa başlamışdı. Özünə yer tapa bilmir və hər xırda şeyə görə əsəbiləşirdi.

Bu arada nəzarətçi ilə də sözü çəp gəlmişdi. Nqomba demişdi ki, bir də ayağı bura dəyməyəcək.

– Sarsaqlama, – nəzarətçi kinayə ilə bildirmişdi, – bax, görərsən, heç bir il də çəkməyəcək, sən yenə bura düşəcəksən. Sən oğrusan, oğru da ki, elə oğru olaraq da qalır, heç o yanı, bu yanı yoxdu.

– Yox, mən oğru deyiləm! – deyə Nqomba hiddətlənmişdi. – Mən təsadüfən zibilə düşmüşəm, məni “güdaza veriblər”.

– Səncə, mən belə sərsəmləmələri bu divarlar arasında nə qədər eşitmiş olaram, hə? – nəzarətçi uğunub getmişdi. – Eh, dostum, başının tükü sanı! Hamı da elə sən deyəni deyir – mənim heç bir günahım yoxdu, təsadüfən ilişdim, məni “güdaza verdilər”! Sənə uğur arzulayıram. Allah eləsin, əfv haqqındakı arzun çin olsun.

Bunu nəzarətçinin ona deməsi qəddarlığın son həddi idi! Nqomba ağır-ağır nəfəs alıb işinin başına döndü, amma o saat sir-sifəti əyildi, qaş-qabağı tutuldu. Artıq o, dünyada ən yaxşı yerin heç də həbsxana olmadığını yaxşı bilirdi. Özünə qəti söz verdi ki, bundan sonra, ölsə də, cəncəl işlərə baş qoşmayacaq. Zindanda keçirdiyi, sonu görünməyən gecələrdə, gün işığına həsrət qaldığı gündüzlərdə daha nələr, nələr barəsində düşünməmişdi… Ancaq bir şey ona rahatlıq vermirdi: 1970-ci il yanvarın 1-nə cəmi bir həftə qalır, amma heç bir xəbər yoxdur!

– Axı mən bu xarabadan haçan çıxacağam? – Nqomba ertəsi gün nəzarətçidən soruşdu.

– Səni azadlığa aparan yola qovuşmağına hələ çox var, dostum. Bu xam xəyallarla beynini çox yormasan yaxşıdır, – nəzarətçi rişxəndlə cavab verdi.

– Axı siz niyə mənə inanmırsınız? – Nqomba özündən çıxdı. – Mən bütün bunları yuxuda görmüşdüm. Və sizin məni burda tutub saxlamağa ixtiyarınız yoxdur!

Axırıncı sözlərini deyərkən səsi bayaqkı gurluğunu itirmiş, güclə eşidiləcək zırıltıya çevrilmişdi. Nəzarətçi çaşqın halda məhbusa baxırdı. Axı onun qəfildən belə hiddətlənməsinə heç bir əsas yox idi. Üstəlik də, nəzarətçi Nqombanın gözlərində sanki iblisanə bir parıltı sezdi. Yubanmadan bu hadisədən baş nəzarətçini xəbərdar etmək qərarına gəldi və onu əmin etməyə çalışdı ki, bu oğlan “heç özündə-sözündə deyil”. Onun söylədikləri, eləcə də doktor Stüartın rəyi əsas götürülərək Nqomba təkadamlıq kameraya yerləşdirildi. Onun öz kamera yoldaşlarına çox güclü təsiri vardı, odur ki, nəsə xoşagəlməz hadisə baş verməsinə heç vəchlə yol vermək olmazdı. O vaxtdan da Nqombaya ləqəb verdilər: “Xəyalpərvər Cozef”.

Təkadamlıq kamerada Nqomba qaçmaq barədə düşünməyə başladı. Bir halda ki, həbsxana rəhbərliyi prezidentin fərmanına məhəl qoymur, onda öz dərdinə özünün əlac tapmaqdan başqa bir çarəsi qalmırdı – Kamerunun müstəqilliyinin onuncu ildönümünü barmaqlıqlar arxasında keçirmək niyyəti yox idi! Qərarı qəti idi: Ya indi, ya da heç vaxt!

Gecəyarısı idi. Dərin sükutu qonşu kameradan gələn xorultu səsi pozurdu. Nqomba yerə yatıb yavaş-yavaş qapıya tərəf sürünməyə başladı. Birdən nəfəsini içinə çəkib hərəkətsiz durdu – ona elə gəldi ki, haradasa lap yaxınlıqda gözətçinin ağır addım səslərini eşidir. Bircə yaxasını ələ verməyi çatmırdı, odur ki, cəld sıçrayışla geriyə, kameranın içərilərinə atıldı. Elə o andaca qapı açıldı, enli işıq zolağı kameraya doldu. Qapı ağzında gözətçinin qara silueti göründü. Bir neçə saniyədən sonra qapı cırıltıyla bağlandı. Nqombanın ürəyi yerinə gəldi. Bir qədər gözləyib, oğrun-oğrun kameradan çıxdı.

Həbsxananın həyəti doqquz fut hündürlüyündə kərpic hasarla əhatələnmişdi. Nqomba ağır-ağır nəfəs alırdı. Hasarı aşıb kolların üstünə səriləndə ona elə gəldi ki, sanki ciyərlərindəki bütün havanı da bayıra buraxıb. Sağ ayağının bərk ağrıdığını hiss etdi, səs salmamağa çalışaraq ölü kimi yerdə sərilib qalmışdı. Ürəyi elə bil bu dəqiqə sinəsindən çıxacaqdı, döyüntüsü beynində əks-səda verirdi: tuk-tuk-tuk. Həzin meh kolları xışıldadır, gecənin səssizliyini yalnız ara-sıra eşidilən ilbizlərin oxuması pozurdu. Hasarın o tərəfindən – həbsxanadan heç bir səs-səmir eşidilmirdi.

Nəhayət, o, azad idi! Hələlik hər şey yağ kimi gedirdi. O öz-özünü təbrik etdi. Əgər Lionqa onu şərtləşdikləri yerdə gözləyirsə, deməli, hər şey qaydasındadır! O, rahat nəfəs ala bilər – sabah sağ-salamat Dualaya çatacaq. Orda isə onu tap görüm, necə tapırsan!

Hə-ə, amma nə həngamə qopacaq! Zarafat deyil, həbsxananın bütün fəaliyyəti ərzində ilk dəfəydi ki, məhbus uğurlu qaçış edə bilmişdi! Əmin ola bilərsiniz, sabah bütün qəzetlər bunu aləmə car çəkəcək! Aləm dəyəcək bir-birinə – radio vasitəsilə onun əlamətlərini elan edəcək, qəzetlərdə fotoşəkillərini çap edəcəklər. Və əlbəttə, onun haqqında hər hansı məlumat verənləri də mükafatlandıracaqlar.

Başqa dustaqlar da zaman-zaman bu həbsxanadan qaçmağa cəhd göstəriblər, ancaq hər dəfə  aclıq və yorğunluq təqibçilərinin xeyrinə işləyib, onları ələ verib. Bir də, onlar hasarın o üzünə düşən kimi dabanlarına tüpürüb bacardıqca bu xarabadan uzaqlaşmağa çalışdıqlarından tez də yorulub ələ keçiblər.

Onu da belə bir aqibət gözləyə bilərmi? Bu fikir ona rahatlıq vermirdi. Gözətçilər onun qaçdığından xəbər tutana kimi təxminən yarım saat çəkəcək, yəqin. Duyuq düşən kimi də telefon vasitəsilə axtarış elan ediləcək, polis ayağa qaldırılacaq və bütün yollar bağlanacaq.

O təxminən üç yüz yard məsafəni sürünə-sürünə qət edib qamışlığa baş vurdu. Bu yerlərə yaxşı bələd idi – mal-qaraya ot tədarük etmək üçün başqa məhbuslarla birlikdə buralara çox gəlib-getmişdi. İndi əynində yalnız rəngi ağarıb az qala yırtılmış şortda və nazik bir gödəkcədə səhərin ayazında icra etdikləri həmin o zəhlətökən “səhər gəzintilərini” xatırladıqca Tanrıdan ancaq bir şey istəyirdi: çəkdiyi əziyyətlər hədər getməsin!

Quru otlar, tikanlı kollar ayaqlarını cırıq-cırıq edirdi. Nqomba həyəcan içərisində vurnuxur, büdrəyir, yıxılır, dizləri yaralanırdı. Ancaq ağrı hiss etmirdi. Hər dəqiqə qiymətli idi. Və o özü üçün müəyyən etdiyi hərəkət tempini saxlamağa çalışırdı.

Tezliklə kəndə aparan yolun kənarındakı geniş, açıq çəmənliyə çatdı. Onların “işçi briqadasının” yolu həmişə burdan keçirdi. “Hə, bura həmin yerdir”, – Nqomba məmnunluqla rahat nəfəs aldı. Birdən Lionqa gəlmədi, onda necə olar? – bu fikirdən onu soyuq tər basdı. Görəsən, vədələşdikləri yerdədirmi, gözləyirmi onu? Taksi tapa bilibmi? Bu, olduqca vacib məqam idi. Kiçik bir səhlənkarlıq işi korlaya bilərdi. Nqomba yalnız alaqaranlıqda avtomobil siluetini görəndə sakitləşdi. Şərtləşdikləri kimi, siqaretin alovu közərdi və üç dəfə qısa siqnal səsi eşidildi. Bu o deməkdir ki, yol açıqdır.

Nqomba oğrun-oğrun maşına yaxınlaşdı. Havanı qorxa-qorxa ciyərlərinə çəkirdi. Və yalnız maşının yanında durmuş adam ona tərəf dönəndə gözlərinə işıq gəldi.

– Deməli, axırda bacardın bu işi! – adam sevincək dilləndi.

– Demişdim axı, hər şey qaydasında olacaq, – Nqomba rahat nəfəs aldı.

– Hə, əgər müvəffəqiyyətdən başın gicəllənməsə və axmaqlıq eləməsən, hər şey qaydasında olar, – deyə Lionqa xəbərdarlıq etdi. – Təqibdən qurtulmaq üçün hər cür imkanımız var.

– Dediklərimi gətirmisən? – Nqomba tələsik onun sözünü kəsdi. – Vaxtımız yoxdu, əldən iti ol!

Lionqa başı ilə maşının yük yerinə işarə etdi. Nqomba bir göz qırpımında həbsxana geyimini çıxarıb atdı. Bir neçə saniyə sonra Lionqanın qarşısında qeyri-müəyyən yaşda, gözəl bədən quruluşuna malik, ucaboy, əynində əla oturan paltar və başında matəm sarğısı olan bir qadın peyda oldu.

– Yoxsa sən, doğrudan, elə düşünürsən ki, bu görkəmdə adam arasına çıxacaq, sərbəst dolaşacaqsan? – Lionqa təəccüblə onu başdan-ayağa süzdü.

– Baş-beynimi aparma görüm. Hər şeyi çoxdan ölçüb-biçmişəm, narahat olma, – Nqomba onu inandırmağa çalışdı. – Onların axtardıqları kimdir? Kişidir, yoxsa qadın? İndi başa düşdün, aşna?

– Bəlkə də, sən deyəndir, ancaq heç vaxt unutmamalısan ki, qadınsan. Yaxşı, daha ləngiməyək, tez ol, otur maşına, tərpənək!

Maşın nərilti ilə yerindən götürüldü, çala-çuxurlardan sürətlə keçib yola çıxdı. Nqomba ilk qatarla buradan uzaqlaşmalı, qaçqın məhbusun axtarışı ilə əlaqədar qalxmış hay-küy səngiyənə kimi əmin bir yerdə gizlənməliydi.

Dualanın mərkəzi dəmiryol stansiyasında bilet alan zaman perronun o biri başında durmuş polis Nqombanın diqqətini cəlb etdi. Təşviş içərisində, altdan-altdan baxıb polisin ona sarı gəldiyini gördü. Nqomba bir anlıq yerində donub qaldı, sonra zərif səslə kassirə təşəkkür edib əks istiqamətdə perronda əda ilə addımlamağa başladı. Ancaq ona elə gəlirdi ki, polis ondan gözünü çəkmir.

Nqombanın canına qorxu düşdü. Birdən ağlına bir fikir gəldi: ayaqyoluna getsin! Qatarın yola düşməsini sakitcə gözləmək üçün bundan yaxşı yer ola bilməzdi. Cəld ayaqyoluna tərəf üz tutdu. Kabinəyə girib qapını bağladı. Nəfəsini dərdi, başındakı sarğını tələsik düzəltdi. Üz-gözünün, boynunun tərini silib rahatlandı.

Parovozun fit səsi eşidiləndə sanki yuxudan ayıldı. Tez qapını açıb özünü platformaya atdı və… düz polisin qarşısında ayaq saxladı. Az qala onunla burun-buruna gələcəkdi.

– Bağışlayın! – deyə Nqomba polisin nüfuzedici baxışlarından yayınaraq ötüb keçmək istədi.

– Üzr istəyirəm, madam, – polis nəzakətlə dilləndi. Ancaq siz mənimlə stansiya rəisinin kabinetinə getməli olacaqsınız. Sizinlə danışmalıyam.

– Mən gedə bilmərəm… qatara yetişməliyəm. – Nqomba əlini yelləyərək etirazını bildirdi. Ancaq polis qətiyyətlə onun qarşısını kəsib sərt baxışla indicə Nqombanın çıxdığı qapıya işarə etdi.

– Bunu necə başa düşək? – Nqomba təəccüblə soruşdu.

O, qapıya baxdı və ürəyi az qala yerindən qopdu. Qapının üstündəki lövhədə “Messieurs”, yəni “kişi” sözü yazılmışdı.

Polis bu hadisə barədə stansiya rəisini məlumatlandırıb həbsxanadan cinayətkarın qaçması ilə əlaqədar Bueadan alınmış xəbəri xatırlatdı.

– Bu adam, – dedi, – qadından daha çox kişiyə oxşayır, heç ələ gələsi döşü-başı, gözə girəsi yanı-yançağı da yoxdu bunun.

Nqomba rəisin qarşısında sanki iynə üstündə oturmuşdu. Rəisin sirayətedici baxışları altında yanıb-yaxılır, həyəcandan ürəyi şiddətlə vururdu. Rəisin:

– Üzərində “Mesdames”, yəni “qadın” sözü yazılmış kabinəni qoyub, niyə kişi ayaqyoluna girdiniz? – sualına Nqomba tamamilə məntiqli cavab verdi:

– Mən fransızca oxuya bilmirəm. Və… bir də, keçən həftə atam rəhmətə gedib, saçlarımı da bu səbəbdən qırxdırmışam. – Bunu deyib məzlum sifəti ilə başındakı sarğını açdı.

Rəis təəccüblə bu qəribə qadına baxırdı. “Məgər ondan soruşan oldu ki, ayın neçəsidir?” – düşündü və birdən ağlına nə gəldisə, tez bir qadın polis nəfərinin gəlməsini tələb etdi. Polis gəldikdə başı ilə Nqombaya işarə edib:

– Bu adamın həqiqətdə kim olduğunu müəyyənləşdirmək lazımdır, – dedi. – Olduqca qəribə və müəmmalı məsələdir. Burda nəsə bir sirr var!

Qadın polis bir anlığa çaşıb qaldı, nə edəcəyini bilmədi. Rəis bunun fərqinə varıb qısaca izah etdi:

– Onu əməlli-başlı yoxlayın, aydındır?

Polis qadın “əməlli-başlı” sözünün xüsusi vurğu ilə deyildiyini nəzərə aldı. Və ciddi görkəm alıb Nqombaya yaxınlaşdı.

 

Tərcümə edən: Bəhlul Seyfəddinoğlu

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Çili yazıçısının essesi

Şb Dek 9 , 2023
Karlos Franz Çili yazıçısı; 1959-cu ildə Cenevrədə anadan olub; 1983-cü ildə Çili Universitetində hüquq təhsili alıb; “Santyaqo Sero”, “Cənnətin olduğu yer”, “Səhra”, “Qaniçənlərin naharı”, “Özünü mənim gözlərimlə görsəydin” romanlarının, “Məhbus” adlı hekayələr toplusunun və esselərin müəllifidir; Əsərləri ingilis, alman, fransız, italyan, niderland, portuqal, fin, polyak, rumın və çin dillərinə tərcümə olunub; Çilinin İspaniyadakı Səfirliyində mədəniyyət attaşesi vəzifəsində […]