Bütün bu fərqli kitablar hamısı birlikdə vahid bir əsəri ortaya qoyur
– Yazıçılıq fəaliyyətinizdə nəsliniz üçün “bələdçi” olduğunuzu düşünürsüzmü?
– Bağışlayın, amma bu cür mühakimələr mənə həmişə gülməli gəlir. Mən kimsə üçün danışmıram. Özümə xas dili tapmaqla məşğulam. Kimsəyə yol göstərmirəm, hara gedəcəyimi bilmirəm, ya da ki çox az bilirəm. Heç üçayaqlı kətilin üstündə də yaşamıram, hər kəs zamanın küçələrində necə gəzirsə, mən də bax elə gəzirəm. Mənim nəslimdəki insanların özlərindən soruşduğu sualların eynisini mən də özümdən soruşmuşam. Hamısı bu qədər. Buna görə də insanların kitablarımda bu suallara rast gəlmələri olduqca normaldır, təbii ki, əgər oxuyurlarsa. Güzgü bilik versə də, dərs verməz.
– Bəs idman mənəvi olaraq sizə nə verib?
– Çoxluğun müəyyən etdiyi, lakin azad şəkildə qəbul olunan bir oyunun qaydalarına sədaqətlə tabe olmaq və müqavimətdən çıxarılacaq dərslər… O illərə aid təcrübələrimi bölüşmək şansım olsaydı, onu bir sənət əsəri şəklində ortaya qoyardım.
– Sizcə fransız tənqidçilərinin əsərlərinizə qarşı etinasız olduqları məqamlar varmı?
– Qaranlıq olanı, məndəki kor və instinktiv xüsusiyyətləri. Fransız tənqidi daha çox fikirlərə diqqət yetirir, amma Folkneri əsərlərindəki Cənub təsirini nəzərə almadan necə təhlil edə bilərik ki?
– Əlcəzair mənşəlli olmağınız və insan qəlbinə kök salmış kədərə dair şəxsi fikirləriniz sizi heç “yad” mövqeyinə qoyurmu?
– Şübhəsiz ki, xasiyyət olaraq elə bu cürəm, amma iradə və düşüncəmlə bacardıqca dövrümlə ayaqlaşmağa çalışıram.
– Artıq siyasi hadisələr bir yazıçı üçün əhəmiyyət daşımırmı?
– Qəribədir, lakin özümü siyasi mənada yalnız hiss etmirəm. Mənə qalsa, bu gün yalnız olanlar totalitar partiyalardadır. Amma mübarizlikdən üz döndərmədən də fanatikliyə qarşı gəlmək mümkündür.
– Sizcə, “Sizif mifi”, “Üsyankar adam” kimi əsərlərinizlə bədii yazılarınız arasında hansı əlaqələr var?
– Janrları hibridləşdirməmək üçün fərqli müstəvilərdə – hərəkatverici, diskursiv dram əsərləri, rasional esselər və qəlbin görünməyən, qaranlıq yönlərinə dair romanlar yazmışam. Düzdür, bütün bu fərqli romanlarım eyni şeydən bəhs edir, amma hər şeydən əlavə, onlar eyni müəllifin qələm məhsuludur və hamısı birlikdə vahid bir əsəri ortaya qoyur. Bu məsələ çox vaxt kefimi pozur, odur ki, bu barədə fikirləri böyük bir səmimiyyətlə tənqidçilərin öhdəsinə buraxıram.
– “Teatr bir tamaşa deyil” – deyə yazmısınız. Eyni şeyi bədii əsərləriniz üçün də deyə bilərikmi? Bu fikir eksperimental estetikanı məhdudlaşdırmır ki?
– Sualı tam başa düşməsəm də, onu deyə bilərəm ki, bir-birini izləyən kitablarımda bir-birindən fərqli estetikalar və üslublardan istifadə etmişəm. Bir sənətçi olaraq istedadlarım və qüsurlarım məni qəddarlıqla məhdudlaşdırsa da, estetik təxəyyülüm bu cür deyil. Üslub mənim üçün misilsiz bir məqsədə xidmət edən vasitədir və mən də bunu yeni-yeni öyrənirəm.
– Ekzistensializm və Meylerin “The White Negro” (“Ağ zənci”) məqaləsi haqqında nə düşünürsünüz?
– Meyler haqlıdır. Ekzistensializm tanrısız bir dinə və sxolastik quruluşa malik idi, dolayı yolla, onun sonda inkvizisiya rejiminə haqq qazandırması qaçınılmaz idi.
– Ekzistensializmin müddəalarına qatılırsınızmı? Nəticələrə dair nələri yanlış hesab edirsiniz?
– Əgər ekzistensializmin müddəalarına Paskalda, Nitsşedə, Kierkeqordda və ya Şestovda öz inandığım kimi rast gəlirəmsə, onlarla razılaşıram, yox gəlinən nəticələr bizim ekzistensialistlərin nəticələrinə uyğundursa, razı deyiləm, çünki onlar öz müddəalarında ziddiyyət içindədirlər.
– Valdo Franka istinad etsək: “Kamyu problemi açıq şəkildə ortaya qoyur: “İnsanın vəhy biliyinə ehtiyacı var, lakin bu, müasir insan üçün artıq imkansızıdır””.
– Bəli, modern insan deyə adlandırdığımız anlayış üçün belədir, amma mən modern insan olduğumdan əmin deyiləm.
– Amerikan romanına dair nələri deyə bilərsiniz?
a) Mənə elə gəlir ki, Amerikan romanı qarışıqlığa, xaosa doğru irəliləyir. Anlaşılan budur ki, bəsitlik yorucu hala çevrilib.
b) Bütün etirazlar nələrisə yaradır. Qısır olan bir şey varsa, o da insanı öz etirazına salmaqdır.
c) Fikrimcə, Folkner bizim yaşayan büyük yaradıcımızdır. “A Fable” (“Bir nağıl”) kitabını təzəlikcə oxumuşam. Melvildən bu tərəfə heç kim ağrını Folkner kimi ifadə edə bilməyib.
– “Yeni roman”, Sarrot, Simon, Rob-Qriye ve onların “Çöküş”lə bağlı tədqiqatları…
– Hekayə nəql etmə istəyi ancaq insan yox olanda itib gedəcək və bu dayanmadan nəql etmək üçün yeni yollar axtarmağa mane deyil. Bəhs etdiyimiz roman müəllifləri yeni cığırlar açmaqda son dərəcə uğurludurlar. Və bütün texnikalar diqqətimi fərdi olaraq deyil, ümumi olaraq cəlb edir. Bu arada, yazmaq istədiyim əsər bunu tələb edərsə, haqqında danışdığınız texnikaların birini və ya digərini, hətta ikisini birlikdə istifadə etməkdən çəkinmərəm. Modern sənətin səhvi, demək olar ki, həmişə vasitəni məqsəddən, formanı məzmundan, texnikanı mövzudan üstün tutmaq olmuşdur. Sənət texnikalarına olan xüsusi sevgim, hamısına sahib olmağın yollarını axtarmağım onları daha rahat istifadə edə bilmək və bir alətə çevirmək istəyimdən qaynaqlanır. Nəhayətdə, “Çöküş”ü bəhs etdiyiniz tədqiqatlarla əlaqələndirə bilmirəm. Mənim əsərim daha bəsitdir. O əsərdə qəhrəmanın faciəsini təsvir etmək üçün dramaturji texnikadan (dramatik monoloq və gizli dialoq) istifadə etmişəm, formanı məzmuna uyğunlaşdırmışam, bu qədər.
– Təkrar oxumaqdan zövq aldığınız kitablarınız varmı?
– Kitablarımı yenidən oxumuram, bunun əvəzinə başqa bir şeylə məşğul olmağı üstün tuturam.
– Kamyunu “Qallimard”da redaktor olmağa vadar edən səbəblər nələrdir?
– Maddi həyatımın kitablarımdan asılı olmasını heç bir vaxt istəməmişəm, belə ki, kitablarımın da həyatımla əlaqəsi olmayıb. Buna görə də həmişə ikinci bir işim olub, hazırda isə on altı ildir ehtiyac duyduğum azadlığın dadını çıxardığım “Qallimard”da redaktorluq edirəm.
Türkcədən çevirən: Ləman Abasova