Simvolik üçbucağın tamamlanması

Tofiq Həsənlinin yeni kitabının adı şüurumda nədənsə Don Kixotun Yel dəyirmanı ilə vuruşunu assosasiya edir: “Polad qalxanlara qələm çırpıram”.

Adama deyərlər, neylədin, şair, nəticəsi oldumu? Heç olmasa, qələminiz qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu qəddar savaşda polad qalxanların bumbuz üzündə xırda bir cızıq sala bildimi?! Cavabım hazırdır. Amma yox, qoy qalsın növbəti görüşümüzə, özündən soruşacağam…

***

Özüm-özümə düşünürəm ki, söz aləmindəki bər-bəzəkli, dürlü-dürlü janr adlarının bolluğu haradasa ədəbi spekulyasiya, imitasiya, dekorativ hoqqabazlıqlar və bunların hesabına yaranan ləçər eqo üçün meydan açmırmı? Biri deyir mən qoşma, digəri deyir mən qəzəl, bir başqası deyir mən sonet, o birisi də deyir mən (əziz oxucu, “mən”lər (eqolar) barmaq uzadıb göz deşirlər!) sərbəst şeirin nəhəngiyəm! Qardaş, bildik, sən nəhəngsən, amma fildən ki, nəhəng deyilsən! Xəbərin varmı ki, böyük ədəbiyyat hətta Həsən ağanın qohumlarını da bir absurd “gözümüz aydın!”la yola sala bilir?!

Xeyli vaxtdır“Dədə Qorqud” eposundakı şeirlərin janr təyinatı üstündə tədqiqatçılar didişirlər. Hədər yerə baş sındırmayın, onların janrını bilmək istəyirsiniz, qoy deyim: Tanrı nəfəsi.

Necə ki, Tanrı öz nəfəsindən sənə can üfürür, sən də əgər əsl sənət yolunun müsafirisənsə, o nəfəsi Sözə üfürməlisən. Ona görə də rica edirəm bu yerdə durun, cənablar! Lütfən, durun, deyirəm! Tofiq Həsənlinin də şeirlərinə candərdi satirik şeir deyib keçməyin. Orada satira-zad yoxdur, havayı yerə əylənmək üçün özünüzə absurd bir gülüş köşkü yapmayın…

Mehman Qaraxanoğlu - Simvolik üçbucağın tamamlanması

Tofiqin şeirlərində nəhəng bir ağrı dəliyi vardır. Gözlə görünməyən nəhəng bir çat – bütün kainatı deformasiyaya uğrada bilən qara bir dəlik…
Siz heç can verən adamın yanında olmusunuzmu? Son Nəfəsin yanında? Hərə o nəfəsi bir cür qaytarır. Əgər başı bu müqəddəs rituala qarışmasaydı, o can verən əziz adam sizə deyərdi ki, rica edirəm baxmayın. Necə ki, ustad şairlərimizdən biri öncədən deyir: “Mən şeir yazanda sən mənə baxma”.

Əmin olun, Tofiq Həsənli hər dəfə şeir yazanda canvermə ritualını təkrar-təkrar yerinə yetirir…

***

Satira ədəbiyyatın ən dar bir güncüdür. O küncdə yalnız satiranı gülüş və tənqid kimi başa düşənləri tək ayaq üstə saxlamaq olar, vəssalam… Qoy qalsınlar orada. Sabir, Baba Pünhan və Tofiq Həsənli kimi böyük sənətkarları o güncə sıxmaq, sadəcə, banallıqdır.

Totalitar və avtoritar rejimlər dönəmində iki böyük dahini – Mirzə Cəlillə Əbdürrəhim bəy Haqverdiyevi də siyasi-ideoloji sifarişlərlə satirik yazıçılar kimi təqdim edir, onları məkrlə əsrarəngiz realizmdən uzaq tuturdular. Səbəb məlum idi; kommunizmin guya artıq əlçatan olduğu geniş ərazilərdə inkubator cücələri kimi yetişdirilən sovet adamı hara, “qəddar” realizm hara? Adda-budda şəkillənən “mənfi” obrazlar da guya sosializmin sabahını görmək istəməyən daxili düşmənlər və ya antipodlar imiş. Onlara qarşı ümumxalq mübarizəsi aparılmalıdır. Aparılırdı da!

Repressiyalar başlanmazdan əvvəl kütləni həmin repressiyalara hazırlamaq lazımdır. Mirzə Cəlil və Hüseyn Cavid kimi böyük sənətkarlar qırmızı imperiyanın riyakar simasını görür, onun vəhşi-masoxist mahiyyətini anlayırdılar. Ona görə də “Siyasət” sözünün qorxusundan “S” hərfini yaza bilməyən” Mirzə Cəlil öz mətnlərini “satirik” boyalarla qrimləyir, Cavid isə daha çox tarixə baş vururdu.

Bu ədəbi taktikanı hərfi anlamda qəbul edən nadanlara Mirzə Cəlilin cavabı çox sərtdir: “İndiyə təki hər nə yazmışıq, hər nə danışmışıq hamısını zarafat hesab eləyiblər; halbuki yazdıqlarımın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb”. (Mirzə Cəlil. “Şahsevənlər” məqaləsi)

Doğrudan-doğruya… Əslində, bu, vicdan işi, ədəbi məfkurə hayqırışı və Yol deməkdir.
Biz Tofiq Həsənlini zorla aparıb Mirzə Cəlil dövrünə salmaq fikrindən çox-çox uzağıq…

***

Satira janr olmaqdan daha çox özünüifadə formasıdır. Maraqlıdır ki, Tofiqin bədii-estetik cəhətdən kifayət qədər mükəmməl lirik şeirləri ola-ola qələmdaşları niyə onu daha çox məhz satirik şair kimi təqdim etməkdə israrlıdırlar? Niyə? Cavabını psixoanalizin banisi Ziqmund Freyddən alacağıq. Freydin dili ilə desək, bu, İD-lə (Alt “mən”lə) bağlıdır. Şüuraltı da olsa, “dostları” lirik şeirdə Tofiqi özlərinə çox ciddi rəqib görürlər.

Ondan yaxa qurtarmağın bircə yolu vardır; onu satirik şair kimi təqdim et, qurtardı getdi. Müəllifin yeni çap olunan 300 səhifəlik kitabı da “satirik şair” etiketini açıq-aşkar rədd edir; topluda həmin şeirlər cəmi 90 səhifəlik yer tutur.

Ədəbi cameədə qılınc oynatmaqla deyil, cənablar! Siz qılınc oynatmaqda, Tofiq Həsənli ilə lələk qələmlə özünü polad qalxanlara çırpmağında olsun. Qlossal (nəhəng) fərq göz qabağındadır. Amma zaman Tofiq kimi Ana Sözə can üfürənlərin tərəfindədir. Özünüz baxın:

Sorsalar:

Nə var? – deyirəm:
Belə dəə, şeir yazıram.
Hələ ağıllanmamışam,
Hələ də şeir yazıram.
 (“Hələ də şeir yazıram”)

“Belə dəə…” toplumun əsl şairə münasibətini fokuslandırır. Hiper-himayə, qudurğanlıq, harınlıq, təhsilsizlik, saysız-hesabsız mental bəlaların olduğu bir cəmiyyətdə milli-mənəvi dəyərlərin deqredasiyası labüdləşir. Bu zəncirvari prosesdə əsl şair obrazı arxa plana keçir.

***

Şəhidlər haqqında artıq yetərincə makalatura yığılıb. Təki gərəkən zamanda özlərini qabağa verib, sinələrinə döysünlər ki, baxın, biz də yazmışıq. Görəsən, bu şeiri oxuyandan sonra heç utanıb eləyəcəklərmi?

Xanım, dur, çıx görüşünə,
Qapına bir qərib gəlib.
Səngərin gülü bitmədi,
Gülləsini dərib gəlib.

Baxma ki, əli soyuyub,
Ağır yol gəlib, uyuyub.
Köynəyini qanla yuyub,
Sinəsinə sərib gəlib… (“Səngərin gülü bitmədi”)

Şeirin sonrakı üç bəndini yazmaq olmur. Qəhər adamı boğur.

Ədəbiyyata nə qədər rəngli təriflər verirsinizsə, verin, onu lap göylərə qaldırın, xeyri yoxdu, o, gözünüzün qarşısındadır.

Və yaxud Tofiqin “Vətən can” şeiri… O, məsum, pak bir uşaq kimi Vətənə müraciət formasını da dəyişib, necə ki, “anacan” deyirik…

Ruhum sənin eşqinlə səfərbərdi, Vətən can,
Eşqinlə sinəm söz dolu dəftərdi, Vətən can.

Xalqın sənin yolunda durubdur ayaq üstə,
Dur daima xalqın kimi möhkəm dayaq üstə,
Bir zərrən üçün canımı məndən dayaq istə,
Dar gündə vətəndaşların əsgərdi, Vətən can. (“Vətən can”)

Tofiq Həsənlinin ana, Vətən, şəhidlər, doğma yurd haqqındakı şeirləri Azərbaycan poeziyasında bu mövzuda yazılan şeirlərdən bilirsiniz nə ilə fərqlənir?

Təmənnasızlığı, bakirəliyi, dürüstlüyü, paklığı ilə… Elə bil bunları dünyanın əclaf üzünü görməyən birisi yazıb. Həmin əclaf üzü də, hələ ondan betərini də görüb, axı. O: – “Şəhid, Bayraq, Vətən haqda hamı yazır, müsabiqələrə qoşulur, qoy mən də yazım” – prinsipi ilə yazmır, ürəyindən nə gəlir, odur. Təmiz, imitasiyasız… Bir sözlə, sənətlə alver eləmir. Belələri isə ədəbiyyatımızda barmaqla sayılacaq qədərdir.

***
Başımız üstə əsrlər boyu şelləndi papaq,
Bərk yapışmışdıq, otuz yeddidə yelləndi papaq.
Bəxt açılsın, – deyə bir tərsinə çöndərdik onu,
Aclıq oldu yedik, axırda qan əndərdik onu,
“Kommunist”in araba çarxına döndərdik onu, Yetmiş il partbilet eşqiylə diyirləndi papaq.
 (“Papaq” şeiri)

Yaxın keçmişimizdir.
Bu aynada bizik.
Haydı, nə qədər gülürsünüz, gülün…
Və lirik, satirik şeirləri də özünüz ayırd edin. Nə dəyişiləcək ki? Ağrıların yeri dəyişiləndə ağrı azalarmı? Sadəcə, çevrilib dəyişilən bir varlıq varsa, o da Dil olur.

Tofiq özünü acı sarkazm və ironiya ilə ifadə edərkən böyük M.Ə.Sabirlə Baba Pünhan sanki yenidən dirilir, doğma Azərbaycan dili eyni ruh və intonasiya çətiri altında simvolik bir üçbucaq əmələ gətirir…

 

 

 

 

 

 

Mehman Qaraxanoğlu

 

Manera.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/08/23/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-3/ (davamı) Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL § 6. Aşkarlıqda fərq. Özlüyündə ilk aşkarlığın və apodiktliyin fəlsəfi tələbi Lakin burada, bu mühüm başlanğıc bənddə, daha dərin düşüncələr lazımdır. Mütləq ehtibarlılıq və ya eyni zamanda mütləq şübhəsizlik haqqında sözlər aydınlaşdırılmağa ehtiyac duyur. Onlar bizim diqqətimizi o vəziyyətə cəlb edir ki, […]