Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya – KLV
(davamı)
ÜÇÜNCÜ HİSSƏ
Bayırda, bağda oyun vaxtı idi. İsti iyun günəşinin şüaları altında altı-yeddi yüz çılpaq oğlan və qız zil səslə çığıraraq çəmənlikdə qaçır, top-top oynayır ya da çiçək açmış kolların arasında ikili, üçlü qruplar şəklində sakitcə çömbəlib oturmuşdular. Qızıl güllər çiçək açmış, ağacların budaqlarında iki bülbül ötür, cökə ağacları arasından ququ quşu ahəngdən çıxan bir tonda quqquldayırdı. Hava sanki arı və helikopterlərin səsindən mürgüyə dalmışdı.
Müdir tələblərlə bilikdə dayanıb bir müddət mərkəzdənqaçma oyununu izlədi. İyirmi uşaq xromlu polad bir qüllənin ətrafında dairə şəklində toplanmışdı. Yuxarıya, qüllənin başında bir meydançaya atılan top qüllənin içinə diyirlənir, sürətlə fırlanan bir diskin üzərinə düşür və silindrik gövdədə açılmış çoxsaylı dəliklərin birindən sürətlə bayıra tullanılırdı və uşaqlar bu topu tutmağa çalışırdılar.
– Qəribədir, – Müdir tələblərlə birlikdə uzaqlaşarkən öz-özünə düşünüb dedi. Hətta tanrımız Fordun zamanında oyunlarının əksəriyyətinin sadəcə bir-iki top, bir neçə ağac və bir parça tor ilə oynanıldığını düşünmək adama qəribə gəlir. İnsanların istehlakı artırmağa heç bir töhfəsi olmayan mürəkkəb oyunlar oynamasına imkan vermək nə qədər axmaq bir şey olardı. Sərsəmlik və axmaqlıqdan başqa bir şey deyil. Günümüzdə yönəldicilər yeni oyunun ən azından artıq icazə verilmiş idman oyunlarından ən mürəkkəbinin tələb etdiyi qədər idman avadanlığı tələb etməsindən əmin olmayınca ona icazə vermirlər. Müdir fikrini yarımçıq qoydu, əli ilə işarə edərək, – sevimli cütlükdür, – dedi.
Aralıq dənizi sinfinə aid olan ağacşəkilli süpürgə kollarının arasındakı çəmənlikdə otun üstündə yeddi yaşlı bir oğlan uşağı ilə ondan təxminən bir yaş böyük qız uşağı fikirlərini bir yerə cəm edib nə isə kəşf etmək üçün çalışmalar aparan alimlərə xas bir ciddiyyətlə bəsit seksual oyun oynayırdılar.
– Çox gözəl, çox gözəl, – Müdir duyğulu bir səslə dedi.
– Çox gözəl, – deyə gənc tələbələr nəzakətlə təkrar etdilər. Ancaq gülümsəmələrində daha çox təkəbbürlü nifrət var idi. Özləri bu sayaq uşaq əyləncələrini bu yaxınlarda bitirmişdilər və indi bu səhnəni nifrət hissi duymadan izləyə bilmirdilər. Çox gözəl? Sadəcə iki uşaq axmaqlayır, vəssalam.
– Həmişə düşünürəm ki, – deyə Müdir eyni duyğulu səslə sözünə davam edirdi ki, yüksək ağlamaq səsi sözünü ağzında qoydu.
Yaxınlıqdakı kolluqdan ağlayan bir oğlanın əlindən tutub gətirən bir dayə çıxdı. Arxalarınca narahat görünən balaca bir qız uşağı tələsik gəlirdi.
– Nə olub? – deyə Müdir soruşdu.
Dayə çiyinlərini çəkdi.
– Mühüm bir şey deyil, – dedi. – Sadəcə bu balaca oğlan adi erotik oyunda könülsüz iştirak edir. Mən bunu əvvəllər də bir neçə dəfə müşahidə etmişəm. Bu gün də, elə indicə ağlamağa başladı…
– Doğru sözümdü, – deyə həyəcanlı görünən balaca qız, – söhbətə qoşuldu. – Onu incitmək istəmirdim. Həqiqətən.
– Əlbəttə istəmədin, əzizim. – deyə dayə qızı sakitləşdirdi. Ona görə də – deyərək yenidən Müdirə tərəf dönüb, onu anormal bir şeyin olub-olmamağını yoxlamaq üçün baş psixoloqun köməkçisinin yanına aparıram.
– Doğru edirsiniz, – Müdir dedi. Dayə hələ də uca səslə ağlayan oğlan uşağını apararkən qıza tərəf dönüb, – “Sən burada qal, balaca. Sənin adın nədir?” – deyə soruşdu.
– Polli Trotski.
– Adın da özün kim qəşəngdir – Müdir dedi. – İndi isə qaç get və gör oynamaq üçün özünə başqa bir oğlan uşağı tapa bilərsənmi?
Qız qaçaraq kolluqların arasında gözdən itdi.
– Çox gözəl uşaqdır! – Müdir qızın arxasından baxaraq, – dedi. Sonra tələblərə tərəf dönərək: – İndi sizə deyəcəklərim inanılmaz sələnə bilər, ancaq tarixə yaxından bələd olmayan şəxslərə keçmişlə bağlı bir çox faktlar, sözün əsl mənasında, inanılmaz səslənir.
Müdir tələblərə heyranedici bir xəbər verdi. Fordumuzun yaşadığı eradan çox əvvəllər və hətta sonradan bir neçə nəsil ərzində erotik oyunlar anormal bir şey hesab edilmişdir (güclü qəhqəhə qopur), sadəcə anormal deyil əxlaqsız (ola bilməz!) sayılmış və bu səbəbdən də güclü təzyiqlərə məruz qalmışdır.
Tələblərin üzlərində təəccüb və heyrət ifadəsi var idi. Yəni yazıq uşaqlara əylənməyə icazə vermirdilər?! İnana bilmirdilər.
– Hətta yetkinlərə də, – deyə Müdir bildirdi, – Sizin kimi yetkinlərə də…
– Ola bilməz!
– Gizli şəkildə öz-özünə erotizm və homoseksualizm istisna olmaqla heç bir şeyə qətiyyən icazə verilmirdi.
– Heç bir şeyə?
– Bəli, əksər hallarda iyirmi yaşına qədər heç bir şeyə.
– İyirmi? – deyə qulaqlarına inanmayan tələbələr bir ağızdan səsləndilər.
– İyirmi, – deyə Müdir təkrar elədi. İnanılmaz səslənəcəyini sizə demişdim.
– Bəs sonra nə oldu? – deyə tələblər soruşdular, – Nəticəsi necə oldu?
– Nəticəsi dəhşətli oldu, – deyə dərin və cingiltili bir səs qorxuducu bir şəkildə dialoqa qoşuldu.
Ətraflarına boylandılar. Kiçik qrupun kənarında orta boylu, qara saçlı, donqarburun, qırmızı, dolu dodaqları, nüfuzedici və qara gözləri olan naməlum bir şəxs dayanmışdı.
– Dəhşətli, – deyə o təkrar elədi.
O anda İTM Müdiri rahat bir şəkildə bağın hər yerində yerləşdirilmiş polad-rezin skamyalardan birində əyləşmişdi, ancaq naməlum şəxsi görən kimi əllərini geniş açıb, otuz üç dişini də bayırda qoyan bir gülüş və coşqu ilə ayağa sıçrayıb irəli atıldı.
– Dünya İdarəedicisi! Nə xoş təsadüf! Gənclər, bir təsəvvür edin, dünya İdarəedicisi Ford həzrətləri Mustafa Mond!
Mərkəzin dörd min otağında dörd min elektron saat eyni anda saat dördü vurdu. Reproduktorlardan bədənsiz səslər dilləndilər.
– Əsas gündüz növbəsi bitmişdir. İkinci gündüz növbəsi başlayır. Əsas gündüz növbəsi…
Liftdə soyunma otağına qalxan Henri Foster və Baş Yönəldicinin Köməkçisi arxalarını nümayişkaranə şəkildə psixologiya şöbəsinin mütəxəssisi Bernard Marksa çevirmişdilər – pis ad çıxarmış şəxsdən kənar qaçırdılar.
Maşınların uğultu və gurultusu embrion otağının al-qırmızı sükutunu hələ də pozmaqda idi. Növbələr gəlib gedir, dəri vərəmi rəngində bir üz digəri ilə əvəzlənir, konveyerlər fasiləsiz olaraq üzərilərində gələcəyin kişi və qadınları daşıyaraq irəliyə doğru hərəkət edirdilər.
Lenina Kraun cəld addımlarla qapıya tərəf yeridi.
Ford həzrətləri Mustafa Mond! Onu salamlayan tələbələrin gözləri az qala hədəqəsindən çıxacaqdı. Mustafa Mond! Qərbi Avropanın Rezident Dünya İdarəedicisi! On Dünya İdarəedicisindən biri. Onundan biri… və o, İTM Müdiri ilə birlikdə skamyada oturdu və qalıb – bəli, bəli yanlarında qalıb onlarla söhbət edəcəkdi… Onlar bilavasitə mənbədən, Fordun mübarək dilindən sözlər eşidəcəkdilər.
İki qəhvə rəngli uşaq yaxınlıqdakı kolluqdan çıxıb iri, çaşqın gözlərlə onlara baxdı və yenə yarpaqların arasındakı əyləncələrinə qayıtdılar.
– Hamınız xatırlayırsınız, – Dünya İdarəedicisi güclü, dərin səslə dedi. – Hamınız Fordumuzun o gözəl, ilhamla deyilmiş sözlərini xatırlayırsınız: “Tarix cəfəngiyatdır”. – Tarix, – deyə yavaşca təkrar elədi, – cəfəngiyatdır.
Əlini yellədi və sanki gözəgörünməz bir fırçanın toxunuşu ilə bir ovuc tozu silkələdi və bu toz Harappa* , Gildanilərin Ur* şəhərini hörümçək toru kimi təmizlədi, Fiva*, Babil*, Knoss*, Mikenanı* sildi, Odisey, Əyyub*, Yupiter, Qautamanı* sildi, İsa haradadır? Sildi. Afina, Roma, Qüds, orta Şahlıq adlandırılan antik çirk zərrələri yox oldular. Sildi və İtaliyanın olduğu yer boşaldı. Sildi, kilsələr yox oldu, sildi “Kral Lirin faciəsi”, Paskalın “Düşüncələri”*, “Ehtirasları ”*, “Rekviyemi”, “Simfoniyanı” sildi yox elədi, sildi yox elədi…
– Henri, bu axşam duyğu filminə baxmağa gedəcəksən? – deyə Sosial İstiqamətləndirmə Köməkçisi soruşdu. – Eşitdiyimə görə, “Əlhambrada” nümayiş etdiriləcək yeni film əladır. Ayı dərisi üzərində bir eşq səhnəsi var, deyirlər valehedicidir. Ayının hər bir tükünə qədər yaradıblar. Möhtəşəm toxunma və oxşama effektləri.
– Elə buna görə də sizə tarix öyrədilmir – İdarəedici dedi. Ancaq artıq vaxtı çatıb…
İTM Müdiri narahatlıqla İdarəediciyə baxdı. İdarəedicinin iş otağında, seyfdə köhnə qadağan olunmuş kitablar barədə şayiələr gəzirdi. İncil, şeir kitabları, Ford bilir daha nələr.
Mustafa Mond Müdirin narahat baxışlarını sezdi və qırmızı dodaqlarının qıraqları istehza ilə dartıldı.
– Müdir, narahat olmayın, – deyə o zəif istehza ilə bildirdi, – tələblərinizi yoldan çıxartmaram.
İTM Müdiri çaşqınlıq içərisində susdu.
Həqarət edildiklərini hiss edənlər həqarət edən kimi görünməyi yaxşı bacarır. Bernard Marksın üzündəki təbəssüm həqarət dolu idi. Həqiqətən də, ayının hər bir tükünə qədər yaratmışdılar!
– Getməyi özümə borc bilirəm, – Henri Foster dedi.
Mustafa Mond irəli əyilərək tələbələrə barmaq silkələdi.
– Təsəvvür etməyə çalışın, – dedi və tələbələrin diafraqmaları bu səsin yaratdığı həyəcanla titrədi.
– Diridoğan anaya malik olmağın necə bir şey demək olduğunu təsəvvür etməyə çalışın.
Yenə o ədəbsiz söz. Ancaq bu dəfə heç biri gülməyi ağlına belə gətirmədi.
– “Ailədə yaşamağ”ın necə bir şey olduğunu təsəvvür etməyə çalışın.
Tələblər təsəvvür etməyə çalışdılar, ancaq cəhdlərinin heç bir nəticə vermədiyi göz qabağında idi.
– Bəs “doğma ev”in nə olduğunu bilirsiniz?
– Xeyr, – deyə başlarını yırğaladılar.
Liza Kraun tutqun qırmızı zirzəmidən on yeddinci mərtəbəyə qalxdı, liftdən çıxdıqdan sonra sağa dönüb uzun bir dəhlizi keçərək üzərində “QIZLARIN SOYUNMA OTAĞI” yazılan qapını açdı və qol, sinə və alt paltarlarından ibarət xaosa daxil oldu. İsti su şırıltı ilə yüzlərlə vannaya oradan da daşaraq yerə tökülürdü. Vibro-vakuumlu masaj maşınları gün altında qaralmış səksən qadın əndamını gurultu və fısıltı ilə soraraq ovuşdururdu. Hər kəs səsi çıxdığı qədər uca səslə danışırdı. Sintetik musiqi avtomatından superkornet solosu səslənirdi.
– Salam, Fanni, – deyə Lenina öz dolab yoldaşı ilə salamlaşdı.
Fanni Şüşədən Boşaltma Otağında işləyirdi və onun da soyadı Kraun idi. Planetin iki milyard sakini sadəcə on min soyadı paylaşdığı üçün bu təsadüf o qədər də təəccüblü deyildi.
Lenina gödəkcəsinin, şalvarının və alt paltarının zəncirbəndlərini açdı. Əynində corabları və ayaqqabıları vanna otağına doğru getdi.
Ev nə ev, boğucu bir yaşayış, otaqlarda bir-birinin başında oturan sakinlər, davamlı olaraq doğan qadınlar və hər yaşda oğlan və qız uşaqları. Boğanaq, darısqallıq, bir sözlə, xalis antisanitar bir həbsxana: qaranlıq, xəstəliklər və üfunət.
(İdarəedicinin təsviri elə canlı idi ki, digər tələbələrdən daha həssas olan bir tələbənin bu təsvirdən rəngi qaçdı və az qala qaytaracaqdı.)
Lenina vannadan çıxdı, qətfə ilə özünü quruladı, divardan asılmış uzun şlanqı götürüb qurulayan ağızlığını intihar edəcəkmiş kimi sinəsinə dirəyib düyməni basdı. İsti hava axını bədənini əla keyfiyyətli talk kirşanı ilə bürüdü. Çanağın üzərində səkkiz xüsusi kran müxtəlif odekolon və ətirlər üçün nəzərdə tutulmuşdu. Soldan üçüncü kranı açdı, “Şipr” ilə ətirləndi, ayaqqabılarını və corablarını götürüb vibro-vakuumlu maşınlarından boşalanın olub-olmadığını yoxlamaq üçün getdi.
Ev fiziki baxımdan olduğu qədər ruhi baxımdan da bərbad və iyrənc vəziyyətdə idi. Psixoloji cəhətdən içində yaşayanların sıxılmış həyatlarının sürtünməsindən qızışmış, hiss və həyəcanlardan üfunət iyi verən bir zibil quyusu, dovşan yuvası idi. Ailə üzvləri arasında necə də boğucu yaxınlıq, təhlükəli, ağılsız, ədəbsiz münasibətlər! Ana, manyak kimi uşaqlarının üstündə əsərdi (öz uşaqlarının!)… Bir pişiyin öz balalarının üstündə əsdiyi kimi, fəqət danışa bilən təkrar-təkrar “Mənim balam,” deyən bir pişik. “Ah balam, necə də acdır, sinəmə qısılıb, balaca əllər, aclıq və o ifadəedilməz iztirabverici ləzzət! Körpəm yatdı, balam ağzının qırağında süd qovuqcuğu yuxuya getdi. Körpə balam yatır…”
– Bəli, – deyə Mustafa Mond başı ilə təsdiqləyərək dedi, – tüklərin ürpəşməyi təbiidir.
– Bu axşam kim ilə görüşürsən? – deyə vibro-vakuumlu maşından üzərinə düşən daxildən işıq saçan bir inci kimi çəhrayı işıq saçan Lenina soruşdu.
– Heç kəslə.
Lenina təəccübdən qaşlarını qaldırdı.
– Son vaxtlar kefsizəm, – deyə Fanni izah etdi. Həkim Uots mənə yalan hamiləliyi məsləhət gördü.
– Əzizim, axı sənin hələ on doqquz yaşın var. İlk yalan hamiləlik iyirmi bir yaşına kimi məcburi deyil.
– Bilirəm, əzizim, ancaq bəziləri üçün erkən başlamaq daha yaxşıdır. Həkim Uots mənə bildirdi ki, mənim kimi çanaq sümüyü gen olan qarabuğdayı qızların süni hamiləliyin on yeddi yaşında keçməsi lazımdır. Ona görə də, əslində mənim üçün iki il erkən yox, iki il gecdir.
Dolabının qapısını açıb üst rəfdəki bir cərgə qutu və etiketli kiçik şüşələri göstərdi.
– “SARI CİSİM SİROPU, – deyə Lenina etiketlərin üstünü oxumağa başladı, – OVARİN, TƏZƏLİYİNƏ ZƏMANƏT VERİLİR: F. E. 632 İLİNƏ KİMİ YARARLIDIR. SÜD VƏZİ EKSTRAKTI: YEMƏKDƏN ƏVVƏL GÜNDƏ ÜÇ DƏFƏ AZ MİQDARDA SU İLƏ QƏBUL EDİN. PLASENTİN: HƏR İKİ GÜNDƏN BIR 5 MİLLİMETR VENA DAXİLİNƏ VURULMALIDIR…” Ğığ! – deyə Lenina ürpərdi.
– Vena daxilinə vurulan dərmanlara nifrət edirəm, bəs sən?
– Bəli, ancaq faydası varsa…
Fanni çox ağıllı bir qız idi.
*İngilis dilində Ford, tanrı mənasını verən Lord ilə həmqafiyə səslənir.
*Harappa – e.ə 3 minillik – XVII-XVI əsrlərdə Hind çayı boyunca yerləşən Harappa sivilizasiyanın əsas mərkəzi.
*Ur şəhəri – Cənubi Babildəki Ur şəhəri
*Fiva – Qədim Misirdə böyük şəhər və mədəniyyət mərkəzi.
*Babil – e.ə 3 minillikdə Fərat çayı sahilində Mesopotamiyada yerləşən qədim şəhər.
*Knoss – Krit adasının şimalında yerləşən qədim şəhər, Egey mədəniyyətinin mərkəzi.
*Mikena – Cənubi Yunanıstanda qədim şəhər.
*Əyyub – Us şəhərinin sakini, dostlar ilə söhbətləri şər və intiqam barədə fəlsəfi poema olan “Əyyubun kitabı”nda toplanmışdır.
*Qautama – Qədim hind mifologiyasına əsasən yeddi müdrikdən (rişi) birinin adı. Mərkəzi şahlıq – qədim Misir tarixində tarixi dövr.
*Düşüncələr – fransız alimi, dini filosof və yazıçısı Blez Paskalın əsəri.
*Ehtiraslar – İudanın xəyanəti və İsanın çarmıxa çəkilməsi barədə incil mətnləri mövzusunda yazılmış musiqi əsəri.
Davamı var
Tərcümə edən: Xaqani Cavadoğlu
Davamı: Oldos Haksli. Cəsur yeni dünya – KLV