Mina Rəşid. Adam ağac kimi sadə olsaydı (şeirlər)

NƏ YAXŞI

Nə yaxşı qonaq oluruq,
Çox qalmırıq dünyada.
Üstü bəzək, içi soyuq,
Ürəyi buz dünyada.

Adamlar niyə ağlayır
Görən ondan ötəri?
Hər gün ölüb-dirildiyi
Bir dünyadan ötəri.

Şənbə günü sıxılıram
Nə yaxşı ki, bazar var.
Nə yaxşı bazardan sonra
Həm həyat, həm məzar var.

 

BİR PAYIZDIR, BİR DƏ MƏN…

Hərənin öz havası var,
Hər kəsin öz fəsli var.
Mənim də ürəyimdə
Payız möhtəşəm olar…

Payız nə mehribandı
Günəşi gülümsəyir.
Yağışı damla-damla
Könlümdə rəqs eləyir…

Külək mənə bənzəyir,
Gah küsür, gah da gülür.
Həzin-həzin əsəndə
Heyva qoxusu gəlir.

Sanki dünya boş qalıb
Bir payızdı, bir də mən.
Yarpaq qonur çiynimə
Pıçıldayır: – “Çəkmə qəm”…

 

ADAM AĞAC KİMİ SADƏ OLSAYDI…

Günəş öz vaxtında çıxır həmişə,
Yenə öz vaxtında qürubda batır.
Baxdıqca dağlara, sal qayalara,
Gözümün-könlümün işığı artır.

Görürəm nə dağlar özündənrazı,
Nə çöllər, nə düzlər yolundan çıxır…
Ağaclar bu qədər bar verir, amma
Bizə yuxarıdan aşağı baxmır.

Bəs niyə adamlar bu ağaclardan,
Dənizdən, küləkdən bircə dərs almır?
Niyə dağlar kimi o təmənnasız,
Nədən günəş kimi o nurlu olmur?

Adamlar xeyirxah, nəcib olsaydı,
Qarlı qış da dönüb bahar olardı.
Adam ağac kimi sadə olsaydı,
Quşlar ürəyində yuva qurardı…

 

NƏ YAXŞI VARSAN, OĞLUM!

Doğum günün mübarək,
Nahid balam, necəsən?
Ürəyimin parası,
Şəhid balam, necəsən?

Bulud kimi dolub, bax,
Anan da, “Salam!”- deyir.
Bacı-qardaşların hey,..
Hey səni əzizləyir.

Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum!
Fəxr edirəm səninlə
Nə yaxşı varsan, oğlum!

Yuxudan oyanıb görəm
Bir möcüzə baş verib.
Görəm qapının ağzına
Çiçəklər xalı sərib.

Hər bir tərəf ağaclardı,
Quşlar himni oxuyur.
Dünya elə qəribədi,
Hava çox xoş qoxulu…

Tut tökülür ot üstünə
Uşaqlar, quşlar yeyir.
Burda tutu satan yoxdu
Anam dua eləyir.

Yuxudan oyanıb görəm…

 

QARAM, BİLİRƏM Kİ, GÜNAHKARAM MƏN

Yaman günahkaram, yağmayaydım kaş,
O gün Xocalıya mən də, dərd oldum.
Axı çox sevirdi məni uşaqlar,
O gecə yağmaqla mən namərd oldum.

O gün dizə qədər qana batdım mən,
Körpələr çığırdı, yerimdə dondum…
Onu çox incitdim soyuqluğumla,
Dərdinin üstünə şaxta, buz qoydum.

Söndürə bilmədim yanan qəlbini
Donmuş gözlərimlə baxdım tüstünə.
Düşmən bir tərəfdən, mən də bir yandan
Vaxtsız qonaq kimi yağdım üstünə.

Mən soyuq olsam da, qəm yaddaşımda
Gör neçə körpənin solğun üzü var.
Qaram, bilirəm ki, günahkaram mən,
Üstümdə ömürlük qan izləri var.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

C İyn 23 , 2023
Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya – KLV (davamı) ÜÇÜNCÜ HİSSƏ Bayırda, bağda oyun vaxtı idi. İsti iyun günəşinin şüaları altında altı-yeddi yüz çılpaq oğlan və qız zil səslə çığıraraq çəmənlikdə qaçır, top-top oynayır ya da çiçək açmış kolların arasında ikili, üçlü qruplar şəklində sakitcə çömbəlib oturmuşdular. Qızıl güllər çiçək […]