Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya – KLV

(davamı)

İKİNCİ HİSSƏ

Cənab Foster Şüşədən Boşaltma Otağında qaldı. İTM Müdiri və tələbələr ən yaxın liftə minib beşinci mərtəbəyə qalxdılar.

Girişdəki lövhədə “UŞAQ OTAĞI. NEOPAVLOVÇU TƏRBİYƏLƏNDİRMƏ OTAQLARI” yazılmışdı.

Müdir qapını açdı. Onlar geniş və boş bir otağa daxil oldular. Otaq işıqlı və günəşli idi, çünki cənuba baxan divar başdan-ayağa bütov bir pəncərə idi. Süni ipəkdən tikilmiş şalvar və köynəkdən ibarət forma geyinmiş, saçlarını mikrobdan qorumaq üçün bəyaz papaqlarla örtən altı dayə çiçəklə dolu vazaları düzməklə məşğul idilər. Ağızbaağız çiçəklə dolu olan bu vazaları döşəmə boyunca sıra ilə düzürdülər. Minlərcə mələyin yanaqlarına bənzər təzə açılmış gül ləçəkləri ipək kimi yumşaq idi. Fəqət o işıqda mələklər sadəcə çəhrayı və ari deyil, eyni zamanda, parlaq üzlü çinli, meksikalı, həm də həddindən artıq səmavi sur dinləməkdən iflic və canını tapşıran cisimtək solğun, mərmər kimi soyuq və ağappaq idilər.

Müdir içəri girər-girməz dayələr farağat vəziyyətini aldılar.

– Kitabları düzün, – qısaca dedi.

Dayələr səssizcə əmri yerinə yetirdilər. Gül vazalarının arasında müxtəlif heyvan, quş və balıqların rəngarəng şəkilləri təsvir olunmuş kitablar sıra ilə düzüldü.

– İndi də uşaqları gətirin.

Dayələr tələsik otaqdan çıxıb bir-iki dəqiqədən sonra qayıtdılar. Hər biri dörd tərəfi dəmir torla örtülü, dörd rəfli, təkərli arabaları itələyərək içəri girdi. Arabalarda bir almanın yarısı kimi bir-birinə bənzəyən (açıq-aşkar bir bokanovski qrupu idi), hamısı da (delta kastasından olduğu üçün) xaki rəngdə geydirilmiş səkkiz aylıq uşaqlar var idi.

– Yerə endirin.

Uşaqları endirdilər.

– İndi onları döndərin ki, çiçəkləri və kitabları görə bilsinlər.

Döndürülən uşaqlar dərhal sakitləşdilər, sonra yumşaq gül topasına, bəyaz səhifələrdəki o şən və parlaq şəkillərə doğru iməkləməyə başladılar. Hədəflərinə yaxınlaşarkən günəş gizləndiyi buludun arxasından çıxdı. Güllər sanki içlərindən yüksələn ani bir coşğu ilə parladılar, kitabların parlaq səhifələrini yeni və dərin bir əhəmiyyət çulğadı. İməkləyən uşaq cərgələrindən xəfif həyəcan qığıltıları və məmnunluq civiltiləri yüksəldi.

Müdir əllərini ovuşdurdu.

– Mükəmməl! – dedi. – Ürəyimdən xəbər verdi.

İməkləyənlərdən ən sürətliləri hədəflərinə çatdılar. Balaca əllər qərarsızcasına uzanır, toxunur, tutur və gün şüaları altında şəklini dəyişmiş qızılgül yarpaqlarını qoparır və kitabların parlaq səhifələrini büzüşdürürdülər. Müdir bütün uşaqlar bu əyləncəli məşğuliyyətə qatılana kimi gözlədi.

– Diqqətlə izləyin! – dedi. Sonra əlini qaldıraraq işarə verdi.

Otağın o biri başında idarəetmə lövhəsinin yanında dayanmış baş dayə kiçik bir qolu endirdi.

Şiddətli bir partlama oldu. Qulaqbatırıcı bir sirena səsi get-gedə yüksəlməyə başladı. Həyəcan zəngi dəli edəcək bir tərzdə səsləndi.

Uşaqlar qorxudan dik atıldılar, qışqıraraq ağlamağa başladılar, uşaqların sifətləri dəhşətdən əyilmişdi.

– İndi də, – deyə Müdir bağırdı (çünki səs qulaqbatırıcı idi), – indi də dərsi xəfif bir elektrik şoku ilə qüvvətləndirək.

O yenə əlini yellədi və baş dayə ikinci qolu endirdi. Uşaqlarının çığırtılarının tonu dəyişdi. Onların kəskin tükürpərdici çığırtılarında nə isə bir çarəsizlik, az qala bir dəlilik var idi. Kiçik bədənləri titrəyib quruyur, əl və qolları oyuncaq kulalarda olduğu tək, sanki gözə görünməz tellər tərəfindən dartılırmış kimi tərpənirdi.

– Döşəmənin bu hissəsinə bütünlüklə elektrik cərəyanı verə bilərik, – deyə Müdir açıqlamaq məqsədilə, bağırdı. – Ancaq bu qədər kifayətdir, – deyərək dayəyə işarə verdi.

Partlayışlar dayandı zənglər susdu, sirenaların səsi getdikcə sakitləşərək kəsildi. Uşaqların titrəyən bədənləri boşaldı, dəli dərəcəsinə gətirilmiş uşaqların çığırtıları və hıçqırıq dolu ağlamalar yenidən öz yerini adi dəhşətdən qaynaqlanan normal inləmələrə verdi.

– Kitabları və gülləri yenidən onlara yaxınlaşdırın.

Dayələr əmri yerinə yetirdilər, ancaq uşaqlar güllər yaxınlaşdırıldıqda, rəngli şən məstan pişiklər, pipiyi qan xoruzlar, mələşən qara qoyunları görər-görməz dəhşət içində uzaqlaşmağa çalışdılar və çığırtılarının şiddəti anidən yüksəldi.

– Görürsünüz! – Müdir zəfər ədası ilə dedi. – Görürsünüz!

Kitablar və şiddətli gurultular, çiçəklər və elektrik şokları artıq uşaqların zehinlərində bir-biri ilə əlaqələndirilmişdi, eyni və ya oxşar dərslər iki yüz dəfə təkrar edildikdə ayrılmaz şəkildə birləşdiriləcək. İnsanın birləşdirdiyini ayırmaqda təbiət acizdir.

– Onlar özlərində kitablara və güllərə qarşı nə vaxtsa psixoloqların “qeyri-iradi” adlandırdığı nifrət bəsləyərək böyüyəcəklər. Canlarına hopmuş bir refleks. Bütün həyatları boyu kitablardan və botanikadan uzaqda əmin-amanlıqda olacaqlar. – Müdir dayələrə tərəf dönüb dedi: – Onları aparın.

Hələ də ağlamaqda olan xaki geyinmiş uşaqları arabalara qoyub sürüb apardılar, özlərindən sonra süd qoxusu və bayaqdan arzulanan sakitlik qoyub getdilər.

Tələbələrdən biri əlini qaldırdı, aşağı kastaya mənsub insanların cəmiyyətin dəyərli vaxtını kitablara sərf etməyinə icazə verilə bilməyəcəyini səbəbini anlayırdı və təbii ki, reflekslərdən hər hansısa birini poza biləcək nə isə oxuya biləcəkləri riski də hər zaman var idi, ancaq yenə də…çiçəklər məsələsi ona üçün qaranlıq qalırdı. Niyə Deltaların psixoloji cəhətdən güllərə qarşı sevgisini mümkünsüz etmək üçün səylər göstərilirdi?

İTM Müdiri səbirlə izah elədi. Uşaqlara bir gül görən kimi çığırıb ağlamaq öyrədilirdisə, bunun səbəbi iqtisadi siyasət idi. Əvvəllər (təxminən bir əsr bundan əvvəl) qammalar, deltalar və hətta epsilonlar ümumilikdə vəhşi təbiəti, xüsusən də gülləri sevməyə öyrəşdirilmişdilər. Məqsəd onlarda hər uyğun fürsətdə kəndə getmək istəyi yaratmaq və beləliklə də nəqliyyatdan istifadə etməyə vadar etmək idi.

– Nəqliyyatdan istifadə etmədilərmi? – deyə tələbə soruşdu.

– Həm də çox, – deyə Müdir cavab verdi. Ancaq başqa heç bir fayda vermədilər.

– Novruzgülü və mənzərə seyr etməyin ciddi bir qüsuru var, onlar pulsuzdur. Təbiət sevgisi ilə fabrik işləməz. Qərara alındı ki, ən azından aşağı kastanın təbiətə olan sevgisi aradan qaldırılsın, ancaq nəqliyyat sevgisini saxlanmalı idi. Ona görə ki, nifrət etsələr də kəndə getməkləri vacib idi. Problem nəqliyyatdan istifadə üçün iqtisadi nöqteyi-nəzərdən novruzgülü və mənzərə seyr etməkdən daha səmərəli səbəb axtarıb tapmaq idi. Axtarılan səbəb tapıldı.

– Biz kütlələrə təbiətə nifrət bəsləməyi aşılayırıq. Ancaq, eyni zamanda onları təbiət qoynunda oynanılan bütün idman növlərini sevməyi öyrədirik. Bunu edərkən də təbiət qoynunda oynanılan bütün idman növlərinin mükəmməl alətlərdən istifadə edərək oynanılmasını təmin edirik. Beləliklə onlar həm sənaye mallarından, həm də nəqliyyatdan istifadə edirlər. Güllərin elektrik şoku ilə əlaqələndirilməsi buradan qaynaqlanır – deyə Müdir fikrini tamamladı.

– Anladım, – deyə tələbə heyranlıq içində susdu.

Araya bir müddət sükut çökdü, sonra Müdir boğazını arıtlayıb sözə başladı:

– Qədim zamanlarda, tanrımız Ford hələ yer üzündə yaşadığı vaxtlarda Ruben Rabinoviç adlı balaca bir oğlan var idi. Rubenin valideynləri polyakca danışırdılar. – Müdir sözlərinə ara verdi. – Güman edirəm ki, “polyakca” nə demək olduğunu bilirsiniz?

– Bu dildir, ölü dil.

– Fransız və alman dili kimi, – deyə bilikli olduğunu nümayiş etdirməyə çalışan digər bir tələbə bildirdi.

– Bəs “valideyn” necə? – deyə Müdir soruşdu.

Xoşagəlməz sakitlik yarandı. Tələblərdən bir neçəsi qızardı. Onlar ədəbsizliklə sırf elmi terminologiya arasında önəmli, fəqət çox vaxt incə olan fərqləndirmə etməyi hələ öyrənməmişdilər. Nəhayət, aralarından biri özündə cəsarət tapıb əlini qaldırdı.

– Əvvəllər insanlar… – tərəddüd elədi, yanaqları qıp-qırmızı oldu. – Yəni, diridoğan idilər.

– Tamamilə doğrudur, – deyə Müdir başı ilə təsdiqlədi.

– Uşaqlar şüşədən boşaldılanda…

– Doğulanda, – deyə Müdir düzəliş elədi.

– Onda onlar valideyn olurdular, yəni uşaqlar yox, əlbəttə ki, o birilər, – yazıq uşaq möhkəmcə tutulmuşdu.

– Qısası, valideynlər ata və ana idilər, – deyə Müdir yekunlaşdırdı.

Əslində, elmi terminologiya olan ədəbsiz sözlər tələbələrin utandıqlarından Müdirin gözlərinin içinə baxa bilməməyə vadar edən sükuta guruppultu (tarap! turup!) ilə düşdü.

– Ana, – deyə Müdir termini beyinlərinə yeritmək üçün ucadan təkrar elədi və kreslosuna söykənərək ciddi tərzdə dedi:

– Bilirəm, bunlar xoşagəlməz faktlardır, ancaq tarixi faktların çoxu xoşagəlməzdir.

Yenidən kiçik Ruben barədə danışmağa başladı. Bir axşam Rubenin ana və atası (tarap! turup!) Rubenin otağındakı radioqəbuledicini keçirməyi unutmuşdular.

Yadda saxlamalısınız ki, diridoğmanın geniş yayıldığı o vaxtlar uşaqlar Dövlət Tərbiyə Mərkəzləri tərəfindən deyil, uşaqların valideynləri tərəfindən tərbiyə edilirdilər.

Uşaq yuxuda olarkən Londondan bir proqram yayımlanmağa başlamışdır. Ertəsi gün uşağın ata anası çox təəccüblənmişdilər (tələbələrdən cəsarətli olanları bir-birinə baxıb irişdilər), çünki balaca Ruben yuxudan oyandıqda Corc Bernard Şounun radio ilə yayımlanan uzun danışığını sözbəsöz təkrar etmişdir. (Bu qəribə qoca yazıçının əsərlərinin dövrümüzə qədər gəlib çıxmasına icazə verilmiş çox az sayda yazıçılardan biridir.) Qəti şəkildə formalaşmış adətə uyğun olaraq Şou danışığında öz dühasından bəhs edirmiş. Təbii ki, balaca Rubenin göz qırpması və gülüşü ilə müşayiət olunan bu danışığı qətiyyən anlamamışdılar və uşaqlarının dəli olduğunu düşünərək həkim çağırmışdılar. Xoşbəxtlikdən həkim ingiliscə bilirmiş və dünən Şou tərəfindən edilən danışığın məzmunu tanımışdır, baş vermiş hadisənin əhəmiyyətini anlayan həkim bu barədə tibbi mətbuata məktub göndərmişdir.

– Beləcə yuxuda öyrətmə metodu və ya hipnopediya kəşf edildi – deyərək İTM Müdiri uzun müddət dinmədi.

Metod kəşf edilmişdi, ancaq faydalı bir şəkildə tətbiq edilməsi üçün uzun illər lazım oldu.

– Balaca Rubenin başına gələn hadisə Fordumuzun ilk “T” modelini bazara çıxarmasından iyirmi üç il sonra baş vermişdir. – (Bu zaman Müdir qarnının üstündə T işarəsi etdi və bütün tələbələr hörmət əlaməti olaraq onu etdiklərini təkrar etdilər.) -Fəqət…

Tələblər görünməmiş sürtələ qeyd etdilər. “Hipnopediya rəsmi olaraq ilk dəfə f .e. 214 ilində istifadə olundu. Niyə belə gec? İki səbəbi var. 1)…”

– İlk təcrübəçilər, – Müdir dedi, – doğru yolda deyildilər. Hipnopediyanı zehni təhsil vasitəsi kimi istifadə oluna biləcəyini düşünürdülər…

(Sağ böyrü üstə yatmış balaca bir oğlan uşağının sağ əli çarpayının kənarından sallanırdı. Bir qutunun yan tərəfindəki üzəri dairəvi dəmir torla örtülü reproduktordan incə bir səs gəlirdi:

– Nil, uzunluğuna görə Afrikanın ən uzun, dünyanın ikinci ən uzun çayıdır. Missisipi və Missuridən uzunluğuna görə geri qalsa da, cənubdan şimala 35 dərəcə uzanan hövzəsinin uzunluğuna görə birinci yeri tutur…

Ertəsi günü səhər yeməyində uşaqdan soruşurlar:

– Tommi, bilirsən Afrikanın ən uzun çayı hansıdır?

– Xeyr, – deyərək uşaq başını yırğalayır.

– “Nil Afrikanın ən uzun…” xatırlamırsan?

– “Nil – uzunluğuna – görə – Afrikanın – ən – uzun – dünyanın – isə – ikinci – ən – uzun-çayıdır. – Sözlər birnəfəsə ağzından çıxdı. – Missisipi – və – Missuridən – uzunluğuna – görə – geri – qalsa – da…”

– Yaxşı, bəs Afrikanın ən uzun çayı hansıdır?

Gözlərində çaşqınlıq ifadəsi ilə deyir:

– Bilmirəm,

– Bəs Nil?

– “Nil – uzunluğuna – görə – Afrikanın – ən – uzun – dünyanın – isə – ikinci…”

– Tommi, elə isə ən uzun çay hansıdır?

Tommi göz yaşları içərisində boğulur.

– Bilmirəm, – deyə hönkürtü ilə ağlayır).

Bu hönkürtü ilk təcrübəçiləri ruhdan saldı, – deyə Müdir aydınlıq gətirdi. Təcrübələrə son qoyuldu. Uşaqlara yuxuda ikən Nilin uzunluğunu öyrətməyə bir daha cəhd göstərmədilər və doğru da etdilər. Elm haqqında anlayışa malik olmadan, məğzini dərk etmədən ona yiyələnmək olmaz.

– Ancaq əxlaq tərbiyəsi ilə başlamış olsaydılar, – deyən Müdir qapıya tərəf yönəldi. Tələblər arxasınca düşüb gedərkən və liftlə yuxarı qalxarkən tələsik qeyd etməyi davam etdirdilər. Əxlaq tərbiyəsi heç vaxt, heç bir vəchlə ağıla əsaslanmamalıdır.

Onlar on dördüncü mərtəbədə liftdən düşəndə reproduktor – Sakit… sakit, – deyə pıçıldayırdı və bu pıçıltı hər bir dəhliz boyu müəyyən fasilələrlə ara verərək davamlı olaraq reproduktordan səslənərək onları müşayiət etdi. Tələblər və hətta Müdir də özlərindən asılı olmayaraq barmaqlarının ucunda yeriməyə başladılar. Onlar hamısı, əlbəttə ki, alfa idi, ancaq alfalar da yaxşı öyrədilmişdilər. “Sakit… sakit…” – on dördüncü mərtəbənin havası bu kəskin əmrlə fışıldayırdı.

50 metrə qədər barmaqlarının ucunda yeridikdən sonra Müdirin ehtiyatla açdığı bir qapıya çatdılar. Astandan adlayaraq pəncərələri bağlı olan yataq otağının alaqaranlığına qədəm qoydular. Səksən uşaq çarpayısı divar boyunca bir sıra düzülmüşdü. Uzaqdan zəif pıçıltıya oxşar yüngül, müntəzəm nəfəsalma səsləri və arasıkəsilməyən mızıltı eşidilirdi.

İçəri girəndə bir dayə Müdiri görər-görməz ayağa qalxaraq farağat dayandı.

– Bu günorta dərsiniz nədir? – deyə Müdir soruşdu.

– İlk qırx dəqiqəni Seksə giriş keçdik, – deyə dayə cavab verdi, – indi isə Kasta şüuruna giriş dərsindəyik.

Müdir uşaq çarpayıları boyunca astaca gəzişdi. Yuxuda olan, qırmızıyanaq səksən oğlan və qız uşaqları çarpayılarında xəfifcə nəfəs alırdı. Hər bir yastıqdan pıçıltı səsi gəlirdi. İTM Müdiri ayaq saxladı və çarpayılardan birinin üzərinə əyilərək diqqətlə dinlədi.

– Deyirsiniz Kasta şüuruna giriş? Gəlin reproduktordan bir az daha yüksək səslə təkrar etdirək.

Otağın o biri başındakı divarda reproduktor yerləşdirilmişdi. Müdir reproduktora tərəf getdi və düyməni basaraq onu işə saldı.

-…hamısı yaşıl geyinir, – deyə cümlənin ortasından başlayan sakit, ancaq aydın səs danışmağa davam elədi, – Delta uşaqlar isə xaki geyinir. Yox, yox, mən Delta uşaqlarla oynamaq istəmirəm. Epsilonlar isə daha da pisdirlər. Oxuyub yaza bilməyəcək qədər axmaqdırlar. Üstəlik onlar çox pis rəng olan qara rəng geyinirlər. Beta olduğum üçün elə şadam ki.

Araya bir sükut çökdü, sonra səs yenidən başladı.

– Alfa uşaqlar boz geyinirlər. Bizdən daha çox işləyirlər, çünki dəhşətli dərəcədə ağıllıdırlar. Doğrudan da beta olduğum üçün elə şadam ki, çünki o qədər çox çalışmıram.

Biz qammalar və deltalardan daha yaxşıyıq. Qammalar axmaqdırlar. Hamısı yaşıl geyinir. Delta uşaqlar isə xaki geyinir. Yox, yox, mən delta uşaqlarla oynamaq istəmirəm. Epsilonlar isə daha da pisdirlər. Oxuyub yaza bilməyəcək qədər…

Müdir yenidən düyməni basdı. Səs kəsildi. Səsin yalnız xəyalı səksən yastığın altından mızıldamağa davam etdi.

– Yuxudan oyanmazdan qabaq bunu qırx ya da əlli dəfə təkrar etmiş olacaqlar, sonra yenidən cümə axşamı və təkrarən şənbə günü. Otuz ay ərzində həftədə üç dəfə olmaqla yüz iyirmi dəfə. Bundan sonra daha mürəkkəb dərslərə başlayacaqlar.

Güllər və elektrik şokları, xaki geyən deltalar və xoşagəlməz qatran qoxusu, uşaqlar hələ danışmağa başlamazdan əvvəl ayrılmaz bir şəkildə bir-birləri ilə əlaqələndirilir.

Ancaq sözsüz əlaqələndirmə kobud və kütləvidir, onun vasitəsilə daha incə və mürəkkəb davranış qaydalarını formalaşdırmaq olmaz. Bunun üçün sözlərə ehtiyac vardır, ancaq düşündürməyən sözlər. Qısası, hipnopediya tələb olunur.

– Bütün zamanların ən üstün əxlaq tərbiyələndiricisi və sosiallaşdıran gücü.

Tələblər dəftərlərində qeyd etdilər. Bilavasitə ilkin mənbədən.

Müdir bir daha düyməni basdı.

-…dəhşətli dərəcədə ağıllı, – deyə sakit, qılıqlayıcı və yorulmaq bilməyən səs deyirdi,

– doğrudan da, beta olduğum üçün elə şadam ki, çünki…

Hipnopediya ən sərt qraniti dələ bilən su damcılarından daha yapışqan, qabıq bağlayan, üzərinə düşdüyü şeyi qaya olsa belə, al-qırmızı maye kütləsinə çevrilənə qədər canına hopan surğuc damcılarına bənzəyir.

– Sonda uşağın şüurunun bu öyrədilənlərə çevrilənə və öyrədilənlərinin cəminin uşağın şüuruna çevrilənə qədər. Sadəcə uşağın şüurunu deyil, bütün həyatı ərzində yetkinin də şüurunu. Mühakimə edən, arzulayan və qərar verən şüur – başdan ayağa öyrədilənlərdən ibarət olacaq. Ancaq bütün bunları biz öyrətmişik! Müdir az qala zəfərlə hayqırırdı. -Dövlət öyrədib! – Yumruğunu yaxınlıqdakı masaya vurdu. -Ona görə də…

Arxadan gələn bir səs onu dönməyə vadar etdi.

– Aman Ford! – Fərqli bir tonla dedi. – Özümü unudub uşaqları oyandırdım.

Davamı var

Tərcümə edən: Xaqani Cavadoğlu

Davamı: Oldos Haksli. Cəsur yeni dünya – KLV

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İtalo Kalvino. "Odisseya" bütün səyahətlərin mifidir?

  Klv.az saytı görkəmli italyan yazıçı İtalo Kalvinonun “Odissey”dəki Odisseylər” essesini təqdim edir.   “Odissey”dəki Odisseylər” Odisseydə neçə Odissey var? Başlanğıc nəğmə Telemax, mövcud olmayan bir hekayənin, Odisseyə çevriləcək hekayəyə doğru həqiqi axtarışdır. İthaka çar sarayının şair-nəğməkarı Femiy öz kralının qayıdış hekayəsindən savayı, bütün başqa qəhrəmanların Troya müharibəsindən qayıdış şeirlərini (“nostoy”) bilir. […]