Sən və Mən
Sən bahar fəslinə aid ağacın bir çiçəyi,
“Sevəcək” adlı qopulmuş ləçəyi.
Mən qaranlıqlar içindən doğulan kölgə kimi…
Ana bətnində ölən körpə kimi…
Sən ağappaq qarı qısqandıracaq qış bəyazı,
Ya çobanyastığının doğma yazı.
Mən sənin saçlarının rənginə bəxt atmış adam…
Ömrümü zülfünə oxşatmış adam…
Sən təbəssümləri heyrətdə qoyan tazə gülüş,
Bir sevincdən yaranan məsum öpüş.
Mən dodaqlar soyudan, hər öpülən baş daşıtǝk…
Sərçə məhv etmiş olan göz yaşıtək…
Sən mənim ruhuma həmdəm yaranan nazlı pəri,
Aşiqin dillərə düşmüş əsəri.
Mən də “Sən” adlı hekayətdə itən bir dəliyəm…
Sonda məhv olmalıyam, ölməliyəm…
Yarla söhbət
Dedim, ey gül, daha Məcnun nədi məndən sonra?
Dedi, aşiq qutarıb guya ki səndən sonra?
Dedim, ol qönçə ləbindən sora öldüm, elə bil
Dedi, illərdi yazırsan bunu sən, bir dəfə öl
Dedim, ey yar, mənə sən baxma deyirsən, yeridi??
Dedi, naməhrəmə baxmaq da günahdan biridi.
Dedim, öldürdü gözümdən süzülən yaş, sanki…
Dedi ki, söyləməyəydin mənə, ey kaş, “sanki”
Dedim, haqqında sənin mən şeir icad edirəm,
Dedi, sən şükr elə, əş’arını abad edirəm.
Dedim, artıq ölümün rəngini gördüm, ey mah!
Dedi, ölsən nə qədər mən sevinərdim, vallah…
Dedim, Aşiq sevəcək, həm elə də, həm belə də,
Dedi, bədbəxt, yuxudan durmamısan sən hələ də…