Şair ömründəki beşlərin hikməti, yaxud Qardaşxan Əzizxanlının altıdan sonrakı beşi

Lətif ŞÜKÜROĞLU,

tarix üzrə fəlsəfə doktoru

Şair doğulmaq və olmaq, yaxud şairlik iddiasına düşmək. Biri talenin qisməti, o biri zorla şairlikdir. Birində təkcə yazdıqlarınla deyil, düşüncəndə, söz-söhbətində, təbiətlə ünsiyyətində, bir sözlə, hər halı ilə şairsən. Hər sözün, aldığın nəfəs belə şeirdir. Bu adın sənə vedikləri ilə müqayisədə səndən aldıqları saya gəlməz. Ən böyük qazancın “fikrin, hissin, xəyalın”ın yüksəldiyi, ruhunun pərvazlandığı anlarda qələmindən süzülən sözlərin inci kimi düzülüşü, yuxusuz gecələrdən, “dərdli səhərlər”dən keçən yaşantılardır. Belə anlarda sən sözü, söz də səni göyün yeddinci qatına ucaldır. Belə əbədiyyət misallı anlarda Tanrı elçisi şairlər misra-misra ilahiləşən sözlərin qanadında bir andaca yeddi iqlimdən keçib, sirlər xəzinəsindən agah olublar. Xəyyam, Nizami, Nəsimi, Füzuli, Aşıq Ələsgər kimi yüksək məqama çatan Seçilmişlər Tanrının lütfü ilə onun mübhəm saxladığı sözün min bir çalarına vaqif olublar. Söz də ona can verənləri əbədi yaşadıb.

“İlhamdan maya”sı olmayanların “yaratdıqları” da dərgilərə, kitablara düşüb, mənasız mahnıların məzmunsuz mətnlərinə çevrilib, oxucunun gözünü, dinləyənin qulağını yağır etsə də, ədəbi tənqid adına dəllallıq edənlərin “çörək ağacı” olub, ancaq heç vəchlə ürəklərə yol tapa, könüllərdə taxt qura bilməyib. Bilməzdi də. Onlar şöhrət dalınca atlı düşsələr də, əbədi şöhrət, xalqın sevgisi də təbii haqları olaraq birinciləri tapıb.

Dediklərim kimlərəsə olanüstü görünə bilər. Qoy olsun. Bir dəfə də layiq olanı, səhəri şeirlə açılıb, gecəsi şeirlə bitən, Füzuli demiş “söz qədrini artıran”ları biz də bir yol qədərindən arıtq öyək. Ruhları göyün yeddinci qatında dolaşanlara rəvac verməyimizdən yəqin şeirimiz, ədəbiyyatımız qazanar.

Qardaşxan Əzizxanlı ilk beşlərini dünyaya göz açdığı 1958-ci ilin 5 aprel günü almışdı. 50-nin daxilindəki 9 beşsiz də ilk iki “5” nəyəsə işarə idi. Hər yaranışın yalnız Tanrıya bəlli sirləri var ki, bir ömür boyunca açılmaya, sirr olaraq qala bilər. Onun bu dünya ilə ilk təmas gününün ovqatı necə olub, qismətinə düşən Vətən – şəhər, kənd adlı konkret məkan, ən nəhayət nəsil, ailə nə ilə nəfəs alıb. Vətənlə bağlı bir çox məqamlar tarixdən məlumdur. SSRİ adlı ümumi “vətən” artıq 5-ci il idi ki (bu “5”-in ona da aidiyyəti olacaqdı), qorxudan, xofdan qurtarmağa, nəzarətli də olsa, bir az sərbəst nəfəs almağa çalışırdı. Bu tərpəniş bir az sonra 60-cılar adlanan nəslin timsalında ədəbiyyatda, sənətin müxtəlif sahələrində hiss olunacaq hərəkətliliyə rəvac verəcəkdi.

Həmin gün dünyaya, sadəcə, bir övlad deyil, həm də bir şair gəlmişdi. Doğumundan 21 il əvvəl yaşanmış qanlı-qadalı 37-ni onun qurbanları ilə bir yerdə “keçməyi” tale qəniməti bilən bir şair. O, “37-ni keçəndə” 1995-ci il idi. Bundan 75 sənə əvvəl Azərbaycanın ilk Cümhuriyyəti Sovet Rusiyası, bolşevik hökuməti tərəfindən süquta uğradılmış, qanlı repressiyalar başladılmışdı. 1930-cu illərin əvvəllərinə qədər davam edən ilk dalğada Xalq Cümhuriyyətinin qurucuları, milli hakimiyyətin hərbi-siyasi və digər sahələrinin təmsilçiləri, siyasi partiya üzvləri hədəf seçilmişdilər. Sonra sıra yaradıcı ziyalılara çatdı və 75 il sonra özünü “37-ci”lərin mənəvi varisi, tale oxşarı hesab edən Qardaşxan:

“Davam edir 37”,

37 yaş yarımam.

İt ilində doğulmuşam,

İt günündə yaşayıram,

yazacaqdı.

Yəqin rəqəmlərə fikir verdiniz. 75, 95. Ancaq bu şeirin yazıldığı tarixin daha bir “5”-i vardı. Sovet İmperiyasının dağılmasının, Azərbaycanın yeni Cümhuriyyətinin, ilk müstəqil demokratik dövlətimizin varisinin yaranışının 5-ci ili idi. Və daha neçə “5”. Bütün ağrı-acılara, əvəzsiz itkilərə baxmayaraq, nəhayət ümidin ağzına basılmış daşı bir kənara atmaq mümkün olmuşdu. İmperiyanın tökdüyü sonuncu qanın izləri Bakı küçələrindən hələ tam silinməsə də, Ümid qanad açmışdı və ilk uçuşdaca şair ruhuna güc vermiş, ondan da güc almışdı.

Gəzir bir şair ruhu qadağan saatı

doğma göylərini paytaxtının…

Bir millətin azadlığı onun uğuruna can verən şəhidlərin ruhlarının ən böyük mükafatı oldu. İndi şair ruhu da azad Vətən göylərində sərbəst idi.

Birinci haşiyə. Numerologiya elmində sərbəstlik və hərəkət rəmzi olan “5”lər şair dostumuzla da sirli tale yolçuları olub və olacaq. “5”in əsas xüsusiyyətləri dərk etmək, inkişaf, dəyişməyə meyillilik, qeyri-müəyyənlik və riskdir. O, həmçinin, ən xoşbəxt, ən gözlənilməz və yaradıcı rəqəm kimi qəbul edilir. Merkuri planeti ilə bağlı olan “5” hakimiyyəti, sərvəti, inancı ifadə edir. Bu rəqəm Kainatın mövcudluğunun əsas hərəkətverici qüvvəsi olan xaos və nizamın tərkib hissəsi, ən yaradıcı 2 rəqəmdən biridir. İkinci yaradıcı rəqəm “5”in tərsi, yəni “2”-dir.

Qardaşxanın əksər şeirlərində söz nüvəsinə sıxılmış, az qala çarmıxa çəkilmiş vəziyyətdədir. Öz şair əzabını söz ağrısı çəkməkləmi yüngülləşdirir, yoxsa, sözə yeni həyat vermək üçün “sıxıb suyunu çıxarır”. Onun şeirlərində sözlər elə gərilib ki, yayından çıxsa nələr olacağını ancaq Yaradan və yaradan bilir. Bu mənada, Qardaşxanın sözə münasibəti ayrı bir söhbətin mövzusudur. Sözə həssas və qısqanc yanaşmasının nəticəsidir ki, onun bir çox şeirləri dünyaya əzabla gəlir. Bildiyim qədər, bəzilərini o qədər çək-çevir edir, əvvəlki mətndən nəsə qaldığına sevinirsən. Bu şeirlərin bir xüsusiyyəti də bəzən çətin oxunmasıdır. Onlar yalnız hər misrası, hətta söz-söz incələnməklə, fikir qatları açıldıqdan sonra dilə yatımlı olur. Nəsimi necə demişdi:

Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Sözün həqiqi dəyərini bilənlər onun ən dərin məna qatlarını və əsrarəngsizliyini üzə çıxaranda belə sözün bakirəliyini qorumağa çalışıblar. Tanrı da dünyanı bir “Ol” sözü ilə yaradıb. Şairlərin yanaşması təsadüfidirmi? Əsla deyil. Sözə ehtiyatlı münasibətin kökündə həm də yaradılışın əzəli kimi sirli olması dayanmırmı? Azacıq ehtiyatsızlıq ilahi düzənə xələl gətirəcək qədər təhlükəlidirsə, onu ucaltmaq və onunla ucalmaq yanğısı nə qədər böyük olsa da, bu məqamdan qorxulmazmı?

Qardaşxanın sözə həssas, hətta ürkək münasibətinin təməlində daha hansı mətləblər dayanır? Bu ritorik sualın da cavabı onun şeirlərindədir. Ancaq onları aşkara çıxarmaq elə də asan deyil. Sələfləri kimi, o da Haqdan gələn sözü şair təbi ilə cilalayıb yenidən onun dərgahına yüksəltmək istəyindədir. Əslində, böyük cəsarət və hünər tələb edən iddiadır. Min şairdən birinə nəsib olan bu mərtəbəyə çatmaq üçün gərək sözün min bir çalarına bələd ola, qəvvastək dəryanın ən dərin qatlarından inci çıxarmağı bacarasan. Onda haqqın var deyəsən:

“Zərrə mənəm, günəş mənəm…

Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam”.

Yaxşı ki, incə müşahidə və iztirablı axtarışların sonucu olan orijinal və təsirli deyimlər az deyil.

Alaqaranlıqda ağ çiçək sanıb

qonur bal arısı axşam şehinə.

Başımı çiyninə qoyuram, ruhum

batır saçlarının çiçək tozuna.

Yaxud:

Uçulur gecə sökülən dan yerindən,

uçunur toran üfüq boyunca.

Və yaxud:

Qardaşxanın duaları da şeirlə başlayır, onunla da bitir. Bu dualar dünyanı yoxdan var edən Yaradana, onun bəxş etdiyi gözəlliklərə, ən ülvi duyğulara ünvanlanıb. Məqsədsə dünyamızı bugünkündən az da olsa yaxşılaşdırmaq, saflaşdırmaq, aydın səmalı, daha bəşəri, daha yaşanılası etməkdir. Şairin eyni ünvana və eyni ümidlə hələ neçə dua yollayacağı şübhəsizdir. Çünki hələ nə dünyamız, nə də insanlıq rahatdır. Buna görə də ömrü-günü sözə bağlı olanlar, ona dəyər verənlər başqa cür edə bilməzlər. Ümidə sarı boylanan diləkləri sözün əbədi möcüzəsi və içdən gələn minnətdarlıqla Yaradana çatdırmaq arzusu həmişə üstün gələcək. Tanrının yüksək məqama layiq bildiyi şairlərin əbədi missiyası da budur, dünyanın xilası. Ona görə şair olmaq həm də böyük məsuliyyətdir.

Yaratdığı canım ölməz

 ömrü şeirə bağışlayar

…div şüşədə qoyan kimi

qoydum canı şeirdə mən

Bundan o yanası yoxdur. Sözün bitdiyi və ümid edək ki, həm də yeni yaranışın müjdə məqamıdır.

İkinci haşiyə. “Çaylar qaranlıqda bəyaz küçələr,

Dağlar çox qəribə olur gecələr.”

Musa Yaqub şeirlərində Azərbaycan təbiətinin canlı və bənzərsiz tablolarını yaradırdı. Bu təkrarsız nümunələri oxuyanda gözlərinin önündə Azərbaycanın “süsən-sünbüllü dağlar”ı, yaşıl meşələri, ucsuz çöllərinin laləsi, kol dibindən boylanan bənövşəsi göz önündə canlanır, sanki qayasında qartal qıyını, daşında kəkliyin ötməsini, düzündə ürkən ceyranın ayaq səsini eşidirsən.

Ustaddan təsirlənən Qardaşxan da:

Qəribə görünür dağ meşələri,

Yaxını yamyaşıl, uzağı gömgöy,

misraları ilə aydın təsəvvür olunan, canlı bir tablo yaradır.Yaxud:

Yağış başlayanda, soyuq düşəndə

Bənövşə halıma yandı qonşular.

Təbiət gözəllikləri ilə duyğularımıza misra-misra sığal çəkən neçə başqa şeir.Bir də sevgi dolu günlərin incə, təbiətlə həmahəng və o qədər də dəqiq, qəlb titrədən mənzərəsi.

Şair qardaşımız 6 onluğun dörddən çoxunu söz işığına bələdi, şeir atəşində şam kimi əritdi. Neçə kitablıq söz deyib (qalın kitablar yazmasa da), neçə qaları əsər yazıb, ancaq “6”-dan sonrakı “5”-i başa vurmaq ərəfəsində özünə hesabat verəndə:

“Güclü yaşantılar, dərin səmimiyyət vardı içimizdə. Sonradan o əzəlki hisslərimiz korşaldı, ya necə, bilmirəm… Hər halda sonrakı illərdə əvvəlki sevgilər yaşanmadı. Möcüzə də olmadı”, – yazdı. Bəs bunlar nədir. Ritorik olduğundan, sual işarəsi də qoymuram.

“Dünya haçan azad olar?” – dedin,

Bilmirəm, ana…

Ancaq biz azad olacağıq dünyadan!

Yaxud:

Belə yaşamaq olmur,

Pərdəni çək,

bir az qaranlıq düşsün evə…

Daha biri:

Mən ocaq dünyadan qalxan tüstüyəm,

Anadan olandan səfər üstəyəm.

Nə verdim dünyaya, nə də istəyəm

Hər səhər beləcə, hər axşam belə.

Və neçə-neçə başqa poetik nümunələr necə yaranıb, kimin qələmindən çıxıb? Yarım əsr üçün az ola bilər, ancaq bəzən bir uğurlu deyim, sözün öz məqamına ucaltmaq üçün yüz yol ölüb-dirilməyə nə deyirsən. Azmı olub. Yenə sual işarəsiz.

Üçüncü haşiyə. Onun yaradıcılığı haqqında bugünədək yazılanların və deyilənlərin ən dəqiqini elə özü yazıb. “Ədəbiyyat” qəzetinin 2023-cü il 4 fevral sayında “Möcüzə olmadı – Vətənə qurban getmədin, sənətə qurban get.” başlıqlı yazısında özü də daxil mənsub olduğu ədəbi nəsli insafsızcasına “İtirilmiş nəsil” adlandırır. Nə qədər haqlı olduğu ciddi suallar doğuran bu qənaətin ardınca “Qarabağ hadisələri bütün həyat axarını dəyişdi…”, yazır.

Sonrakı etiraflar da özünüqınama, həm də yanğılı bir təəssüfdür: “yazara zəngin material verən hadisələrlə iç-içə oldum, sıradan olmayan bir həyat yaşadım. Ortada isə bir şey yoxdur”. Niyə? Çünki: “Əli Kərimin, Musa Yaqubun, Ramiz Rövşənin bir şeirini yazammadım”.

Səmimi etirafdır deyə, ilk baxışda şübhə də doğurmur. Əslində, axı, niyə kimlərəsə, – böyük istedad sahibi olduqları şübhəsiz olsa belə, – bənzəməlisən? Ən doğrusu, özün olmaq, öz yolunu tapmaq deyilmi?Yenə ritorik sual, ancaq bu dəfə sual işarəsi ilə.Yaxşı ki, ardınca: “deyilməsi mümkün olan ədəbi forma”da “deyilməsi mümkün olmayan söz” demək istədin və dedin”, – yazır.

Deyilənlərə nəsə əlavə etmirəm. Ən azı ona görə ki, son şeirlərində ötənlərdə az rastlanan bir sürəklilik var. Bu, şairin yaradıcılığında yeni yüksəlişin müjdəsidir. O gün gəlib, o məqam yetişib, şair özündən belə gizlətdiyi sözləri artıq deməyə bilmir. Elə “6”dan sonra başlanan “5” də həmişə arzulanan və gözlənilənin yeni və fərqli başlanğıca işarədir. Bu işıqlı Ümidin doğrulması duası ilə.

 

525-ci Qəzet

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

“Nə o – yelkən, nə bu – gəmi”

C Apr 14 , 2023
Heç dəniz də o dəniz, sahil də o sahil deyil… Belə yaşamaq olmur; Pərdəni çək, Bir az qaranlıq düşsün evə… Biz də o biz deyilik heç… “Dünya haçan azad olar?” – dedin, Bilmirəm, ana… Ancaq biz azad olacağıq dünyadan! “Nə o – yelkən, nə bu – gəmi” Qardaşxan Haqqararın “Elm […]