Ülvi Babasoy. Sür məni

– …Unutma məni. Xatırla!

– Qadınsız kişilər həyatda da, ədəbiyyatda da xatirə hücumuna məruz qalırlar.

– Heç olmasa, yadında, xatirələrində yaşat məni.

– Xatirə… xatirə ki unutmaqdır.

– Yox, axı xatirə unutmağın inkarı deyil. Xatirə unutmaqla əlləşməyin bir formasıdır. Kişilər qadınlarsız yaşamırlar, sadəcə, bir əşya kimi mövcudurlar…

Bir payız axşamı ürəyimin məndə olmadığını hiss etdim…

O an heç gözlərim də, zehnim də, heç nəyi görə, düşünə bilmirdi.

Çünki o mənim qarşımda idi. Elə baxırdı ki, gözlərimə…

Adımı çəkdiyi zaman sanki bir ömür gözlədiyi insan gəlib çıxıbmış kimi baxdı mənə…

Bəlkə də, gözləyirdi… aşiq olacağı insanı gözləyirdi və məni tapdı qarşısında… Deməli, o mən idim?

Axı nə yalan deyə bilərəm, mən onu ilk gördüyüm andan gözlərinin dərin baxışlarında itirdim özümü.

Özümlə elə bir savaşa girdim ki, dedim olmaz, ola bilməz, olmayacaq!!!

Birdə gördüm ki, özümlə savaşdıqca o mənim Özüm olub. Mən onlu keçən hər saniyələri sevməyə başladım…

Mən Özümdə onu axtardım, qoxusunu, baxışını, toxunuşunu, nəfəsini, mən onu hər yerdə axtarmağa başladım…

Ondan gözlərimi çəkə bilmədim, ondan əllərimi çəkə bilmədim..

Mən o yoldan ayaqlarımı çəkə bilmədim…

Mən onu çox sevdim! Çox…

Haruki Murakaminin “Azad orqan” hekayəsinin vecsiz qəhrəmanı cərrahın belə bir dərin eşqə düşdüynü desəm, inanarsınızmı? Bu fikirlər qətiyyən ona aid deyil. Heç belə də düşünmür. Yalnız Günəş kimi insanlar belə dərin eşq yaşaya bilirlər. Eh, bəlkə də. Cərrah gündəlik eşqbazlıq yaşayan biridir. Hər gün bir qadınla bərabər olur və səhərisi günü əlaqəni birdəfəlik kəsir. Qəfil aşiq olduğu qadın isə onu eşq labirintinin içinə salır. Artıq gerçək mənada qadınsız bir kişi ilə üzləşirik. Bu, qadınlara cinsi obyekt kimi baxan bir kişinin qadınsızlığı, həyatsızlığıdır.

Qadınsız kişilər ifadəsi heç bir şəkildə erotik səslənmir. Bir kişi qadınsızdırsa, yalqızdır. Hətta qaşqabaqlıdır. Qadınlarla yola gedə bilmir. Yaxud da əfəldir. Qadınların xoşuna gəlməyi bacarmır. Haruki Murakami isə bircə dəfə də olsun tərk edilən, tənhalığa məhkum edilənləri qadınsız kişilər adlandırır. Şüur axını texnikası isə yazılmış modern hekayələrdir “Qadınsız kişilər”. Murakami Ernest Heminqueyin “Qadınsız kişilər” kitabına postmodern eyham da edir. Mətnlərarası əlaqə və dekonstruksiya yalnız Heminqueyin eyni adlı hekayələr toplusu ilə deyil, həm də başqa mətnlərlə də ünsiyyət yaradır.

Toplunun “Qadınsız kişilər” hekayəsi arvadı ilə mışıl-mışıl yatan kişiyə gələn zənglə başlayır. Zəng edən arvadının öldüyünü və ona da xəbər verməsinin zəruriliyini bildirir. Ölən qadın kişinin gənclik dövründəki sevgilisidir. Adı M-dir. M ölümü ilə dünyada iki qadınsız kişi qoyub gedib. Biri əri, digəri köhnə sevgilisi. Köhnə sevgilisi olan təhkiyəçi qadınla bağlı ən incə detalları danışır. Erotik və eqzotik bir təsvir və təhkiyə metodu var hekayənin. Lakin bütün erotik təsvirlər erotikasız, platonik eşq hekayətinə çevrilir. Çünki metafizika fizikanı üstələyir.

“Şəhrizad” hekayəsində Şəhrizad ləqəbli qadın gənc və subay bir oğlana ev işlərində kömək edir. Həmçinin aralarında intim münasibət var. Qadın hər görüşdə oğlana başına gələn eşq əhvalatını danışır. Yeniyetmə yaşlarında sevdiyi oğlanın evinə gizli şəkildə girib onun əşyalarına toxunur. Hər bir əşyaya toxunuş erotik məzmundadır. O, oğlanın geyindiyi və toxunduğu əşyalara, hətta karandaşa belə böyük bir sevgi və ehtirasla yanaşır. Oğlanın köynəyini götürən qız yerinə özünün daha məhrəm, intim əşyalarını qoyur. Beləcə, hər görüşdə erotik səhnə vermədən erotik, qızdırmalı, isti səhnələr canlandırır Murakami. Burada qadının görüşdüyü Xabara da, gənckən sevdiyi oğlan da qadınsızdır. Xabara ilə qadının ünsiyyəti cinsi əlaqə aktından o tərəfə keçmir. Digər oğlan isə qadınlarla ünsiyyətə girə bilmir. Murakaminin Şəhrizadı yaşadığımız həqiqət sonrası dövrün insanlarının eşqi və eşqsizliyini, “Min bir gecə nağılları”nı danışır.

“Dünən” eşq yaşadığı qadından xilas olmaq istəyən bir gəncin hekayəsidir. “Aşiq Zamza” hekayəsində Kafkanı yada salır. Lakin Murakaminin Zamzası eşqin və qadınsızlığın metamorfozunu yaşayır. “Kino” hekayəsində qəhrəmanın sevdiyi qadın ona öz dostu ilə xəyanət edir. Murakami kişi və qadın bədəninə dair hər şeyi heç nəsiz danışır. Bu hekayələrdə sözlər məzmun və mənaya köklənməyib. Sanki, qatı duman içində hərəkət edən və özündən xilas ola bilməyən kişilər və qadınların mürəkkəb mövcudluq problemini təsvir edir. Burada sözlər söz olmaqdan başqa bir şey deyil. Başqa bir problemi ifadə etmir. Bu qəhrəmanlar qatı bir duman içində yaşamaq qovğasındaykən azaddırlar. Çünki dumanın sərbəstliyi var onlarda. Ancaq bu dumanın içindəki azadlıq, sərbəstlikdir.

Qadınsız kişilər məni qadın və kişinin bədəni-varlığı barədə düşünməyə yönləndirir. Kişi bədəni dinamikdir, qadın bədəni statik. Kişi bədəni subyektdir, qadın bədəni obyekt. Qadın bədəni naturaldır, kişi bədəni bir qədər sintetikdir. Qadın naturasını təbiətdən alıb. Ona görə kişidən aldığını daha mükəmməl şəkildə geri qaytarır. Qadın bədəninin dəyişkənliyi metafiziki qatda da mürəkkəbdir. Kişi bədənində geyimlər də statikdir. Qadınlarda moda və dəb sənəti fəsilə görə dəyişir, yenilənir. Modernizm kişilər üçün kostyumu gətirib və hələ də dəbdədir. Kişilərin əsas geyimidir. Qadınlar da isə mövsümə görə yeni kolleksiya və aksesuarlar təqdim edilir. Kişi sivilzasiya və fərdiliyi təmsil edir. Qadın təbii harmoniyanı. Kişi bədəni limitlidir, qadın vücudu sonsuzdur. Qadının mensturasiya halı 28 günlük bir tezlikdə baş verir və ayın aylıq dövrə vurması ilə uzlaşır. Kişi aydınlıq və gündüzü, qadın gecə və dincliyi ifadə edir. Kişi daima statusunu qorumağa çalışır. Qadın isə liberallıq və zərifliyini. Bir sözlə, qadınsız kişi yoxdur, yaşamır.

“Maşınımı sür” hekayəsində kişinin arvadı ona xəyanət edir. Ancaq kişi xəyanəti qəzəblə deyil, təmkin və soyuqqanlılıqla qarşılayır. Qadının xəyanətini anlamağa çalışır. Hətta qadın taksi sürücüsü ilə dərdləşir, başqa bir qadınla söhbət edərək problemə yaxınlaşmaq istəyir. Hekayənin adı erotikdir. Erotikasız erotika ilə üzləşirik. Kişi olduqca ehtiraslı bir üslubda xəyanətin erotikasını nəql eləyir.

“Maşınımı sür” (Drive My Car) Bitlz qrupunun mahnısının adıdır. “Məni sür” də demək olar. İngilis dilində “Drive Me Crazy” (Məni təhrik et və ya məni dəli et) ifadəsi ilə də səsləşir. Bu zaman erotik, seksual məna da daşıyır. Cinsi əlaqədə olmaq mənasında da işlənir. Professor Rüstəm Kamal başqa bir yapon yazıçı Yasunari Kavabatanın “Qarlı diyar” romanının qəhrəmanı Simamura haqqında deyir ki, o, sevdiyi qadınla birlikdə olduqda görünür, olmadıqda yoxdur. Yəni yazıçı Simamuranın həyatını təsvir etsə də, biz onu görmürük. Sanki qatı duman içində yoxa çıxır. Dəqiq müşahidədir.

–  …Unutma məni. Xatırla!

– Qadınsız kişilər həyatda da, ədəbiyyatda da xatirə hücumuna məruz qalırlar.

– Heç olmasa, yadında, xatirələrində yaşat məni.

– Xatirə… xatirə ki, unutmaqdır.

– Yox, axı xatirə unutmağın inkarı deyil. Xatirə unutmaqla əlləşməyin bir formasıdır. Kişilər qadınlarsız yaşamırlar, sadəcə, bir əşya kimi mövcduddurlar…

 

Edebiyyatqazeti.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Zəhraxanım Məmmədlinin yeni şeiri. Sən getməkdən qorxdun yol dayanmağından.

C İyn 16 , 2023
Toxuyub evsiz buludları Sənə gətirəcəm ki, Nəfəs alasan yağış qoxusunda Kimin əlinə düşüb Əlac axtarırsan Çarə quyusunda Yolları səhv salıb Suda çırpınma gəl Ağlıma batmır inan Nə günün batmağı Sən çölün səsi idin Çöl sənin harayında   Sən getməkdən qorxdun Yol dayanmağından Çəmənlik yellərə aşiq olub Sərilmişdi ayaqlarına Nə sən […]