Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya – KLV
(davamı)
– Hipnopediya İngiltərədə qadağan edilmişdi. Liberalizm adlı bir şey var idi. Parlament (bilmirəm bu köhnə anlayışdan xəbəriniz var yoxsa yox) hipnopediya əleyhinə qanun qəbul etdi. Parlament sənədlərinin arxivləri qalır. Vətəndaş azadlıqları barədə nitqlər. Səmərəsizlik və səfillik azadlığı. Həyata uyğunlaşa bilməmək azadlığı.
– Dostum, kef elə, – deyə Henri Foster Sosial İstiqamətləndirmə Köməkçisinin kürəyinə vurdu. Axı hər kəs hamıya məxsusdur.
“Həftədə üç dəfə olmaqla yüz dəfə təkrar, – deyə hipnopediya üzrə mütəxəssis olan Bernard Marks öz-özünə düşündü, “altmış iki min dəfə təkrar və həqiqət hazırdır. Axmaqlar! ”
– Ya da kasta sistemini götürək. Daim təqdim olunmuş və daim rədd edilmişdir. Demokratiya deyilən bir şey var idi. Guya insanların bərabərliyi fiziki – kimyəvi sərhədlərdən kənara çıxır.
– Bircə onu deyə bilərəm ki, Bernardın dəvətini qəbul edəcəyəm.
“Nifrət edirəm onlara, nifrət” – deyə Bernard hirsindən bilmirdi nə etsin. – Ancaq onlar iki nəfərdir və güclüdürlər.”
– Doqquz illik müharibə Ford erasının 141-ci ilində başladı.
– Onun süni qanına alkoqol daxil etmələri doğru olsa da belə, onu rədd etməyəcəyəm.
– Fosqen, xlorpikrin, etil iyodoasetat, difenilsianarsin, triklormetil, xloroformat, dikloretil sulfid. Üstəlik də sianid turşusu.
– Bunların ona yeridildiyinin doğruluğuna inanmıram – deyə Lenina sözə başladı.
– Hücum əmri ilə irəliləyən on dörd min təyyarənin gurultusu. Sibir xorası xəstəliyi bakteriyaları doldurulmuş bombaların partlayışı Kurfurstendamm və Səkkizinci Paris mahalında kağız paketinin partlayışından güclü olmayan səs çıxarmaqda idi.
– Çünki vəhşilər yaşayan rezervasiyada olmağı çox istəyirəm.
– CH3C6H2(NO2)3+Hg(CNO)2 = hə, nə edir? Torpaqda böyük bir çuxur, bir yığın daş, ət parçaları və selik, havada uçan və qırmızı ətirşahların üzərinə şappıltı ilə düşən çəkmə geyinmiş bir ayaq; o yay necədə möhtəşəm bir tamaşa idi!
– Lenina səni yola gətirmək mümkün deyil, səninlə daha işim yoxdur.
– Rusların su mənbələrinin zəhərləmə üsulu xüsusilə ağıllı düşünülmüşdü.
Fanni və Lenina kürəklərini bir-birinə çevirmiş halda paltarlarını dəyişməyi davam etdirdilər.
– Doqquz illik müharibə, Böyük iqtisadi böhran, söhbət dünya nəzarəti ilə tam dağıdılma arasında seçimdən gedirdi. Sabitlik ilə …
– Fanni Kraun da qəşəng qızdır, – Sosial İstiqamətləndirmə Köməkçisi dedi.
Uşaq otağında Kasta Şüurunun əsasları dərsi bitmişdi, səslər gələcək tələbi, gələcək sənaye təklifinə uyğunlaşdırırdı. – Mən uçmağı çox sevirəm, – deyə pıçıldayırdılar, – mən uçmağı çox sevirəm, yeni paltarlar geyinməyi çox sevirəm, çox sevirəm…
– Əlbəttə ki, Sibir xorası liberalizmin axırına çıxmışdı, ancaq yenə də cəmiyyəti zor tətbiq etməklə qurmaq olmaz.
– Lenina qədər dolu sayıla bilməz. Bəli, sayıla bilməz.
– Fəqət köhnə paltarlar çox pisdir, – deyə yorulmaq bilməyən pıçıltı davam edirdi. -Köhnə paltarları həmişə zibilliyə atırıq. Atmaq yamamaqdan yaxşıdır, atmaq yamamaqdan yaxşıdır, atmaq…
– Şallaqla yox, ağılla idarə etmək lazımdır. Yumruqla yox, ağıl və düşüncə ilə idarə etmək lazımdır. Məsələn, istehlak mükəlləfiyyəti var idi.
– Hə, mən hazır, – Lenina dedi, ancaq Fanni danışmadan arxasını çevirmiş şəkildə oturmağı davam etdi.
– Fanni, əzizim, gəl barışaq.
– Sənayenin çiçəklənməsi üçün hər bir kişi, qadın və uşağı hər il müəyyən miqdarda istehlak etməyə məcbur edirdilər. Yeganə nəticəsi isə…
– Atmaq yamamaqdan yaxşıdır, yamamaq artdıqca varlanmaq azalır, yamamaq artdıqca…
– Bir gün öz başına iş açacaqsan, – deyə Fanni üzgünlüklə vurğuladı.
– …nəhəng miqyasda şüurlu rədd etmə olurdu. İstehlak edilməyəcək hər şey yenidən geriyə təbiətə qaytarılırdı.
– Uçmağı çox sevirəm, uçmağı çox sevirəm.
– Geriyə, mədəniyyətə qayıdış. Bəli, əslində mədəniyyətə. Oturub kitab oxusanız çox istehlak edə bilməzsiniz.
– Hə, necə görünürəm? – deyə Lenina soruşdu. O, manjeti və yaxalığı süni ipək xəzdən olan tünd-yaşıl rəngli asetat gödəkçə geyinmişdi.
– Qolders Qrində səkkiz yüz sadə yaşayış tərəfdarı pulemyotlarla biçilmişdi.
– Atmaq yamamaqdan yaxşıdır, atmaq yamamaqdan yaxşıdır.
Yaşıl məxməri şort və dizdən aşağı qatlanmış süni ipək və yundan tikilmiş corablar.
– Sonra da məşhur Britaniya Muzey qırğını baş verdi. İki min mədəniyyət həvəskarı dikloretil sulfit qazı ilə zəhərlənərək öldürüldü.
Yaşıl bəyaz bir jokey papağı Leninanın gözlərinə kölgə salırdı, ayağında açıq yaşıl rəngdə laklanmış ayaqqabılar var idi.
– Nəhayət, – deyə Mustafa Mond sözünə davam elədi, – İdarəedicilər güc tətbiq etməyin fayda vermədiyini anladılar. Daha yavaş, ancaq daha doğru olan ektogenez* mənşəyi neopavlovçu tərbiyələndirmə və hipnopediya metodları…
Belinə də kənarları gümüş işləməli yaşıl süni tumacdan patrondaş kəmər bağlamışdı, patrondaş yuvasına yığdığı mayalanma əleyhinə olan vasitələrdən (çünki Lenina sonsuz deyildi) patrondaş şişmişdi.
– Pfitsner və Kavaquçinin kəşfləri, nəhayət ki, tətbiq edildi. Diri doğma əleyhinə güclü təbliğat…
– Əla! – deyə Fanni həyəcanla çığırdı. Fanni Leninanın cazibəsinin qarşısında çox tab gətirə bilmirdi. – Nə qəşəng kəmərdir!
– Bunlar keçmiş əleyhinə kompaniya ilə müşayiət olundu; muzeylər bağlandı, tarixi abidələr havaya uçuruldu (xoşbəxtlikdən onların əksəriyyəti artıq Doqquz illik müharibə zamanı dağıdılmışdı); f. e. 150-ci ilinə qədər çap olunmuş kitablar qadağan olundu.
– Mən də mütləq bu kəmərdən birini əldə etməliyəm – Fanni dedi.
– Məsələn, piramida deyilən bir şey var idi.
– Mənim köhnə qara patrondaş kəmərim…
– Və Şekspir adlı bir adam var idi. Əlbəttə ki, siz onun haqqında heç vaxt eşitməmisiniz.
– Mənim bu patrondaş kəmərim həqiqətən də biabırçıdır.
– Əsl elmi təhsilin üstünlükləri bunlardır.
– Yamamaq artdıqca, varlanmaq azalır. Yamamaq artdıqca…
– Tanrımız Fordun ilk “T” modelinin satışa çxarılması…
– Təxminən üç aydır ki, onu taxıram.
-…yeni dövrün başlanğıc tarixi kimi seçildi.
– Atmaq yamamaqdan yaxşıdır, atmaq yamamaqdan…
– Əvvəl dediyim kimi, xaçpərəstlik adlanan bir şey var idi.
– Atmaq yamamaqdan yaxşıdır.
– Yarımçıq istehlak etikası və fəlsəfəsi…
– Mən yeni paltarları sevirəm, mən yeni paltarları sevirəm, mən yeni…
-…yarımçıq istehsal vaxtlarında çox vacib idi, ancaq maşın əsrində və azot çevrilməsi dövründə bu cəmiyyətə qarşı bir cinayətdir.
– Henri Foster bağışlayıb.
– Bütün xaçların üst hissələri kəsildi və T- lara çevrildilər. O vaxtlar Allah anlayışı da var idi.
– Bu xalis süni tumacdır.
– İndi Dünya Dövlətimiz var. Ford Günü bayramımız, birlik ilahilərimiz və həmrəylik ibadətlərimiz var.
“Aman Ford, onlara necə də nifrət edirəm!” – deyə Bernard Marks düşünürdü.
– Cənnət adlı anlayış var idi, ancaq yenə də böyük miqdarda alkoqol içirdilər.
“Elə bil ət parçasıdır, ət! ”
– Ruh və ölümsüzlük anlayışları var idi.
– Henridən bunu haradan aldığını soruşsana.
– Fəqət onlar morfi və kokaindən istifadə edirdilər.
“Ən pisi isə odur ki, Lenina özü də özü barədə ət parçası kimi düşünür”.
– F.e. 178-ci ilində iki min farmakoloq və biokimyaçı maliyyələşdirildi.
– Yaman qaşqabaqlı görsənir, – Sosial İstiqamətləndirmə Köməkçisi Bernard Marksı göstərərək dedi.
– Altı il sonra artıq geniş istehsala başlanıldı. Mükəmməl narkotik istehsal olunurdu.
– Gəl onu cırnadaq.
– Sakitləşdirir, şən əhval verir, xoş hallyusinasiya yaradırdı.
– Salla mısmırığını, Marks, salla. – Kürəyinə dəyən şapalaqdan diksinib yuxarı baxdı. Bu ayı kimi kobud Henri Foster idi.
– Sənə bircə qram soma lazımdır.
– Xaçpərəstlik və alkoqolun bütün müsbət cəhətlərinə malik idi, ancaq özündə onların heç bir qüsurunu daşımırdı.
“Aman Ford, nə gəbərdərdim onu!” – deyə düşündü. Ancaq sadəcə, – Təşəkkür edirəm, istəmirəm – dedi və təklif olunan həbləri geri qaytardı.
– İstədiyin vaxt reallıqdan uzaqlaşaraq tətilə çıx və geri qayıtdıqda nə başında ağrı olsun, nə də mifologiya.
– Götür, – deyə Henri israr etdi, – götür.
– Sabitlik demək olar ki, təmin olunmuşdu.
– Bir kub santimetri on dilxorçuluğu aradan götürür. – deyə Sosial İstiqamətləndirmə Köməkçisi bəsit hipnopediya deyimindən sitat gətirdi.
– Bircə yaşlılığa qalib gəlmək qalırdı.
– Rədd olun, rədd olun! – deyə Bernard bağırdı.
– Bu nə küyçülükdür belə.
– Cinsi hormonlar, gənc qanın köçürülməsi, maqnezium duzları…
– Unutma ki, yaxşıdır bir qram soma, nəinki lənət oxuma – deyib gülərək çıxdılar.
– Qocalığın bütün fizioloji naxoşluqları aradan qaldırıldı. Əlbəttə ki, onlarla birlikdə…
– Ondan maltus kəmərini soruşmağı unutma, – Fanni dedi.
– Onlarla birlikdə yaşlıların psixikasına aid bütün xüsusiyyətlər də aradan qaldırıldı. Xarakter bütün həyat boyu dəyişilməz qalırdı.
– …qaranlıq düşmədən iki tur maneəli qolf oynamalıyam. Ona görə də getməliyəm.
– İş, oyun – gücümüz və zövqümüz on yeddi yaşımızda necədirsə altmış yaşımızda da elə olur. Əvvəlki bədxah günlərdə həyatdan üz döndərər, dinə üz tutar, vaxtlarını oxumağa, düşünməyə sərf edərdilər – düşünməyə!
– Axmaqlar, donuzlar! – deyə Bernard dəhlizlə liftə doğru gedərkən öz-özünə deyinirdi.
– Günümüzdə isə inkişaf belədir – yaşlı insanlar çalışır, cütləşir, kefdən başlarını qaşımağa, oturub düşünməyə bir saniyə də vaxtları yoxdur, ancaq işdir birdən əyləncə mühitində bir boşluq yaranarsa o zaman soma köməyə gələr, dadlı və ləzzətli soma, yarım qramı yarım tətil, bir qramı bir həftə sonu, iki qramı möhtəşəm şərqə bir səfər, üç qramı ayda qaranlıq əbədiyyətdir. Geriyə qayıtdıqda boşluğun o biri tərəfində peyda olurlar, gündəlik çalışma və məşğələlərin sağlam təməl üzərində inamla addımlayarlar, bir kefdən o birisinə, dolu qızın birindən o birisinə, bir elektromaqnit qolf meydançasından o birisinə…
– Balaca qız, get burdan! – İTM Müdiri hirslə dedi. – Balaca oğlan, get burdan! Görmürsünüz Ford həzrətləri məşğuldur? Gedin erotik oyununuzu başqa yerdə oynayın.
– Zavallı uşaqlar! – İdarəedici dedi.
Maşınların zəif uğultu sədası altında konveyerlər saatda otuz üç santimetr sürətlə hərəkət edirdilər. Qırmızımtıl qaranlıqda saysız-hesabsız yaqutlar bərq vururdu.
*Ektogenez – kənar doğuş
Davamı: https://klv.az/2023/07/17/oldos-haksli-c%c9%99sur-yeni-dunya-8/
Tərcümə edən: Xaqani Cavadoğlu