Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya – KLV
(davamı)
Tanrımız Ford və ya Freyd, o psixoloji mövzulardan söz edəndə bilmədiyimiz səbəbdən özünü Freyd adlandırırdı – Tanrımız Ford ilk dəfə olaraq ailə həyatının qorxunc tərəflərini aşkar etmişdir. Dünya atalarla – buna görə də bədbəxtliklə, analarla – yəni sadizmdən bakirəliyə qədər hər cür pozğunluqlarla, qardaşlarla, bacılarla, əmilərlə, dayılarla, xalalarla, bibilərlə – yəni dəlilik və intiharla dolu idi.
– Ancaq bununla belə, Yeni Qvineya sahillərindəki bəzi adalarda yaşayan Samoa vəhşiləri arasında…
Tropik günəşi bitki çiçəkləri arasında nizamsız şəkildə yuvarlanan çılpaq uşaq bədənlərinə isti bal kimi yayılırdı. Evlərin damı palma ağaclarından olan iyirmi evdən istənilən biri ola bilərdi. Trobriand adalarında hamiləlik əcdadların ruhlarının işi idi; heç kəs atanın nə olduğunu bilməzdi.
– Əks cinslər, – İdarəedici dedi, – birləşirlər. Ona görə ki, onlar birləşmək üçün yaradılıb.
– Həkim Uots indiki üç aylıq yalan hamiləliyin gələcək üç-dörd il ərzində sağlamlığıma böyük faydası olacağını deyir.
– Ümid edirəm ki, o haqlıdır, – Lenina dedi. Ancaq Fanni, belə çıxır ki, sən növbəti üç ay ərzində heç bir cinsi …
– Əlbəttə ki, yox, əzizim. Sadəcə iki həftə. Bu axşamı klubda musiqili bric oynayaraq keçirəcəyəm. Sən isə yəqin ki, görüşürsən.
Lenina başı ilə təsdiqlədi.
– Kimlə?
– Henri Fosterlə.
– Yenə? Fanninin mehriban, aya bənzər üzünə yaraşmayan məyusluq ifadə edən təəccüb çökdü. – Yəni hələ də Henri Fosterlə görüşürsən?
Analar və atalar, qardaşlar və bacılar. Ancaq eyni zamanda ərlər, həyat yoldaşları və məşuqlar da var idi. Təknigahlılıq və romantik sevgi də ki, öz yerində.
– Hər halda bunların nə demək olduğunu bilmirsiniz, – Mustafa Mond dedi.
Onlar başlarını yırğaladılar.
Ailə, təknigahlılıq, məhəbbət romantikası. Hər yerdə bir özəllik və özünə qapanma, meylin və marağın bir obyektə yönəlməsi; həvəs və enerjinin dar bir məcraya istiqamətlənməsi.
– Ancaq hər kəs hamıya məxsusdur. – deyə Mustafa hipnopedik deyimdən sitat gətirdi.
Tələbələr deyilən fikir ilə tam razılıq əlaməti olaraq başlarını tərpətdilər. Qaranlıqda altmış iki min dəfədən çox təkrarlanan bu cümlə onlar tərəfindən sadəcə doğru kimi deyil, şəksiz, öz-özünü təsdiqləyən və sübuta ehtiyacı olmayan bir həqiqət olaraq qəbul etdirilmişdi.
– Axı mənim Henri ilə görüşdüyüm cəmi dörd aydır. – deyə Lenina etiraz etdi.
– Cəmi-cümlətanı dörd ay! Daha sənə sözüm yoxdur, hələ üstəlik – deyə barmağını hədələyici tərzdə yelləyərək, – bu müddət ərzində Henridən başqa heç kəslə görüşməmisən, bəlkə səhv deyirəm?
Lenina qıpqırmızı oldu, ancaq gözləri və səsinin tonunda itaətsizlik qalırdı.
– Xeyr, başqa heç kəslə görüşməmişəm, – deyə az qala sərt şəkildə cavab verdi. – Nə səbəbə görüşməli olduğumu da anlamıram.
– Ah, nə səbəbə görüşməli olduğunu da anlamır, – deyə sanki sol çiyninin arxasındakı gözəgörünməz dinləyiciyə söyləyirmiş kimi Fanni təkrar elədi. Sonra anidən səsinin tonunu dəyişərək, – zarafat bir yana – dedi, – həqiqətən də, məncə, diqqətli olmalısan. Elə hey bir adamla görüşmək çox ədəbsizlikdir. Qırx, əlli yaşın olsa başa düşmək olar. Ancaq sənin yaşında, Lenina! Xeyr, heç yaraşmır. Üstəlik İTM Müdiri uzunmüddətli və çılğın münasibətlərin necə əleyhinə olduğunu bilirsən. Başqa bir kəslə görüşmədən dörd ay Henri Fosterlə görüşmək – hə, Müdir bilsəydi hirsindən zəncir çeynəyərdi…
– Boruda təzyiq altında axan suyu təsəvvür edin. – Tələbələr belə bir borunu təsəvvür etdilər. – Bir yerindən deşirəm, – İdarəedici dedi. – Nə fontan vurar! Bir yox, iyirmi dəfə deşsək, zəif şırnaqlar əmələ gələr.
Eynisi hisslərə də aiddir. – “Balam, balam ..! Ana!” – hisslərin çılğınlığı keçicidir. – “Əziz balam, bir dənəm, canım mənim, canım…!”
Analıq, təknigahlılıq, romantizm. Fontan yüksəyə fışqırır, təzyiqi köpüklü və vəhşidir. Hissin tək bir çıxış yeri var. Mənim əzizim, mənim balam. O zavallı, müasir dövrümüzdən əvvəlki insanların dəli, əxlaqsız və səfil vəziyyətdə olmaları təəccüblü deyil. Onların dünyaları, rahat yaşamalarına, ağıllı, əxlaqlı və xoşbəxt olmalarına imkan vermirdi. Analar və aşiqlər, riayət etməyə öyrəşdirilmədikləri qadağalar, başdan çıxaran ehtiraslar və tənhalıqdakı peşmanlıqlar, keçici xəstəliklər, bitmək bilməyən ağrılar, qeyri-müəyyənliklər və kasıblıq – bax bütün bunlar onları güclü hisslərə və həyəcanlara məcbur edirdi. Belə güclü hisslərlə (güclü, özü də təkbaşına, ümidsiz tənhalıqda) necə sabitlik ola bilərdi?
– Sözsüz ki, Henridən tamamilə imtina etmən lazım deyil. Arada bir başqaları ilə də görüş, vəssalam. O başqa qızlarla görüşür, elə deyilmi?
– Əlbəttə görüşür, – deyə Lenina razılaşdı. Henri Fosterin mükəmməl centlmen olduğuna və qaydalara uyğun davranmağına heç şübhən olmasın. Ondansa Müdir barədə fikirləş. Onu necə qayda-qanun xəstəsi olduğunu bilirsən…
Lenina başı ilə təsdiqləyərək dedi:
– Bu gün günorta belimi sığalladı.
– Gördünmü, – deyə Fanni zəfər qazanıbmış kimi dedi. – Bu onun qaydalara ciddi şəkildə əməl etdiyini göstərir.
– Sabitlik, – İdarəedici dedi, – yenə də, sabitlik. sosial sabitlik olmadan sivilizasiya ola bilməz. Fərdi sabitlik olmadan da sosial sabitlik ola bilməz. – Səsi nərildəyirdi. Dinləyicilərin canına istilik yayılırdı və özlərini daha böyük hiss edirdilər.
Maşın işləyir, fırlanır və daima işləməlidir. Dayanmaq ölmək deməkdir. Bir milyard insan yer qabığını eşələyirdi. Çarxlar fırlanmağa başladı. Yüz əlli ildə iki milyard oldular. Bütün çarxları dayandırın. Yüz əlli həftədə yenə bir milyarda düşərlər, bir milyardı acından ölər.
Çarxlar davamlı olaraq fırlanmalıdır, ancaq qulluq olmazsa fırlanmazlar. Onlara qulluq edəcək adamlar lazımdır, oxları üzərində fırlanan çarxlar kimi davamlı, ağlı başında, itaətkar, məmnun və sabit adamlar.
– “Mənim balam, mənim anam, mənim bir dənəm” – deyə ağlayanlar, – “mənim günahım, mənim zəhmli Tanrım” – deyə sızlayanlar, ağrıdan çığıranlar, qızdırmadan sayıqlayanlar, qocalıq və kasıbçılıqlarına ağlayanlar – çarxlara necə qulluq edə bilər? Və çarxlara qulluq edə bilməzlərsə?.. Milyard kişi və qadın cəsədini basdırmaq və ya yandırmaq çətin olardı.
– Üstəlik də, – Fanninin səsi yumşaldıcı idi, – məgər Henridən başqa bir-iki kişi ilə görüşməyin xoşagəlməz tərəfi var? Bunu anladıqdan sonra isə kişilər barədə bir az müxtəlifliyə üstünlük verməyin lazımdır…
– Sabitlik, – deyə İdarəedici israrla vurğuladı, – sabitlik. İlkin və ən başlıca ehtiyac. Sabitlik. Ona nail olmaq üçün isə – bütün bunlar, – dedi və əli ilə işarə edərək bağları, Tərbiyə Mərkəzinin böyük binasını, otların arasında görünməyən, eləcə də çəmənliklərdə qaçışan çılpaq uşaqları göstərdi.
Lenina başını yırğaladı. Düşüncələrə dalaraq:
– Nə isə son günlərdə ürəyim müxtəliflik istəmir. Hərdən elə vaxtlar olur ki, adamın ürəyi istəmir. Fanni, səndə heç belə bir hal olmayıb?
Fanni anlayaraq başı ilə təsdiqlədi.
– Ancaq səy göstərməliyik, – hökm verirmiş kimi dedi – qaydalara riayət etməliyik. Onsuz da hər kəs hamıya məxsusdur.
– Bəli, hər kəs hamıya məxsusdur, – deyə yavaşca təkrarlayan Lenina ah çəkərək bir müddət səssiz qaldı, sonra Fanninin əlini tutaraq yüngülcə sıxdı: – Həmişəki kimi haqlısan, Fanni, səy göstərəcəyəm, – dedi.
Qarşısı alınan axın daşar və əmələ gələn sel, duyğulardır, ehtiras selidir və o hətta dəliliyə çevrilir; bu axının gücündən, maneənin hündürlüyündən və gücündən aslıdır. Qarşısı alınmayan axın təyin olunmuş kanallardan keçərək sakit rifaha axıb tökülür.
– Embrion acdır, qan nasosu gecə-gündüz dəqiqədə səkkiz yüz dövr edərək onu süni qanla təmin edir, şüşədən boşaldılan uşaq çığırıb ağlayır və dərhal bir dayə əlində süd sekresiya şüşəsi peyda olur. Hisslər, istək və onun təmin olunması müddətində gizlənir. Müddəti qısalt, bütün köhnə, lazımsız maneələri ləğv et.
– Bəxtiniz gətirib! – İdarəedici dedi. Sizlərin həyatını duyğusal baxımdan rahat etmək, mümkün qədər duyğulardan qorumaq üçün əlimizdən gələn heç nəyi əsirgəməmişik.
– Ford sükanın arxasındadır, – İTM Müdiri burnunun altında dedi. – Dünyada hər şey qaydasındadır.
– Lenina Kraun? – deyə Henri Foster şalvarının zəncirbəndini bağlayaraq Sosial İstiqamətləndirmə Köməkçisinin sualını təkrar elədi. – Ah, çox gözəl bir qızdır. Gözəl, dolu bədəni var. Onunla birlikdə olmamağın məni təəccübləndirir.
– Heç özüm də anlamıram ki, necə olub ki, onu gözdən qaçırmışam, – sosial istiqamətləndirmə köməkçisi dedi. Fürsət düşən kimi mütləq onunla birlikdə olacağam.
Soyunma otağının dəhlizinin qarşı tərəfində durduğu yerdən danışılanları eşidən Bernard Marksın rəngi qaçdı.
– Düzünü desəm, – Lenina dedi, – hər gün Henri ilə birlikdə olmaqdan mən də bir az darıxmağa başlamışam. – Sol corabını yuxarı çəkdi. – Sən Bernard Marksı tanıyırsan? adiliyi məcburi artırılan tonla soruşdu.
Fanni ürkmüş kimi idi.
– Yoxsa bu…
– Niyə də yox? Bernard alfa plyusdur. Üstəlik mənə vəhşilər yaşayan rezervasiyaya birlikdə getməyi təklif edib. Vəhşilər yaşayan rezervasiyaya getməyi həmişə arzulamışam.
– Bəs onun çıxardığı pis ad?
– Onun pis adından mənə nə?
– Deyirlər maneəli qolfu xoşlamır.
– Deyirlər, deyirlər – deyə Lenina ona lağ elədi.
– Üstəlik vaxtının çoxunu yalnız keçirirmiş – təklikdə. – Fanninin səsində dəhşət var idi.
– Mənimlə olanda təklikdə olmayacaq. Ümumiyyətcə, niyə hamı onunla heyvan kimi davranır? Məncə o çox sevimlidir. Onun gülməli utancaqlığını xatırlayaraq öz-özünə gülümsədi. Demək olar ki, qorxmuşdu, sanki Lenina Dünya İdarəedicisi o isə maşınlara qulluq edən qamma minus idi.
– Öz həyatınıza nəzər salın, – Mustafa Mond dedi. – Hər hansı biriniz dəfedilməz maneə ilə üzləşibmi?
Tələblər susmaqla üzləşmədiklərini təsdiqlədilər.
– Hər hansı biriniz istək və onun təmin olunması arasında uzun müddət bir gözləmə yaşamaq məcburiyyətində qalıbmı?
– Bilirsiniz, – deyə tələblərdən biri sözə başladı və sonra tərəddüd etdi.
– Danış, – Müdir dedi, – Ford həzrətlərini gözlətmə.
– Bir dəfə istədiyim qızı əldə edənə qədər təxminən dörd həftə gözləməli olmuşdum.
– Nəticədə güclü bir hiss keçirmişdin, elə deyilmi?
– Dəhşət!
– Düzdür, dəhşət, – İdarəedici dedi. – Əcdadlarımız o qədər axmaq idi və uzağı görmürdülər ki, ilk islahatçılar ortaya çıxdıqda və onları bu dəhşət hisslərdən qurtulmaq üçün yol göstərdikdə onları dinləmək istəmədilər.
“Lenina barəsində sanki ət parçası kimi bəhs edirlər, – Bernard dişlərini qıcırdatdı. Burada onunla ol, dadına bax, orada onunla ol, dadına bax. Elə bil qoyun ətidir. Onu qoyun əti səviyyəsinə endirirlər… Mənə dedi ki düşünüb, bu həftə ərzində cavab verəcək. Of, aman Ford. Yanlarına gedib sifətlərinə gücün gəldikcə o ki var ilişdirəsən.”
– Bəli, doğrudan da, onu sənə tövsiyə edirəm, – Henri Foster bu dəmdə deyirdi.
– Elə götürək etnogenezi* Pfitsner və Kavaquçi tam bir metod işləyib hazırlamışdılar. Ancaq hökumətlər buna diqqət yetirdilərmi? Xeyr. Xaçpərəstlik adlanan bir şey var idi. Qadınları diri doğmağı davam etməyə məcbur edirdilər.
– Bernard o qədər çirkindir ki! – Fanni dedi.
– Ancaq onun görünüşü mənim çox xoşuma gəlir.
– Boyu da elə balacadır ki! – deyə Fanni sifətini turşutdu. (Balacalıq aşağı kastalara xas olan pis cəhətdir.)
– Məncə, bu çox xoş bir cəhətdir – Lenina dedi. -Adamın pişik kimi oxşayıb əzizləməyi gəlir.
Fanni şok olmuşdu.
– Deyirlər, Bernard şüşədə olanda kimsə səhvən qamma olduğunu düşünüb süni qanına alkoqol qatıb, ona görə də belə bəstəboydur.
– Gopa bir bax! – deyə Lenina əsəbiləşdi.
*Etnogenez-xalqların
Davamı var
Tərcümə edən: Xaqani Cavadoğlu
Davamı: Oldos Haksli. Cəsur yeni dünya – KLV