Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/05/09/oldos-haksli-c%c9%99sur-yeni-dunya-2/

(davamı)

Biz, eyni zamanda, onların talelərini əvvəlcədən müəyyən edir və onları buna uyğunlaşdırırıq. Uşaqlarımızı şüşədən cəmiyyətdəki həyata hazırlıqlı insanlar kimi çıxarırıq, alfalar ya da epsilonlar kimi gələcəyin kanalizasiya işçiləri, ya da gələcəyin… Gələcəyin “Dünya İdarəediciləri” deyəcəkdi, ancaq sözünü düzəldib, – gələcəyin İnkubator Mərkəzinin Müdirləri, – dedi.

İTM Müdiri iltifatla gülümsəyərək komplimentə görə təşəkkür etdi.

11-ci konveyer 320-ci metrin yanından keçirdi. Beta-minus olan gənc mexanik vintaçan və qayka açarı ilə keçməkdə olan şüşənin qan əvəzedici nasosu ilə məşğul idi. O, qaykanı bərkitdikcə elektrik mühərrikinin uğultusu get-gedə dəyişilirdi. Bir diş, daha bir diş… Son dəfə açarla qaykanı sıxaraq dövretmə sayğaca baxdı, qaydasında idi. Konveyerdə iki addım irəlilədi və növbəti nasos üzərində eyni işi görməyə başladı.

– Bir dəqiqədəki dövretmə sayını azaldır, –  deyə cənab Foster izah elədi. Qan əvəzedicisi daha az sürətlə fırlanır, ağciyərlərdən daha uzun müddətdə keçir, beləliklə də dölə daha az oksigen verir. Dölün inkişafının normadan aşağı qalması üçün oksigen çatışmazlığından daha yaxşı bir vasitə yoxdur. Yenə əllərini ovuşdurdu.

– Axı niyə dölün inkişafdan geri qalmasını istəyirsiniz?- deyə sadəlövh tələbələrdən biri soruşdu.

Uzun bir sükut çökdü:

– Eşşək! – Müdir dedi. – Bir epsilon dölündə epsilon mühiti qədər, epsilon irsiyyətinin də təmin edilməsinin lazım olduğunu heç düşünmürsən? – Düşünmədiyi aşkar idi.

Tələbə utandığından özünü itirmişdi.

– Kasta nə qədər aşağı olarsa, o qədər də az oksigen verilir, – cənab Foster dedi. Təsirə məruz qalan ilk orqan beyin olurdu sonra isə skelet. Oksigen normasının yüzdə yetmişi ilə cırtdanlar yaranır. Yetmişdən azı ilə gözsüz bədheybətlər yaranır ki, bunlar heç bir işə yaramazlar, – deyə cənab Foster bildirdi.

– Ancaq yetişmə müddətini qısaltmaq üçün bir üsul kəşf edə bilsəydilər, –  cənab Fosterin səsində həyəcan və sirlilik duyulurdu, – nə böyük bir zəfər qazanılır, cəmiyyətə nə böyük faydalar verilə bilərdi! Məsələn atları düşünün.

Tələbələr at barədə düşündülər. At altı yaşında artıq böyüyür, fil on yaşında, kişi isə on üç yaşında hələ də cinsi cəhətdən yetkin deyil, ancaq iyirmi yaşında tam olaraq yetkinləşir. Təbii ki, bu səbəbdən gecikən inkişafın məhsulu insan zəkasıdır.

– Ancaq epsilonlarda insan zəkasına ehtiyac duymuruq, – cənab Foster haqlı şəkildə dedi.

Duymuruq və zəkalı da olmurlar. Ancaq epsilonun beyni on yaşında yetkinliyə çatsa da, bədəni on səkkiz yaşına kimi işləmək üçün yaramır. Boş yerə sərf edilmiş uzun və əbəs inkişafsızlıq illəri. Fiziki inkişafı, məsələn, bir inəkdə olduğu kimi sürətləndirilə bilsəydi cəmiyyət üçün nə qədər böyük qazanc olardı!

– Nəhəng! – deyə cənab Fosterin həvəsindən təsirlənən tələblər pıçıldadılar.

Bundan sonra o, texniki mövzulara keçdi, insanların bu qədər yavaş inkişafından səbəb olan anormal endokrin koordinasiyasından bəhs etdi və anormallığı döl mutasiyası ilə izah edilə bildiyini dedi. Bu döl mutasiyası təsirlərinin qarşısı alına bilərmi? Hər bir epsilon dölü uyğun bir üsulla it və ya inəklərdəki olduğu kimi normal inkişaf sürətinə qaytarıla bilərmi? Problem bu idi. Problem az qala həll edilmişdi.

Pilkinqton Mombasada dörd yaşında cinsi yetkinliyə çatan və altı yaş yarımında tam böyüyən fərdlər yetişdirmişdi. Elmin zəfəri! Ancaq sosial cəhətdən faydasız zəfər idi. Altı yaşlı kişi və qadınlar epsilonların belə işini yerinə yetirə bilməyəcək qədər axmaq olurdular. Bu metod “ya hər şey ya heç nə” tipinə aiddir. Dəyişdirməyə ya heç nail olunmurdu, ya da lazım olandan çox dəyişikliyə nail olunurdu. Mombasada hələ də iyirmi yaşda yetkinliyə çatmaqla altı yaşda yetkinliyə çatmaq arasında orta nöqtəni tapmağa çalışırlar, ancaq hələlik bir uğur əldə edə bilməmişlər. – Cənab Foster ah çəkərək başını yırğaladı.

Qırmızımtıl alatoranlıqdakı gəzintiləri onları 9-cu konveyerin 170-ci metrinə gətirib çıxardı. Bu nöqtədən etibarən 9-cu konveyer yanlardan və yuxarıdan örtülür və şüşələr öz yollarını bəzi yerlərdə iki-üç metrlik aralıqları olan tunelə oxşar bir məkanda davam etdirdilər.

– İstiyə öyrəşdirmə, – cənab Foster dedi. İsti tunellər soyuq tunellərlə əvəzlənirdi. Soyuqluq güclü rentgen şüaları şəklində rahatsızlıqla uyğunlaşdırılırdı. Şüşədən çıxarılana kimi döllər artıq soyuqdan bərk qorxurdular. Talelərinə tropik bölgələrə köçmək, şaxtaçı, asetatlı ipək əyiricisi və polad əridicisi olmaq yazılmışdı. Sonra da beyinlərində bədənlərinin seçimini möhkəmləndirmə işləri aparılacaq. Onları istidə firavan yaşamağa öyrəşdiririk, – deyə cənab Foster sözə başladı. – Üst mərtəbədəki həmkarlarımız onlara istini sevməyi öyrədəcəklər.

– Bu da, – deyə Müdir nəsihətamiz şəkildə əlavə etdi, – xoşbəxtlik və ləyaqətin sirridir – etməli olduğun şeyi sevmək. Tərbiyə və öyrəşdirmənin məqsədi budur: qaçılmaz sosial talelərini insanlara sevdirmək.

İki tunel arasındakı boş yerdə bir tibb bacısı keçib gedən şüşələrin içindəki jelatinə oxşar maddəyə ehmalca uzun iti uclu iynəni batırırdı. Tələbələr və rəhbərləri bir neçə dəqiqə səssizcə tibb bacısını izlədilər.

– Salam Lenina, – tibb bacısı nəhayət iynəni çəkib çıxardıqdan və dikəldikdən sonra cənab Foster dedi.

Qız diksinərək döndü. Dəri vərəminə tutulmuşa bənzəyən dərsinə və bənövşəyi gözlərinə rəğmən, o, qeyri-adi dərəcədə gözəl idi.

– Henri! – deyə parıldayan, muncuq kimi bir cərgəyə düzülmüş mirvari dişlərlə cənab Fosterə gülümsədi.

– Fü-sun-kar, – deyə Müdir pıçıldadı və iki-üç dəfə nəvazişlə qızın kürəyini sığalladı, cavabında isə qız ona daha çox hörmətdən qaynaqlanan gülüşlə cavab verdi.

– Döllərə nə vurursunuz? – deyə cənab Foster peşəkar bir tonda soruşdu.

– Adəti üzrə qarın yatalağı və yuxu xəstəliyinə qarşı iynələr.

– Tropik zonaların işçilərinə iynələri 150-ci metrdə dölün hələ qəlsəmələri olan vaxt vurmağa başlayırıq, – deyə cənab Foster tələbələr izah elədi. – Balığı gələcək insanın xəstəliklərinə qarşı  immunizasiya edirik. Sonra yenə Lenaya tərəf dönərək, – Bu gün, həmişə olduğu kimi, beşə on dəqiqə qalmış damda, – dedi.

– Füsunkar, – Müdir bir daha dedi və qızın kürəyini bir daha sığallayaraq digərlərinin ardınca uzaqlaşdı.

10-cu konveyerdə gələcək nəslin kimya işçiləri, qurğuşun, kaustik soda, qatran, xlora dözümlülük üçün öyrəşdirilirdi. 225 ədəd döl halında olan raket mühəndislərinin ilk qrupu 3-cü konveyerdə 1100-cü metri indicə keçməkdə idi. Xüsusi bir mexanizm fasiləsiz olaraq şüşələri fırladırdı.

Tarazlıq hislərini inkişaf etdirmək üçün, – deyə cənab Foster izah elədi. – Uçuş vaxtı raketdən bayırda təmir işləri yerinə yetirmək hər oğulun işi deyil. Şüşənin düz dayandığı vaxt qan dövriyyəsini azaldırıq, bu zaman döl ac qalır və başı aşağı qaldıqda isə qan əvəzedicisini iki dəfə artırırıq. Beləliklə başı aşağı qalmağı özlərini yaxşı hiss etməklə əlaqələndirməyi öyrənir və əslində yalnız başlarının üzərində dayandıqda, həqiqətən, xoşbəxt ola bilirlər.

İndi də, – deyə cənab Foster söhbətinə davam etdi, – sizlərə alfa plyus intellektuallarını formalaşdırmanın bəzi maraqlı üsullarını göstərmək istəyirəm. 5-ci konveyerdə böyük bir qrup bizi gözləyir. Alt yox, orta mərtəbədə, – deyə alt mərtəbəyə enməyə başlayan iki tələbəyə tərəf səsləndi.

– Onlar 900 metr yaxınlığındadırlar, – deyə o izah elədi. Faydalı intellekt formalaşdırılmasını döllərin quyruqları tam yox olana qədər aparmaq olmaz. Ardımca gəlin.

Müdir saatına baxdı.

– Üçə on dəqiqə qalır, – dedi. – Heyf  ki,  intellektual döllərinə vaxtımız qalmadı. Uşaqların günorta yuxusu başa çatmamış Uşaq otağına getməliyik.

Cənab Foster məyus oldu.

– Heç olmasa, Şüşədən Boşaltma Otağına bir göz yetirərdik, – deyə yalvarıcı tərzdə dedi.

– Yaxşı, – deyərək Müdir iltifatla gülümsədi, – ancaq cəld.

Davamı var

Tərcümə edən: Xaqani Cavadoğlu

Davamı: Oldos Haksli. Cəsur yeni dünya – KLV

      

       

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qardaşxan Əzizxanlının şeir kitablarının təqdimat və imza mərasimi keçirilib

16 may 2023-cü il tarixində tanınmış şair, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologoya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlının (Haqqarar) “İlkim də sən, indim də sən, sonum sən” və “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitablarının təqdimat və imza mərasimi keçirilib. Dillər və ədəbiyyatları departamentinin […]