Roberto Bolanonun oxucu və yazıçılara tövsiyələri

Çilili şair, yazıçı, esseist Roberto Bolanonun adı yazıçıların yazıçısına çevrilmişdir, eyni zamanda onu qeyri-adi dərəcədə geniş ədəbi biliyə malik Borxes kimi yazıçıların oxucusu da adlandırmaq olar. Hansı olduğuna isə siz qərar verin. Bolanonun yazılarının mərkəzində onun mütaliəyə olan sevgisi dayanır. O, qısa, avtobioqrafik bir yazısında “yazmaqdan çox, kitab oxuyarkən xoşbəxt olduğunu” bildirir. Bu baxımdan Bolanonu oxumağa davam etməyin ən yaxşı yolu yəqin ki, Bolano kimi oxumaqdır.

Bolanonun ədəbi zövqlərini dəqiq müəyyən etmək çətindir. Görünür ki, kitabların bəzilərinə bənzərsiz üslubuna, yazıçılara isə cəsarətinə, mətanətinə görə üstünlük verir. Buna görə də biz Bolanonun sözlərinə əsaslanaraq onun heyran olduğu və yaxından maraqlandığı yazıçıların siyahısını tərtib etdik:

1. Yuxumda on altı yaşım var idi. Martin Adan mənə fortepiano dərsləri verirdi. Qocanın barmaqları Böyük Elastik Adam kimi uzun idi və onlar yerin səthini deşərək yeraltı vulkanlar silsiləsi əmələ gətirirdilər.

2. Bütün sosial və estetik təsnifata meydan oxuyan bir yazıçı varsa, o da Sezar Ayradır. Ayranı oxumağa başlayandan sonra onun mətnlərinin dünyasından ayrılmaq istəmirsən. O bütün unikallığı ilə bu gün ispan dilində yazan ən yaxşı üç-dörd yazıçıdan biridir.

3. Bodlerin oxucularının hələ məktəb illərindən bəri çətinlik çəkmələri normaldır. Belə ki, məktəb yoldaşları və müəllimləri ilə problemlər yaşaya bilərlər. Lakin onların həssaslığı aldadıcıdır, xarakterləri və elan etdikləri eşqin dəyişkənliyi də belədir. Fəqət onların qeyri-müəyyən görünüşlərinin arxasında yəqin ki, dünyanın ən sərt və şübhəsiz ki, ən cəsur insanları dayanır.

4. Adolfo Bioy Kasares Latın Amerikasının ilk və eyni zamanda ən yaxşı fantastik romanını yazmışdır, baxmayaraq ki, bütün Latın Amerikası yazıçıları onu tamamilə rədd və inkar etmişdilər.

5. Hər kəs Borxesi dönə-dönə oxumalıdır.

6. Ernesto Kardenalın səsi xaricində hər şey dəyişib. Və bir vaxtlar ümid dolu, qeyri-müəyyən olan hər şey indi Kardenalın bütün uduzulmuş müharibələrə baxmayaraq hələ də yaşamağa davam etdiyi itirilmiş bir macəranın səssizliyi və sakitliyi kimidir. Kardenalın möhtəşəm nəsri ilə ailə həyatının eniş-yoxuşlarını izah edən Vida Perdida təkcə bir ailədən deyil, həm də Latın Amerikasının ən böyük şairlərindən birinin taleyindən bəhs edir. Bura Tomas Merton kimi əbədiyyata qovuşan bəzi yazıçıların təsvirləri də daxildir. Ernesto Kardenal yazıçı olmaqla yanaşı, həm də keşişdir. Nəticədə, ondan geriyə qalan uğursuz həyat deyil, zəfərli bir sondur və bu, Kardenalın Cənnət yaxınlığındakı Ərafdə yaşayan bir şəxs haqqında son təsəvvürüdür.

7. Orasio Kastelyanos Moya melanxolik bir təbiətə malikdir və o, ölkəsindəki onlarla vulkanın birindən, ən dərin guşəsindən yazır. Bu, sehrli realizmə bənzəyir, lakin Moyanın üslubunda cəsarətdən başqa sehrli nəsə yoxdur. O, çətinliklə yaşamağı bacaran bir yazıçıdır, amma heç də yaşayırmış kimi yazmır.

8. Həyat yoldaşı Marinayla yaşayan və xoşbəxt həyat tərzi ilə ciddi şəkildə bizdən fərqlənməyən Kamilo Xose Selan nəsrin ən böyük üslubçularından biri kimi XX əsrin ikinci yarısında xüsusi yeri tutur.

9. Dahi yazar Lui-Ferdinand Selin. Dahiliklə yanaşı, o həm də ləyaqəti olmayan bir insandır. İnanılmazdır ki, onun nümayiş etdirdiyi ən rüsvay anları belə nəciblik və ülvilik libasına bürünür. Bu, həqiqətən də, yalnız sözlərin gücü ilə mümkündür.

10. Xulio Kortazar və Nikanor Parranı oxuyan gənclərin cəsarəti məni çox qürurlandırır. Eynilə, mənin bir vaxtlar  oxumağa başladığım və hələ də davam etdiyim kimi. Bu gənclərin başının altında kitabla yatmasından daha təsirli nə ola bilər ki,? Doğrudan da, ən yaxşı yastıq kitab deyilsə, nədir?

11. Məncə, Parra bütün zamanların ən böyük ispan şairidir.

12. Felisberto Ernandes mütləq şəkildə oxunulmağa layiqdir.

13. Ədəbiyyat bizi birbaşa əlində silah, atəş açmaqdan həzz alan Alfred Carriyə aparan təhlükəli bir oyundur.

14. Kafka bu əsrin ən yaxşı yazıçısıdır.

15. Bir gün yuxumda qapımın döyülməsini eşitdim. Qar yağırdı. Mənim nə sobam, nə də pulum var idi. Səhv xatırlamıramsa, hətta işığı da kəsmişdilər. Sizcə bayırda kim dayanmışdı? Enrike Lin. Əlində bir şüşə şərab, bir qab yemək və naməlum Universitetindən bir sənədlə.

16. Böyük şairlərin ən az məsumu olan Mallarme deyir ki, biz səyahət etməli, təkrar-təkrar yola çıxmalıyıq. Çünki o, səfərlərin və yolçuların lənətləndiyini bilsə də, həmişə yenidən başlamaq istəyir.

17. Nyu Yorkun ən yaxşı qanqsteri: Kennet Patç.

18. Oyandığımda ən yaxın dostum Uliss kitab oxuyurdu. Nə oxuduğunu soruşdum. “Ezra Paunddan seçilmiş kantolar”, – deyə cavab verdi. Mənə də bir şey oxu dedim. Amma mən bunun ən kiçik bir hissəsini belə başa düşmədim. Və bundan sonra cəhd də etmədim.

19. Rodriqo Rey Rosa hər cəhətdən ustaddır. Hətta mənim dövrümdəki görkəmli hekayə ustadlarının ən yaxşısıdır.

20. Rembo və Lotreamon. Biz onlardan başqa heç kəsə məhəl qoymadıq.

21. Yuxumda Çivitavekya Atom Elektrik Stansiyasında Stendalı oxuyurdum ki, bir kölgə reaktor mozaikasından keçdi. Qurşaqdan yuxarı çılpaq, çəkməli bir gənc dedi ki, “Stendalın ruhu”dur.

22. Mən hətta dişlərimi itirməyi belə Zen köçəriləri kimi yaşayan və buna görə də diş qulluğuna laqeyd qalan Qeri Snayderə, bir növ, hörmət əlaməti hesab edirəm.

23. Enrike Vila (Matas), Sezar Ayra və Xavier Mariasın, biri kataloniyalı, biri argentinalı və digəri madridli olan bu üç yazıçının əsərləri araşdırması gərəkən yeni bir ərazinin kulminasiya nöqtəsidir. Bəs bu yeni ərazi nədir? Həmişə olduğu kimi, amma yenə də fərqli, əslində isə,  “bilmirəm” deməyin başqa bir yolu.

24. Vilyam Karlos Vilyams: Ernesto Kardenaldan sonra ölüm döşəyindəki ən yaxşı yoldaşı.

                                                                 Türkcədən çevirən: Səma Mehdiyeva

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Be İyl 31 , 2023
Əvvəli: http://Oldos Haksli. Cəsur yeni dünya https://klv.az/2023/07/24/oldos-haksli-c%c9%99sur-yeni-dunya-9/   (davamı) BEŞİNCİ HİSSƏ         1          Saat səkkizdə hava qaralırdı. Stouk Pocis klubunun binasının qülləsindəki ruporlardan insana xas tenor səsdən daha qalın bir səslə qolf meydançalarının bağlanmasını elan etməyə başladılar. Lenina və Henri oyunlarını bitirib klub binasına […]