Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/08/28/oldos-haksli-c%c9%99sur-yeni-dunya-14/

(davamı)

SƏKKİZİNCİ HİSSƏ

         Bernard və Con bayırda tozun və zibilliyin arasında (indi zibillikdə dörd it eşələnirdi) aşağı-yuxarı gəzirdilər.

– Təsəvvür etmək, anlamaq mənim üçün elə çətindir ki, – Bernard dedi, – Sanki fərqli əsrlərdə, fərqli planetlərdə yaşayırıq. Ana, bütün bu çirk, tanrılar, qocalıq və xəstəliklər…

Başını yırğaladı. – Demək olar ki, ağlasığmazdır. Anlatmasan əsla anlaya bilmərəm.

– Nəyi anladım?

– Buranı. – Kəndi göstərdi. – Oranı. Kəndin ortasındakı kiçik evi göstərdi. – Hər şeyi. Bütün həyatını.

– Həyatımın nəyini anladım axı?

– Lap başdan. Yada sala biləcəyin qədər əvvəldən.

– Yada sala biləcəyim qədər… – Con qaşlarını çatdı. Uzun bir səssizlik çökdü.

Hava çox isti idi. Çoxlu kökə və şirin qarğıdalı yemişdilər.

– Balam, gəl uzan, – Linda dedi.

Böyük çarpayıda, yanında uzandı.

– Mahnı oxu, – dedi və Linda mahnı oxumağa başladı.

– Streptokok və mikrob murdarlığa dəstəkdir, hər evə hamam və tualet gərəkdir – və – Lay-lay deyim yatasan, şüşədən tez çıxasan – kimi mahnılar oxuyurdu. Lindanın səsi get-gedə zəifləyirdi…

Güclü bir gurultu qopdu və o, diksinib oyandı. Çarpayının yanında cüssəli və qorxunc bir adam dayanmışdı. Lindaya nə isə deyir, Linda isə gülürdü. Linda ədyalı çənəsinə qədər çəkmişdi, o isə dartıb yenidən açdı. Saçları iki qara ipə oxşayırdı, qolunda isə üzərində mavi daşlar olan qəşəng bir gümüş bilərzik var idi. Bilərzik uşağın xoşuna gəlmişdi, ancaq qorxurdu, üzünü Lindanın bədəninə dayayıb gizlətdi. Linda əlini üzünə qoyanda özünü daha təhlükəsiz hiss etdi. Linda yerli dildə başa düşmədiyi sözlərlə ona dedi:

– Conun yanında olmaz.

Adam əvvəl ona sonra isə Lindaya baxdı və sakit səslə nə isə söylədi.

– Yox, – Linda dedi. Ancaq o, yatağa, ona tərəf əyildi, sifəti böyük və qəzəbli idi, qara ipə oxşar saçları ədyala dəydi.

– Yox, – Linda yenidən dedi və onu özünə daha güclü sıxdı. – Yox, yox!

Ancaq bu qorxunc adam onun bir qolundan tutaraq onu incitdi. O, çığırdı. Adam o biri əlini uzadıb onu qaldırdı. Linda onu buraxmır və qışqırırdı:

-Xeyr, xeyr.

O, qısa və əsəbi şəkildə nə isə dedi və qəfildən onu Lindanın əlindən aldı.

– Linda, Linda, – deyə Con təpik ataraq çapaladı. Ancaq adam onu qapıya tərəf apardı, qapını açaraq o biri otağın ortasında döşəməyə qoyub arxasınca qapını bağladı. O, qalxaraq qapıya tərəf qaçdı. Barmaqlarının ucunda dayananda əli güclə böyük taxta siyirtməyə çatdı. Siyirtməni dartıb qapını itələdi, ancaq qapı açılmadı.

– Linda, – deyə çığırdı.

Linda hay vermədi.

Geniş və qaranlıq bir otaq yadına düşdü, üzərinə iplər bağlanmış taxta çərçivəyə oxşar bir şey var idi və bunların ətrafında bir xeyli qadın dayanmışdı. Linda demişdi ki, ədyal toxuyurlar və uşaqlarla küncdə oturmasını söyləmişdi. Özü isə qadınlara kömək etməyə getmişdi. Uzun müddət uşaqlarla oynadı. Birdən adamlar ucadan danışmağa başladı qadınlar Lindanı kənara itələyir o isə ağlayaraq qapıya tərəf gedirdi. O, Lindanın ardınca qaçdı. O, adamların niyə acıqlandığını soruşdu.

– Ona görə ki, mən nə isə qırmışam, – deyə Linda cavab verdi. Sonra özü də acıqlandı.

– O cındır ədyallarını toxumağı haradan bilim? – dedi. – İyrənc vəhşilər.

– Vəhşi nə deməkdir, – deyə soruşdu.

Onlar evə qayıtdıqda Pope qapıda gözləyirdi və onlarla birlikdə içəri girdi. Əlindəki balqabaqdan hazırlanmış qabın içərisi suya oxşar bir şey ilə dolu idi, ancaq su deyildi, pis iyi gələn və adamın ağzını yandırıb öskürdən bir şey idi. Bir az Linda içdi, bir az da Pope içdi, Linda qəhqəhə çəkib uca səslə danışmağa başladı. Sonra Linda və Pope o biri otağa keçdilər. Pope getdikdən sonra o, otağa girdi. Linda yataqda elə möhkəm yatmışdı ki, onu oyandıra bilmədi.

Pope tez-tez gəlirdi. O, balqabaqdakı suyu “meskal ” adlandırırdı, ancaq Linda dedi ki, onu “soma “ adlandırmaq lazımdır, bir fərqi var idi ki, onu içəndən sonra adamın başı ağrıyırdı. Popeyə nifrət edirdi. Linda ilə görüşə gələn bütün kişilərə nifrət edirdi.

Bir dəfə, günorta uşaqlarla oynadıqdan sonra evə qayıdırdı. Yadındadır, hava soyuq idi, dağlara qar yağmışdı, yataq otağından acıqlı səslər eşitdi. Qadın səsləri idi və başa düşmədiyi sözlər danışırdılar, ancaq qorxulu sözlər olduğunu bilirdi. Sonra “şarap!” nəyi isə vurub aşırtdıqlarını və sonra adamların cəld hərəkət etdiklərini eşitdi, bir dəfə də gurultu qopdu və sanki bir qatırı vururmuşlar kimi səs gəldi, ancaq vurulan o qədər də arıq deyildi. Linda çığırdı: “Vurmayın, vurmayın!” O, içəri qaçdı. İçəridə tünd ədyala bürünmüş üç qadın var idi. Linda yataqda idi. Qadınlardan biri biləklərindən tutmuşdu, o birisi isə təpik atmasın deyə ayaqlarının üzərinə uzanmışdı. Üçüncü qadın isə qamçı ilə Lindanı vururdu. Bir dəfə, iki dəfə, üç dəfə vurdu hər dəfə də Linda çığırdı. O, ağlayaraq qadının ədyalının ucundan dartırdı:

– Vurma, vurma.

Qadın sərbəst əli ilə onu yaxına buraxmırdı. Qamçı bir daha endi, Linda yenə çığırdı. O, qadının iri, qəhvəyi əlini əlləri ilə tutub var gücü ilə dişlədi. Qadın əlini dartıb çıxardı və elə itələdi ki, o, yıxıldı. Sonra qamçı ilə üç dəfə onu vurdu. Həyatında hiss etdiyi ən güclü ağrı idi – od kimi yandırırdı. Qamçı vıyıldayıb bir daha endi. Ancaq bu dəfə çığıran Linda idi.

– Niyə səni döyürdülər? – deyə gecə anasından soruşdu.

O ağlayırdı, çünki qamçının bədənində açdığı izlər hələ də möhkəm ağrıyırdı. Ağlamağının bir səbəbi də adamların belə vəhşi və ədalətsiz olmaları idi. Ağlayırdı, çünki uşaq idi və onlarla savaşa bilmirdi. Linda da ağlayırdı. Linda yetkin idi, ancaq uç nəfərlə bacara biləcək qədər böyük və güclü deyildi. Ona da qarşı ədalətsizlik etmişdilər.

– Niyə səni döyürdülər, Linda?

– Bilmirəm. Haradan bilim? – Nə dediyini eşitmək çətin idi, çünki üzü üstdə uzanmışdı və üzünü yastığa qoymuşdu.

– Deyirlər onlar bişim kişilərimizdir, – deyə sözünə davam etdi. Sanki heç onunla yox, daxilində kimsə ilə danışırdı. Uzun müddət, anlaşılmaz şəkildə danışdı və sonda həmişəkindən uca səslə ağlamağa başladı.

– Ah, ağlama Linda, ağlama.

Lindaya qısıldı. Qolunu boynuna doladı. Linda çığırdı:

– Ay! Çiynimə dəymə, Ay çiynim! – dedi və sərt bir şəkildə onu itələdi. Başı divara dəydi.

– Gicbəsər! – deyə çığırdı sonra da onu döyməyə başladı. Part! Part! …

– Linda! – deyə uşaq çığırdı, – vurma, ana!

– Mən sənin anan deyiləm. Sənin anan olmayacağam.

– Amma Lind… Ah! – Yanğına sillə çəkdi.

– Vəhşi oldum, – deyə çığırdı, – heyvan kimi uşaq doğuram… Sən olmasaydın, nəzarətçinin yanına gedib buradan qurtulardım. Ancaq uşaqla bunu necə edim. Bu biabırçılığa dözə bilmərəm.

Onu bir daha vuracağını görüb əlini qaldıraraq sifətini qorumağa çalışdı.

-Vurma, Linda, nə olar vurma.

– Balaca vəhşi! Onun əlini sifətindən araladı.

-Vurma, – deyə gözlərini yumaraq zərbəni gözlədi. Ancaq Linda vurmadı. Bir az sonra gözlərini açanda Lindanın ona baxdığını gördü. Anasına gülümsəməyə çalışdı. Birdən Linda ona sarılıb öpüşlərə qərq etdi.

Bəzən Linda bir neçə gün yataqdan qalxmazdı. Uzanar və qəm çəkərdi, ya da Popenin gətirdiyi mayeni içər, qəhqəhə çəkib gülər və sonra da yatardı. Bəzən də xəstələnirdi. Çox vaxt onu çimizdirməyi yaddan çıxarır və quru kökələrdən başqa yeməyə bir şey olmazdı. Anasının öz saçında ilk dəfə o kiçik heyvanları tapdığı vaxtı xatırladı, necə çığırmışdı.

Ən xoşbəxt vaxtları ona o biri dünyadan bəhs etdiyi vaxtlar idi.

– Doğrudan nə vaxt istəsən uça bilirsən?

– Nə vaxt istəsən. Ona, bir qutudan çıxan gözəl musiqidən, gözəl oyunlardan, ləzzətli yeməklərdən və içkilərdən, divardakı kiçik bir şeyi basanda yanan işıqdan, görülməsi və eyni zamanda eşidilməsi və iylənə bilməsi mümkün olan şəkillərdən, xoş iylər yaratmaq üçün olan başqa bir qutudan, dağlar qədər hündür çəhrayı, yaşıl, mavi və gümüşü rəngli evlərdən, hamının necə həmişə xoşbəxt olduğundan, dərd və əsəbin nə olduğunu bilmədiyindən, hər kəsin hamıya məxsus olduğundan, dünyanın o biri ucunda olanları görmək və eşitməyə imkan verən qutulardan, tərtəmiz, qəşəng şüşələrdəki uşaqlardan – hər şeyin təmiz olduğu və pis qoxuların və çirkin olmadığı, insanların heç vaxt tənha olmadığı, birgə yaşadığı və burada Malpaisdə yay rəqslərində olduğu kimi, ancaq ondan daha şən və xoşbəxt yaşadığından və xoşbəxtliyin hər gün davam etməsindən bəhs edirdi… Saatlarla dinləyərdi.

Bəzən o və digər uşaqlar oynayıb yorulduqda kəndin yaşlılarından biri onlarla başqa dildə danışır, onlara dünyanın uca Yaradıcısından, Sağ Əl və Sol Əl arasındakı uzun mübarizədən, Yaş və Quru arasındakı uzun döyüşdən, gecə düşünərək böyük bir duman və bu dumandan bütün dünyanı yaradan Avonavilondan*, Ana Torpaqdan və Ata Göydən; Ahayyuta və Marseylemadan, Müharibə və Şans əkizlərindən, İsa və Pukonqdan, Məryəm və Etsanatlehidən, özünü yenidən cavanlaşdıran qadından, Laqunadakı Qara Daşdan və Uca Qartal ilə Ana Akomadan bəhs edərdi. Qəribə hekayələrdi, yerli ləhcədə söyləndiyi və tam şəkildə başa düşmədiyi üçün daha gözəl səslənirdilər. Yatağa uzanıb Cənnəti və Londonu, Ana Akomanı və cərgə-cərgə düzülmüş tərtəmiz şüşələrdəki uşaqları, İsa və Lindanın göyə uçmağını, Dünya İnkubator Mərkəzinin Müdiri və Avonavilonanı düşünürdü.

Lindanın yanına çoxlu kişilər gəlirdi. Oğlanlar artıq Conu barmaqla göstərməyə başlamışdılar. Yerli dildə Lindanı əxlaqsız qadın adlandırır, Lindaya onun başa düşmədiyi, ancaq pis olduğunu bildiyi sözlərlə söyürdülər. Bir gün Linda haqqında təkrar-təkrar mahnı oxudular. Onlara daş atdı. Onlar da ona daş atdılar, iti daşlardan biri yanağını kəsdi. Qan dayanmaq bilirdi, üstü-başı qan olmuşdu.

Linda ona oxumağı öyrətdi. Kömür parçası ilə divarda şəkillər çəkirdi – oturan bir heyvan, şüşə içində uçaq, sonra da sözlər yazdı:

PİŞİK AYAQALTININ ÜSTÜNDƏDİR. UŞAQ ŞÜŞƏNİN İÇİNDƏDİR.

Tez və asanlıqla öyrənirdi. Divara yazdığı sözlərin hamısını biləndə Linda böyük taxta sandığı açıb heç vaxt geyinmədiyi gödək qırmızı şalvarın altından bir nazik kitab çıxartdı. Con bu kitabı əvvəllər bir neçə dəfə görmüşdü. Linda, “Böyüyəndə oxuyacaqsan” – demişdi. İndi o böyümüşdü. Özü ilə fəxr edirdi.

– Çətin ki, bu kitab səni maraqlandırsın, – dedi. Ancaq başqası yoxumdur. – deyə ah çəkdi. – Kaş görəydin ki, Londonda necə qəşəng oxuma maşınlarımız var idi!

Con kitabı oxumağa başladı:

“Embrionun kimyəvi və bakterioloji yetişdirilməsi. Embrionariumda işləyən betalar üçün praktik təlimatlar” – Sadəcə başlığı oxumağa beş dəqiqə lazım oldu. Kitabı yerə atıb, – Pis kitabdır, pis! – dedi və ağlamağa başladı.

Oğlanlar Linda haqqındakı pis mahnını oxumağa davam edirdilər. Bəzən üstü-başı tökülmüş olduğuna görə də onu ələ salırdılar. Paltarları cırılanda Linda yamaya bilmirdi. Linda o biri dünyada paltar cırılanda atıb yenisini aldıqlarını söyləmişdi. Uşaqlar “Cındırpaltar, cındırpaltar!” – deyə çığırırdılar. “Amma mən oxuya bilirəm, onlar isə oxuya bilmirlər” – deyə öz-özünə təsəlli verirdi. “Oxumağın nə demək olduğunu belə bilmirlər” – deyə öz-özünə düşünürdü. Oxuma barədə dərindən düşünəndə, özünü onların ələ salmalarını eşitməzliyə vurması asan olurdu. Lindadan o kitabı yenə istədi.

Oğlanlar nə qədər çox ələ salırdılarsa o da, bir o qədər səylə oxuyurdu. Çox keçmədən bütün sözləri oxuya bilirdi. Hətta ən uzun sözləri də. Ancaq onların mənası nə idi? Lindadan soruşdu, amma Linda cavab verə bildiyi vaxtlarda belə başa düşmürdü. Adətən isə cavab verə bilmirdi.

– Kimyəvi maddə nədir? – deyə soruşdu.

– Hm, delta və epsilonların boy artımının və əqli inkişafını ləngitmək üçün verilən maqnezium duzu və alkoqol, ya da sümüklərin bərkiməsi üçün lazım olan kalsium karbonat və sair bu kimi maddələrdir.

– Linda, kimyəvi maddələr necə hazırlanır? Onları haradan alırlar?

– Bilmirəm. Şüşə qablarda olur. Şüşələrdə qurtaranda kimyəvi maddələr saxlanılan anbardan yenə alırlar. Yəqin kimyəvi maddələr anbarında işləyənlər düzəldir, ya da onlar da kimyəvi maddə düzəldən zavoddan alır. Bilmirəm, kimya ilə heç vaxt məşğul olmamışam. Mənim işim embrionlarla idi.

Nə soruşur soruşsun axırı həmişə belə olurdu. Linda heç vaxt bilmirdi. Kəndin qocaları ondan aydın cavablar verirdilər.

“Avonavilona insanların və bütün yaradılmışların, günəşin, yerin və göyün toxumunu inkişaf dumanından yaratdı. İndi dünyanın dörd uşaqlığı var və Avonavilona toxumları ən altdakı uşaqlığa yerləşdirdi. Toxumlar tədricən böyüməyə başladılar…”

Bir dəfə evə gələndə (Con sonradan bunun on üç yaşına keçəndə olduğunu hesablamışdı) yataq otağının döşəməsində bu vaxta qədər görmədiyi bir kitab gördü. Qalın və görünüşcə çox köhnə kitab idi. Üzünü siçanlar yemişdi, bəzi səhifələri qopmuş və əzilmişdi. Kitabı qaldırıb birinci səhifəsinə baxdı : “Uilyam Şekspirin əsərlərinin tam külliyyatı”.

Linda yataqda uzanmış və fincanla öz pis iy verən meskalını qurtumlayırdı.

– Pope gətirib, – dedi. Səsi yad adamın səsi kimi qalın və xırıltılı idi. – Antilopun kivasındakı* sandıqlarından birində yatıb qalırmış. Deyilənə görə yüz ildir ki, orada imiş. Yəqin düz deyirlər, çünki vərəqlədim, cəfəngiyatla doldur. Mədəniyyət adında bir şey yoxdur. Ancaq oxumağı öyrənməyin üçün yarıyar. İçib qurtardı sonra fincanı yatağın yanında yerə qoydu, o biri böyrü üstdə çevrildi, bir-iki dəfə hıçqırıb yuxuya getdi. Con kitabı bəxtə-bəxt açdı:

Üfunət qoxulu murdar yataqda

Pozğun duyğularla qıvrılıb qalmaq,

Alçaq şəhvətlərdə yatıb tərləmək,

Min cür rəzalətdən nəşəyə dalmaq…*


*Avonavilon – Şimali Amerika hindilərinin mifologiyasında dünyanın yaradıcısı və baş allah; Zuni hindilərinin kosmoqonik (kainatın yaranmasına aid olan) miflərinə görə Avanavilon öz bədənindən düşüncəsinin gücü ilə həyat bəxş edən dumanlar – yeri və göyü yaratmış və yerin ən aşağı dörd qatında insan və heyvan qəbilələri yaranmışdır.

*Kiva – hindilərin yeraltı otağı

*Hamlet (3-cü pərdə 4-cü səhnə) – Hamletin kraliçaya dediyi sözlər. (Tərcümə edəni: Tələt Əyyubov)

Davamı: https://klv.az/2023/09/11/oldos-haksli-c%c9%99sur-yeni-dunya-16/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/08/30/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-4/ (davamı) Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL § 7. Dünya varlığının (Dasein) qeyri-apodiktiv aşkarlığı: onun kartezian çevrilmələrinə cəlb edilmişliyi    Belə görünərdi ki, özlüyündə, ilk aşkarlıqlar haqqında suala cavabı asanlıqla əldə etmək olar. Hətta, bu cür olaraq burada dünyanın həyatı təsəvvür olunmurmu? Dünya ilə gündəlik həyat fəaliyyəti əaqələndirilir, bütün […]