Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Dillər və Ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə sentyabrın 15-də Xəzər Universitetində Türkiyə Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana” adlı elmi seminar keçirilmişdir.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edildikdən sonra Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru dos. Nəzakət Məmmədlinin moderatorluğu ilə Xəzər Universitetinin rektoru dos. İradə Xəlilova, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun təsisçisi Şərham Oromi, Dillər və Ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynallı və Üsküdar Universiteti Təsəvvüf Araşdırmaları İnstitutunun doktorantı İlahə Kurşunun açılış nitqləri dinlənilmişdir.
Sonra təsəvvüf alimi, yazar Cemalnur Sarqut onlayn şəkildə tədbirə quşularaq “Hazreti-Şems öyretileriyle günümüzde tasavvufu yaşamak” adlı çıxışında təsəvvüf elminin Şəms Təbrizi və Mövlanə Cəlaləddin Ruminin dövründən bu günə qədər keçdiyi tarixi yolu metaforik şəkildə şərh etmiş, prof. Şəfəq Əlibəyli “Mövlana nəzmində təzad daşıyan irfani istilahların poetik dialektikası”, dos. Səadət Şıxıyeva “Hürufi mətnlərində Mövlananı xatırlamaq”, dos. Nəzakət Məmmədli ““Divani-Kəbir”də vəzn, məna və şeiriyyət uyumu”, onlayn şəkildə tədbirə qoşulan prof. Reşat Öngören “Şems ve Mevlana buluşmasında yaşanan olayların tasavvuf düşüncesi açısından değerlendirilmesi” və Şerham Orami “Mənim Şəmsim, mənim tanrım…” mövzularında çıxış edərək Mövlana və Şəms yaradıcılığına, ümumilikdə isə təsəvvüf fəlsəfəsinə aydınlıq gətirməyə çalışmışlar.
Azərbaycanlı və Türkiyədən gələn elm adamları tədbirin sonunda səsləndirilən suallar ətrafında müzakirələri davam etdirmişlər.
Görüş seminarın mövzusu ilə əlaqəli bədii hissə ilə yekunlaşmışdır.
Mənsurə Əhmədova