Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya
(davamı)
2.
Bernard başını aşağı salıb damda sürətlə gedir və qarşısına kimsə çıxdıqda tez üzünü yana çevirirdi. Elə gedirdi ki, sanki onu izləyirdilər və o, öz izləyicilərini görmək istəmirdi; birdən izləyicilər onun düşündüyündən daha düşməncə davranar və o təklikdə özünü daha çox günahkar və aciz hesab edilməyə məcbur edilərdi.
“Bu dözülməz Benito Huver!” Bununla belə Huverin niyyəti yaxşı idi, ancaq bundan vəziyyət daha da pisləşirdi. Niyyəti yaxşı olanlar niyyəti pis olanlarla eyni davranırdılar. Hətta Lenina da ona əzab verirdi. O təklif etmək istəyib özündə cəsarət tapmadığı sonra da kənardan baxıb darıxdığı, utancaqlıq və qətiyyətsizlik içində keçən həftələri xatırladı.
Alçaldıcı, həqarətli imtina ilə üzləşsə necə? Ancaq “hə” desə, necə xoşbəxt olacaqdı! Budur, indi Lenina “hə” demişdi, ancaq o bədbəxt idi – bədbəxt idi, çünki günorta havasının maneəli qolf üçün mükəmməl olduğunu hesab etmişdi, çünki Henri Fosterlə görüşə uça-uça getmişdi, çünki şəxsi söhbəti hamının yanında etməməyi ona gülməli görsənmişdi. Bir sözlə, bədbəxt idi, çünki anormal, qeyri-adi tərzdə yox, əxlaqlı və mərifətli bir ingilis qızı kimi davranmışdı.
O, öz anqarının bağlı bölməsinin qapısını açdı, tənbəl-tənbəl dolaşan delta minus qulluqçusunu yanına çağırdı və maşınını itələyib dama çıxarmalarını tapşırdı. Anqarın işçi heyəti bir Bokanovski qrupundan ibarət idi – hamısı əkiz, alçaqboylu, qara və çirkin idilər. Bernard əmrlərini üstün vəziyyətdə belə özünü arxayın hiss etməyənlərə xas bir şəkildə kobud, özündən razı və hətta təhqiredici bir tərzdə verdi. Bernard üçün alt kastanın insanları ilə təmasda olmaq həmişə xoşagəlməz idi. Hansısa səbəbdən (süni qanına qatılmış alkoqolla bağlı son vaxtlar gedən söz-söhbətlərin həqiqət olma ehtimalı olduğundan – belə qəzalar istisna deyildi) Bernardın bədən quruluşu adi qammanın bədənindən demək olar ki, üstün deyildi. Boyu standart alfa boyundan səkkiz santimetr qısa və normadan arıq idi. Aşağı kastalarla ünsiyyət daim ona fiziki çatışmazlığını xatırladır və bu onu üzürdü. “Bu mənəm; kaş ki bu mən olmayaydım”. Onun natamamlıq utancı kəskin və əzabverici idi. Hər dəfə deltaların sifətinə yuxarıdan aşağı baxmaq əvəzinə göz-gözə baxanda özünü alçaldılmış hesab edirdi. Bu adamcıqlar onunla mənsub olduqları kastaya uyğun davranacaqdılarmı? Bu sual ona rahatlıq vermirdi. Bu rahatsızlıq əbəs deyildi, çünki qamma, delta və epsilonlar müəyyən dərəcədə kasta üstünlüyünü bədən cüssəliliyi ilə əlaqələndirməyə tərbiyələndirilmişdilər. Əslində, bütovlükdə cəmiyyətdə bədən ölçüləri barədə zəif də olsa, hipnopediya vasitəsilə qərəzli fikir formalaşmışdı. Təklif etdiyi qadınların istehzaları və tay-tuşlarının rişxəndləri də buradan qaynaqlanırdı. İstehzalar səbəbindən özünü yad hesab edirdi və nəticə etibarı ilə özünü yad kimi aparırdı, bununla da özünə qarşı hiss etdiyi qərəzli fikri daha da gücləndirir və fiziki çatışmazlıqdan qaynaqlanan nifrət və ədavəti artırırdı. Bu isə öz növbəsində yadlıq və tənhalıq hisslərini gücləndirirdi. O, hörmətsizliklə qarşılaşmaq qorxusundan öz dairəsindən olan insanlardan qaçır, özündən aşağı kastalardan olanlarla isə özünü rahatsız hiss edirdi. Henri Foster və Benito Huver kimlərinə necə də paxıllıq edirdi! Epsilonların əmri yerinə yetirməsi üçün çığırmaq məcburiyyətində olmayan, malik olduqları mövqeyə adi hal kimi baxan, kasta sistemində və evdə balıq suda hərəkət edən kimi rahat və asan hərəkət edən kişilər özlərini elə rahat hiss edirdilər ki, nə özlərinin, nə də malik olduqları lütfkar rahatlığın fərqinə varırdılar.
Ona elə gəldi ki, əkiz qulluqçular həvəssiz və ölüvay şəkildə təyyarəni itələyərək dama çıxardılar.
– Cəld olun! – deyə Bernard sərt bir şəkildə çığırdı. Əkizlərdən biri ona baxdı. O boş və boz gözlərdə mənfur istehzamı sezmişdi?
– Cəld olun! – deyə daha da yüksək, qıcırtılı bir səslə qışqırdı. Təyyarəyə mindi və bir dəqiqə sonra cənuba, çaya doğru uçurdu.
Müxtəlif təbliğat büroları və Duyğu Mühəndisliyi İnstitutu Flit küçəsində altmış mərtəbəli bir binada yerləşirdi. Zirzəmidə və aşağı mərtəbələrdə Londonun üç böyük qəzetinin – “Saatbasaat radiosu” yüksək kastalar üçün açıq yaşıl “Qamma qəzeti” və xaki kağızda yalnız tək hecalı sözlərdən ibarət “Delta Miror”un redaksiya və nəşriyyatları yerləşmişdi. Sonrakı iyimi iki mərtəbədə isə televiziya, duyğu görüntüləri, sintetik-səsli və musiqili təbliğat şöbələri yerləşmişdi. Onlardan yuxarıda tədqiqat laboratoriyaları, səs yazanlar və sintetik musiqi bəstəkarlarının öz incə işlərini yerinə yetirdikləri səs keçirməyən otaqlar var idi. Ən yuxarıdakı on səkkiz mərtəbədə Duyğu Mühəndisliyi İnstitutu yerləşirdi.
Bernard təbliğat binasının damına endi və kabinadan çıxdı.
– Aşağıdan cənab Helmholts Uotsona zəng edib deyin ki, Bernarda Marks onu damda gözləyir, – deyə qamma plyus qapıçıya əmr elədi.
Əyləşib bir siqaret yandırdı.
Helmolts Uotson yazı yazarkən ona zəng olundu. – Deyin ki, indi gəlirəm, – deyərək dəstəyi yerinə qoydu. Sonra katibəsinə həmişəki quru və rəsmi tonla, – masamı qaydaya salmağı sizin öhdənizə buraxıram, – dedi və katibənin mehriban gülümsəməyinə əhəmiyyət verməyərək qapıya doğru yönəldi.
Helmholts enli kürək, geniş sinəli böyük və atletik bədənə sahib idi, ancaq cəld və zirək hərəkət edirdi. Möhkəm və güclü boynu möhtəşəm biçimli baş tamamlayırdı. Saçları qara və qıvrım, sifət cizgiləri iri və ifadəli idi. Cəlbedici və gözəçarpan dərcədə yaraşıqlı idi və katibəsinin yorulmadan təkrar etdiyi kimi təpədən dırnağa bir alfa plyus idi. O, ixtisasca mühazirəçi müəllim idi və Duyğu Mühəndisliyi İnstitutunda (Yazı kafedrasında) və boş vaxtlarında Duyğu Mühəndisi vəzifəsində çalışırdı. “Saatbasaat radiosu” üçün müntəzəm yazılar yazır, duyğu filmlərinin ssenarilərini hazırlayırdı, şüar və hipnopedik qafiyəli şeirlər yazmaqda usta idi.
Rəhbərliyin onun barədə fikri belə idi: “Bacarıqlıdır. Bəlkə də (başlarını yırğalayar və səslərini bir xeyli aşağı salaraq) bir az həddindən artıq bacarıqlıdır”.
Bəli, bir az həddindən artıq bacarıqlı olması barədə rəhbərlər haqlı idi. Zehni qabiliyyətin çoxluğu Helmholts Uotsonda fiziki çatışmazlıqların Bernard Marksa etdiyi təsirə malik olmuşdu. Sümük və əzələ çatışmazlığı Bernardı həmcinslərindən uzaqlaşdırmışdı və bütün mövcud standartlara görə zehni qabiliyyətin çoxluğu da öz növbəsində daha böyük aralanmaya yol açmışdı. Hemholtsu narahat edəcək qədər özünü tanımasının və yalnız qalmasının səbəbi isə həddindən artıq bacarıqlı olması idi. Onların hər ikisinin bölüşdüyü tək şey öz fərdiliklərini dərk etmələri idi. Bernard bütün həyatı boyu ayrı olmanı anlamaqdan əziyyət çəkmişdisə zehni qabiliyyətinin həddindən artıq olduğunun fərqinə varan Helmholts ətrafındakı insanlardan fərqini təzəlikcə anlamağa başlamışdı. Bu eskalatorlu tennis çempionu, usanmaz aşiq (deyilənə görə dörd ildən az müddət ərzində altı yüz qırx qadın dəyişmişdi), heyranedici komitə üzvü, cəmiyyətin ürəyi anidən idman, qadınlar və ictimai fəaliyyətin ikinci dərəcəli əhəmiyyətə malik olduğunu başa düşmüşdü. Əslində ürəyinin dərinliyində onu nə isə başqa bir şey maraqlandırırdı. Ancaq məhz nə? Bernard elə bu problemi müzakirə etməyə və yaxud, daha doğrusu, dostunun nə deyəcəyini bir daha dinləməyə gəlmişdi, çünki danışsan, ancaq Helmholts olurdu.
Liftdən çıxanda Sintetik Səsli Təbliğat Bürosundan üç yaraşıqlı qız yolunu kəsdi.
– Helmholts, canım, bizimlə Eksmurda piknikə gəlsənə, – deyə yalvarırcasına onu dövrəyə aldılar.
– Xeyr, olmaz, – deyə aralarından sıyrılaraq başını yırğaladı.
– Təkcə səni dəvət edirik!
Ancaq bu cəlbedici vəd belə Helmholtsa təsir etmədi.
– Xeyr, – deyə təkrarladı. – Məşğulam, – deyərək qərarlı şəkildə yoluna davam elədi.
Qızlar ardınca gəldilər. Berndardın təyyarəsinə minib qapını çırpana qədər əl çəkmədilər. Şübhəsiz ardınca deyinmələr başladı.
– Ah, bu qadınlar! – təyyarə havaya qalxarkən dedi. – Bu qadınlar! – deyə başını yırğalayıb qaşqabağını tökdü. Bernard ikiüzlülüklə onu dəstəkləyərək, – başabəladırlar – dedi, ancaq bir tərəfdən də ürəyindən keçirdi: “Kaş mən də Helmholts kimi belə asanlıqla çoxlu qızlarla görüşə biləydim”. Birdən Helmholtsun yanında lovğalanmaq hissi ona hakim kəsildi.
– Lenina Kraunla Nyu Meksikaya gedirəm, – bacardığı qədər adi səslə dedi.
– Doğrudan? – Helmholts heç maraqlanmadan dedi. Qısa bir səssizlikdən sonra dedi:
– Son bir-iki həftədə bütün komitə toplantılarına və qızlara ara vermişəm. Təsəvvür edə bilməzsən ki, institutda bununla bağlı necə səs-küy qaldırıblar. Məncə yenə də buna dəyərdi. Təsiri… – deyə tərəddüd etdi. – Çox qəribədir, həqiqətən də qəribədir.
Fiziki çatışmazlıq zehni qabiliyyətlərin həddindən artıq çox olmasına gətirib çıxara bilər. Ancaq belə çıxır ki, əksinə də olur. Zehni qabiliyyətlərin həddindən artıq çox olması insanda düşünülmüş tənhalığın könüllü korluğuna və karlığına, tərki-dünyalığın doğurduğu gücsüzlüyə səbəb olurmuş.
Qısamüddətli uçuşun yerdə qalan hissəsi səssizlik içərisində keçdi. Bernardın otağına çatıb hava doldurulmuş divana uzandıqdan sonra Helmholts yenə də sözə başladı.
– Heç özünü içində çölə çıxmaq və özünü büruzə vermək üçün bir şans verilməsini gözləyən bir şey var imiş kimi hiss etmisənmi? – deyə asta səslə soruşdu. – Sanki turbinlərdən keçərək onları hərəkətə gətirmək əvəzinə boş-boşuna axıb gedən su kimi istifadə etmədiyin əlavə güc? – Sual dolu nəzərlərlə Bernarda baxdı.
– Hər bir şey fərqli olsaydı, duya biləcəyimiz hisslərdənmi bəhs edirsən?
Helmholts başını yırğaladı.
– Heç də yox. Bəzən deməyim gərəkən nə isə mühüm bir şey var və mən onu deməyə qadir olduğumla bağlı keçirdiyim qəribə bir hiss barədə düşünürəm, sadəcə bunun nə olduğunu bilmir və bu gücü hansısa bir şəkildə istifadə edə bilmirəm. Yazmağın başqa bir şəkli olsaydı… və yaxud yazılacaq başqa şeylər olsaydı… Susdu və sonra, – Bilirsən, – deyə davam elədi, – iynə batıranda olduğu kimi diksindirib hoppanmağa məcbur edən sözlər, ifadələr tapmaqda ustayam, hipnopedik cəhətdən məlum olsa da, yeni və təsirləndirici görünürlər. Ancaq bu məni qane etmir. Sözün, ifadənin yaxşı olması kifayət deyil, həm də gərək onlardan yaxşı məqsədlə istifadə edəsən.
– Helmholts, axı sənin işlətdiyin sözlər kifayət qədər yaxşıdır.
– O baxır onlar nə qədər geniş miqyasda yayılır – deyə Helmholts çiyinlərini çəkdi. -Miqyas isə çox məhduddur. İstənilən halda onlar kifayət qədər əhəmiyyətli deyil. Məncə, nə isə daha əhəmiyyətli bir şey edə bilərəm. Özü də daha dərin və daha güclü. Amma nə? Söylənəcək daha əhəmiyyətli nə ola bilər? İnsan yazmasını gözlədiyi şeylər barəsində güclü şəkildə necə yaza bilər? Sözlər rentgen şüalarına bənzəyir, doğru istifadə olunarsa daşdan da keçər. Oxuyarsan dələr keçər, canına, iliyinə işləyər. Tələbələrimə öyrətmək istədiyim şeylərdən biri də kəskin yazmaqdır. Ancaq Camaata ilahiləri və ya duyğu orqanları barədə ən son nailiyyətlər barədə məqalənin təsirli olmasının nə faydası var ki? Bundan başqa belə şeylər barədə yazanda sözləri ən güclü rentgen şüaları kimi dəlici etmək mümkündürmü? Heç nə barədə nə isə deyə bilərsənmi? Bax iş sonda gəlib bura çıxır. Çalışıram, vuruşuram…
– Şüş! – birdən Bernard dedi və bir barmağını xəbərdaredici şəkildə yuxarı qaldırdı, kimsə qulaq asır. – Məncə qapıda kimsə var, – deyə pıçıldadı.
Helmholts ayağa qalxıb barmağının ucunda otağın o biri tərəfinə keçdi və ani sərt bir hərəkətlə qapını taybatay açdı. Təbii ki, orada heç kəs yox idi.
– Bağışla – Bernard dedi, özünü axmaq kimi hiss edir və eləcədə görünürdü. – Əsəblərim tarıma çəkilib. Hamı səndən şübhələnəndə sən də hamıdan şübhələnməyə başlayırsan.
Əli ilə gözlərini ovuşdurub ah çəkdi, səsinə qəmginlik çökdü. Özünə bəraət qazandırırdı. -Son günlərdə qatlanmalı olduğum şeyləri bilsəydin, – deyərkən az qala ağlayacaqdı, baş qaldıran özünə acıma hissi qəfildən özünə yol tapan fontan kimi idi.
– Bilsəydin!
Helmholts bir az narahatlıq hissi ilə dinlədi. “Zavallı Bernard!” – deyə öz-özünə düşündü. Ancaq eyni zamanda bir az da dostundan utandı və fikirləşdi ki, Bernard bir az qürurlu olsaydı pis olmazdı.
Tərcümə edən: Xaqani Cavadoğlu