Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: Oldos Haksli. Cəsur yeni dünya – KLV

(davamı)

Bir yumurta, bir döl, bir yetkin fərd, yalnız bokanovskiləşdirilmiş bir yumurta tumurcuqlanacaq, çoxalacaq, bölünəcəkdir. Belə yumurta səkkiz ilə doxsan altı arası tumurcuq verəcək, hər tumurcuq qüsursuz bir embriona, hər embrion isə normal boyu olan bir yetkinə çevriləcək. Əvvəllər sadəcə bir insan yetişdiyi halda, doxsan altı insan yetişdirmək. Tərəqqi budur.
– Mahiyyətcə – deyə Müdir sözə başladı, – bokanovskiləşdirmə inkişafın qarşısını alan bir sıra proseduralardan ibarətdir. Biz normal böyüməyə mane oluruq və nə qədər ziddiyyətli olsa da, nəticədə yumurta tumurcuqlayır.
“Yumurta tumurcuqlayır ”, – qələmlər çalışırdı.
O, əli ilə işarə elədi. Çox yavaş hərəkət edən konveyer lentində taxça dolu sınaq borusu böyük bir metal qutuya daxil edilir və dərhal digər biri peyda olurdu. Maşınlar astadan uğuldayırdı.
– Boruların işləmədən keçməsi səkkiz dəqiqə davam edir, – deyə Müdir bildirdi. – Səkkiz dəqiqə gərgin rentgen şüalanması, demək olar ki, bir yumurtanın dayana biləcəyi son həddir. Bir neçəsi ölür, qalanların ən az dözümlüləri ikiyə bölünür, çoxu dörd, bəziləri isə səkkiz tumurcuq verir. Hamısı yenidən inkubatorlara qaytarılır və tumurcuqlar burada inkişaf etməyə başlayır. İki gün keçdikdən sonra anidən soyudulur və inkişaflarına maneə törədilir. Tumurcuqlar da öz növbəsində iki, dörd, səkkiz tumurcuq verir və ardınca da demək olar ki, ölənədək alkoqola batırılır. Nəticədə, onlar yenidən üçüncü dəfə tumurcuqlayır, inkişafa əlavə müdaxilənin adətən ölümlə nəticələndiyindən bundan sonra onlara sakit inkişaf etmə imkanı verilir. Bu müddət ərzində ilk yumurta səkkizdən doxsan altıya qədər sayda embriona bölünmüş olur. Razılaşın ki, bu, təbii prosesinin fantastik inkişafıdır. Özü də əvvəllər anadan diridoğma vaxtı olduğu kimi yumurtanın təsadüfən onlarla əkizlərə bölündüyü miskin əkiz və üçəm əkizlər yox, bir yumurtalı eyni əkizlər olur.
Onlarla, – deyə Müdir təkrar etdi və bəxşiş dağıdırmış kimi qollarını geniş açdı. – Onlarla.
Ancaq tələblərdən biri o qədər anlaqsız oldu ki, bunun üstünlüyünün nədə olduğunu soruşdu.
– Cavan oğlan! – deyə Müdir cəld oğlana tərəf çöndü. – Anlamırsanmı? Anlamırsanmı? – Bir əlini qaldırdı, üzündə təntənəli bir ifadə ilə – Bokanovski metodu sosial sabitliyin əsas vasitələrindən biridir!
“Sosial sabitliyin əsas vasitələrindən biridir” , – dəftərçələrdə qeyd edildi.
Eyninövlü qruplarda standart kişilər və qadınlar var. Kiçik bir fabrikin bütün işçiləri bokanovskiləşdirilmiş tək bir yumurtanın məhsulu ilə təmin edilir.
– Doxsan altı eyni maşında çalışan doxsan altı eyni əkiz! – səsi coşqunluqdan az qala titrəyirdi. – Tarix boyu ilk dəfədir ki, harada olduğunu anlayırsan. O, planetin şüarını dilə gətirdi: “Birlik, Eynilik, Sabitlik”. – Möhtəşəm sözlər. Sonsuz sayda bokanovskiləşdirə bilsəydik, bütün problem həll olunardı.
Standart qammalar, dəyişməz deltalar, eyni epsilonlar problemi həll edərdi. Milyonlarca eyni əkiz. Kütləvi istehsal prinsipi nəhayət ki, biologiyada tətbiq edilə bilərdi.
– Fəqət, heyhat! – deyə Müdir başını yırğaladı, – sonsuz sayda bokanovskiləşdirə bilmirik.
Doxsan altı son hədd, yetmiş iki isə yaxşı orta rəqəm idi. Eyni yumurtalıq və eyni erkəyin qametlərindən mümkün qədər çox sayda tək yumurta əkizi istehsal etməklə ideala yaxınlaşmaq (əfsuslar olsun ki, sadəcə yaxınlaşmaq) olardı, ancaq bu da asan deyildi.
– Ona görə ki, təbiətdə iki yüz yumurtanın yetkinliyə çatması otuz il çəkir, ancaq bizim işimiz hal-hazırda, yubatmadan əhalinin artmasını sabitləşdirməkdən ibarətdir. Yüz ilin dördə biri ərzində damla-damla əkiz istehsal etməyin nə faydası ola bilər ki?
Heç bir faydası olmayacağı aydındır. Fəqət yetkinləşmə prosesi Podsnap metodu sayəsində güclü şəkildə sürətlənmişdir. Bu metod iki il ərzində ən azı yüz əlli yetkin yumurta təmin edir. Dölləndir və bokanovskiləşdir, başqa sözlə, vur yetmiş ikiyə – bu da orta hesabla yüz əlli tək yumurta qrupundan təxminən on bir min bacı və qardaş istehsal edə bilmək demək idi, bütün bunlar eyni əsrin sadəcə iki ili idi ki, həyata keçirdi.
– Müstəsna hallarda isə bir yumurtalıqdan on beş mindən çox yetkin əldə edə bilirik.
O anda yanından keçən sarışın, alyanaqlı sağlam bir gəncə işarət edərək, – Cənab Foster – dedi. Alyanaq gənc yaxınlaşdı:
– Cənab Foster, bir yumurtalığın rekord məhsuldarlıq rəqəmini bizə deyə bilərsinizmi?
– Bu mərkəzdə on altı min on ikidir, – deyə cənab Foster tərəddüd etmədən cavab verdi. O çox sürətlə danışırdı, canlı mavi gözləri var idi və rəqəmlərdən bəhs etməkdən zövq alırdı. – Yüz səksən doqquz əkiz qrupundan on altı min on iki, ancaq bəzi tropik mərkəzlərdə, – dedi və nəfəsini dərmədən davam etdi, – göstəricilər daha yüksəkdir. Sinqapur dəfələrlə on altı min beş yüz həddini keçmişdir, Mombasa isə on yeddi min səviyyəsinə çatmışdır, ancaq onlar ədalətsiz üstünlüyə malikdir. Bir zənci yumurtalığının hipofizə göstərdiyi müqaviməti görsəydiniz! Bizim kimi Avropa materialı ilə işləməyə öyrəşənlər təəccüblənməyə bilmir. Fəqət, – deyə gülərək əlavə elədi (gözlərində mücadilə qığılcımı parlayır, çənəsini dik tutmaqla meydan oxuyurdu), – fəqət yenə də onları üstələməyə çalışacağıq. Hazırda əla bir delta-minus yumurtalığı üzərində çalışıram. Hələ cəmi on səkkiz aylıqdır, ancaq artıq on iki min yeddi yüzdən çox uşaq ya sınaq şüşəsində ya da embriondadır və hələ də istehsal etməkdədir. Onları üstələyəcəyimiz gün yaxındadır.
– Bax buna qətiyyətə varam! – deyə Müdir ucadan dilləndi və cənab Fosterin çiyninə vurdu. Bizimlə gəlin, qoyun bu uşaqlar mütəxəssis biliyindən faydalansınlar. – Cənab Foster təvazökarlıqla gülümsədi:
– Məmnuniyyətlə.
Birlikdə gəzintini davam etdilər.
Şüşədən Boşaltma Otağında ahəngdar və nizamlı fəaliyyətin qızğın vaxtı idi. Uyğun ölçüdə kəsilib hazırlanmış dişi donuzun təzə qarın qişasının parçaları Orqan anbarının zirzəmisindən kiçik yükqaldıranla sürətlə yuxarıya çatdırılırdı.
Vızzz və tık! Yükqaldıranın qapağı yanlara açılırdı; qişa yerləşdirənə sadəcə əlini uzatmaq və qarın qişasını götürmək, sonra şüşəyə yerləşdirmək və düzəlmək qalırdı və qışa yerləşdirilən şüşə uzaqlaşmağa macal tapmamış, yenə də vızzz və tık! Başqa bir qarın qişası yerləşdirilməyə hazır, zirzəminin dərinliyindən qaldırılır, konveyerin yavaş və sonsuz fəaliyyəti bu şəkildə davam edirdi.
Qişa yerləşdiricilərin yanında qəbul edicilər dayanırdı. Konveyer hərəkət edirdi; yumurtalar bir-bir sınaq borularından daha böyük qablara yerləşdirilirdi; qarın qişası ustalıqla yarılır, moruloid 18 yerinə yerləşdirilir, duzlu məhlul tökülür… və artıq şüşə konveyerdə irəliləyirdi və növbə etiketçilərə çatırdı. İrsiyyət, dölləndirmə tarixi, Bokanovski qrupu – bütün bu məlumatlar sınaq borusundan şüşəyə köçürülürdü. Adsızlığa son qoyulur, adlıq və kimlik məlumatları qazanan şüşələr astaca hərəkətini davam etdirir və divardakı girişdən keçərək Sosial İstiqamətləndirmə Otağına doğru irəliləyirdi.
– Səksən səkkiz kub metrlik kartoteka, – deyə cənab Foster otağa girərkən zövqlə bildirdi.
– Bütün müvafiq məlumatlar buradadır, – deyə Müdir əlavə elədi.
– Hər səhər məlumatlar yeniləşdirilir.
– Hər günorta uzlaşdırılır.
– Hesablamalar bu məlumatlara əsasən aparılır.
– Filan keyfiyyətə malik filan qədər fərd, – deyə cənab Foster anlatdı.
– Filan kəmiyyətdə paylaşdırılır.
– Hər an ən yüksək boşaltma sürəti.
– Gözlənilməz itkilərin yeri dərhal doldurulur .
– Dərhal, – deyə cənab Foster təkrar elədi. – Bilsəydiniz Yaponiyada baş vermiş son zəlzələdən sonra neçə saat əlavə işləmişəm! –dedi və mehribanlıqla gülümsəyərək başını yırğaladı.
– Müəyyənləşdiricilər öz sifarişlərini dölləndiricilərə göndərir. Dölləndiricilər istədikləri embrionları onlara verir. Şüşələr təfərrüatı ilə sosial müəyyənləşmə üçün buraya gətirilir. Ondan sonra isə aşağıya, Embrion anbarına göndərilir.
– Biz indi elə oraya gedirik.
Cənab Foster bir qapını açaraq qabağa düşüb pilləkənlərlə zirzəmiyə doğru enməyə başladı.
18 Moruloid (Latın-tutabənzər) – dölün ilkin inkişaf mərhələsi. Bu mərhələdə döl zahiri görünüşcə tuta bənzəyir.

Hərarət hələ də tropik idi. Getdikcə qatılaşan bir alaqaranlığa doğru enməyə davam etdilər. İki qapı və iki döngəsi olan keçid işığın içəri sızmasına imkan vermirdi.
– Embrionlar fotolent kimidirlər, – zarafatyana deyən cənab Foster ikinci qapını itələdi. – Yalnız qırmızı işığa tab gətirirlər.
Doğrudan da, tələbələrin cənab Fosterin ardınca qədəm basdığı bürkülü qaranlıq yay fəslində günortalar qapalı gözlərdə görünən bir qızartı kimi idi. Üst-üstə düzülmüş qabarıq şüşə sıraları yaqut tək parıldayırdı. Yaqut rəngli parıltıların arasında dəri vərəminin bütün əlamətlərini daşıyan bənövşəyi gözlü kişi və qadınların solğun xəyalları dolaşırdı. Maşınların uğultu və gurultusu sükutu yüngülcə pozurdu.
– Cənab Foster, gəncləri bəzi rəqəmlərlə tanış edin – danışmaqdan yorulan Müdir dedi.
Cənab Foster böyük həvəslə gəncləri bəzi rəqəmlərlə tanış elədi.
– Embrionariumun uzunluğu iki yüz iyirmi, eni iki yüz metr, hündürlüyü on metrdir, – deyərək yuxarını göstərdi. Tələbələr su içən toyuqlar kimi başlarını hündür tavana doğru qaldırdılar.
Üst-üstə yerləşən üç sıra rəf var idi: alt, orta, üst. Polad hörümçək toru kimi bir-birini üzərində yerləşən sıralar sonsuzadək uzanaraq zülmətə qarışırdı. Yaxınlıqda üç qırmızı xəyalat hərəkət edən pilləkənlərdən şüşələri endirirdilər.
– Bu eskalator Sosial İstiqamətləndirmə Otağından gəlir.
Hər şüşə on beş rəfdən birinə yerləşdirilə bilirdi və göz ilə sezilə bilməsə də, hər rəf saatda otuz üç tam onda üç santimetr sürətlə hərəkət edən konveyer idi. İki yüz altmış yeddi gün ərzində gündə səkkiz metr. Cəmi iki min yüz otuz altı metr. Alt mərtəbədə dairəvi tam hərəkət, orta sırada daha bir tam hərəkət və üst sırada yarım, iki min yüz otuz altıncı səhər Şüşədən Boşaltma Otağına gələrək gün işığı görmək. Belə desək, müstəqil mövcudluq.
– Ancaq bu keçən müddətdə, – deyə cənab Foster sözünü yekunlaşdırırdı – biz onların üzərində məhsuldar çalışmaq imkanı əldə edirik. Çoox məhsuldar, – deyə çoxmənalı və zəfər ədası ilə güldü.
– Bax buna qətiyyətə varam, – deyə Müdir təkrar elədi. – Gəlin gəzintimizə davam edək. Cənab Foster, onlara hər şeyi izah eləyin.
Cənab Foster də onları lazımı qaydada məlumatlandırdı.
Onlara qarın qişası döşəyində böyüyən embrionu anlatdı və onlara embrionun bəsləndiyi qidalandırıcı maddələrlə zənginləşdirilmiş qan əvəzedicisini daddırdı. Nə üçün qan əvəzedicisini plasentin və tiroksinlə stimullaşdırmaq lazım olduğunu izah elədi. Onlara corpus luteum 19 ekstraktını anlatdı. 0 ilə 2040 metr arasında hər on iki metrdən bir bu ekstraktı avtomatik olaraq yeridən injektoru göstərdi. Yolun son doxsan altı metrində getdikcə artan dozalarda verilən hipofiz ektraktından bəhs etdi. 112-ci metrdə şüşələrə daxil edilən süni ana qan dövriyyəsi sistemini təsvir elədi, qan əvəzedici rezervuarı və bu sintetik qanı ciftdən ara vermədən süni ağ ciyər və təmizləyici süzgəcə vuran mərkəzdənqaçma nasosunu göstərdi. Dölün qanazlığına olan xoşagəlməz meylindən və bununla əlaqədar olaraq böyük dozalarda vermək məcburiyyətində qaldıqları donuz mədəsi ekstraktı və embrional dayçanın qaraciyərindən bəhs elədi.
Onlara hər səkkiz metrin son iki metrində dölləri hərəkətə öyrəşdirmək üçün eyni vaxtda hamısını birdən titrətməyə başlayan sadə mexanizmi göstərdi.
19 Corpus luteum (latın)- sarı cisim

“Şüşədən boşaltma travması ” adlanan təhlükədən söz etdi və təhlükəli travmanın təsirini azaltmaq üçün qablaşdırılan döllərin xüsusi təlimləndirilməsi yolu ilə görülən ehtiyat tədbirlərini sadaladı. 200 metrə yaxın məsafədə icra olunan cinsiyyət testlərini anlatdı. Şərti işarələri izah elədi “ T ” – kişilər üçün, “ O ” qadınlar üçün, və sonsuzlar üçün ağ fonda qara sual işarəsi.
– Aydındır ki, – cənab Foster dedi, – əksər hallarda nəsil vermə qabiliyyəti sadəcə baş bəlasıdır. Məqsədimiz üçün hər min iki yüz yumurtalıqdan birinin nəsil vermə qabiliyyəti artıqlaması ilə kifayət edər, ancaq yaxşı seçimə malik olmaq istəyirik. Şübhəsiz nəsil vermə qabiliyyətinə malik yumurtalıqlar ehtiyatı da təmin edilməlidir.
Buna görə də qadın döllərin yüzdə otuzunun normal inkişafına şərait yaradırıq.
Digərlərinə yolun hər iyirmi dörd metrində, kişi cinsiyyət hormonu dozası verilir. Nəticədə, boşaltma anına kimi onlar artıq sonsuz olur, quruluş baxımından kifayət qədər normal (sifətlərinin tüklü olması kimi cüzi meyl istisna olmaqla – deyə o etiraf etmək məcburiyyətində qaldı), – ancaq sonsuz. Tamamilə, sonsuz. Bu da bizə, – deyə cənab Foster sözünə davam elədi, – təbiəti sadəcə qul kimi təqlid etməkdən daha çox maraqlı olan insan ixtiraçılığı aləminə qədəm qoymaq imkanı verir.
O, razı halda əllərini ovuşdurdu.
Əlbəttə, sadəcə döl yetişdirməyi inəklər də bacarır, bununla kifayətlənə bilməzdilər.

Davamı: https://klv.az/2023/05/15/oldos-haksli-c%c9%99sur-yeni-dunya-3/

Tərcümə edən: Xaqani Cavadoğlu

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İlahə Ümidli. Üsyankar bir cərəyanın kitabı

Ç May 10 , 2023
Rona Hart “Pozitiv psixologiya” Pozitiv psixologiya… bu adı eşidən hər kəs bir anlıq da olsa, düşünür, görəsən pozitiv psixologiya nədir, necə yaranır. Pozitiv düşüncə tərzi, pozitiv yanaşmalar necə formalaşdırılır? Həqiqətənmi pozitiv düşünməkdən ötrü mütləq pozitiv psixologiyanı öyrənmək lazımdır? İyirmi ildən artıqdır ki, üsyankar bir cərəyan kimi meydana çıxan pozitiv psixologiya […]