Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/07/10/oldos-haksli-c%c9%99sur-yeni-dunya-7/

(davamı)

DÖRDÜNCÜ HİSSƏ

1.

Lift “Alfa Soyunma Otağı”ndan gələn kişilərlə dolu idi və onlar dostcasına başlarını yelləməklə və gülümsəməklə Leninanı salamladılar. O sevilən bir qız idi, buradakıların demək olar ki, hamısı ilə nə vaxtsa gecəni birlikdə keçirmişdi.

Salamlarına cavab verərkən, şirin oğlanlardır deyə düşündü. Sevimli oğlanlardılar! Ancaq kaş ki, Corc Edzel belə pələqulaq olmayaydı (bəlkə ona 328-ci metrdə bir az artıq qalxanabənzər vəz hormonu yeridilmişdi?). Benito Huverə baxanda, özündən asılı olmadan onun soyunduqda həddindən artıq tüklü olduğunu xatırladı.

Huverin qara qıvrım tüklərini yada salanda gözlərində qəm yarandı və üzünü çevirdikdə Bernard Marksın çəlimsiz bədənini və məyus sifətini gördü.

– Bernard! – deyə ona yaxınlaşdı, – mən də səni axtarıram. – Onun cingiltili səsi yuxarı qalxan liftin uğultusunu üstələdi. Digərləri maraqla ətraflarına baxdılar.

– Səninlə Nyu Meksikoya planlaşdırdığımız səfər barədə danışmaq istəyirəm. – Gözünün ucu ilə Benitonun təəccübdən ağzı açıq qaldığını gördü. Benitonun mat-məəttəl qalması onu narahat etmişdi. “Təəccüblənir ki, niyə onunla yenə görüşmək üçün yalvarmıram!” -deyə öz-özünə düşündü. Sonra daha yüksək və hərarətli səslə dedi:

– İyulda səninlə bir həftəlik səfərə yollanmaq əla olardı, – deyə sözünə davam elədi. (Beləliklə Henriyə sədaqətsizliyini hamının yanında sübut edirdi. Bernardla olsa da, Fanni buna məmnun olacaqdı.) – Yəni, – Lenina ona ən gözəl gülüşünü bəxş edərək, – hələ də mənimlə birlikdə olmaq istəyirsənsə, – dedi

Bernardın solğun sifəti çuğundura döndü. “Niyə belə qızarır ki?” – deyə çaşan və təəccüblənən Lenina eyni zamanda öz cazibə gücünün qəribə təsdiqindən duyğulanmışdı.

– Bəlkə bu barədə başqa bir yerdə danışaq? – deyə dili topuq çalan Bernard, büsbütün rahatsız görünürdü.

“Elə bil utandırıcı bir söz demişəm” – deyə Lenina düşündü. “Elə rahatsız olur elə bil anasının kim olduğunu soruşmuşam və ya buna bənzər bir kobud zarafat eləmişəm”.

– Yəni bu qədər adamın yanında…- utandığından boğula-boğula danışırdı.

Lenina xoş və səmimi şəkildə gülümsədi.

– Necə də gülməlisən! – dedi, həqiqətən də ona gülməli gəlirdi. – Ən azından bir həftə əvvəl mənə xəbər verərsən, yaxşımı? – deyə başqa bir tonla sözünə davam elədi. – Yəqin ki, “Mavi Sakit Okean Raketi” ilə gedəcəyik? Çerinq-T* qülləsindən qalxır, yoxsa Həmsteddən?”

Bernard cavab verməyə macal tapmamış lift dayandı.

– Dam! – deyə cırıltılı bir səs dedi.

Liftçi qara ağıldankəm epsilon minus köynəyi geyinmiş alçaq boylu meymuna bənzər bir məxluq idi.

– Dam!

Liftin qapıları geniş açıldı. Günorta günəşinin ilıq şəfəqləri Bernardı diksindirdi və o gözlərini qırpdı.

– Ah, dam, – deyə həyəcanla təkrar elədi. O, sanki qaranlıq və öldürücü yuxudan anidən və şadyanalıqla oyanmışdı. – Dam!

İtlərə xas ümid və sevgi dolu baxışlarla liftdəkilərin üzlərinə baxaraq gülümsədi. Gülərək və söhbət edərək liftdən gün işığına birlikdə çıxdılar. Liftçi arxalarınca baxdı.

– Dam? – deyə o soruşdu.

Sonra zəng çalındı və liftin tavanındakı bir səsucaldan cihazdan yavaş, ancaq amiranə tərzdə göstərişlər verildi.

– Aşağı en, – dedi, – aşağı en. On səkkizinci mərtəbəyə. Aşağı en, aşağı en. On səkkizinci mərtəbəyə. Aşağı en, aşağı… ”

Liftçi qapıları şappıltı ilə bağladı və dərhal quyunun uğultulu qaranlığına, adət etdiyi durğunluq quyusuna geri döndü.

Damda isti və günəşli idi. Yay günortasından sonra, keçib gedən helikopterlərin uğultusu adama yuxu gətirirdi, parlaq səmada tələsik və sanki görünməz şəkildə beş – altı kilometr yüksəklikdən uçan raketlərin vızıltısı elə bil ki, yumşaq havanı oxşayıb əzizləyirdi. Bernard Marks dərin bir nəfəs aldı. Səmaya, mavi üfüqə və nəhayət Leninanın üzünə baxdı.

– Gözəlliyə bir bax! – Bernardın səsi azacıq titrədi.

Lenina səmimiyyət və anlayış dolu bir baxışla Bernarda gülümsədi.

– Bir sözlə, qolf üçün mükəmməldir, – deyə həyəcanla bildirdi. Bernard, indi isə uçmalıyam. Henrini gözlədəndə hirslənir. Səfərin tarixini əvvəlcədən mənə bildirərsən.

Əllini yelləyərək geniş və düz dam boyunca anqarlara doğru qaçaraq uzaqlaşdı.

Bernard dayanıb bəyaz corabların uzaqlaşan parıltısını, günəşdə yanmış dizlərin cəld qatlanıb açılmasını və tünd yaşıl jaketin altında yumşaqca yırğalanan

dar velvet şortları izlədi. Yenidən sifətinə ağrılı bir ifadə çökdü.

– Söz yox ki, çox qəşəng qızdır, – arxasından yüksək və şən bir səs dedi.

Bernard diksinərək geri döndü. Benito Huverin yumru və qırmızı sifəti başının üzərində parıldayır, aşkar səmimiyyət və mehribanlıqla işıq saçırdı. Benitonun gülərüzlüyü hamıya məlum idi. Deyirdilər ki, o, öz həyatını somasız yaşaya bilərdi. Başqalarının tətilə çıxaraq yaxa qurtardıqları kin, nifrət və əsəb ona heç yaxın da gəlməzdi. Benito üçün reallıq həmişə günəşli idi.

– Bədəni də dolu. Özü də necə! – Sonra Benito səs tonunu dəyişdirərək, – Ancaq məncə sən çox qaşqabaqlısan! Sənə bir qram soma lazımdır, – dedi. Əlini şalvarının sağ cibinə salıb kiçik bir şüşə çıxardı. Bir kub santimetr min dərdi… Hara?…

Bernard birdən dönüb sürətlə uzaqlaşdı.

Benito onun arxasından baxa-baxa qaldı. “Görəsən bu oğlana nə olub belə?” – deyə düşündü və başını yırğalayaraq bu zavallı oğlanın süni qanına alkoqol əlavə edilməsinin doğru olduğunu qərara aldı. “Yəqin beyninə vurub”.

Soma şüşəsini cibinə qoydu, bir paket seks hormonlu saqqızı çıxardı, birini ağzına qoydu və çeynəyərək yavaş-yavaş anqarlara tərəf getdi.

Henri Fosterin maşınını artıq anqardan çıxarıb gətirmişdilər və Lenina yaxınlaşanda o artıq kabinədə oturub gözləyirdi.

Lenina onun yanında əyləşərkən söylədiyi tək söz, – dörd dəqiqə gecikdin, – oldu. Mühərriki və yuxarı vinti işə saldı. Maşın şaquli istiqamətdə havaya qalxdı. Henri sürəti artırdı; pərin vızıltısı bal arısından eşşək arısına, eşşək arısından ağcaqanada kimi ton dəyişdi; spidometr maşının dəqiqədə iki kilometr sürətlə yüksəldiyini göstərdi. London aşağıda qalır və get-gedə daha da kiçilirdi. Bir neçə saniyə ərzində düz damı olan binalar park və bağların arasında bitən geometrik göbələk ləkinə çevrildilər. Binaların arasında daha uzun və nazik gövdəli bir göbələk var idi ki, bu parıldayan parlaq beton disk kimi göy üzünə yüksələn Çerinq-T qülləsi idi.

Atletlərin heyrətamiz bədənlərinə oxşayan böyük və koppuş buludlar başlarının üzərində səmada fırlanırdılar. Birdən buludların birindən qırmızı bir böcək vızıltı ilə düşdü.

– Bu “Qırmızı Raketdir” – Henri dedi, – Nyu Yorkdan gəlir. – Saatına baxdı. – Yeddi dəqiqə gecikir, – deyə əlavə etdi və başının yırğaladı. – Atlantik hava xəttindəki uçuşlarda gecikmələr lap əndazəni aşıb.

O, ayağını sürətləndiricidən götürdü. Pərin vızıltısı eşşək arısından bal arısına, bal arısından may böcəyinə kimi dəyişərək bir oktava yarım düşdü; Maşın yuxarıya doğru sürətli hərəkətini yavaşıtdı; sonra isə havada hərəkətsiz halda asılı qaldı. Henri qolu dartdı və şaqqıltı səsi gəldi. Qarşıdakı pər əvvəlcə yavaş sonra isə getdikcə sürətlənən bir şəkildə gözləri qarşısında dairəvi dumana çevrildi. Sabit sürətin yaratdığı külək pərlərdə daha şiddətli fit səsi verirdi. Henri gözlərini fırlanma sayğacından ayırmadı, əqrəb “1200” göstərəndə o helikopterin vintini keçirdi. İndi maşının dartma qüvvəsi qanadları ilə uçmağa kifayət edirdi.

Lenina ayaqlarının arasından döşəmədəki pəncərədən çölə baxdı. Onlar Londonu şəhərətrafı peyklərin birinci dairəsindən ayıran altı kilometrlik park zonası üzərindən uçurdular. Yaşıllıq sanki qurdlar dəstəsini xatırladırdı. Mərkəzdənqaçan oyununun qüllələri ağacların arasından parıldayırdı. Şeperdz Buş yaxınlığında iki min beta-minus qarışıq cüt riman səthli kortlada tennis oynayırdılar. Eskalator Fayvz kortları bir cərgə halında Nottinq-Hilldən Uilsdenə gedən magistral boyunca düzülmüşdü. İlinq idman meydançasında deltaların gimnastika paradı və ilahilər bayramı davam edirdi.

– Xaki nə pis rəngdir, – Lenina kastasının hipnopediya vasitəsilə beyninə yeridilmiş xurafatı dilə gətirərək dedi.

– Haunslou Duyğu Film studiyası yeddi hektar yarım ərazini əhatə edirdi. Yaxınlıqda isə qara və xaki geyinmiş işçilər Qreyt Uest yolunun şüşə örtüyünü yeniləşdirirdi. Onlar yolun üzərində keçərkən nəhəng hərəki putalardan birindən ərimiş şüşəni tökürdülər. Ərimiş şüşə gözqamaşdıran parıltı ilə yolun üzərinə yayıldı. Ağır asbestos yolbasanlar irəli geri gedirdi. İstilik izolyasiyalı sulama sisterninin araxasından ağ buxar yüksəlirdi.

Bretforddakı Televiziya Korporasiyasının fabriki şəhərciyi xatırladırdı.

– Yəqin indi iş növbəsi dəyişir – Lenina dedi.

Yaşıl rəngli qamma qızlar və qara kəmağıllar, mənənə və qarışqalar kimi girişlərdə toplaşır, təkreysli tramvaylara minmək üçün növbəyə dururdular. Tut rəngli beta-minuslar kütlə arasında arabir gözə dəyirdilər. Əsas binanın damında bir qaynaşma var idi, helikopterlərin biri enir, o birisi qalxırdı.

– Aman Ford, yaxşı ki qamma deyiləm, – Lenina dedi.

On dəqiqə sonra onlar Stok Pocisdə yerə enmiş və maneəli qolfun ilk turuna başlamışdılar.

*Çerinq-T – İngiltərədə Londonun qərbində olan “Charing Cross ”dan götürülmüşdür “cross ” – xaç deməkdir və xaçı – T ilə əvəzlənmişdir

Davamı: https://klv.az/2023/07/24/oldos-haksli-c%c9%99sur-yeni-dunya-9/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Terror qurbanı: Ədib-təbib Rafiq Tağı (sənədli film)

Ça İyl 18 , 2023
Klv.az saytı terrora məruz qalmış Azərbaycan yazarı Rafiq Tağı haqqında sənədli filmi təqdim edir.