Əvvəli: https://klv.az/2023/09/11/oldos-haksli-c%c9%99sur-yeni-dunya-16/
(davamı)
DOQQUZUNCU HİSSƏ
Qəribəlik və dəhşət dolu gündən sonra Lenina tam bir tətil etmək ixtiyarı olduğunu hiss etdi. İstirahət evinə çatan kimi altı dənə yarım qramlıq soma həbi qəbul etdi, yatağına uzandı və artıq on dəqiqə sonra ayın əbədiliyinə yelkən açmışdı. Yenidən yaşadığı zamana qayıtması ən azı on səkkiz saatdan sonra baş verəcəkdi.
Bernard isə yataqda qaranlığa baxaraq və düşünərək uzanmışdı. Yuxuya gedəndə gecəyarısından bir xeyli keçmişdi. Bir xeyli keçmişdi, ancaq əbəs yerə yuxusuz qalmamışdı, bir plan cızmışdı.
Ertəsi sabah, düz saat onda yaşıl formalı bir mulat helikopterdən endi. Bernard onu aqava bitkilərinin arasında gözləyirdi.
– Xanım Kraun istirahət edir – Bernard dedi. Soma istirahətindən beşdən tez dönməz. Ona görə o oyananadək ixtiyarımızda yeddi saat var.
Santa-Feyə uçub bütün işlərini həll edib Lenina oyanana kimi Malpaisə qayıda bilərdi.
– Burada təkbaşına təhlükəsizlikdə olacaqmı? – deyə mulatdan soruşdu.
– Helikopterdəki kimi təhlükəsizlikdə olacaq, – deyə pilot onu arxayın elədi.
Helikopterə minib havaya qalxdılar. On birə iyirmi altı dəqiqə qalmış Santa-Fe poçtamtının damına endilər; on birə iyirmi üç dəqiqə qalmış Bernard Uaythollda* yerləşən Dünya İdarəedicilərinin Ofisi ilə əlaqə yaratmışdı; on birə iyirmi bir dəqiqə qalmış Ford həzrətlərinin dördüncü şəxsi katibi ilə danışırdı. On birə on altı dəqiqə qalmış eyni məsələni birinci katibə təkrar edir və on birə on üç dəqiqə qalmış Mustafa Mondun yoğun səsi qulaqlarında cingildəyirdi.
– Cəsarət edərək belə güman etmişəm ki, – Bernard duruxa-duruxa dedi – Ford həzrətləri bu məsələni elmi baxımdan maraqlı hesab edəcək…
– Bəli, elmi baxımdan çox maraqlı olduğunu düşünürəm – deyə yoğun səs cavab verdi.
O iki şəxsi özünüzlə Londona gətirin.
– Yəqin, Ford həzrətləri bilir ki, mənə xüsusi icazə lazım olacaq…
– Müvafiq əmrlər – Mustafa Mond dedi, – hazırda Rezervasiya Müdirinə göndərilir.
Dərhal ona müraciət edin. Sağ olun.
Sakitlik çökdü. Bernard dəstəyi yerinə asıb cəld dama çıxdı.
– Müdirin idarəsinə, – Mulat pilota dedi.
On birə altı dəqiqə qalmış Bernard Müdirin əlini sıxırdı.
– Sizi görməyimə şadam, Cənab Marks, sizi görməyimə şadam, – səsi ehtiramla gurladı. – İndicə xüsusi tapşırıq almışıq…
– Bilirəm, – Bernard Müdirin sözünü kəsərək dedi. – Bir az əvvəl telefonla Ford həzrətləri ilə danışırdım. – Maraqsızlıq ifadə edən səs tonundan Ford həzrətləri ilə həftə səkkiz mən doqquz danışdığı başa düşülürdü. Stula çökdü. – Lazım olan sənədləri mümkün qədər tez hazırlasanız şad olaram. Mümkün qədər tez, – deyə vurğuladı. Kefinə söz ola bilməzdi.
On ikiyə üç dəqiqə işləmiş bütün sənədlər cibində idi.
– Xudahafiz – liftin qapısına kimi onu ötürən Müdirə iltifatla dedi.
Yolu keçib yaxınlıqdakı mehmanxanaya getdi, vanna qəbul elədi, vibro-vakuumlu masajda rahatlandı, elektrolizli ülgüclə üzünü qırxdı, səhər xəbərlərini dinlədi, yarım saat televizora baxdı, tələsmədən nahar elədi, üçün yarısında mulatla birlikdə uçaraq Malpaisə qayıtdı.
Con istirahət evindən bayırda dayanmışdı.
– Bernard, – deyə səsləndi. – Bernard!
Cavab gəlmədi. Maral dərisindən olan mokasinləri ilə sakitcə pilləkənlərlə yuxarı qalxdı və qapının dəstəyini dartdı. Qapı bağlı idi.
– Gediblər! Çıxıb gediblər! Bu indiyə kimi onu başına gələn ən pis şey idi. Lenina özü onu dəvət etmişdi, indi isə yox idilər. Pilləkənlərdə oturub ağlamağa başladı.
Yarım saat sonra ağlına gəldi ki, pəncərədən baxsın. Gördüyü ilk şey qapağında L. K hərfləri yazılmış yaşıl çamadan oldu. Sevinc daxilində alov kimi parladı. Yerdən bir daş götürdü. Qırılan şüşə yerə düşərək cingildədi. Bir an sonra artıq otaqda idi. Yaşıl çamadanı açdı və açar açmaz Leninanın ətri ciyərlərinə doldu.
Ürəyi möhkəm döyünürdü, Con bir anlığa az qala özündən gedəcəkdi. Sonra dəyərli qaba doğru əyilərək ona toxundu, qaldırıb işığa tutaraq nəzərdən keçirdi. Leninanın ehtiyat süni ipək məxmər şortlarının zəncirbəndi əvvəlcə onu çaşdırdı, sonra zəncirbəndin sirrindən agah olduqdan sonra çox xoşuna gəldi. Aşağı-yuxarı dartmağa başladı, cırt-cırt, cırt-cırt; heyran olmuşdu. Leninanın yaşıl şap-şapı – ömründə belə gözəl şey görməmişdi. Qatlanmış zəncirbəndli alt paltarları dəstini açdı, qulaqlarına kimi qızardı və dərhal yerinə qoydu, ətirli asetat dəsmalı iylədi, şərfi isə boynuna doladı. Qutulardan birini açdı və ortalığı ətirli bir kirşan buludu bürüdü. Əlləri kirşana batmışdı. Əllərini sinəsinə, çiyinlərinə və qollarına çəkdi. Nə gözəl iyi var! Gözlərini yumdu, yanağını kirşanlı qollarına sürtdü. Hamar dərinin üzünə toxunuşu, müşk qoxulu kirşan, sanki Lenina özü orada idi.
– Lenina! – deyə pıçıldadı. – Lenina!
Qulağına gələn səsdən ürkdü və günahkar kimi geri çöndü. Qurdaladığı əşyaları çamadana dürtüşdürdü və qapağını örtdü, sonra yenidən qulaq asdı, ətrafa boylandı. Nə bir səs gəlir, nə də bir ins-cins gözə dəyirdi. Ancaq səs eşitdiyindən tam əmin idi – ah çəkmə kimi, döşəmə taxtasının cırıltısına oxşar bir səs idi. Barmaqlarının ucunda qapıya tərəf getdi və ehtiyatla qapını açdı, qapının arxasında geniş pilləkənli meydança, meydançanın qarşı tərəfində isə aralı başqa bir qapı var idi. Yaxınlaşaraq qapını araladı və içəri boylandı.
İçəridə, alçaq yataqda, üstündən döşəkağını atmış şəkildə, zəncirbəndli çəhrayı pijamada Lenina bərk yuxuya getmişdi. Dalğalı saçlarının arasında siması elə gözəl, çəhrayı rəngli ayaq barmaqları və ciddi ifadəli uşaq kimi elə məsum, zərif əlləri və öz müdafiəsiz vücudu ilə elə arxayın yatmışdı ki, Conun gözləri doldu.
Sonsuz və tamamilə lüzumsuz ehtiyatlılıqla – Leninanı soma yuxusundan oyatsa-oyatsa, ancaq tapança səsi oyadardı – otağa girib yatağının yanında dizi üstdə oturdu. Sanki dua edirmiş kimi əllərini bir-birinə sıxıb, dodaqlarını qımıldatdı: – “Onun gözləri”.
Onun gözləri, sifəti, yerişi, səsi;
Qu quşunun lələyindən incə olan
Əlləri – onların toxunuşunu xatırlatdın
Onların şahanə bəyazlığı qarşısında
İstənilən bəyazlıq mürəkkəbdən qaradır*
Bir milçək vızıldayaraq Lindanın üzərində dövrə vurdu, Con əlini yelləyərək milçəyi qovdu.
– Milçəklər, – dedi və yadına düşdü:
Hətta milçəklər belə
Cülyettanın ağ əllərində dolaşıb
Onun bakir və bir-birinə
Toxunmaqdan belə utanıb qızaran
Dodaqlarından əbədi səadəti qapa bilər*
O, ürkək və əlini dimdikləyə bilən bir quşu sığallamaq istəyən adamın asta hərəkəti ilə yavaş-yavaş əlini uzatdı. Titrəyən əli havadan asılı qaldı, tərpənməyən barmaqları az qala ona toxunacaqdı. Öz alçaq barmaqları ilə ləkələməyə cürət etsinmi?
Xeyr, cəsarəti etmədi! Quş çox təhlükəli idi. Əlləri yanına düşdü. O necə də gözəl idi! Necə gözəldi!
Birdən fikirləşdi ki, sadəcə Leninanın boynundakı zəncirbənddən tutub aşağıya qədər çəkmək lazımdır… Gözlərini yumdu və sudan çıxan it kimi başını silkələdi.
Əxlaqsız fikir idi! Xəcalət hissi onu bürümüşdü. Saf və bakir utancaqlıq…
Havada bir uğultu eşidildi. Başqa bir milçəkdəmi əbədi səadəti oğurlamağa çalışırdı? Yoxsa eşşəkarısı idimi? Yuxarı baxdı, heç nə görmədi. Uğultu get-gedə artırdı, aydın oldu ki, səs pəncərənin o biri tərəfindən, bayırdan gəlir. Helikopter! Təlaş içində sıçrayıb ayağa qalxdı və o biri otağa qaçdı, qırıq pəncərədən tullandı və uzun aqava bitkilərinin arası ilə cığırla tələsik gedərək helikopterdən enən Bernardı qarşılamağa vaxtında yetişdi.
*Uaytholl – Londonda Britaniya dövlət idarələrinin yerləşdiyi küçə.
*Troil və Kressida – (1-ci pərdə, 1-ci səhnə)
*Romeo və Cülyetta – (3-cü pərdə, 3 səhnə) (Tərcümə edəni: Əhməd Cavad)
Davamı: https://klv.az/2023/09/25/oldos-haksli-c%c9%99sur-yeni-dunya-18/
Tərcümə edən: Xaqani Cavadoğlu