Əvvəli: https://klv.az/2023/09/25/oldos-haksli-c%c9%99sur-yeni-dunya-18/
(davamı)
ON BİRİNCİ HİSSƏ
Dölləndirmə otağındakı qalmaqaldan sonra Londonun bütün yuxarı kastaya aid insanları İnkubator və Tərbiyə Mərkəzinin Müdiri qarşısında, (daha doğrusu, keçmiş Müdirin qarşısında, çünki zavallı Müdir hadisədən dərhal sonra istefa vermişdi və bir daha mərkəzdən içəri ayağını qoymamışdı) diz çöküb, ayaqlarına düşərək ona “atam” deyən (bu zarafat inanılmaz dərəcədə məzəli idi) möhtəşəm məxluqu görməkdən ötəri dəridən-qabıqdan çıxırdı. Linda isə əksinə heç kəsi maraqlandırmırdı.
Özünü ana adlandırmaq artıq zarafat yox, ədəbsizlik idi. Üstəlik Linda əsl vəhşi deyildi, hamı kimi şüşədən çıxarılmış və tərbiyələndirilmişdi, ona görə də onun qəribə fikirləri ola bilməzdi. Nəhayət, insanların zavallı Lindanı görmək istəməmələrinin ən əsas səbəbi onun xarici görünüşü idi. Gənclik təravətin itirmişdi, kök, dişləri eybəcər, sifəti ləkələrlə dolu idi, bir də o bədəni (Aman Ford!) – görən kimi adamın mədəsi bulanırdı. Bu səbəbdən cəmiyyətin qaymaqları qəti olaraq onu görmək istəmirdilər. Lindaya gəldikdə isə, o da onları görməyə can atmırdı. Onun üçün sivilizasiyaya qayıdış, somaya qayıdış demək idi, yataqda uzanaraq tətil ardınca tətilə çıxmaq, özünə gəldikdə isə peyotldan sonra həmişə olduğu kimi, başı ağrımamaq və qusmamaq, sanki cəmiyyət əleyhinə elə bir iş görmüsən ki, bir daha camaat arasında başını dik tutub yeriyə bilməyəcəksən hissi keçirməmək demək idi. Soma adamın başına bu oyunları açmır. Onun təklif etdiyi tətil qüsursuz idi və əgər növbəti səhər xoşagəlməz bir hiss keçirirsənsə bu somaya görə yox, tətildə alınan zövqlə reallıq arasında müqayisə nəticəsində olurdu. Bunun da çarəsi tez-tez tətilə çıxmaq idi. Linda acgözlüklə daha çox miqdarda və daha tez-tez soma tələb edərək hay-küy salırdı. Həkim Şou əvvəlcə etiraz etmişdi, ancaq sonradan istədiyi miqdarı verməyə başladı. Elə vaxtlar olurdu ki, gündə iyirmi qram qəbul edirdi.
– Bir-iki aya bu onun axırına çıxacaq, Həkim Bernardla söhbət edərkən, – dedi.
– Bir gün tənəffüs mərkəzi iflic olacaq. Nəfəs ala bilməyəcək. Sonu çatacaq. Belə daha yaxşıdır. Cavanlığını geri qaytara bilsəydik, vəziyyət başqa cür olardı. Ancaq bunu edə bilmirik.
Hamının gözlədiyinin əksinə olaraq Con buna etiraz etdi (çünki soma tətilində olanda Linda ortalıqda dolaşmır və heç kəsə mane olmurdu).
– Axı bu miqdarda həb verməklə onun ömrünü gödəldirsiniz!
– Bir tərəfdən baxanda, bəli, – deyə Həkim Şou, razılaşdı, – ancaq o biri tərəfdən baxanda ömrünü uzadırıq. Con çaşqın baxışlarla ona baxdı. – Soma tətili ömrünüzü bir neçə il qısalda bilər, – deyə həkim sözünə davam etdi. – Ancaq onun bəxş elədiyi zaman çərçivəsindən kənar böyük, ölçüyə gəlməz müddəti düşünün. Hər bir soma tətili əvvəllər əcdadlarımızın əbədiyyət adlandırdığı şeyin bir parçasıdır.
“Əbədiyyət gözlərimizdə və dodaqlarımızda idi*, – deyə mızıldandı. Con anlamağa başlamışdı.
– Necə? – deyə həkim Şou soruşdu.
– Heç, elə belə.
– Təbii ki, görüləcək ciddi işləri varsa, insanların davamlı olaraq soma qəbul edib əbədiyyətə yola çıxmalarına icazə vermək olmaz, – deyə Həkim Şou davam elədi. – Ancaq Lindanın görəcək ciddi bir işi olmadığını nəzərə alsaq…
– Yenə də bunun doğru olmadığını düşünürəm, – Con öz fikrində qalaraq dedi.
Həkim çiyinlərini çəkdi.
– Əgər soma tələb edərək çığır-bağır salmasını istəyirsinizsə…
Sonda Con güzəştə getməli oldu. Linda öz somasına qovuşdu. O gündən sonra da Bernardın qaldığı binanın otuz yeddinci mərtəbəsindəki kiçik otağında qaldı. Davamlı olaraq yataqda idi. Radio və televiziya bütün günü yanılı qalır, krandan paçuli ətri damcılayır, əlinin altında isə soma həbləri – beləcə yatağında uzanar və eyni zamanda daima haradasa uzaqlarda, çox uzaq yerlərdə tətildə olardı. Radiodan gələn musiqinin səsli rənglər, (gözəl və qaçılmaz döngələrdən keçərək) həyəcanlı və sürüşkən bir labirintinə çevrildiyi, mütləq inancın parlaq mərkəzinə aparan başqa bir dünyada idi və burada rəqs edən televiziya qəhrəmanları sözlə ifadə edilməsi mümkün olmayan, hamının mahnı oxuduğu gözəl bir duyğu filmində aktyorlara çevrilirdilər və damlayan paçuli sadəcə ətir yox, günəş idi, bir milyon saksofon idi, sevişən Pope idi, sadəcə daha gerçək və daha sonsuz idi.
– Xeyr, gəncliyi geri qaytara bilmirik. Yenə də, – deyərək həkim Şou sözünə davam edirdi, – insanda qocalıq halını görmə fürsəti əldə etdiyim üçün çox şadam. Məni çağırdığınız üçün sizə ürəkdən təşəkkür edirəm – deyərək Bernardın əlini sıxdı.
Hər kəs Conu görməyə can atırdı. Con ilə yalnız rəsmi qəyyumu Bernard vasitəsilə görüşmək mümkün olduğundan, həyatında ilk dəfə olaraq Bernardla sadəcə adi insan yox, qeyri-adi əhəmiyyətə malik insan kimi davranmağa başlamışdılar. Artıq heç kəs süni qanındakı alkoqoldan danışmır, xarici görünüşü barədə istehza etmirdi. Henri Foster dostlaşmaq üçün əlindən gələni edir, Benito Huver isə ona altı seks hormonlu saqqız bağışlamışdı, Sosial İstiqamətləndirmə Köməkçisi gəlib Bernardın təşkil etdiyi əyləncə gecələrindən birinə dəvətnamə əldə etmək üçün yalvarıb-yaxarmışdı. Qadınlara gəldikdə isə Bernardın dəvətnamə barədə söz salması kifayət idi ki, istədiyi qadınla birlikdə ola bilsin.
– Bernard məni gələn çərşənbə vəhşi ilə görüşə çağırıb, – Fanni zəfər qazanıbmış kimi əda ilə dedi.
– Çox şad oldum – Lenina dedi. – İndi etiraf etməlisən ki, Bernard barədə yanlış fikirdə olmusan. Səncə də həqiqətən sevimli deyilmi?
Fanni başı ilə təsdiqlədi.
– Etiraf etməliyəm ki, mənim üçün çox xoş bir sürpriz oldu.
Qablaşdırma Müdiri, Sosial İstiqamətləndirmə Müdiri, Baş Dölləndirmə Müavinin üç köməkçisi, Duyğu Mühəndisliyi Universitetindən duyğu filmləri professoru, Vestminster camaat ilahi evinin baş keşişi, Bokanovskiləşdirmə üzrə Nəzarətçi – Bernardın məşhurlar siyahısı saymaqla qurtarmırdı.
– Keçən həftə altı qızla birlikdə olmuşam, – deyə Helmholts Uotsonın yanında lovğalanırdı. – Bazar ertəsi bir, çərşənbə axşamı iki, cümə günü daha iki, bazar günü də bir qızla birlikdə oldum. Ən azı on-on iki əlavə qız bir işarəmə bənd idi, sadəcə vaxtım və həvəsim yox idi…
Helmholts onu lovğalanmağını elə qəmli, sakitcə dinləyirdi ki, Bernard incidi.
– Paxıllığın tutur, – Bernard dedi.
Helmholts başını yırğaladı.
– Xeyr, sadəcə qəmlənirəm, – dedi.
Bernard dostunun yanından incik halda ayrıldı. Özünə söz verdi ki, bir də heç vaxt Helmholtsla danışmayacaq.
Bir neçə gün keçdi. Uğur bernardın başını gicəlləndirmiş və bu arada (hər bir yaxşı kefləndirici kimi) o vaxta qədər narazı olduğu dünya ilə barışdırmışdı. İndi həmin dünya yaxşı idi, çünki Bernardın əhəmiyyətini etiraf edirdi. Ancaq uğurundan razı olsa və dünya ilə barışsa da, Bernard dünya düzənini tənqid etmək imtiyazından əl çəkmək istəmirdi. Belə ki, tənqid Bernardın əhəmiyyətli olmaq hissini gücləndirir, özünü daha güclü hiss etməsinə səbəb olurdu. Bundan başqa, tənqid edilməli şeylər olduğuna ürəkdən inanırdı. (Eyni zamanda uğur əldə etmək və istədiyi qızlarla birlikdə olmaq da ürəyindən idi.) Vəhşi ilə görüşə bilmək üçün ona iltifat göstərənlərin qarşısında açıq-aşkar fərqli düşündüyünü nümayiş etdirirdi. Onu nəzakətlə dinləyirdilər. Ancaq arxasınca başlarını yırğalayır və – “bu gəncin axırı pis olacaq” – deyirdilər. Vaxtı gələndə isə axırının pis olması üçün əllərindən gələni əsirgəməyəcəklərini düşünürdülər. – “İkinci dəfə sudan quru çıxmaq üçün bir Vəhşi tapa bilməyəcək,” – deyirdilər. Ancaq bu arada birinci Vəhşi orada olduğundan nəzakətlərindən qalmırdılar. Nəzakətli olduqları üçün Bernard özünü nəhəng və eyni zamanda yüksək əhval-ruhiyyədə olduğundan havadan da yüngül hiss edirdi.
Bernard yuxarı işarə edərək, – havadan da yüngül, – dedi.
Başlarının üzərində, göy üzündə süzən Meteorologiya idarəsinin aerostatı günəş işığında bir inci kimi qırmızı rəngdə parıldayırdı.
– “… mədəni həyatın bütün cəhətlərini, – Bernarda verilən göstərişdə deyilirdi, – sözügedən Vəhşiyə nümayiş etdirmək lazımdır…”
Hazırda Vəhşiyə mədəni həyat hündürdən göstərilirdi, Çerinq – T qülləsinin platformasından bir quşbaxışı görünüşü. Bələdçi qismində məsul meteoroloq və stansiya rəisi çıxış edirdilər. Ancaq danışan əsasən Bernard idi. Uğurdan gözü ayağının altını görməyən Bernard özünü elə aparırdı ki, sanki, ən azı, Dünya İdarəedicisi idi. Göyün yeddinci qatında idi.
Bernardın uçduğu həmin o göy üzündən “Bombey Yaşıl Raketi” yerə endi. Sərnişinlər endilər. Salonun səkkiz illüminatorundan xaki geyinmiş bort nəzarətçisi – səkkiz Dravidian əkizi çölə boylandı.
– Saatda min iki yüz əlli kilometr, – deyə Stansiya Rəisi vüqarla dedi. – Necə sürətdir, cənab Vəhşi?
– Bəli, ancaq Ariel qırx dəqiqə ərzində dünyanın belinə kəmər dolaya bilirdi* – Con dedi.
Mustafa Monda yazdığı hesabatda Bernard bu sözləri yazmışdı, – “Vəhşi sivilizasiyanın kəşfləri qarşısında gözlənilməz dərəcədə az heyrət və heyranlıq nümayiş etdirir. Bunun bir səbəbi bunlar barədə çoxdan Lindanın, a…nın danışmasıdır”.
Mustafa Mond qaşqabağını tökdü. – Bu axmaq sözü tam yazmaqla məni şoka salacağını düşünür?
“Digər səbəbi isə marağının fiziki aləmdən ayrı mövcud olduğunu israrla isbat etməyə çalışdığı “ruh “ adlandırdığı şeyin üzərində cəmləşməsidir; mən onu başa salmağa çalışıram ki…”
Dünya İdarəedicisi sonrakı cümlələri buraxdı və nə isə konkret bir şey axtararaq səhifəni çevirmək üzrə idi ki, bir sıra tamamilə qeyri-adi ifadələrə sataşdı, – “…bununla belə etiraf etməliyəm ki, buradakı uşaqlıq dövrünün, çox asan olması, ya da özünün dediyi kimi, ucuz olması fikri ilə razılaşıram; bu imkandan istifadə edib Ford həzrətlərinin diqqətini…”
Mustafa Mondun qəzəbi öz yerini dərhal sevincə verdi. Bu məxluqun sosial düzən mövzusunda ona – Mustafa Monda – mühazirə oxuması həqiqətən də gülünc idi. Yəqin başına hava gəlib. “Bu hərifə bir dərs vermək lazımdır,” – deyə düşündü, – sonra da başını arxaya əyib yüksək səslə güldü. Ancaq nə olur-olsun dərs indi verilməyəcəkdi.
Elektrik cihazları korporasiyasına daxil olan, helikopterlər üçün işıqlandırma dəsti istehsal edən kiçik zavoda baş çəkdilər. Onları damda Baş texnik və İnsan Ünsürü üzrə Menecer qarşıladı (çünki dünya İdarəedicisinin səmimi tövsiyə məktubu sehrli qüvvəyə malik idi). Fabrikə endilər.
– Hər bir proses, – deyə İnsan Ünsürü üzrə Menecer izah edirdi, – mümkün olduqca bir bokanovski qrupu tərəfindən yerinə yetirilir.
Həqiqətən də, soyuq presləməni səksən üç, demək olar ki, burnu olmayan, başı çiyinlərinə girmiş, qarabuğdayı delta icra edirdi. Əlli altı ədəd dörd oxlu torna avadanlığını əlli altı nəfər donqarburun sarışın qamma idarə edirdi. Yüz yeddi nəfər istiyə öyrəşdirilmiş seneqallı epsilon metaltökmədə çalışırdı. Otuz üç nəfər çanaq sümüyü dar, sarımtıl saçlı, uzunsov başlı, hamısının boyu bir metr altmış doqquz santimetr olan (20 millimetr az ya çox ola bilərdi) qadın deltalar yiv açırdılar. Montaj sexində iki cırtdan boylu qamma plyus generator quraşdırmaqla məşğul idi. İki alçaq iş masası üz-üzə dayanmışdı, onların arasından üzərində müxtəlif hissələr olan konveyer lenti gəlib keçirdi, qırx yeddi sarışın saçlı cırtdan, qırx yeddi qara saçlı cırtdan ilə qarşı-qarşıya çalışırdı. Qırx yeddi dikburun, qırx yeddi donqarburuna qarşı, qırx yeddi içəri batmış çənə, qırx yeddi çölə çıxmış çənəyə qarşı. Quraşdırılmış generatorları bir almanın yarısı kimi bir-birinə oxşayan on səkkiz qıvrım şabalıdı saçlı, yaşıl qamma forması geyinmiş qız tərəfindən yoxlanılırdı; otuz dörd solaxay, qısa ayaqlı kişi delta minus tərəfindən qablaşdırılır və altmış üç mavi gözlü, sarışın, çilli ağıldankəm epsilon tərəfindən hazır dayanmış yük maşınlarına və furqonlara yüklənilirdi.
– “Hey cəsur yeni dünya…” – hafizəsi Mirandanın sözlərini bədxahcasına Vəhşinin yadına saldı. – “Belə insanları olan cəsur yeni dünya necə cazibəliymiş!”
– Sizi əmin edirəm ki, – fabrikdən çıxarkən İnsan Ünsürü üzrə Menecer dedi, – işçilərimizlə demək olar heç bir problemimiz olmur. Bizdə həmişə…
Ancaq Vəhşi anidən yanındakılardan ayrılıb bir dəfnə ağaclarının arxasında elə qaytardı ki, sanki yerdə yox, hava çuxuruna düşmüş helikopterdə idi.
– “Vəhşi soma qəbul etməyi rədd edir, – deyə Bernard yazırdı, – “və a…sı Lindanın davamlı olaraq tətildə olmasından çox narahat görünür. Qeyd etmək lazımdır ki, a…nın qocalığına və xarici görünüşünün son dərəcə iyrənc olmasına baxmayaraq, Vəhşi tez-tez onu görməyə gedir və ona çox bağlıdır ki, bu da təbii meylləri yumşaltmaq və hətta yatırmaq məqsədilə psixikanın erkən formalaşdırılmasından istifadə etmək üçün maraqlı nümunədir (bu halda – xoşagəlməz obyektlə əlaqədən yayınmaq meyli)”.
İtonda məktəbin damında yerə endilər. Məktəb həyətinin qarşı tərəfində əlli iki mərtəbəli Lupton qülləsi günəşin şüaları altında parlayırdı. Solda kollec, sağda isə məktəbin ilahi evinin mübarək dəmir-beton və vita şüşəsi* ucalırdı. Binaların yaratdığı dördkünc məkanın ortasında Fordumuzun köhnə, xromlu poladdan düzəldilmiş heykəli ucalırdı.
Elmlər Doktoru cənab Qefni, rektor, məktəb direktoru və xanım Kiyt kabinadan enər-enməz Vəhşi və Bernardı qarşıladılar.
– Burada çox əkiz var? – baxışa başlayar-başlamaz Vəhşi əndişə ilə, soruşdu.
– Xeyr, yoxdur, – Rektor dedi. – İton yalnız yuxarı kastadan olan oğlan və qızlar üçün nəzərdə tutulmuşdur. Bir yumurta – bir yetkin. Təbii ki, bu təhsili çətinləşdirir.
Ancaq yetişdirmələrimiz məsuliyyəti öz çiyinlərinə götürməli olacaqlarından, eləcə də fövqəladə və gözlənilməz hallarda qərar qəbul etmələri lazım olduğundan başqa yolumuz yoxdur, – deyə direktor ah çəkdi.
Bu arada, xanım Kiyt Bernardın xoşuna gəlmişdi.
– Bazar ertəsi, çərşənbə və ya cümə günü bekarsızınızsa, sizi məmnuniyyətlə dəvət edirəm, – deyə ona təklif etdi. Baş barmağı ilə Vəhşinin göstərərək, – Hər şeylə maraqlanır, – dedi. – Qəribədir.
Xanım Kiyt gülümsədi (həqiqətən də gözəl gülüşü var, – deyə Bernard ağlından keçirdi) və – “Təşəkkür edərəm” – deyərək əyləncə gecələrindən birinə məmnuniyyətlə gələcəyini bildirdi.
Rektor sinif otaqlarından birisinin qapısını açdı. Burada alfa plyus – plyus dərsinə beş dəqiqə qulaq asdıqdan sonra Con çaşqın halda Bernarda tərəf çönərək pıçıltı ilə soruşdu:
– Nisbilik nəzəriyyəsinə giriş nədir?
Bernard izah etməyə çalışdı sonra fikrini dəyişərək başqa sinif otaqlarına baxmağı təklif etdi. Beta minuslar coğrafiya otağına aparan dəhlizdə qapının arxasından cingiltili soprano səsi eşidildi:
– Bir, iki, üç, dörd, – sonra yorğun səbirsizliklə, – azad! – əmri verildi.
Maltusçuluq tədbirləri, – deyə direktor izah elədi. – Təbii ki, qızlarımızın əksəriyyəti sonsuzdur. Mən də sonsuzam. – Bernarda gülümsədi. – Ancaq təqribən səkkiz yüz nəfər qızımız var və onların davamlı məşqlərə ehtiyacları var.
Con coğrafiya otağında vəhşi rezervasiyanın əlverişsiz iqlim və coğrafi şərtləri, təbii ehtiyatların zəif olduğundan mədəniləşdirməyə çəkiləcək xərclərə dəymədiyini öyrəndi. Pəncərə örtüklərinin şaqqıltı səsi gəldi, otağa qaranlıq çökdü, birdən direktorun başının üstündəki ekranda Ana Akoma qarşısında səcdə edən penitentelər peyda oldular, çarmıxa çəkilmiş İsanın və Pukonqun qartal surətinin qarşısında Conun əvvəllər eşitdiyi kimi günahlarını etiraf edərək ağlaşırdılar. Gənc intonanılar uca səslə qəhqəhə çəkdilər. Ağlayıb inləməyə davam edən penitentelər ayağa qalxdılar, üst paltarlarını çıxardılar və ucu düyünlənmiş qırmanclarla özlərini döyməyə başladılar. Daha da artan qəhqəhə səsi səsgücləndirici cihaz vasitəsilə yüksəldilmiş inləmə səslərini belə batırırdı.
– Axı niyə gülürlər? – deyə Vəhşi acı dolu çaşqınlıqla soruşdu.
– Niyə? – otuz iki dişinin hamısı bayırda qalan rektor ona tərəf çönərək dedi, çünki çox gülməlidir.
*Antoni və Kleopatra – (1-ci pərdə, 3-cü səhnə) Kleopatranın sözləri
*Belə sürətə “Yay gecəsində yuxu ” əsərinin qəhrəmanı Pak malik idi. (2-ci pərdə, 1-ci səhnə)
*Ultrabənövşəyi şüaları keçirən şüşə.
Davamı: https://klv.az/2023/10/09/oldos-haksli-c%c9%99sur-yeni-dunya-20/
Tərcümə edən: Xaqani Cavadoğlu