Məmməd Arazın 90 illiyi ilə əlaqədar 2023-cü il oktyabr ayının 14-də I Fəxri Xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib. V Məmməd Araz Poeziya günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər və jurnalistlər, xalq şairinin ailə üzvləri və qohumları iştirak edib. Yeni formatda düzənlənən tədbir öncəsi Xəzər Universiteti tələbələrindən ibarət bir qrup Arazsevər Elmlər Akademiyası metrosu qarşısından başlamaqla Fəxri Xiyabanadək şairin “Nə bilim”, “Dünya sənin, dünya mənim…” mahnılarını oxuyaraq ustad sənətkarın məzarını ziyarətə gəlib. Sonra universitetin İbtidai sinif müəllimliyi I kurs tələbələri Şəms Cavadova, Fidan Quliyeva, Əsiyyət Severxanova, Aydan Zahirova, Ayişə Sadıqova, Simuzər İskəndərzadə, Səbinə İsrayılova, Aytac Quluzadə, Xədicə Hüseynova, Telli Yaqubova, Leyla Bayramova, Məleykə Qürbətli, Aysun Müseyibova, Fəridə Abdullazadə, Aytac Quluzadə, Sonya Babayeva, şairin məzarı üstə şairin şeirlərindən və mahnılarından ibarət kompozisiya təqdim ediblər.
Tədbirə moderatorluq edən “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı Vətən şairinin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıb. O, tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.
Şair Ağacəfər Həsənli, “Ədalət” qəzetinin Baş redaktor müavini Əbülfət Mədətoğlu, iqtisadçı İsa Məmmədov, Xalq şairinin yaxın qohumu Rəşid Məmmədov çıxışlarında onunla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər. Ölməz sənətkarın qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.