Başlıq Tərlanın şeirindən götürdüyüm misradır. Diskurs daxilində yeri çox rahatdır. Amma yuxarı başa çıxarılandan sonra “sancılar”ı başlanıb:
Sən parklarımızın görüntüsünü pozursan-deyib,
xətrinə dəymirlər,
cərimə etmirlər adamı
Rüsum istəmirlər oturan yerdə darıxmağa
ən pis halda ayaq üstə darıxırsan,
ya da birinə yaxınlaşıb icazə istəyirsən,
yanında oturab icazəli-icazəli darıxırsan…
Çox acı bir “təsəlli”dir. Tərlan bəlkə də onun tamını hiss etmir?! Və bu onun xoşbəxtliyidir.
Niyə?!
Bir az sonra…
***
Özünə kənardan baxmaq “sənəti”nə aludə olanlardan zəhləm gedir. Guya bunlar toplumdan bir baş yuxarıdırlar. Əsas səbəb də özlərinə kənardan baxa bilmələri göstərilir. Öz boyunlarını rəngbərəng qalstuklara könüllü təslim edən andan (deyəsən, onların həyatda gördüyü yeganə “könüllü” iş elə budur) sutkanın sonuna qədər bu adamların təbəssümü, ritorikası və hərəkət troyektoriyası da öncədən planlanır, üzlərinə irişəcəyi və üz göstərməyəcəyi adamların siyahısı tutulur, bir sözlə, hər şey kənara hesablanır. Belələri şair, yazıçı, ümumən, sənət adamları olanda tablo lap dramatikləşir.
Görəsən, Səttar Bəhlulzadə bu lənətə gəlmiş, ləçər “kənar”dan özünə baxırdımı? Cavad Mircavadov necə? Xaqani, Məhsəti xanım Gəncəvi, Mirzə Şəfi, Vaqif Bayatlı necə?!
Tərlan gözəl deyir:
Adam özü olmayanda
Söyüş də yaxşı çıxmır ağzından, ruh da…
***
Özünü, şeirini, ölkənin hər yerindən görünən poetik boyunu, günboyu ora-bura bühudə dağıtdığı mükəmməl düşüncə qavramlarını bir qram da vecinə almayan bir adam düşünün. Bax, Tərlan odur!
Təkrar-təkrar məhz sonuncu körpüyə qalxan yoxuşda (ədəbi körpü ucalığında!) səbirsizlənib ötmə əməliyyatına düzgün əməl eləməyən, buna görə də tez-tez cərimələnən və “cəzalı ədəbi arabaçı” adını əbədi olaraq özünə haqq eləyən bir müsafir yada salın: Bax, Tərlan odur!
Ən mükəmməl tablosuna öz imzasını qoymağı unudan bir sərsəri rəssam xatırlayın. Bax, Tərlan odur…
Sutkanın 24 saatını duelə çağırış əhvalına köklənən və əgər duel baş tutarsa, məhz öz şeirini sekundant eləməkdən ötrü dava-dalaş salan 55 yaşlı bir dəliqanlı obrazına fokuslanın. Bax, Tərlan odur!
Dər məni nəfəstək, çək öz içinə,
Adım dodağında yer saxlamasın…
Saçların sinəmdə zəmiyə dönsün,
Qollarım özgəni qucaqlamasın.
Köklənim əlinə, ayağına, qoy
Yerini bir kimsə soraqlamasın.
Səni məndən başqa bilən olmasın,
Məni də özgəsi varaqlamasın.
Şeirdə şiddətli duel küləkləri əsir…
***
Tanrı nəinki istedadlı adamları, həm də onların yaşayacağı məkanları da öncədən seçir. İstedad həmişə məkana uduzur. (Söhbət istedadlı adamlardan gedir, istedadsızlar məkanla həmişə dil tapırlar) Tərlan da əziz məkana – Lənkərana uduzan birisidir.
Necə ki, Anar Həbiboğlu uduzdu…
Bizdə isə istedadlı “məğlub”ları sevmirlər.
Bu gün rəssam Adil Əsədli də çırpınır, Tofiq Həsənli də, Tərlan da… Mümkündür ki, onların məğlubiyyətindən sonra dairəvi qala da təmir olunacaq, milli mətbəximiz bizə bir dənə də qızıl medal bəxş edəcək…
Bəs sonra?!
Rica edirəm, istedadlardan bir az aralı durun.
İmkan verin, onlar özləri özlərini linç eləsinlər…
Anar Həbiboğlu kimi…
Sonra da o qızıl medalı götürüb dünya mətbəxinin gözünə soxarsınız…
İlahi Sözün “ləvəngi”yə və pitiyə uduzduğu yerdə yaşamaq dəhşətdi…
Amma nə yazıq ki, şairlər məhz “dəhşətlər”i sevirlər:
Bircə ona şükür ki,
sevgi hələ də hisslərin ən qədim olanıdır,
Bircə ona şükür ki,
darıxmaq üçün ölkənin heç bir yerində növbəyə durmur adam…
Əgər belə bir növbə olsa, Tərlan, sözsüz ki, ilk sırada olacaq…
***
Millət vəkili, tanınmış yazıçı Aqil Abbas və xanımı hər dəfə Lənkərana gələndə Tərlanı tapır, onunla həmsöhbət olur, mənəvi dəstəklərini əsirgəmirlər. Onlar bu aristokratik hərəkətlərilə bizə həm işıqlı, həm də çox ciddi bir mesaj yollayırlar, yəni, Lənkəran bizim üçün həm də Tərlan deməkdir, istedadınızın qədrini bilin! Amma biz nə edirik? Beş addımlığında ola-ola onu görməzdən gəlirik. İllərdir diplomunun olmamasını bəhanə edib işsiz qoymuşuq onu. Lənətə gəlmiş bu diplom nədir axı? Hansı istedadın göstəricisidir? On illərdir ölkədə saxta diplomların yığışdırılması ilə bağlı “təmizlənmə” işləri gedir? Təmizlənirmi? Gedib pulunu verib, diplomunu alan yüzlərlə “alimciyəz”lərimiz var. İşimiz yox onlarla. Amma onlar istedadları parçalamağa hazırdırlar, axı. Özlərindən betərlərini yığırlar ətraflarına…
Öyrət mənə bu günün əlifbasını,
mənə asılqandan palto,
divardan şəkil,
tavandan nənni asmağı öyrət,
adam asmağı yox…
Kaş adam asmağı öyrənəydin, Tərlan!
Sözün metafizik anlamında…
***
Və Tanrı Tərlanı onu ən uca diplomla mükafatlandırıb – ona Böyük İstedad verib. Bilmirəm, bu yerdə niyə boğazımı qəhər tutdu və Şəhriyarın qosqoca, yorğun səsi gəldi qulaqlarıma?!
Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,
Qaçmışam Təbrizə, qoy yaxşı-yaman bəllənsin.
İndilikdə Lənkəranın poetik səmasında (bu həm də bütöv Azərbaycan səmasıdır!) iki boynubükük durna uçur: Tofiq Həsənli və Tərlan. Onlar Üç nəfər idilər. Anarı deyirəm – Anar Həbiboğlunu…
Qanadlarını özü qırdı.
Çiynindəki ağır yükə tablaşmadı…
İndi siz Tərlanın və Tofiqin ötkəmliyini, dəli-doluluğunu bəyənmirsiniz, öz işinizdir, heç olmasa dayanın, durun! Onların depresiv hala düşməsinə çalışmayın!
Niyyətiniz nədir?
Deyirsiniz ki, Lənkəranda istedad qalmasın?!
Yox, elə bir fon yaranmasın ki, Tərlanın müdafiəmizə ehtiyacı vardır. Və heç kəs də Tərlanı linç eləmək fikrində deyildir. Ustadım Kamal Abdulla deyir: “İlahi, bilməyənləri bilənlərin qəzəbindən qoru”. Nə qəzəbliyəm, nə də bilən, sadəcə, “həqiqəti çılpaq görmədiyimə görə” emosionalam.
Məqsədim hamının bildiyi bir həqiqəti qabartmaqdır: Təqaüd yaşına çatdıqdan sonra şan-şöhrət acları kimi ədəbiyyata dürtülən, işi-peşəsi çayxana günclərində özü kimi istedadsızlardan (qoca, ya cavan, fərqi yoxdur!) “həmfikir” tapmaq olan, bununla da ədəbi cameəni sovetdənqalma kollektiv təsərrüfat sahəsinə və məşuqəyə çevirən şəxslərlə ədəbiyyata təmənnasız olaraq ömrünü – canını, qanını, ruhunu bəxş əsl söz adamlarını fərqləndirməyin zamanı gəlib. Bu həm də qan bahasına əldə etdiyimiz Müstəqilliyimizin ən uca mesajıdır. Şüurumuz totalitarizm illüziyaları və avtoritar qarabasmalardan tam xilas olmasa, Müstəqilliyimiz də natamam olacaq…
***
Tərlan daha çox sərbəstdə yazır. Bu vəzn onun xarakterinə çox uyuğundur. Sərbəst şeirlərində qəfil dil dönümləri və çevrilmələr diqqətçəkicidir, burada simvolik obrazlar, real və sürreal detallar qovuşuqdur. Onun heca və əruzda yazdığı şeirlər də orijinallığı ilə seçilir.
Tərlanın qəzəl janrına gətirdiyi yenilikləri isə heç kəs dana bilməz; o sanki anadangəlmə əruzşünasdır, əruzla əlaqəli elmi, polemik söhbətlərə tez-tez qatılır…
Şeirlərinin birində belə bir misra vardır:
Uçmaq istəyən bir adam
dərəyə baxır…
Mətnin əvvəlində qeyd eləmişdim ki, Tərlan öz-özünə verdiyi acı və acımasız təsəllinin dadını-tamını hiss eləmir sanki. “Niyə”si indicə bilindi; sən demə, nəzərləri dərənin dibinə zillənən adam üçün göyə və ya dərəyə uçmağın heç bir fərqi yoxmuş…
Mehman Qaraxanoğlu