(esse)
Bütün nağılların süjetləri və atributları kimi sehrli üzük də dünyanı dolaşıb, vaxtaşırı ayrı-ayrı millətlərin barmaqlarını bəzəyib. Bəzilərinə öz ölçü-biçisi ilə uyğun gəlib, bəzilərinin barmaqlarını sıxıb, amma öz sehrini itirməyib, vəd verdiyi kimi istənilən arzunu (bu arzu nə qədər çətin gerçəkləşən olsa da) asanlıqla, daha doğrusu bir göz qırpımında yerinə yetirib.
Bizim nağıllarımızda da həmin üzük hamıya tanışdır.Nağılın baş qəhrəmanı ilə birlikdə biz də onu dəfələrlə barmağımıza taxıb ürəyimizdən keçənləri elə nağıllarımızın qəhrəmanları kimi hövləki diləmişik.
Nağıllarımızda sehrli üzükdən, sehrli quşdan , sehrli balıqdan, ümumiyyətlə, bütün sehrlilərdən üç arzu diləmək, üç şey istəmək mümkün olub. Nağıl personajlarımız da belə bir fövqəladə fürsətdən məharətlə faydalanaraq hər üç imkandan geninə-boluna istifadə ediblər.
Məni bu yazıda həmin konteksdə maraqlandıran bir ingilis nağılındaki sehrli üzüyün nağıl taleyidir.
Nağıllarda olduğu kimi, bir nəfər yoxsul ingiltərəli öz bəxtini – qismətini axtarıb tapmaq məqsədilə yola düşür. Az gedir ,üz gedir, dərə-təpə dümdüz gedir… Min bir əzab əziyyətdən sonra xoş bir təsadüf nəticəsində, ehtimal olunduğu kimi, ona bir sehrli üzük verirlər.
– Bu üzükdən yalnız bir arzunu, ən böyük diləyini istəyə bilərsən…- Üzüyü verən müəmməlı varlıq belə deyir.
Fikir verin, üç yox, üzük yalnız bir arzunu çinləşdirə bilər.
Kişi üzüyü öz barmağına taxıb, şad xürrəm halda gəldiyi yolla üz qoyur geriyə sarı.
Mənzil uzun olduğundan yolüstü bir traktirdə gecələməli olur. Fəqət sadəliyindənmi, sadəlövhlüyündənmi, qonaq evindəki otaq yoldaşına barmağındaki sehrli üzük barədə danışır.
Gecənin bir vaxtında kişinin gözünə yuxu gedəndə otaq yoldaşı onun barmağındakı üzüyü çıxardıb əvəzində zahirən sehrli üzüyə oxşayan öz barmağındaki adi üzüyü kişinin barmağına taxır.
Bəxt axtaran kişinin bundan xəbəri olmur, səhər durub yoluna davam edir.
Təpələrdən yel kimi, dərələrdən sel kimi keçib, nəhayət gəlib öz evinə çatır.
Evə çatan kimi arvad-uşağı sevindirir ki, var-dövlətlə qayıda bilməsə də, elə bir sehrli üzük gətirib ki,o ən böyük istəklərini yerinə yetirə bilər.
İstəsələr, üzükdən ardıbuzovlu bir inək diləyə bilərlər, istəsələr, bir cüt öküz, istəsələr bir anbar taxıl və yaxud gözəl bir ev arzulaya bilərlər. Üzük də bu arzunu həmin an gerçəkləşdirəcəkdir. Amma şərt şərtdir, bütün bu şeylərin içindən ən vacibini seçib onu istəməlidirlər. Yalnız bir arzu… vəssalam .
Uzun sürən ailə məşvərətindən və götür-qoydan sonra, belə qərara gəlirlər ki, sehrli üzükdən ardıbuzovlu, bolsüdlü bir inək istəsinlər. Amma sonra bu qərardan vaz keçərək fikirləşirlərki, üzüyün yeganə imkanını buna sərf etməyə dəyməz, gəl zəhmətə qatlanaq, əməyimizin sayəsində bir az pul toplayaq, inəyi özümüz alaq, üzükdənsə daha əhəmiyyətli ,daha dəyərli bir şey istəyək.
Bu minvalla zəhmətə qatlaşıb bol məhsullu bir inək alırlar.
Sonra üzükdən yeri şumlamaq üçün bir cüt öküz istəməyin üstündən də keçirlər, işləyib, süd pendir satıb bir cüt öküz alırlar.
Sehrli üzükdən ev istəməyi də rəva bilmirlər, düşünürlər, üzük qoy sonraya, daha vacib işlər üçün qalsın, evi özümüz tikərik. Ev də tikirlər.
Xülasə, nağıl belə bir sonluqla bitir ki, üzük yenə də İngiltərədə həmin ailənin yetmiş yeddinci nəslindədir. Onu heç kəs hər hansı bir xahiş üçün qıymır, hər şeyi özləri qurub yaratmağı üstün tuturlar, üzüyü isə daha vacib bir arzu üçün nəsildən nəslə miras verirlər… Və həmin üzüyü candan əziz saxlayan o tayfa bilmir ki, üzük sehrli deyil, adi üzükdür.
El ədəbiyyatının başqa janrları kimi nağıllar da bu və ya digər xalqın arzularını, xüsusiyyətlərini, milli xarakterini və ətraf mühitə, həyata münasibətini əks etdirir. Burası heç şübhəsiz belədir.
Bir çox millətlərin nağıllarında tələm-tələsik istifadə olunan sehrli üzüyün bu nağıldakı taleyi, doğrudan da, ingilis xalqının haqqında, onun milli xüsusiyyətləri barədə nə çox şey deyir.
Amma bu barədə düşünərkən məni bir şey də maraqlandırır, görəsən ,yolqırağı traktirdə yoxsul kişinin barmağından sehrli üzüyü çıxarıb oğurlayan adam hansı millətə mənsub idi. Hadisə məhz qonaq evində baş verdiyindən demək olar ki, o bəlkə də, ingiltərəli deyildi, olsun ki, tale onu sehrli üzüyün dalınca bu ölkəyə qonaq gətirmişdi. Bəlkə də, oğru da yerli adam idi, kim bilir…