“Cəsur Yeni Dünya” oxucunu “Ford Erası”nın 632-ci ilinə, sabitlik erasına səyahət etdirir. XX əsrin əvvəlində dünyada ən böyük avtomobil şirkəti yaratmış Ford Dünya Dövlətində tanrı hesab olunur. Bu dövlətdə texnokratiya hakimdir. Bu dünyanın cəsur insanları giriş qapısında “BİRLİK, EYNİLİK, SABİTLİK” yazılmış “LONDON MƏRKƏZİ İNKUBATOR VƏ TƏRBİYƏ MƏRKƏZİ”ndə xüsusi inkubatorlarda toxum hüceyrəsinin süni mayalandırılması vasitəsilə yetişdirilir. Qadınların dölləndirilməsi qadağan və ayıb olduğu üçün “ana” və “ata” pornoqrafik anlayış hesab olunur. İnsanlar alfa, beta, qamma, delta və epsilon olmaqla qruplara bölünür. Alfalar – birinci dərəcəli, əqli əməklə məşğul olan insanlar, epsilonlar – ən aşağı kastadan yalnız fiziki əməylə məşğul olmağa qadir insanlardır.
Ümumi sabitliyin əsas təminatçısı olan öyrəşdirilmə hipnopediya – yuxuda öyrətmə – ilə təmin edilir. Hipnopediya sayəsində hamı xoşbəxtdir. “Hər kəs hamıya məxsusdur”.
Bu dünyada hər kəs bəşəriyyətin tarixini unudaraq yalnız bu günlə yaşayır. Hiss və ehtirasın insanlara yalnız mane olduğu hesab olunur.
“Cəsur Yeni Dünya”nın əhəmiyyəti yalnız xələfləri üçün bir standart formalaşdırma və pessimist bir gələcək ideyasının güclü təsviri ilə deyil, eyni zamanda, “fərd məhv edilsə də, davam edən macərasının” sağlam bir üslubla izah edilməsi də bağlıdır. Haksli öz şah əsərini utopiya ənənəsinin quru anlayış çərçivəsindən yüksəyə – “yaxşı ədəbiyyat” səviyyəsinə qaldırır.
Rafiq Ağalar
BİRİNCİ HİSSƏ
Sadəcə otuz dörd mərtəbəsi olan alçaq, boz bir bina. Əsas girişin üzərində yazı “LONDON MƏRKƏZİ İNKUBATOR VƏ TƏRBİYƏ MƏRKƏZİ” və lövhədə Dünya Dövlətinin şüarı: “BİRLİK, EYNİLİK, SABİTLİK.”
Birinci mərtəbədəki böyük otaq üzü şimala baxırdı. Otağın içindəki tropik istiyə və pəncərənin o biri tərəfindəki qızmar yaya rəğmən soyuq, sərt bir işıq şüası pəncərədən süzülüb acgözlüklə üzərinə qumaş örtülmüş bir maneken, soyuqdan dərisinin tükləri biz-biz olmuş solğun siluetli bir elm adamını axtarır, ancaq laboratoriyanın şüşə, nikel və soyuqcasına parıldayan farforundan başqa bir şey tapmırdı. Qış şaxtasına, elə qış şaxtası cavab verirdi. Əllərinə solğun cəsət rəngində rezin əlcəklər geymiş işçilərin xələtləri ağ idi. İşıq bir xəyal kimi idi, donuq və ölü. O, sadəcə mikroskopların sarı borularında, elə bil sululaşır, canlı sarı görkəm alaraq, sanki iş masalalarının üzərində silsilə halında bir-birini izləyən cilalı boruların üzərinə yağ kimi yayılırdı.
– Bura da Dölləndirmə otağıdır, – Müdir qapını açaraq dedi.
İnkubator və Tərbiyə Mərkəzinin Müdiri otağa daxil olanda, nəfəslərin belə eşidildiyi sakitlikdə güclü diqqət cəmləşdirməsinin təsirindən burunun altında öz-özünə mızıldayan və ya fit çalan üç yüz dölləndirici alətlərin üzərinə əyilmiş halda çalışırdı. Yeni gəlmiş çox cavan, üzləri hələ tüklənməmiş və çəhrayı olan bir dəstə gənc ürkək və aciz-aciz Müdirin ardınca gedirdi. Hər biri əlində dəftərçə tutmuş, böyük adam ağzını açıb bir söz deyən kimi fədakarcasına yazırdı. Bilavasitə ilkin mənbədən. Belə bir imtiyaz hər vaxt ələ düşməzdi. Londonun Mərkəzi İTM Müdiri öz yeni tələbələrinə müxtəlif şöbələri şəxsən göstərməyə xüsusi önəm verirdi.
– Sizdə ümumi bir fikir yaratmaq üçün, – deyə tələbələrə izah edərdi. Ona görə ki, öz işlərini ağılla yerinə yetirmələri üçün mütlədir ki, ümumi də olsa hansısa fikrə malik olmalıdırlar. Ancaq cəmiyyətin yaxşı və xoşbəxt üzvü olmaları üçün nə qədər az bilsələr, bir o qədər yaxşı olardı, çünki hər kəsin bildiyi kimi xüsusiliklər ləyaqət və xoşbəxtlik gətirir, ümumiliklər isə qaçılmaz bəlalardır. Cəmiyyətin onurğa sütununu filosoflar deyil, naxışçılar və marka kolleksiyaçıları təşkil edir.
– Sabah, – deyə onlara mehribancasına və bir az da hədələyici şəkildə gülümsəyərək əlavə edərdi, – ciddi işlə məşğul olacaqsınız. Ümumiliklərə ayıracaq vaxtınız qalmayacaq. Hələlik isə…
Hələlik isə bu, bir imtiyaz idi. Birbaşa mənbədən dəftərə. Gənclər dəli kimi yazmağa davam edirdilər.
Ucaboylu və bir xeyli arıq və şax dayanan Müdir otağa daxil oldu. Onun uzun çənəsi və həvə dişləri var idi ki, iri al-qırmızı dodaqları dişlərini yalnız danışmayanda örtə bilirdi. Yaşlımı, gəncmi? Otuzmu? Əllimi? Əlli beş yaşındamı? Demək çətin idi. Onsuz da bu 632 sabitlik ilində, Ford erasında* bu cür suallar ağla gəlməzdi.
– Başdan başlayaq, – İTM Müdiri dedi və daha həvəsli olan tələbələr onun bu niyyətini dəftərə qeyd etdilər: “Başdan başla”. – Bunlar inkubatorlardır – əli ilə işarə edərək dedi.
İstilik keçirməyən bir qapını açıb bir-birinin ardınca düzülmüş rəflərdə sınaq borularını göstərərək – Həftəlik yumurta ehtiyatı. 37 dərəcə temperaturda saxlanılırlar, – deyə izah etdi. Erkək qametlər isə – bu dəfə başqa bir qapını açdı, – 37 yox, 35 dərəcə temperaturda saxlanılmalıdırlar. Bədən temperaturu dölsüzləşdirir. Termogenə bükülmüş qoçlar quzu doğurtmaz. Müdir inkubator maşınlarına söykənməyə davam edərək müasir dölləndirmə prosesinin qısa təsvirini verərkən, qələmlər tələskənliklə oxunmaz şəkildə səhifələr üzərində gəzişirdi. O, əlbəttə ki, prosesə başlanğıcdan – cərrahi əməliyyatdan başladı:
– Cəmiyyətin xeyri üçün könüllü olaraq keçirilən bu əməliyyat eyni zamanda yarım illik maaş misli mükafat gətirir, – deyərək alınan yumurtalığın necə canlı və aktiv şəkildə inkişafının təmin edilməsi üsulundan danışdı və sonra da içində ayrılmış və yetişmiş yumurtaların saxlandığı mayenin ən uyğun istilik, duzluluq və yapışqanlığından bəhs etdi. Tələbələri çalışma masalarına gətirərək mayenin sınaq borularından alıb xüsusi olaraq isidilmiş mikroskop şüşələrinə damla-damla buraxılmasını göstərdi. Hər damladakı yumurtaların çatışmazlığının necə yoxlanılması, necə sayılıb sonra da məsaməli bir qaba yerləşdirildiyini izah edərək bu qabın (onları prosesi bilavasitə izləməyə apardı) hər kub santimetrində ən azı yüz min sərbəst üzən spermatozoid olan isti bir mayeyə daxil edildiyini və on dəqiqə sonra qabın mayedən çıxarılıb içindəkilərin yenidən yoxlanıldığını izah etdi. Döllənməyən yumurta qaldıqda təkrar-təkrar daxil edildiyini, döllənən yumurtaların inkubator maşınlarına aparıldığını və orada alfa və betaların şüşə qablara tökülənədək qaldığını, qamma, delta və epsilonların sadəcə otuz altı saatdan sonra Bokanovski metodu ilə emal edilmək üçün şüşələrdən təkrar çıxarıldığını bildirdi.
– Bokanovski metodu – deyə Müdir təkrarladı və tələbələr dəftərçələrində sözlərin altından xətt çəkdilər.
*Amerikanın avtomobil maqnatı Henri Ford (1863-1947) – romanın qəhrəmanlarının fikrinə görə bəşəriyyətin yeni erası Fordun fəaliyyətə başladığı zamandan başlayır. Mətndən göründüyü kimi romandakı hadisələr Ford erasının 7-ci əsrində cərəyan edir.
Davamı var
Tərcümə edən: Xaqani Cavadoğlu
Davamı: Oldos Haksli. Cəsur yeni dünya – KLV