Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/10/02/oldos-haksli-c%c9%99sur-yeni-dunya-19/

(davamı)

Kinematoqrafik qaranlıqda Bernard əvvəllər zil qaranlıqda belə etməyə cəsarət etmədiyi bir hərəkət etdi. O, yeni qazandığı əhəmiyyətdən cəsarətlənərək direktorun belini qucaqladı. Direktorun beli salxım söyüd kimi ona tərəf əyildi. Gizlicə bir-iki dəfə öpüb ya da yüngülcə çimdikləməyə hazırlaşırdı ki, pəncərə örtükləri yenidən açıldı.

– Baxışa davam etsək yaxşı olar, – deyərək xanım Kiyt qapıya tərəf getdi.

– Bura da, rektor dəhlizlə irəliləyərək dedi, – Hipnopedik İdarəetmə Otağıdır.

Hər yataqxanaya bir dənə olmaqla otağın üç divarı boyunca yüzlərcə sintetik musiqi cihazı olan rəflər düzülmüşdü, dördüncü divarda özək rəflərdə müxtəlif hipnopedik dərslər yazılmış kağız rulonlar var idi.

– Rulonu buraya qoyub, – deyə Bernard Elmlər Doktoru cənab Qefninin sözünü kəsdi, – bu düyməni basırsan…

– Xeyr bu düyməni, – rektor dilxor halda dedi.

– Bəli, bu düyməni. Sonra rulon fırlanıb açılır, selen fotoelementləri işıq impulslarını səs dalğalarına çevirir və…

– …yuxuda öyrənmə baş verir, – deyə Elmlər Doktoru Qefni cümləni tamamladı.

Məktəb kitabxanasının yanından keçərək Biokimya Laboratoriyasına tərəf gedərkən Vəhşi soruşdu:

– Şekspiri oxuyurlarmı?

– Əlbəttə ki, xeyr, – utandığından qızaran direktor dedi.

– Kitabxanamızda, – Elmlər Doktoru Qefni dedi, – yalnız soraq kitabları var. Əgər əylənmək istəsələr duyğu filmlərinə baxmağa gedə bilərlər. Biz gənclərimizi qətiyyən tənha əyləncələrə həvəsləndirmirik.

Yaxınlıqdakı şüşələnmiş yoldan qız və oğlan dolu beş avtobus keçdi; bəziləri mahnı oxuyur, bəziləri isə sakitcə bir-birini qucaqlamışdı.

– Slaudan, krematoridən qayıdırlar, – deyə rektor izah elədi. Bu arada Bernard pıçıltı ilə həmin axşam üçün görüş təyin edirdi. – Ölümə öyrətmə on səkkiz aylıqdan başlayır. Hər körpə həftədə iki səhəri ölümcül xəstələr olan xəstəxanada keçirir. Orada körpələri ən yaxşı oyuncaqlar və şokoladlı piroq gözləyir. Körpələr ölümü adi bir şey kimi qəbul etməyi öyrənirlər.

– Bütün digər fizioloji proseslər kimi, – deyə Direktor peşəkarcasına əlavə etdi.

Direktorla razılaşmışdı. Saat səkkizdə Savoyda.

Londona qayıdarkən Brentford Televiziya Korporasiyasının fabrikində yerə endilər.

– Xahiş edirəm, məni bir dəqiqə gözlə, zəng edib gəlirəm, – Bernard dedi.

Vəhşi gözləyərkən ətrafa göz gəzdirdi. Gündüz növbəsi bitmək üzrə idi. Yalnız on-on ikisi istisna olmaqla eyni sifətli və boy-buxunlu aşağı kastalara mənsub hər iki cinsdən olan yeddi-səkkiz yüz nəfər qamma, delta və epsilon işçidən ibarət kütlə tək reysli qatar stansiyasının qarşısında növbəyə dayanmışdı. Kassir biletlə birlikdə hər birinə karton həb qutusu uzadırdı. Kişi və qadınlardan ibarət ilan quyruğu kimi uzanan növbə yavaş-yavaş irəliləyirdi.

– O mücrülərdə nə var? – “Venesiya taciri” ni xatırlayan Vəhşi Bernard yanına qayıdanda soruşdu.

– Bir günlük soma payı, – Benito Huverin verdiyi saqqızlardan birini çeynəməkdə olan Bernard anlaşılmaz şəkildə dedi. – İşlərin bitirəndən sonra somalarını alırlar. Dörd dənə yarım qramlıq həb. Şənbə günü isə altı dənə.

Conun qolundan mehribanlıqla tutdu və qaçaraq helikopterə qayıtdılar.

Lenina mahnı oxuyaraq soyunma otağına girdi.

– Deyəsən, kefin yerindədir, – Fanni dedi

– Yerindədir, – deyə Lenina cavab verdi. (Cırt! – zəncirbəndini aşağı çəkdi.) – yarım saat əvvəl Bernard zəng etmişdi. (Cırt, cırt! – şortlarını çıxardı.) – Qəfil bir işi çıxıb. (Cırt!) – Vəhşini duyğu filminə aparmağı xahiş etdi. Uçmalıyam. Qaçaraq vanna otağına keçdi.

“Qızın bəxti gətirir də” –-deyə Leninanı arxasından baxan Fanni düşündü. Fanninin sözlərində paxıllıq yox idi, safqəlbli Fanni sadəcə faktı etiraf edirdi. Leninanın, doğrudan da, bəxti gətirmişdi. Vəhşinin möhtəşəm şöhrətindən sadəcə Bernarda yox, ona da pay düşdüyünə görə, əhəmiyyətsiz kimliyindən bir anın ən ali şan-şöhrətini bölüşmək fürsəti əldə etdiyi üçün bəxti gətirmişdi. Gənc Qadınların Fordian Birliyinin* sədri təəssüratları ilə bağlı mühazirə oxumasını istəməmişdimi? Leninanı “Afroditeum” klubunda illik dəvətli nahara dəvət etməmişdilərmi? Onu “Duyula bilən xəbərlər”də göstərməmişdilərmi, görmə, eşitmə və toxunma vasitəsilə planetin milyonlarla sakininə təqdim etməmişdilərmi? Tanınmış insanların Leninaya göstərdiyi diqqət də eyni dərəcədə qürurverici idi. Dünya İdarəedicisinin İkinci Katibi onu axşam və səhər yeməyinə dəvət etmişdi. Lenina Baş hakim və Kənterberi Camaat İlahi Evinin Baş Nəğməoxuyanı ilə bir həftə sonu keçirmişdi. Ona Xarici Sekresiya Vəziləri Korporasiyasının Prezidenti tez-tez zəng edirdi, Avropa Bankının Prezidentinin Müavini ilə isə Dovildə* olmuşdu.

– Nə deyəsən, əladır. Amma bir tərəfdən də, – deyə Lenina Fanniyə etiraf etmişdi, – özümü elə hiss edirəm ki, sanki bütün bu diqqəti saxtakarlıqla qazanmışam, çünki öyrənmək istədikləri ilk şey Vəhşi ilə sevişməyin necə olduğu olur. Mən də deyirəm ki, bilmirəm. – Başını yırğaladı. – Əlbəttə, demək olar ki, heç kəs mənə inanmır. Ancaq bu həqiqətdir.

Təəssüf ki, həqiqətdir, – deyərək hüznlü bir şəkildə ah çəkdi. – O dəhşət gözəldir, elə deyil?

– Bəs onun səndən xoşu gəlirmi? – deyə Fanni soruşdu.

– Bəzən mənə elə gəlir ki, xoşu gəlir, bəzən isə yox. Məndən qaçmaq üçün əlindən gələni edir, mən girəndə otaqdan çıxır, mənə toxunmur, heç baxmır da. Ancaq bəzən qəfil çönüb görürəm ki, mənə baxır, özün bilirsən də kişilərin kimdənsə xoşu gələndə necə baxırlar.

Fanni başı ilə təsdiqlədi .

– Ona görə də anlaya bilmirəm, – Lenina dedi.

Anlaya bilmirdi, çaşqın və məyus idi.

– Çünki, bilirsən Fanni, o mənim xoşuma gəlir.

“Get-gedə daha çox xoşuma gəlir. İndi isə, bu görüş əsl imkandır, ” – deyə vanna qəbul etdikdən sonra ətirlənərkən öz-özünə düşünürdü. Bir az bura, bir az da bura, azcada bura… Sevincindən mahnı oxumağa başladı:

Bas məni bağrına, əzizim

Öp məni, ta olunca sərxoş

Elə sarmaş ki, ayrılmayaq

Eşq də somadır, gözəl və xoş.

Ətirli orqan sərinlədici “Bitki kapriççiosu” ifa edir, kəklikotu, lavanda, rozmarin, reyhan, mərsin, tərxunlu arpeçiolar* saçırdı; ədviyyat tonallıqlardan keçməklə bir sıra cəsarətli modulyasiya ilə ənbərə yüksəldi və sonra səndəl ağacı, kamfora, sidr və yeni biçilmiş saman (aradabir içalat və zəif donuz peyininin qoxusu ilə yüngülcə dissonanslar* da olurdu) və sonda kapriççionun başlanğıcındakı gül-çiçək ətirlərinə qayıtdı. Son kəklikotu əsintisinin susması sürəkli alqışlarla qarşılandı, işıqlar yandı. Sintetik musiqi cihazında səsyazma rulonu fırlanaraq açılmağa başladı. Hiper – skripka, super – violonçel və süni qoboy üçün bəstələnmiş trio, havanı xoş bir yüngülləşmə ilə doldurdu. Otuz – qırx takt beləcə ifa olundu, sonra bu instrumental musiqi fonunda fövqəlinsan səsi gəldi: gah boğaz, gah baş, gah da fleyta kimi boğuq tonlarda, gah da ki, həsrət dolu obertonlarla* oxumağa başladı, bu səs rahatca Qaspard Fosterin musiqi tonlarının ən aşağı həddində vardığı səsdən, (1770-ci ildə Parma şəhərinin Hersoq operasında Motsartı heyrətə salan bir tərzdə) tarixdəki bütün müğənnilərin içərisində yalnız Lukresiya Ayuqarinin* qulaqbatırıcı tərzdə səsləndirdiyi ən yüksək “do” notundan da uca, demək olar ki, ultrasəs səviyyəsinə qədər tondan-tona keçirdi.

Lenina və Vəhşi pnevmatik kreslolarına yayxanıb iyləyərək dinləyirdilər. İndi qavrama növbəsi göz və dərinin idi.

Salonun işıqları söndü; qaranlıqda alov rəngli iri hərflər göründü: HELİKOPTERDƏ ÜÇ HƏFTƏ. SİNXRON ƏTİRLİ ORQANIN MÜŞAYİƏTİ İLƏ SUPER MAHNILI, SİNTETİK NİTQLİ, RƏNGLİ STEREOSKOPİK DUYĞU FİLMİ.

– Kreslonun qollarındakı o girdə metal dəstəklərdən tut, – deyə Lenina pıçıldadı. – Yoxsa duyğu effektlərini hiss edə bilməyəcəksən.

Vəhşi dediklərini etdi.

Bu arada alov rəngli hərflər sönmüşdü; on saniyə ərzində tam qaranlıq oldu, sonra anidən bir-birinə sarılmış iri cüssəli bir zənci ilə qızılı saçlı gənc, girdəbaş bir beta plyus qadının stereoskopik görüntüləri peyda oldu. Realdan real, canlıdan canlı görünürdülər, ət və sümükdən olsaydılar belə gözqamaşdırıcı olmazdılar.

Vəhşi diksindi. Dodaqlarında necə də qəribə hiss vardı! Əlini dodağını çəkdi, qıdıqlanma dayandı, sonra əlini yenidən girdə metal dəstəyin üzərinə qoydu və qıdıqlanma təkrar başladı. Bu dəmdə ətirli orqan ətrafa müşk dalğaları saçırdı. Reproduktorlardan gələn həyəcanlı səs göyərçin kimi – Oo-ooh, – deyə quruldadı və saniyədə otuz iki dəfə titrəyən Afrika basından daha dərin bir səs cavab verdi: – A-aah. Stereoskopik dodaqlar, -Ooh-ah! Ooh-ah! – deyərək yenidən qovuşdular və “Əlhambra” dakı altı min tamaşaçının üzlərindəki erogen zonalar, demək olar ki, bir dözülməz bir qalvanik ləzzətlə gizildədi. – Oooh…

Filmin süjeti son dərəcə bəsit idi. İlk “Oooh”lar və “Aaah”lardan bir neçə dəqiqə sonra (sevgililər duetlərini oxumuş və məşhur ayı dərisinin üzərində qucaqlaşmışdılar – Sosial İstiqamətləndirmə Müdiri haqlı idi, ayı dərisindəki hər bir tük tək-tək və aydın hiss edilə bilirdi) zənci helikopter qəzasına uğradı və başı üstə yerə dəydi. Gurupp! Güclü bir ağrı hissi tamaşaçıların alınlarını deşdi! Tamaşaçılardan xorla “of ”, “uf ” səsləri eşidildi.

Beyin sarsıntısı zəncinin tərbiyələndirməsini büsbütün alt-üst etmişdi. Onda beta sarışına qaşı qeyri-adi və dəli bir ehtiras oyanmışdı. Sarışın etiraz elədi. Zənci inadından əl çəkmədi. Qovhaqov, mübarizə, rəqibin üzərinə hücum çəkmək və sonda maraqlı bir adam qaçırtma səhnəsi oldu. Beta sarışın göy üzünə qaçırıldı və orada saxlanıldı, dəli zənci ilə üz-üzə, göz-gözə son dərəcə antisosial yaşam üç həftə davam elədi. Nəhayət, çoxsaylı macəra və hava akrobatlığı səhnəsindən sonra üç gənc alfa sarışını xilas edə bildi. Zənci əli qolu bağlı Təkrar Tərbiyələndirmə Mərkəzinə göndərildi və film xoşbəxt və ədəbli sonluqla bitdi – sarışın üç xilaskarının sevgilisi oldu. Sevişmələrinə bir müddət ara verərək tam heyətli bir super orkestr və ətirli orqandan yayılan qardeniya rayihəsinin müşayiəti ilə sintetik bir kvartet ifa etdilər. Sonra ayı dərisi yenidən səhnədə göründü və saksofonların sədası altında yekun stereoskopik öpüşlə ekran qaraldı, tamaşaçıların dodaqlarındakı elektrik qıcıqlanma, qanadlarını get-gedə daha zəif çırpan və artıq tərpənmədən donub qalan bir pərvanə kimi sona yetdi.

Ancaq Lenina üçün pərvanə hələ tam olaraq can verməmişdi. İşıqlar yandıqdan sonra qələbəliyin ortasında yavaşca liftlərə tərəf irəliləyəndə də pərvanənin ruhu dodaqlarında qanad çalır, dərisində incə, şirin və həyəcanlandırıcı xətlər cızırdı. Həyəcandan yanaqları yanır, gözləri par-par parıldayır, sinəsi enib qalxırdı. Vəhşinin əlindən tutaraq sakitcə vücudunun yan tərəfinə sıxdı. Vəhşi bir anlığa iztirab içində çəpəki ona baxdı, Leninanı həm arzulayır, həm də bu arzudan utanırdı. Leninaya layiq deyildi, deyildi… Bir anlığa baxışları toqquşdu. Leninanın gözləri nə xəzinələr vəd edirdi! Necə şahanə sevgi xəzinəsi! Təlaşla gözlərini qaçırıb ehtiras qandalı vurulan əlini azad etdi. Vəhşi qeyri-iradi olaraq qorxurdu ki, Lenina daha özünü layiq olmadığını hiss etdiyi varlıq olmaqdan çıxar.

– Məncə belə şeylərə gərək baxmayasınız – Leninanın indi və ya gələcəkdə mükəmməllikdən uzaqlaşmalarının günahını ətrafdakılarının üzərinə yıxmaq üçün dedi.

– Necə şeylərə, Con?

– Belə dəhşətli filmlərə.

– Dəhşətli? – Lenina doğrudan da çaşqınlıq içində idi. – Məncə film çox gözəl idi.

– İyrənc bir film idi, – əsəbi halda, dedi. – Biabırçı idi.

– Nə demək istədiyini başa düşmürəm, deyə Lenina başını yırğaladı. “O niyə belə qəribədir? Niyə hər şeyi korlamaq üçün əlindən gələni edir?”

Taksikopterdə heç üzün çevirib Leninaya baxmadı. Heç vaxt içmədiyi andlarla əli-qolu bağlı və çoxdan qüvvədən düşmüş qanunlara tabe olan Vəhşi üzünü yana tutaraq sakitcə oturmuşdu. Bəzən tarıma çəkilmiş bir simə toxunurcasına bütün vücudu qəfil əsəbi diksinmə ilə titrəyirdi.

Taksikopter Leninanın yaşadığı mənzilin damında yerə endi. – “Axır ki, ” – deyə sevincək düşünərək taksidən düşdü. “Axır ki, ” – Vəhşinin bir az əvvəl qəribə davranmasına rəğmən. Bir fənərin altında dayanaraq əl aynasına baxdı. Axır ki. Bəli, indi burnu bir az parıldayırdı. Kirşan yastıqcasını silkələdi. Vəhşi taksinin pulunu verincə onun sifətinə əl gəzdirməsi üçün kifayət qədər vaxtı var idi. Sifətini kirşanlayarkən öz-özünə düşünürdü: “O, çox yaraşıqlıdır. Bernard kimi utancaq davranmağına heç bir səbəb yoxdur. Ancaq bununla belə… Başqa birisi olsaydı indi çoxdan. Nə isə, indi axır ki, “Balaca yumru əl aynasından ona baxan gözlər və yanaqlar gülümsədi.

– Gecəniz xeyrə qalsın, – arxadan boğuq bir səs dedi. Lenina dabanı üstdə geri döndü. Con taksinin qapısının ağzında dayanaraq gözlərini zilləyib ona baxırdı. Yəqin Lenina burnunu kirşanlayanda onu izləyərək gözləmişdi – ancaq nəyi? Bəlkə də tərəddüd içində hansı qərarı verəcəyini bilmir, elə hey götür-qoy edir, düşünürdü – hansı qeyri-adi, qəribə şeylər barədə düşündüyünü ağlına belə gətirə bilmirdi.

– Gecən xeyrə qalsın, Lenina, – deyə təkrar elədi və sifətini qırışdıraraq qəribə bir tərzdə gülümsəməyə çalışdı.

– Amma Con… mən düşünürdüm ki, sən… yəni içəri…?

Vəhşi cavab vermədən qapını örtdü və nə isə demək üçün sürücüyə tərəf əyildi. Taksi sürətlə havaya qalxdı.

Döşəmədəki pəncərədən aşağı baxan Vəhşi, Leninanın yuxarı baxan, fənərlərin mavitəhər işığında solğun görünən sifətini gördü. Ağzı açıq idi, onu çağırırdı. Leninanın rakursda* qısalmış görüntüsü sürətlə aşağıya doğru uzaqlaşdı, dam sürətlə kiçilən dördkünc şəklində qaranlığa düşürmüş kimi görünürdü.

Beş dəqiqə sonra Vəhşi öz otağına qayıtmışdı. Siçanların gəmirdiyi kitabı gizlətdiyi yerdən çıxartdı, ləkəli və əzilmiş səhifələrini dini kitab kimi ehtiyatla vərəqlədi və “Otello”nu oxumağa başladı. Otellonun da “Helikopterdə üç həftə”nin qəhrəmanı kimi zənci olduğunu xatırladı.

Lenina gözlərinin yaşını silərək liftə doğru getdi. İyirmi yeddinci mərtəbəyə düşərkən soma şüşəsini çıxartdı. Qərara gəldi ki, bir qram kifayət etməz; onun qüssəsi bir qramlıq qüssələrdən deyildi. Ancaq iki qram qəbul etsəydi ertəsi gün vaxtında yuxudan qalxa bilməmək təhlükəsi var idi. Ortaq məxrəci tapdı, şüşəni silkələyib ovcuna üç dənə yarım qramlıq həb boşaltdı.


*Burada və digər yerlərdə müəllif məşhur burjuaziya müəssisə və təşkilatlarının adlarını rişxəndlə dəyişdirir. (Gənc qadınların xristian birliyi “Atenum” və s.)

*Fransada dəniz sahilində yerləşən şəhər

*Akkordları əmələ gətirən tonları birdən deyil, bir-birinin dalınca götürmə üsulu; bu üsul ilə çalınan akkord.

*Səslərdə ahəngsizlik, qarışıqlıq, uyğunsuzluq

*Əsas tona xüsusi rəng verən əlavə ton

*Ayuqari Lukresiya (1743 – 1783) – məşhur italyan müğənnisi

*Rakurs – görülənin ön plandan uzaq olan hissələrinin perspektivdə son dərəcə qısa şəkildə görünməsi.

Davamı var 

Tərcümə edən: Xaqani Cavadoğlu 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şəfa Yusifli. Günlərdən çərşənbə

Günlərdən çərşənbə, tünd dəmli çay, Bir ovuc isti xatirə, bədirlənmiş bir ay. İki fincan, tündü mənim, sadəsi sənin, Yenə xatirələr mənim, soyumuş çay sənin.   Bəlkə bir bün yoruldum, əsdi əllərim, Olanlar da xatirələrdə yadlaşar, de neyləyim? İşdi qalmasa səni xatırlamağa heyim, Unutsam çayı necə içdiyini, de neyləyim?   Eh […]