Korifeylər. Məhəmmədhüseyn Şəhriyar. Behcətabad xatirələri (şeir)

 

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı.

Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparı.

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı.

Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar, sübhüm, açıla səni tarı!

Dan ulduzu istər çıxa, göz yalvarı, çıxma,
O çıxmasa da ulduzumun yoxdur çıxarı.

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca, daha baş da ağarı.

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

Rişxəndilə qırcandı səhər, söylədi:-Durma,
Can qorxusu var eşqin, uduzdun bu qumarı.

Oldum qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.

Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldü, qızarı.

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç Avq 16 , 2023
Əvvəli: https://klv.az/2023/08/09/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri/ (davamı) Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL § 3. Kartezian çevrilişi və elmin əsaslandırılmasının aparıcı son ideyası Beləliklə, biz, hər kəs özü üçün və özündə, əvvəlcədən, hər şeyə, yeni başlayan filosofların radikal qərarı kimi, hər şeydən əvvəl, indiyə qədər bizim üçün əhəmiyyət kəsb etmiş bütün məsləkləri, bunula yanaşı, həm […]