Ulduz üçün
***
Hamıdan ömrünü gizlədən adam,
Açdı qollarını taybatay günəşə tərəf.
İçində bütün yoxlara varımsan dedi,
Ruhunu doğrayan iti səslərə yenildi.
Bilmədi gözündəki edam ipi kimin hörükləridir.
Küləklər yenə yem axtaran sərçələri aldadır,
Suya danışılan yuxular buludlara qovuşdu,
Arzuların mənzili uzaq, arzular hələ də yoldadır.
Hə, o adam, o adam!
Hardadır görəsən?
Görən oldumu?
Dedilər yetişib keçmişinə.
Sərçələr ovuclarındakı dənə yığışıb…
***
Sən ömrün uzağından,
Nə vaxt gələrsən bizə?
Nə vaxtsa gələrikmi,
Bu ünvanda üz-üzə.
Nəfəs-nəfəs saçında,
Gəzişməyim olarmı?
Yorulmağım olarmı,
Ya düşməyim olarmı?
Bu dünyanı bir anlıq,
Unuda bilərəmmi,
Unutsam nə olar ki,
Unutsam ölərəmmi?
Saxla yadında, saxla,
Adımı yaxşı saxla.
Səni heç unutmayan,
Adamı yaxşı saxla.
***
Bir od kimi düşmüsən,
Varlığımda yanmağa.
Gücüm çatarmı, söylə,
Bunu səndən danmağa.
Bu bir başqa sevdadır,
Bu bir başqa nəfəsdir.
Sənə can atan qəlbə,
Bədən özü qəfəsdir.
Gecə keçir gecədən,
Adın dilimdə yenə.
Bilmirəm, nə susum ki,
Anında yetsin sənə…
***
İçimdə bir dərin havasızlıq,
Gözlərim önündə yenə sən.
Əlbəttə, yuxudur…
Öyrəşmişəm, aldanmağa.
Hərdən həqiqətə tərəf addım atmaq keçir ruhumdan…
Yox qorxuram…
İtirmək qorxusu…
Payızdır, payızda doğulanlar payızda böyüyür daha çox.
Səni də bu günlərdə tapdım, saçları küləklər sevdalısı,
Gözləri intizar…
Payızdır, darıxıram… Payızdır, darıxma!
***
Dünən özün boyda həqiqət idin,
Bu gün özün boyda yalansan mənə.
İndi nə dəyişər, nə fərqi var ki,
İnanmasan mənə, inansan mənə.
Gözüm günəşi yox, səni axtarıb,
Zamanın dumanlı, sual çağları.
Səndə itirdiyim, səndən əzizdir,
Daha çox uzaqdır xəyal çağları.
Əlimdə buz kimi əriyir əlin,
Nəfəsim od tutur adından sənin.
Hər nəfəs aldıqca bir az közərir,
Göz-qulaq oluram odundan sənin.
Səndən nə gəlibsə mənə xoş gəlib,
Yorğun yaddaşımda adın işıqdır.
Uzaq xəyalınla nəfəssənsə sən,
Qadın möcüzədir, qadın işıqdır.
***
Müqəddəs şəhərlərdə yaşayan insanların
Dərdini düşünürəm,
Onların da görəsən soyuq divarlardakı
Nəfəsləri ölürmü?!
Tanrı o şəhərlərə bizdən daha yaxındı,
Görəsən, çağıranda köməyə tez gəlirmi?
Susurmu qaranlıqlar ağ kabuslar içində,
Yuxular qarışırmı, bulanıq sular kimi?
Düyünlənmiş qaşları, alınlarda kim açır,
Tanrı çoxmu yorulur, bunca iş-güc içində,
Görəsən, bircə dəfə, barı üzü gülürmü?
Küləklərə baş qoşub getmək havası varmı,
Oralar tərk edilib, getməyə yarayırmı?
Yoxsa, o şəhərlər də qəbir ağuşu kimi,
Udur bir ayağını qaçaq qoyan kəsləri.
O şəhərlər necədi, Tanrı çox gözəl bilir,
Bu şəhərlər necədi, ora qədər bilirmi?
***
Heçmi xatirələr oyatmır səni,
Heçmi daşa dönmür balınc gecələr?
Heçmi nəfəsində düyünlənməyir,
Bu tanış axşamlar, tanış gecələr?
Üzülən əlinə təsəllin nədir,
Şirin yalanların zəhərmi dadır?
Səni özün qədər inandıran yox,
Səni özün qədər bəs kim aldadır?
Başın çiynin üstə şişirmi səsdən,
Beynində ucalan fəryad səsimi?
Kimə yas saxlayır göz qapaqların,
Kim səni itirib, yaxud sən kimi?
Ömrüm qucağında kətil gəzdirir,
Hər addım başında nəfəs dərəcək.
Dərdiyi sonuncu gül nəfəsini,
Sənin saçlarına çələng hörəcək.
***
Sənə bir sevgi var köksümün altda,
Gözləri düz sənin gözünə bənzər.
Hələ mən bir ayaq izi görmədim,
Ruhumdan saldığın izinə bənzər.
Bu dəli baxışlar , bu dəli gözlər ,
Alır aldığını can yiyəsindən .
Bir nida yüksəlir , bir ah ucalır ,
Ömrün ən sonuncu saniyəsindən .
Qona saçlarıma, bir yaz səhəri.
O ağ kəpənəklə əkiz əllərin ,
Oxşaya ruhumu , hey oxşadıqca,
O doğma əllərin , əziz əllərin .
***
Bir qadın var…
Onunla nə illərin olub, nə günlərin, nə də saatların…
Bir qadın var…saçları həsrət zəmilərinin sarısı, gözləri içində ozon qatını dələn ölüm silahı…
Bir qadın var…
Nəfəsinə acsan, ətrinə möhtac…
Saatları iplə çəkərsən…ona yetmək üçün…
Ona getmək üçün…
Bir qadın var…təbəssümünə bürünsən büsbütün eşq…
Əllərinə toxunsan yum gözlərini…
Səni sən olan yerdən alacaq ağuşuna…
Bir qadın var…
Varlığında sən…yoxluğunda… yoxluğundan danışma…