Əvvəli: https://klv.az/2023/09/18/oldos-haksli-c%c9%99sur-yeni-dunya-17/
(davamı)
ONUNCU HİSSƏ
Blumzberi* mərkəzinin dörd min otağındakı elektrik saatlarının hamısı üçə iyirmi yeddi dəqiqə işlədiyini göstərirdi. Müdirin təbirincə desək, “Sənayenin arı pətəyində” işin qızğın vaxtı idi. Hər kəs çalışmaqda, hər şey nizamlı hərəkətdə idi. Mikroskopların altında quyruqlarını tərpədən spermatozoidlər kəllə vuraraq yumurtalara daxil olurdu. Döllənən yumurtalar genişlənir, bölünür və ya bokanovskiləşdirilmişdirsə tumurcuqlayaraq ayrı embrion şəklində sülalə qruplarına bölünərək çoxalırdılar. Eskalatorlar gurultu ilə Sosial İstiqamətləndirmə otağından aşağı embionariuma enir və orada qırmızımtıl qaranlıq və boğucu istidə qarın qişasından olan yastıqlarda süni qan və hormonlar doldurulan embrionlar inkişaf edir, ya da spirtlə zəhərləndirilir və zəiflədilərək cılız epsilonlara çevrilirdilər. Konveyer lentləri zəif uğultu ilə, hiss olunmadan həftələrdən, aylardan, bioloji dövrlərdən keçib Şüşədən Boşaldılma otağına çatdıqda, şüşədən təzəcə çıxarılmış körpələr dəhşətdən və çaşqınlıqdan ilk dəfə olaraq çığırırdılar.
Yeraltı elektrik generatorları guruldayır, yük qaldırıcıları yuxarı-aşağı şütüyürdü. On bir mərtəbəli Uşaq Otağının bütün mərtəbələrində yemək vaxtı idi. Yarlıqlar asılmış min səkkiz yüz körpə eyni vaxtda, pasterizə olunmuş xarici sekresiya vəzilərini əmirdilər.
Onlardan yuxarıda yerləşən on mərtəbədəki yataqxanalarda hələ də günorta yuxusuna ehtiyacı olan oğlan və qız uşaqları da hamı kimi məşğul idi, özləri bilmədən yuxularında qeyri-iradi olaraq gigiyena, ünsiyyət bacarığı, kasta şüuru və yeni yeriməyə başlayan uşaqların cinsi həyatı mövzularında hipnopedik dərsləri öyrənirdilər. Onlardan yuxarıda oyun otaqlarında isə yağış yağacağına görə bir az yaşlı doqquz yüz uşaq kubik, gildən fiqur düzəltmək, gizlənpaç və erotik oyunlar oynayırdı.
Vız – vızz! – arı pətəyi məşğul və sevincli bir şəkildə vızıldayırdı. Sınaq şüşələrinin üzərinə əyilmiş qızlar şən və şaqraq mahnılar oxuyur Sosial İstiqamətləndiricilər fit çala-çala işləyir, Şüşədən Boşaldılma otağında isə boş şüşələr üzərində məzəli zarafatlar edilirdi! Ancaq Henri Fosterlə Dölləndirmə otağına girən Müdirin sifəti ciddi və taxta kimi sərt idi.
– …Hər kəsə ibrət olmaq üçün, – Müdir dedi – bu zalda, çünki burada daha çox yuxarı kastaya mənsub işçi var. Saat üçün yarısında buraya gəlməsini tapşırdım.
– Çox yaxşı işçidir, – Henri ikiüzlü alicənablıqla dedi.
– Bilirəm. Bu sərt davranmaq üçün daha çox səbəb verir. Yüksək intellektuallıq, yüksək əxlaqi məsuliyyət də tələb edir. İnsan nə qədər istedadlı olsa, digərlərini yoldan çıxarmaq gücü də bir o qədər çox olur. Bir çox insanın yoldan çıxmağındansa, bir insanın zərər çəkməsi daha yaxşıdır. Cənab Foster, məsələyə qərəzsiz yanaşsanız, siz də razılaşacaqsınız ki, ümumi davranış qaydalarını pozmaqdan böyük günah yoxdur. Qətl sadəcə bir nəfərin ölümünə səbəb olur, bizim üçün bir nəfər nədir ki?! – Qollarını geniş açaraq, cərgə-cərgə mikroskopları, sınaq şüşələrini, inkubatorları göstərdi. – Çox asanlıqla istədiyimiz qədər yenilərini yarada bilərik. Ümumi qaydaların pozulması bir insanın həyatından daha böyük təhlükə törədir, cəmiyyətin özünü təhlükə altında qoyur. Bəli, cəmiyyətin özünü, – deyə təkrar etdi. – Ah, budur gəlir.
Bernard otağa daxil olmuşdu və cərgə-cərgə dölləndiricilərin arası ilə onlara tərəf gəlirdi. Özündən razılıq hissi ilə gizlətməyə çalışdığı əsəbiliyi, hər halda hiss olunurdu.
– Sabahınız xeyr, Müdir, – lüzumsuz uca səslə dedi. Sonra səhvini düzəldərək çox astadan, civilti ilə, – buraya gəlməyimi tapşırmışdınız, – dedi.
– Bəli, cənab Marks, – Müdir ciddi və zəhmli səslə dedi. – Buraya gəlib mənimlə görüşməyinizi tapşırmışdım. Bildiyimə görə tətilinizdən dünən axşam qayıtmısınız.
– Bəli, – Bernard dedi.
– Bəəəli – deyə Müdir “ə” səsini uzatdı. Sonra birdən səsini yüksəldərək, – xanımlar və cənablar, – deyə gurladı, – xanımlar və cənablar.
Sınaq şüşələrinin üzərinə əyilmiş qızların mahnıları, Mikroskopçuların fit səsi anidən kəsildi. Milçək uçsaydı qanadlarının səsi gələrdi, hamı ətrafa boylandı.
– Xanımlar və cənablar, – deyə Müdir bir daha təkrar etdi, – bağışlayın ki, sizi işinizdən ayırıram. Məni buna ağrılı borc məcbur edir. Cəmiyyətin təhlükəsizliyi və sabitliyi təhlükə altındadır. Bəli, xanımlar və cənablar, təhlükə altındadır. Bu adam, – deyərək ittihamedici tərzdə Bernardı göstərdi, – qarşınızda dayanan bu adam, bir çox şey verilən və bir çox şey gözlənilən bu alfa plyus, bu həmkarınız – yoxsa uzaqgörənlik edib keçmiş həmkarınızmı deyim? – ona bəslənən ümidləri doğrultmamışdır. İdman və soma barəsində kafir fikirləri, cinsi yaşam normalarını biabırçı şəkildə pozması, tanrımız Fordun təliminə riayət etməkdən və iş saatlarından sonra “şüşədəki körpə kimi” davranmaqdan imtina etməsi (Müdir öz üzərində bir “T” işarəsi etdi) ilə özünün, cəmiyyətin düşməni olduğunu, Sabitlik və Nizamı pozmaq istədiyini, sivilizasiyanın özünə qarşı cinayətkar olduğunu isbat etmişdir. Buna görə də onun işdən çıxarılmasını, bu mərkəzdə tutduğu vəzifədən rüsvayçılıqla kənarlaşdırılmasını məqsədəuyğun hesab edirəm və dərhal ən aşağı səviyyəli və cəmiyyətin maraqları naminə iri yaşayış məntəqələrindən uzaqda yerləşən mərkəzin filiallarından birinə göndərilməsini vacib sayıram. İslandiyada öz kafir davranışları ilə başqalarını yoldan çıxarmaq üçün çox az imkanı olacaqdır.
Müdir ara verdi, sonra qollarını sinəsində çarpazlaşdıraraq vüqarla Bernarda tərəf çöndü.
– Barənizdə verilən qərarı icra etməyimə mane ola biləcək tutarlı dəlil gətirə bilərsinizmi?
– Bəli, gətirə bilərəm, – deyə Bernard uca səslə cavab verdi.
– Elə isə gətirin, – bir az pərt olan Müdir özünü onda qoymayaraq dedi.
– Baş üstdə. Dəlilim dəhlizdə gözləyir. Bir dəqiqə. – Bernard tələsik qapıya yaxınlaşaraq açdı. – Gəlin, – dedi və dəlil içəri girərək peyda oldu.
Hamının heyrətdən ağzı açıla qalmışdı, dəhşət və təəccüb içərisində pıçıldaşmağa başladılar; cavan bir qız qışqırdı, daha yaxşı görə bilmək üçün stula çıxan birisi spermatozoid dolu iki sınaq şüşəsini aşırdı. Bu gənc, sağlam bədənli, qırışsız sifətlərin ortasında piydən şişmiş, hər yerindən ət sallanan, eybəcər qocalığın qorxunc təcəssümü olan Linda otağın ortasına tərəf gəldi, seyrək və sapsarı dişləri ilə cilvəli bir şəkildə gülümsəyərək yeriyir, şəhvətli bir şəkildə əsdirməyə çalışdığı iri budları o tərəfə bir tərəfə yırğalanırdı. Bernard Lindanın yanında gedirdi.
– Bu da o, – deyə Bernard Müdiri göstərdi.
– Elə bilirsən onu tanımadım? – deyə Lenina qeyzlə dedi. Sonra da Müdirə tərəf çönərək, – Əlbəttə ki, tanıdım; Tomakin səni harada görsəm, minlərcə kişinin arasında olsan da belə tanıyardım! Yoxsa sən məni unutmuşsan? Tanımırsan? Məni xatırlamırsan, Tomakin? Mənəm, Lindan. – Başının yana əyib, gülümsəməyə davam edərək ona baxırdı, ancaq Müdirin üzündəki donmuş iyrənmə ifadəsinə baxdıqca gülümsəməyindəki özünə inam getdikcə itib getdi. Titrəyən bir səslə, – Məni xatırlamırsan, Tomakin? – deyə təkrar etdi. Gözlərində kədər və rahatsızlıq oxunurdu. Ləkələrlə dolu və sallanmış sifəti ağır kədərin təsiri altında əyildi. – Tomakin! –deyərək əllərini ona doğru açdı. Otaqdakılardan kimsə irişdi.
– Bu nə deməkdir, – deyə Müdir sözə başladı, – bu yöndəmsiz…
– Tomakin! –deyə qaçmağa başladı, ədyalı arxasınca sürünürdü, Müdirin boynuna atılıb başını onu sinəsinə qoydu.
Zaldakılar arasında qarşısıalınmaz şəkildə gurultulu qəhqəhə səsi qopdu.
– Bu nə kobud və iyrənc zarafatdır belə? – deyə Müdir çığırdı.
Pörtmüş halda Lindanın qollarından qurtulmağa çalışdı. Linda var gücü ilə ondan yapışmışdı.
– Axı mən Lindayam, Linda.
Onun səsi qəhqəhədən eşidilmirdi.
Qəhqəhədən daha uca bir səslə, – sənin uşağını dünyaya gətirmişəm. – deyə hayqırdı. Birdən araya qorxunc sükut çökdü, hər kəs rahatsız şəkildə hara baxacağını bilmirdi. Müdirin rəngi qaçdı, Lindanın əllərindən qurtulmaq üçün dartınmağa son qoyub, əlləri onun biləklərində, heyrətdən donub qalaraq Lindanın gözlərinin içinə baxırdı.
– Bəli, dünyaya övlad gətirmişəm və ana olmuşam.
O, bu əxlaqsız sözləri məğlub vəziyyətə düşmüş səssizliyə meydan oxuyurcasına dedi. Sonra Müdirdən qəfil aralandı, utanmışdı, üzünü əlləri ilə örtdü, hıçqıraraq ağlayırdı.
– Mənim günahım deyildi, Tomakin, çünki mən həmişə qarşıalıcı tədbirlər görürdüm, düz demirəm? Həmişə… Bilmirəm necə oldu… Bilsən necə dəhşətli idi, Tomakin… Ancaq yenə də o, mənə təsəlli oldu. – Qapıya tərəf dönərək çağırdı:
– Con! Con!
Con dərhal içəri gəldi, qapıdan içəri girəndə bir anlığa dayandı, ətrafına baxdı, sonra mokasin ayaqqabıları ilə astaca iri addımlarla yeridi, Müdirin qarşısında diz üstə çöküb aydın səslə dedi:
– Atam!
Bu söz, (“ata” sözü birbaşa ədəbsiz olmaqdan çox – uşaq dünyaya gətirmək kimi iyrənc və əxlaqsız anlayışlı “ana” sözündən fərqli olaraq dolayı ifadə etdiyindən – sırf kobud hesab edilir, pornoqrafik əxlaqsızlıqdan daha çox, ayıb anlayış hesab edilirdi) bu gülməli və ədəbsiz ifadə, dözülməz həddə çatan gərginliyi azaltmışdı. Qəhqəhə qopdu, demək olar ki, isterik, gurultulu bir qəhqəhə idi, dalğa-dalğa yüksəlirdi, sanki heç bitməyəcəkdi. “Atam” – özü də kim? Müdir! Ata! Ay Ford! Bu ki, ağlasığmazdır. Hayqırtı və kükrəmələrin ardı-arası kəsilmək bilmirdi, çənələr gülməkdən yorulur, gözlər yaşarırdı. Spermatozoid dolu daha altı sınaq şüşəsi aşmışdı. Atam!
Rəngi qaçmış, alçaldılmanın iztirabından qıvrılan Müdir tərs-tərs ətrafdakıları süzürdü.
Atam! Sakitləşməyə başladığı hesab olunan qəhqəhə yenidən, bu dəfə əvvəlkindən də yüksək gurultu ilə qopdu. Müdir əli ilə qulaqlarını tutdu və özünü çölə atdı.
*Blumzberi – Londonun mərkəzi hissəsində rayon, Britaniya muzeyi, London Universiteti burada yerləşir.
Davamı: https://klv.az/2023/10/02/oldos-haksli-c%c9%99sur-yeni-dunya-19/
Tərcümə edən: Xaqani Cavadoğlu