***
Qanun kasıbın qənimidir,
həmişə bir bəhanə tapıb qandallayır əlini…
Ürəyində Allah xofu varsa,
bir addım geridəsən ölkədən,
yəni heç nədən
səni güdaza verəcək Tanrın,
səni arada qoyacaq sevdiyin,
səni adam yerinə qoymayacaq adam bildiklərin…
Biləndə ki, həyat heç nəyin hesabını saxlamır birində,
əl-qolu bağlanır,
bəri başdan sinəsi dağlanır adamın…
Təbi olanda, səbəbi,
səbəbi olanda, təbi olmur yazmağa şairin.
Yetər ki, başın dik, əlin aşağı olsun,
ölkədəki bütün yollar səni səsləyəcək onu azmağa…
İllərdi xəzinə axtardığın xarabadı,
atı ayaqlarından güllələnmiş arabadı vətən…
Sinəndə tikan-tikandı ləçəyini tökmüş qızılgül arzuların,
ahın səmtini dəyişib suların,
süfrəndə nə sevgi qalıb, nə də ümid bir qarın…
Səndən gedəndə hərə bir yerini aparıb,
hərə bir yerini qoparıb,
qalan təkcə əllərindi…
Tərlan Əbilov