Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: http://Oldos Haksli. Cəsur yeni dünya https://klv.az/2023/08/07/oldos-haksli-c%c9%99sur-yeni-dunya-11/

(davamı)

Müdirin otağının qarşısında bir an ayaq saxlayan Bernard dərin bir nəfəs aldı, çiyinlərini düzəldərək özünü içəridə qarşılaşacağı bəyənməmə və mənfi münasibətə hazırlamağa çalışdı. Qapını döydü və içəri daxil oldu.

– İcazə sənədini imzalamağınız lazımdır, – dedi və mümkün qədər qayğısız görünməyə çalışaraq kağızı Müdirin masasının üstünə qoydu.

Müdir Bernarda tərs-tərs baxdı. Ancaq sənədin üst hissəsində Dünya İdarəetmə Ofisinin möhürü, alt hissəsində isə Mustafa Mondun qalın qara mürəkkəblə çəkilmiş imzası var idi. Hər şey tam qaydasında idi. Müdirin başqa yolu yox idi. Müdir öz inisiallarını qoydu – Mustafa Mondun imzasının aşağısında cılız görünən iki kiçik, solğun hərf – heç bir söz demədən və “Ford kömək olsun! “ arzulamadan sənədi qaytarmaq istəyirdi ki, birdən gözləri icazə sənədinin mətnində yazılmış “Nyu Meksika” sözünə sataşdı.

– Nyu Meksika rezervasiyası üçün? – deyə soruşan səs tonunda və Bernarda baxan sifətində narahatlıqla qarışıq bir çaşqınlıq var idi.

Onun çaşqınlığından təəccüblənən Bernard başı ilə təsdiqlədi. Səssizlik çökdü.

Müdir qaşqabağını tökərək kreslosunun arxasına söykəndi.

– Neçə il bundan əvvəl idi? – deyə Bernarddan daha çox özünə müraciətlə soruşdu. – Deyəsən iyirmi il. Hətta iyirmi beş il. O vaxt təxminən sizin yaşda olardım… – Ah çəkib başını yırğaladı.

Bernard özünü çox narahat hiss elədi. Qaydalara ciddi şəkildə riayət edən və hər şeydə dəqiq olan Müdir və birdən-birə belə bir kobud səhv! Üzünü tutub qaçaraq otaqdan çıxmaq istədi. Uzaq keçmişdən bəhs edən insanlarda pis bir cəhət görmürdü – bu cür onun tamamilə xilas olduğu (ona belə gəlirdi) hipnopedik xurafatlardan biri idi. Müdirin keçmişi yada salmağı xoşlamadığını bilmək onu karıxdırırdı – xoşlamırdı, amma bununla belə bütün qaydaları pozaraq xatırlamaqdan özünü saxlaya bilməmişdi. Hansı daxili məcburiyyət onu xatirələrə dalmağa məcbur etmişdi? Rahatsızlığa baxmayaraq Bernard maraqla dinlədi.

– Mən də sizin kimi, vəhşilərə baxmaq istəmişdim, – Müdir dedi. – Nyu Meksikaya icazə alıb yay tətilinə getdim. O vaxtlar görüşdüyüm qız da mənimlə idi. O beta-minus idi və yaddaşım məni aldatmırsa (gözlərini yumdu), sarı saç idi. Hər halda, o yadımdır ki, çox dolu bir qız idi. Nə isə, ora getdik, vəhşiləri gördük, at sürdük və sair. Sonra, demək olar ki, tətilin son günü… qız azdı. Onunla o iyrənc dağlardan birinə getmişdik, hava çox isti və bürkü idi, nahardan sonra yatdıq. Daha doğrusu, mən yatdım. Qız isə qalxıb təkbaşına gəzməyə getmişdi. Hər halda, mən oyananda o yanımda yox idi. Həyatımda gördüyüm ən qorxulu fırtına qopmuşdu. Leysan yağır, göy guruldayır və şimşək çaxırdı, atlar ipləri qırıb qaçdılar, onları tutmağa çalışanda yıxılıb dizimi elə zədələdim ki, güclə yeriyirdim. Ancaq yenə də adını haylayıb onu axtarmağa davam elədim. Heç yerdə yox idi. Sonra təkbaşına istirahət evinə qayıtdığını düşündüm. Gəldiyimiz yol ilə sürünərək dərəyə endim. Dizim bərk ağrıyırdı, somamı isə itirmişdim. Enməm bir neçə saat çəkdi. istirahət evinə çatanda gecə yarını keçmişdi. Qız orada yox idi, orada deyildi, – deyə Müdir təkrar elədi. Araya sakitlik çökdü. Sonra Müdir sözlərinə davam elədi, – Ertəsi gün axtarışlar aparıldı. Ancaq onu tapa bilmədik. Ya yarğana düşmüşdü, ya da puma 38 parçalamışdı. Ford bilir. Hər halda, dəhşətli hadisə idi. O vaxt çox məyus olmuşdum. Deyərdim həddindən artıq məyus olmuşdum. Ona görə ki, belə bir hadisə hər kəsin başına gələ bilər; üstəlik hüceyrələrinin dəyişməsinə baxmayaraq sosial orqanizm yaşamağa davam edir.

Ancaq bu hipnopediya təsəllisi elə də işə yaramamışdı. Müdir başını yırğalayaraq alçaq səslə, – Bəzən yuxumda fırtınanın səsinə oyanıb yanımda olmadığını, ağaclarını altında onu axtardığımı görürəm, – dedi. – Xatirələrin səssizliyinə daldı.

– Güclü sarsıntı yaşamışsınız, – Bernard az qala qibtə ilə dedi.

Bernardın səsindən diksinib harada olduğunu fərqinə varan Müdir, günahkarcasına ona baxdı, qulaqlarına qədər qızarıb başını aşağı saldı; qəfil şübhə ilə yenidən baxdı və qəzəblə dedi:

– Elə düşünməyin ki, o qızla aramızda hansısa ədəbsiz münasibət olub. Bu duyğusal və uzunmüddətli bir münasibət deyildi. – İcazə sənədini Bernarda verdi.

-Bilmirəm bu əhəmiyyətsiz hadisəni danışıb sizi niyə darıxdırdım, – özünü nüfuzundan sala biləcək bir sirri ağzından qaçırdığı üçün özünə hirslənən Müdir hirsini Bernarddan çıxardı. Müdirin baxışlarından açıq-aşkar qəzəb yağırdı.

– Cənab Marks, bu imkandan istifadə edib sizə bildirmək istəyirəm ki, iş saatlarından kənar vaxtlarda davranışlarınızla bağlı aldığım məlumatlardan heç də məmnun deyiləm. Deyə bilərsiniz ki, bunun mənə heç bir dəxli yoxdur. Ancaq var. Mərkəzimizin yaxşı adının qorunmasının məsuliyyəti mənim üzərimə düşür. İşçilərim, xüsusilə də yuxarı kastalardan olanlar nöqsansız olmalıdır. Alfaların tərbiyələndirilməsində hissi davranış baxımdan uşaq kimi davranmaq nəzərdə tutulmayıb. Elə bu səbəbdən də alfalar bu qaydalara riayət etmək üçün daha çox səy göstərməlidir. Hətta öz meyllərinə zidd olaraq uşaq kimi olmaq onların borcudur. Beləliklə, sizə xəbərdarlıq etdim. Müdirin səsi artıq tam haqlılıq və qeyri-şəxsi hiddətlə titrəyirdi, bu artıq cəmiyyətin iradı idi.

– Əgər bir də standart uşaq tərbiyəsindən kənara çıxdığınızı eşitsəm, Mərkəzin filiallarından birinə köçürülməyinizi istəyəcəyəm – İslandiya daha yaxşı olardı. – Sağ olun. – Kreslosunda fırlanaraq qələmini götürüb yazmağa başladı.

“Ağlı başına gələr,” – Müdir öz-özünə düşündü. Ancaq yanılırdı, çünki Bernard qapının çırparaq otağı tərk edərkən təkbaşına qayda-qanuna qarşı qəhrəmancasına mübarizə apardığını düşünərək qürur duyur, öz şəxsi əhəmiyyət və vacibliyini düşünərək sərxoş kimi göylərdə uçurdu. Hətta zülm və təqiblər barədə fikirlər onu qorxutmamış, həvəsdən salmamış, əksinə daha da ruhlandırmışdı. Özünü iztirablarla üzləşib öhdəsindən gələ biləcək qədər güclü hiss edirdi, hətta İslandiyaya göndərilmək də onu qorxutmurdu. Təhlükənin ciddiliyinə bir an olsun inanmadığı üçün özünə inamı daha da artmışdı. Belə şeylərə görə heç kimi göndərmirdilər. İslandiya sadəcə bir hədə idi. Həvəsləndirici və həyat verən bir hədə. Dəhlizdə yeriyərkən kefindən fit çalırdı.

O axşam İTM Müdiri ilə qəhrəmancasına etdiyi söhbətdən Helmholtsa danışırdı:

– Sonra da, – “Rədd ol keçmişin uçurumuna!” – deyib otaqdan çıxdım. Bununla da söhbət bitdi. – Layiq olduğu dəstək, ruhlandırma və heyranlıqla mükafatlandırılacağını gözləyərək Helmholtsa baxdı. Helmholtsun bir kəlmə də demədi. Sakitcə oturub döşəməyə baxırdı.

Bernardı çox istəyirdi, vacib hesab etdiyi mövzularda söhbət edə biləcəyi yeganə insan olduğu üçün ona minnətdar idi. Bununla belə Bernardda xoşuna gəlməyən cəhətlər də var idi. Məsələn, bu lovğalıq. Bu lovğalığı əvəz edən özünə yazığı gəlmək tutmaları, bir də davadan sonra özünü cəsarətli göstərməyi və əvvəl heç bir əlaməti gözə dəyməyən ruh yüksəkliyi kimi cansıxıcı vərdişi var idi. Məhz Bernardı çox istədiyindən bu cəhətlərini xoşlamırdı. Saniyələr keçdi. Helmholts döşəməyə baxmağa davam etdi. Bernard anidən qızardı və üzünü yana çevirdi.

Uçuş ərzində elə bir maraqlı hadisə baş vermədi. “Mavi Sakit Okean Raketi” Nyu Orleana iki dəqiqə yarım tez çatdı, Texas üzərində baş verən qasırğa səbəbindən dörd dəqiqə itirdi, ancaq 95-ci qərb uzunluq dairəsində əlverişli bir hava axınına daxil oldu və qrafikdən otuz saniyə gec olmaqla Santa-Fedə yerə endi.

– Altı saat yarımlıq uçuşda qırx saniyə. Elə də pis deyil, – deyə Lenina ekipaja haqq qazandırdı.

Santa-Fedə gecələdilər. Mehmanxana əla idi – keçən yay Leninanın bir çox rahatsızlıqla üzləşdiyi “Qütb Parıltısı Sarayı” ilə müqayisə edilməyəcək qədər daha yaxşı idi. Hər bir yataq otağı maye hava, televizor, vibro-vakuumlu masaj aləti, radio, qaynayan kofein məhlulu, qızdırılmış mayalanma əleyhinə vasitələr və səkkiz fərqli ətir ilə təchiz edilmişdi. Dəhlizə girəndə sintetik musiqi cihazı oxuyurdu və arzu ediləcək başqa bir şey qalmamışdı. Liftdəki bildiriş mehmanxanada altmış eskalatorlu tennis meydançası, parkda isə həm elektromaqnit, həm də maneəli qolf olduğunu bildirirdi.

– Bu lap əladır! – deyə Lenina sevincindən çığırdı. Adamın burdan heç çıxıb getməyi gəlmir. Altmış meydança!

– Rezervasiyada isə heç biri də olmayaq, – deyə Bernard xəbərdar elədi. Ətir, televiziya, hətta isti su belə yoxdur. Bunlarsız dözə bilməyəcəyini düşünürsənsə mən qayıdana kimi burda qal.

Lenina bərk incidi.

– Niyə dözə bilmirəm. Buranın əla olduğun söylədim, çünki … çünki inkişaf yaxşı şeydir, elə deyilmi?

– On üç yaşından on yeddi yaşına kimi həftədə bir dəfə olmaqla beş yüz təkrar, – Bernard burnunun altında dedi.

– Nə dedin?

– Deyirəm inkişaf əla şeydir. Ona görə də həqiqətən də rezervasiyaya getmək istəmirsənsə getməyin lazım deyil.

– Həqiqətən də istəyirəm.

– Yaxşı gedək, – Bernard az qala hədələyici şəkildə dedi.

İcazə sənədinin rezervasiya Müdiri tərəfindən imzalanması tələb olunduğundan ertəsi sabah Müdirin otağına çıxdılar. Epsilon plyus olan zənci qapıçı Bernardın sənədini alıb içəri apardı və dərhal da içəri dəvət olundular.

Müdir sarışın, boynu çiyinlərinə girmiş, bəstəboy, qırmızı girdəsifət, enlikürək, bir alfa minus idi və hipnopedik müdriklikdən söz etməyə yarıyan, uca, gurultulu bir səsə malik idi. O, lazımsız məlumat, arzuolunmaz məsləhət xəzinəsi idi. Danışmağa başladısa özünü saxlaya bilmirdi, dayanmaq bilmədən guruldayırdı.

– …beş yüz altmış min kvadrat kilometr ərazi, hər biri yüksək gərginlikli xətlə əhatələnmiş dörd fərqli sahəyə bölünmüşdür.

Elə bu an nədənsə Bernardın birdən vanna otağında odekolon kranını açıq qoyduğu yadına düşdü.

– …Böyük Kanyon su elektrik stansiyasını xətti cərəyanla təchiz edir.

“Evə qayıdana kimi bir ətək pul axıb gedəcək. Bernard odekolon sayğacının qarışqa kimi yorulmaq bilmədən fırlanan əqrəbini gözünün qabağına gətirdi. Dərhal Helmholtsa zəng et”.

– …beş min kilometrdən çox hasar altmış min volt gərginlik altındadır.

Lenina Müdirin nədən söz etdiyi barədə zərrə qədər də olsa təsəvvürə malik olmasa da, yaranmış dramatik səssizlikdən istifadə edərək nəzakətlə dedi:

– Doğrudan? Müdir gurultu ilə danışmağa başlayanda gizlicə yarım qramlıq soma qəbul etmiş, nəticədə indi dinləmədən sakitcə otura bilir, heç bir şey barədə düşünmürdü, ancaq iri mavi gözlərini heyranlıqla dinləyirmiş kimi Müdirin üzündən çəkmirdi.

– Hasara toxunmaq ani ölümlə nəticələnir. Vəhşi rezervasiyadan qaçış mümkün deyil. Heç su da axıb o biri tərəf keçə bilməz, – Müdir təntənəli bir səslə dedi.

“Su” sözü oğrunun yadına daş saldı.

– Bəlkə biz gedək, – Bernard ayağa qalxaraq dedi. Kiçik qara əqrəb bir böcək kimi tələsərək zamanı gəmirir, pulunun axırına çıxırdı.

– Rezervasiyadan qaçış mümkün deyil, – deyə təkrarlayan Müdir əli ilə işarət edərək Bernardı yenidən yerində oturtdu; icazə sənədi hələ imzalanmadığı üçün Bernardın tabe olmaqdan başqa çarəsi qalmadı.

– Burada doğulanlar, – xanım qız, unutmayın ki, – deyərkən bir tərəfdən də Leninanı acgözlüklə süzür və şəhvətli pıçıltı ilə danışırdı, – unutmayın ki, rezervasiyada uşaqlar hələ də doğulur, bəli, nə qədər iyrənc səslənsə də, həqiqətən də doğulur…

Utandırıcı mövzudan söz salmaqla Leninanı qızarmağa məcbur edəcəyini düşünürdü, ancaq o sadəcə gülümsədi və guya maraqlanıbmış kimi təəccübünü ifadə edərək dedi:

– Doğrudan?

Müdir məyus halda sözünə davam elədi:

– Təkrar edirəm, rezervasiyada doğulanların həyatları orada bitməyə məhkumdur.

Bitməyə məhkumdur… Hər dəqiqə bir desilitr* odekolon. Bir saata altı litr. Bernard bir daha cəhd elədi, – Biz artıq…

Müdir irəli əyilərək şəhadət barmağı ilə masaya vurdu. – Məndən rezervasiyada neçə nəfərin yaşadığını soruşa bilərsiniz. Cavab verirəm ki, – zəfər qazanmış kimi, – cavab verirəm ki, bilmirik. Biz sadəcə təxmini deyə bilərik.

– Doğrudan?

– Xanım qız, elədir ki, var.

Altı vur iyirmi dörd yox, artıq altı vur otuz altı olar. Bernardın hövsələsizlikdən rəngi qaçmışdı və əsirdi. Ancaq Müdir rəhmsizcəsinə guruldamağına davam edirdi:

– …altmış minə yaxın hindi və metis… Tam vəhşilər… Nəzarətçilərimiz arada bir ziyarət edir… Bundan savayı, sivil dünya ilə heç bir əlaqələri yoxdur… İyrənc adət və ənənələrini hələ də qoruyub saxlamaqdadırlar… Nikah, bilmirəm xanım qız bunun nə olduğunu bilirmi; ailələr… düşüncənin elmi əsaslarla formalaşdırılması yoxdur… müdhiş xurafatlar… xaçpərəstlik, totemizm*, əcdadlara sitayiş… Zuni*, İspan dili, Atapask* kimi ölü dillər… Pumalar, oxlu kirpilər və digər vəhşi heyvanlar… Keçici xəstəliklər… Dindarlar… Zəhərli kərtənkələlər…

– Doğrudan?

Axır ki, qurtuldular. Bernard telefona cumdu. Tez, tez, ancaq Helmholtsla əlaqə saxlayana qədər az qala üç dəqiqə keçdi.

– Sanki artıq vəhşilərin arasındayıq, – deyə gileyləndi, – Biabırçı dərəcədə bacarıqsız işləyirlər!

– Bir qram həb qəbul elə, – deyə Lenina məsləhət verdi.

Əsəbiləşməyi üstün tutaraq etiraz elədi. Nəhayət ki, Forda şükür, əlaqə yaranmışdı, bəli bu Helmholts idi; ona hər şeyi başa saldı, Helmholts dərhal gedib kranı bağlayacağına söz verdi, ancaq o, bu fürsətdən istifadə edib Müdirin dünən axşam hamının içində söylədiklərini Bernarda çatdırdı.

– Nə! Mənim yerimə adam axtarır? – deyə Bernard qəmli səslə təkrar etdi. Yəni qərar verilib? İslandiyadan danışdı? Deyirsən danışdı? Aman Ford! İslandiya… Dəstəyi yerinə asıb Leninanın yanına qayıtdı. Rəngi solmuş, üzünə ağır kədər çökmüşdü.

– Nə olub? – deyə Lenina soruşdu.

– Nə olub? – deyə oturacağa çökdü. Məni İslandiyaya göndərirlər.

Əvvəllər o tez-tez (somasız, daxili iradəsinə arxalanaraq) hansısa ciddi bir sınağa, acıya, təqibə məruz qalmağın necə olacağını düşünürdü; hətta bunu arzulamışdı da. Cəmi bir həftə bundan əvvəl Müdirin otağında acılara cəsarətlə sinə gərərək, mətanətlə qəbul etdiyini təsəvvürünə gətirmişdi. Müdirin hədələri onu göylərə, həyatdan daha uca bir məqama qaldırmışdı. Ancaq bunun səbəbi, indi anladığı kimi, hədələri ciddi qəbul etməməyi idi; o, Müdirin məsələni bu yerə gətirib çıxaracağına inanmamışdı. İndi hədələrin yerinə yetirilməyi onu qorxutmuşdu. O xəyali mətanətdən və nəzəri cəsarətdən əsər-əlamət qalmamışdı.

Özünə acıqlandı: mən nə axmağam! – Müdirə acıqlandı: mənə daha bir şans verilməməyi çox böyük ədalətsizlikdir, – daha bir şansdan istifadə etmək istədiyindən indi tamamilə əmin idi və İslandiya… İslandiya…

Lenina başını yırğaladı.

“Keçmiş və gələcək məni xəstələndirəcək – deyə Lenina sitat gətirdi. – Bir qram həb qəbul edərəm, özümə gələrəm”

Sonunda Bernardı dörd soma həbi qəbul etməyə razı saldı. Beş dəqiqə sonra keçmiş və gələcək yox olub getmişdi, indiki zaman qızıl gül kimi çiçək açmışdı. Qapıçıdan xəbər gəldi ki, rezervasiya Müdirinin tapşırığı ilə rezervasiyadan helikopter ilə bir keşikçi gəlib mehmanxananın damında onları gözləyir. Dərhal oraya qalxdılar. Yaşıl geyinmiş mulat qamma onları salamladı və səfərin gündəliyi ilə tanış etməyə başladı.

Günün birinci yarısında helikopterdən on-on iki əsas hindi yaşayış məskənin seyr edilməsi, sonra Malpais vadisində yerə enmə və nahar. Orada rahat istirahət evi var və yuxarıdakı məskənlərdə hindilər yay bayramını qeyd edəcəklər. Gecələmək üçün ən yaxşı yer ora olacaq.

Helikopterə əyləşdilər və helikopter havaya qalxdı. On dəqiqə sonra sivilizasiya ilə vəhşiliyi ayıran sərhədin üzərindən uçurdular. Yoxuş yuxarı və eniş aşağı duz və qum çölləri boyunca, meşələrin içindən keçərək, kanyonların bənövşəyi dərinliyində, şiş qayalıqlardan, zirvələrdən və təpəsi düz, dik kənarlı yüksək yaylalardan qarşısı alınmaz düz xətt kimi keçən cərəyanlı məftil xətti zəfər çalmış insan iradəsinin həndəsi simvolu idi. Xəttin dibində, hər tərəfdə sümüklərin mozaikası ağarırdı, leş iyinə gəlmiş maral və ya öküz, puma, oxlu kirpi və ya qurd ya da acgöz sar quşu ölümsaçan xətlərə çox yaxınlaşaraq, sanki acgözlüklərinə görə səmavi ədalətin şimşək saçan əli ilə məhv edilmiş və tünd-sarı torpaq üzərində hələ tam çürüməmiş cəmdək şəklində qaralırdı.

– Qətiyyən ağıllanmırlar, – yaşıl geyimli pilot aşağıda torpaq üzərindəki skeletləri göstərərək dedi. – Heç vaxt da ağıllanmayacaqlar, – deyə əlavə elədi və güldü, sanki cərəyan vurmuş heyvanların üzərində şəxsən özü zəfər çalmışdı.

Bernard da güldü; iki qram somadan sonra bu zarafat ona gülməli gəlmişdi. Güldü və dərhal da yuxuya getdi, o yuxuda ikən Taos və Tesukve, Nambe, Pikuris və Poxoake, Sia və Koçiti, Laquna və Akoma* və Tilsimli Yayla, Zuni, Sobola və Oxo Kaliente üzərindən keçdilər. O, oyandıqda təyyarə yerə enmişdi, Lenina çamadanları kiçik, dördkünc formalı evə daşıyırdı, qamma pilot isə başa düşmədiyi bir dildə gənc bir hindli qızı ilə danışırdı.

– Bura Malpais istirahət evidir, – pilot Bernard təyyarədən düşəndə dedi. Axşama yaxın hindi kəndində rəqs olacaq. O sizi ora aparacaq, – deyə qaşqabaqlı bir gənc vəhşini göstərdi. – Yəqin ki, məzəli olacaq, – deyə irişdi. – Bunların hər işi məzəlidir. – Sonra təyyarəyə minib mühərriki işə saldı. – Sabah gələcəyəm. Unutmayın, – deyərək Leninanı arxayın elədi, – tam əhliləşdirilmişlər, vəhşilərin sizə bir ziyanı dəyməz. Qaz bombaları yaramaz hərəkət etməyə icazə verilmədiyini və özlərinin ağıllı aparmaq lazım olduğunu onlara başa salıb. – Gülərək helikopterin pərlərini işə saldı və sürət yığaraq uçub getdi.


*Puma – Amerikada yaşayan vəhşi pişik

*Desilitr – litrin onda biri

*Totemizm – Bəzi ibtidai xalqların heyvan, bəzən bitki və ya başqa şeyə sitayiş etməsi

*Zuni – Astek-tanoan makrodil ailəsinə aid olub Zuni ailəsinin yeganə dil

*Atapask – hindi dilləri ailəsinə aid dil

*Akoma – Nyu Meksika ştatında Keresan qəbiləsindən olan hindilərin yaşadığı yer hindi bələdçini göstərdi.

Davamı: http://Oldos Haksli. Cəsur yeni dünya https://klv.az/2023/08/21/oldos-haksli-c%c9%99sur-yeni-dunya-13/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Alberto Moravia. Gözətçi

(hekayə) Mən təkliyi xoşlayır, tənha yaşamağa üstünlük verirəm. Eynək taxdı­ğı­ma, səsimin qadın səsi kimi incə olduğuna, bir az həyəcanlananda dilim topuq vurduğuna, kəkələdiyimə görə hamı məni lağa qoyur, ələ salıb rişxənd eləyir. Bax elə bu səbəbdən şirkət mənə Salaria şosesinin iyirmi kilometrliyində yerləşən anbarların birində gözətçi işləməyi təklif edəndə dərhal […]