Zenfira Mayılova. Cəfər Cabbarlının “Od gəlini” pyesi oxucu nəzərində

(Esse)

Xanlara, bəylərə, hökmdarlara deyil, sadə xalq qəhrəmanlarına, onların xalq yolundakı mübarizələrinə həsr olunmuş “Od gəlini” pyesi IX əsr hadisələrini əks etidirir. Bir növ Babək ilə Ərəb xilafəti arasındakı mübarizəyə həsr olunmuşdur. İslam siyasəti ilə din bayrağı altında yeridilən işğalçı siyasət özünü bu əsərdə müəyyən məqamlarda göstərir. Əsas qabardılan məsələlər ərəblərin işğalçılığı, xalqın adət və ənənələrinə, dininə, heysiyyətınə təcavüzünü əks etdirən səhnələrdir. Xalqımızın ərəb işğalçılarına qarşı göstərdiyi şanlı mübarizəni isə ədib məharətlə təsvir etmişdir.

Dövrünün aktual məsələlərini özündə əks etdirən bu pyesdə tipik rəmzləşməni açıq-aydın görmək olur. Əsərdəki rus və kommunizm yanaşması, əslində, ərəb və islam siyasətinə işarə edir. Ehtimal ki, bu əsərə görə Cəfər Cabbarlı ateist adlandırılır. Lakin fikrimizcə, bu əsərdə yazıçının seçdiyi dini aspekt ilə əsl ateizm arasında incə bir sərhəd var. Belə ki, əsər özü-özlüyündə sovet ideologiyasına qarşı çıxır. Sovet rejiminin ədəbi siyasəti və milli-estetik fikri xalqı öz tarixi ənənəsindən uzaqlaşdırır, heç bir ədəbi ənənəyə söykənməyən proletar ədəbiyyatı vasitəsi ilə şüurlara nüfuz edir və beləliklə, həmin xalq tarixdən silinir, yeni bir tarix yaranır. Sovetlər birliyi qadınlardan evlərdən çıxıb zavodlarda işləməyi tələb etməklə təkcə onların həyat tərzini deyil, düşüncə tərzlərini də dəyişmək niyyətində olmuşdur. Çünki adət-ənənə və milli bağlılıq məsələlərində qadınlar daha sabitdir və onların dəyişməsi, əslində, kökdən ayrılma məsələsini daha uğurlu edə bilərdi. Bununla da yazıçı, əslində, həmin dövrdə yaradılan süni tipologiyaya, saxta dini inanclara qarşı ateist mövqeydən çıxış etmişdir.

Bu fikirləri əsərin bir çox hissəsində görmək olar. Düzdür, yazıçının bu əsərdəki mövqeyinin xalqın əsl dərin düşüncəsini əks etdirdiyini demək düzgün olmaz. Lakin hiss olunan ateist yanaşma sovet rejiminə və dinin orjinallığına pərdə gətirənlərə qarşı bir mübarizədir.

C.Cabbarlı bu əsərdə ailə münasibətlərinə də müəyyən qədər toxunmuşdur. Müqəddəs ailə anlayışının məhrəmiyyətinin pozulmasına etiraz edən ədib, baş qəhrəmanlardan olan Elxanın dili ilə fikrini bizlərə çatdırır. Elxan uca səslə elan etdiyi nitqində deyir ki, onun qurmaq istədiyi bütün bəşəriyyət üçün örnək ola biləcək bir ölkədir. Heç bir qanun gizli olmayacaq. Hər şey öz sərbəstliyində, istəyən qardaş-bacı, istəyən ər-arvad olacaqdır. Yalnız bu cür bir ailənin təməli güclü ola bilər.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nərmin Şeydayeva. Kölgəsiz

(Hekayə) Qızmar günəşin yenicə özünü göstərdiyi bir yay günü kitabxanaya doğru addımladım. Uzun müddətdən bəri oxumaq istədiyim bir kitabı – Anna Kareninanı, nəhayət, götürüb, havasında kitab oxumağı çox sevdiyim dəniz sahilinə getdim. Sanki bu gün şəhərə sakitlik çökmüşdü. Əvvələr insanların çox olduğu sahildə indi demək olar ki, heç kim görünmürdü. […]